
Prezident Donald Tramp Amerikanın müasir tarixinə təhsil sahəsində ən mütərəqqi, gözlənilməz dəyişiklik və yenilikçi islahatların təşəbbüskarı kimi daxil olub. Tramp hələ prezidentliyinin ilk dönəmindən (2017-2021) əsas diqqəti müasir təhsil siyasətinin bir çox mühüm məsələlərinə yönəldib. Prezidentin təhsil sahəsində ilk çağırışları məktəb seçimi ilə bağlı idi: "Prezident olaraq mən milli məqsəd qoyacağam: yoxsulluq içində yaşayan hər bir amerikalı uşağa məktəb seçimi vermək. Əgər biz insanı Aya göndərə biliriksə, Panama kanalını qaza biliriksə və iki dünya müharibəsində qalib gələ biliriksə, şübhə etmirəm ki, bir millət olaraq Amerikadakı imkansız ailələrin hər birinə məktəb seçimi verə bilərik".
D.Tramp beynəlxalq kontekstdə Amerika təhsil sisteminin zəifliyini etiraf edirdi: "Biz dünyada 26-cı yerdəyik. 25 ölkə təhsil sahəsində bizdən üstündür. Bəziləri isə üçüncü dünya ölkələrinə bənzəyir. Amma biz özümüz üçüncü dünya ölkəsinə çevrilirik".
Bütün bu məsələlər Donald Trampın birinci hakimiyyəti dönəmində mühüm dəyişikliklərlə yadda qaldı və növbəti mərhələdə bu sahədə fəaliyyətin daha da sistemli şəkildə təşkilinə imkan yaratdı.
D.Tramp administrasiyası bu dövrdə, xüsusilə də dünyanı cənginə almış pandemiya zamanı ali təhsil müəssisələrində elmi tədqiqatlara rekord sayda maliyyə vəsaitləri ayırıb. Bu yardımlar tibbi tədqiqatlar, vaksin və biotexnologiya sahələrində özünü daha çox göstərib. Bir sıra tədqiqat universitetləri nəzdində xüsusi tədqiqatlar qrupları yaradılıb və onların fəaliyyəti dəstəklənib. Pandemiya dövründə ölkənin təhsil sisteminin onlayn rejimdə fəaliyyətinin çevik təşkili, təhsil müəssisələrinin zəruri tədris materialları ilə təmin olunması, universitetlərdə distant təhsil komponentinin tətbiqi rəsmi dövlət sənədləri ilə təsbit edilib.
Pandemiya dövrü başa çatdıqda D.Tramp hakimiyyəti əcnəbi tələbələrin ölkəyə gəlişi imkanlarının yaxşılaşdırılması və onların stimullaşdırılması üçün zəruru tədbirlər görüb. Bu dövrdə əcnəbi tələbələrin sayı (2021-ci ildə) 1 milyona yaxınlaşıb.
Pandemiya dövründə iqtisadiyyatın ayrı-ayrı sahələrində işsizlik səviyyəsinin artmasını müşahidə edən və ali təhsilli mütəxəssislər arasında işszilik səviyyəsinin qiymətləndirməsini aparan T.Tramp administrasiyası peşə təhsili sahəsində xüsusi strategiyanın həyata keçirilməsinə start verib.
Xüsisilə qeyd edək ki, Azərbaycan və ABŞ arasında ali təhsil sahəsində əlaqələr D.Trampın birinci hakimiyyəti dövründə Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-nin nüfuzlu Corc Vaşinqton Universitetinin Ali Təhsil və İnsan İnkişafı Məktəbi arasında 25 iyun 2019-cu il tarixində Bəyannamənin imzalanması ilə yüksək səviyyəyə çatıb. İkili diplom proqramı 2018-ci ilin noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsasında fəaliyyət göstərir. Proqramın ilk iştirakçıları 25 tələbə olub və 2020-ci il sentyabr ayında ilk qəbul olunanların dərsləri başlayıb.
Süni intellektin məktəb proqramlarına inteqrasiyası
Bir sıra müşahidəçilərin fikrincə, Trampın ikinci dönəm prezidentliyinin (2025-ci ildən) ilk 100 günü təhsillə bağlı siyasət dəyişikliklərinin kəmiyyətinə və sürətinə görə digər prezident administrasiyalarından fərqli olub. İkinci hakimiyyət dönəminin ilk günlərində D. Tramp federal səviyyədə süni intellektin (Aİ) məktəb proqramlarına inteqrasiyası ilə bağlı fərman imzaladı.

Bununla da AI sahəsində təhsildə təcrübəsi olan aparıcı texnoloji şirkət, universitet və QHT-lər məktəblilər üçün onlayn mənbələrin inkişafına cəlb olundular. Fərmanın mətnində deyilirdi ki, AI təhsili bütün məktəb siniflərində, hətta uşaq bağçalarında vacibdir. Sənəd AI inteqrasiyası prosesini əlaqələndirəcək hədəf qrupunun tərkibini müəyyənləşdirib. Buraya təhsil, əmək, kənd təsərrüfatı və enerji nazirləri və Milli Elm Fondunun (NSF) direktoru daxildir. Qrupa Ağ Evin Elm və texnologiya siyasəti idarəsinin direktoru rəhbərlik edir. İşçi qrupu uşaqlara AI savadlılığı və tənqidi düşünmə bacarıqlarının əsaslarını öyrətməyə yönəlmiş onlayn mənbələrin birgə inkişafı üçün AI sənayesinin aparıcı şirkətləri ilə yanaşı, universitetlər, QHT-lər və digər təşkilatlarla dövlət-özəl tərəfdaşlığını inkişaf etdirəcək. Bu şirkətlər AI və kompüter elmləri təhsili sahəsində təcrübəyə sahib olmalıdırlar. Əmək Nazirliyinə Təhsil Nazirliyi və NSF ilə birlikdə lisey şagirdlərinə AI kursları keçmək və sertifikat almaq imkanı vermək tapşırılıb. Milli Elm Fondu təhsildə AI-nin istifadəsi ilə bağlı araşdırmalara diqqət yetirməli olacaq.
Müəllimlər üçün peşəkar inkişaf proqramları
Bundan əlavə, fərman təhsil naziri Linde Mcmana 120 gün ərzində AI müəllim hazırlığı proqramları üçün qrantların istifadəsini prioritetləşdirməyi tapşırır. Buraya müəllimlərə inzibati yükü azaltmaq üçün AI-dən istifadə etməyi öyrətmək və AI əsaslarını bütün tədris fənlərinə inteqrasiya etmək daxildir. Daha əvvəl ABŞ-ın ayrı-ayrı əyalət müəllimləri üçün generativ AI-dən istifadə üçün peşəkar inkişaf proqramlarına başladığı bildirildi. Xatırladaq ki, 2024-cü ilin dekabrında Çin Xalq Respublikası Təhsil Nazirliyi ibtidai və orta məktəbləri AI texnologiyalarının öyrənilməsini məktəb proqramına daxil etməyə çağırdı. 2025-ci ilin fevral ayında İsrail Təhsil Nazirliyi AI-nin məktəb Proqramına daxil olduğunu elan etdi. Rusiyada məktəblilərə AI texnologiyalarını öyrətməyin zəruriliyi 2023-cü ildə elan edildi. Bu yaxınlarda məlum oldu ki, 5-9-cu siniflər üçün ilk dərs vəsaitləri hazırlanıb, lakin onlar dərsdənkənar məşğələlər üçün nəzərdə tutulub.

Məktəb islahatları
Trampın təhsil sahəsi üzrə mühüm tədbirlər siyasətində məktəb sistemində təcili islahatların aparılması mərkəzi yer tutub. Prezident qeyd edib ki, çoxsaylı səkkizinci sinif amerikalı şagird zəif oxuyur və zəif hesablama qabiliyyətinə malikdir. Bu baxımdan ABŞ-nin təhsil sistemi gözləntiləri doğrultmur. Nəticədə, ABŞ daha az rəqabətqabiliyyətli ölkəyə çevrilir. "Səkkizinci sinif şagirdlərinin 70% -i oxumaqda, 72%- i riyaziyyatda zəif nəticə göstərdi", - deyən ölkə başçısı "yaxşı hazırlanmış təhsil azadlığı" üçün proqramlar yaratmağa çağırdı. Onun sözlərinə görə, təhsili daha əlçatan etmək üçün aztəminatlı ailələrə şərait yaratmaq lazımdır ki, onlar uşaqlarının təhsili üçün imkanlar seçsinlər.

Bu mərhələdə Prezident Donald Tramp valideynlərə məktəbləri seçməkdə kömək etmək üçün sərəncamlar imzalayıb. Bu sərəncamlar onun seçki kampaniyası zamanı ölkənin təhsil sistemini əsaslı təmir edəcəyinə dair vədinə uyğundur. Bundan əlavə, ölkənin Təhsil departmentinin ləğvinə yönəlmiş səylər də Amerika təhsil sisteminin rəqabətqabiliyyətliliyinin gücləndirilməsi səylərindən irəli gəlir.
Ümumiyyətlə, D.Trampın prezidentliyi dövründə elm və texnologiya sahəsində bir sıra addımlar atılıb. O, texnologiya və innovasiya sahəsində bir sıra təşəbbüsləri dəstəkləyib və yenilikləri həyata keçirib. Xüsusən də elm və texnologiya, innovasiyalara bu sahədəki araşdırmalara maliyyə ayırmağa çalışıb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər