Bütün xəbərlər
10 fevral, 16:10

Son illər Elm və Təhsil Nazirliyinin Akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu ölkəmizdə elmin inkişafına, elmi-tədqiqatçıların hazırlanması işinə mühüm töhfələr verməkdədir. İnstitut əməkdaşlarının elmi-tədqiqatlarının nəticələrini əks etdirən elmi məqalələrinin dünyanın nüfuzlu elmi bazalarında yer alması, beynəlxalq reytinq təşkilatları tərəfindən yüksək qiymətləndirilməsi Azərbaycanın 90 yaşlı bu elm məbədinin uğurlarından xəbər verir. İnstitutun elmi-tədqiqat fəaliyyətinin əhatəsi isə genişlənməkdə və artıq işğaldan azad olunmuş Qarabağımızla bağlı hədəflərində də öz əksini tapmaqdadır. 

“Azərbaycan müəllimi” “Elm ocaqlarında” rubrikası çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Baş direktoru akademik Dilqəm Tağıyevin müsahibəsini təqdim edir:

Azərbaycanda öndə olan elm müəssisələrindən birinin Kataliz İnstitutu olması qürurvericidir

– Dilqəm müəllim, rəhbərlik etdiyiniz Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu hazırda nə işlə məşğuldur?

– İnstitutda bir neçə istiqamətdə, əsasən, 3 problem ətrafında tədqiqatlar aparılır. Problemlərdən biri mineral xammalın emalı, qeyri-üzvi materialşünaslığıdır. İkincisi kinetika və kataliz, fiziki-kimya, üçüncüsü isə kimya mühəndisliyi, kimya texnologiyasıdır. İnstitutun 90 yaşı tamam olur və biz 10 illik nəticələr hazırlamışıq. 1935-ci ildə elmi müəssisə Kimya İnstitutu adı ilə təşkil olunub, daha sonra Qeyri-Üzvi Fiziki Kimya İnstitutu adlandırılıb. Onun əsasında Kimya Texnologiya Problemləri İnstitutu yaradılıb. Sonra hər ikisi birləşdirilərək Kimya Problemləri İnstitutu adlandırılıb. AMEA-nın Rəyasət Heyətinin 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, institutun adı dəyişdirilərək akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu adlandırılıb. Beləliklə də Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu burada aparılan tədqiqatların əsasını təşkil edir. 

– Ayrı-ayrılıqda nəticələr barədə nə demək olar?

– İnstitutda mineral xammalın emalı, qeyri-üzvi materialşünaslığı sahəsində fundamental və praktiki əhəmiyyəti olan uğurlu tədqiqat işləri aparılır. Azərbaycan mineral xammal sərvəti ilə məşhurdur. Neftdən, qazdan sonra ən böyük təbii sərvət məhz elə mineral xammaldır. Azərbaycanda Zəylik alunit, Daşkəsən dəmir, kobalt filizi kimi yataqlar çoxdur. Biz əsasən alunit ilə məşğul oluruq, çünki alunitdən lazım olan maddələri, əlvan metalları çıxarmaq, alüminium oksidi, sonra gübrə almaq, bu məsələlərin həlli ilə bizim ayrıca laboratoriyalarımız məşğul olur. Son vaxtlar əlvan metallar, vanadium, kadmium kimi elementləri çıxarmaq, natruim, kalium sulfat gübrələri almaq sahəsində maraqlı işlər aparılır, yaxşı nəticələr var. Məqalələr dərc olunur, patentlər alınır, yeni texnologiyalar işlənilir. Bu texnologiyalar ekoloji cəhətdən daha təhlükəsizdir. Son vaxtlar yaşıl kimya prinsiplərinə əsaslanaraq yeni funksional maddələr alınması sahəsində işlər aparılır. Ən son nəticələrdən biri ferromaqnit topoloji izolyatorların alınmasıdır. Bu bizim institutda aparılan sintez işləri nəticəsində əldə olunub. Topoloji izolyatorların alınmasında başqa mərkəzlərin, bizim institutun rolu çoxdur. 5 il əvvəl bizim sahədə ən nüfuzlu olan “National” jurnalında bir çox ölkələrdən tədqiqatçılar, eləcə də bizim institutdan da müəlliflər də olmaqla böyük bir məqalə dərc olunub. Bu çox az kimyaçıya nəsib olan bir şeydir. Müəlliflərin və təşkilatların sayı çoxdur, amma institutun adının orada olması böyük məsələdir.

Respublika üzrə “Scopus” bazasına düşən məqalələrin 8 faizi bizim institutun payına düşür

– Yeri gəlmişkən alimlərinizin impakt-faktorlu jurnallarda aktivliyi barədə nə deyərdiniz?

– Bu barədə çox yaxşı sözlər demək olar. Bir maraqlı fakt gətirim. Bir neçə ay bundan əvvəl Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi təhsilin beynəlmiləlləşməsi forumu keçirdi. Orada belə məlumat verildi ki, son 3 ildə Azərbaycanda “Scopus” bazasında dərc olunan məqalələrin sayı xeyli artıb, 3672 məqalə təşkil edir. Mən araşdırma apardım. Bizim kimya elmləri bölməsinin institutlarında bu dövrdə 450 məqalə çap olunub. Yəni faizlə ifadədə respublika üzrə o bazaya düşən məqalələrin 13 faizi bizim 4 kimya institutunun (kimya elmləri bölməsi) payına düşür. O cümlədən 3 ildə bizim institutda təxminən 271 məqalə (ümumilikdə 730 məqalə) dərc olunub. Bu isə hardasa 8 faizə yaxındır. Bütün respublikada “Scopus” bazasına düşən məqalələrin 8 faizi bizim institutun payına düşür. Nəzərə alsaq ki, Azərbaycanda 51 universitet, təxminən 134 elmi müəssisə var, əlbəttə ki, bu, böyük nəticədir.

“Scopus”la əlaqəli bir rəqəm də deyim, deməli 1976-cı ildən indiyə qədər “Scopus”da olan məqalələrin sayına baxanda akademiyanın Elm və Təhsil Nazirliyinin (ETN) nəzdinə keçən institutlarının 9-dan 4-ü bizim kimya institutlarıdır. Bu institutlarda təxminən 11 minə yaxın məqalə çap olunub, ETN isə 21 min məqalə dərc etdirib. Bu fakt onu göstərir ki, doğrudan da, “Scopus”da 9 institutun yer alması kifayət qədər böyük göstəricidir.

Bundan əlavə, dünyada “Scimağo” adlı nüfuzlu təşkilat var. Bu qurumun verdiyi son nəticələr ölkələr üzrə 2023-cü ili əhatə edir. 2018-ci ildə Azərbaycandan reytinq cədvəlinə cəmi 2 təşkilat düşüb – AMEA və BDU. Təsəvvür edin ki, dünyada elmlə məşğul olan 20 mindən artıq müəssisə, universitet, elmi laboratoriyalardan cəmi 9 mini 2024-cü ildə reytinq cədvəlinə düşüb. Yəni minimum tələblərə cavab vermək lazımdır ki, o reytinq cədvəlinə düşə bilsinlər. 9 mindən cəmi 8 müəssisə Azərbaycandandır. Onlardan 4-ü universitetlərimiz, biri bütövlükdə akademiya, 3 qurum isə indi ETN nəzdinə keçən institutlardır. Onlar Fizika İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, Kataliz və Qeyri-üzvi Kimya İnstitutudur. Yəni respublikada 8 öndə gedən təşkilatlardan birinin Kataliz İnstitutu olması, əlbəttə, qürurvericidir. Bizdə cəmi 51 universitet var. Onlardan təxminən 20-si ETN-ə daxildir. Amma akademiyanı saymasaq, 4 universitet, 3 elmi-tədqiqat institutu, mən hesab edirəm ki, bu, çox azdır. Çalışmaq lazımdır ki, çox olsun. Hər halda, həm 2023-cü, həm də 2024-cü ildə bizim institut bu bazaya düşüb. Bu isə aparılan tədqiqatların, çap olunan məqalələrin nəticəsidir.

Məsələn, biz çalışırıq ki, məhz “Web of Science”, “Scopus” bazasına düşən məqalələrimiz çox olsun. Bizim 2 jurnalımız çıxır, hər ikisi ingilis dillidir və “Scopus” bazasına daxildir. Jurnallarda bizim, həm də əcnəbi müəlliflərin məqalələri dərc olunur. Məqalələrin təxminən 40 faizi, bəlkə də bir az artığı əcnəbi müəlliflərindir. 

– İnstitutun keçirdiyi beynəlxalq elmi konfransların da materialları yəqin ki, jurnallarda dərc olunur.

– Bizim institut ötən il oktyabrın 7-10-da 4 gün ərzində enerjinin saxlanması və çevrilməsi mövzusunda bir beynəlxalq simpoziuma ev sahibliyi etdi. Möhtəşəm bir tədbir idi. 15 ölkədən qonaqlar gəlmişdi. Konfransı Türkiyədən olan həmkarlarımızla bərabər keçirdik, əməkdaşlıq imzaladıq. Bu yaxınlarda dünyada çox məşhur olan “Hidrogen enerji” jurnalından məktub almışdım. Məsələn, Kanadada xüsusi nömrə buraxacaqlar. Orada seçilmiş məruzələr məqalə şəklində o jurnalda çap olunacaq və bizə də təklif edirlər ki, Azərbaycanın “Kimya” jurnalında ayrıca bir nömrə buraxaq. Orada bəzi məqalələr çap edək. Konfransın tezisləri Türkiyədə çap olunacaq. Amma məqalələrin bizim beynəlxalq bazalara düşən iki jurnalımızda çap olunmasını da planlaşdırmışıq. 

Həm “yaşıl enerji”, həm “yaşıl texnologiyalar” sahəsində işlər nəzərdə tutmuşuq

– Ötən il ölkəmizdə COP29 keçirildi və “yaşıl iqtisadiyyat”, “yaşıl elm” məsələləri də diqqətdə oldu. Siz yaşıl hidrogendən bəhs etdiniz. İnstitutda yaşıl elm sahəsində nə kimi tədqiqatlar aparılır?

– Təbii ki, bizdə yaşıl hidrogen alınması ilə məşğul olan ayrıca laboratoriya var. Özü də bərpa olunan enerji hesabına. Çünki elektroliz vasitəsilə hidrogen alınması baha başa gəlir. Günəş enerjisindən istifadə etmək hesabına suyun parçalanmasını aparmaq, bunu yüksək səviyyəyə qaldırmaq – bütün dünya bu sahədə çalışır, o cümlədən də biz. Çalışırıq ki, yeni elektrod materiallar alaq ki, o prosesi sürətləndirə bilsin. Növbəti beş ildə biokütlənin emalı, “yaşıl enerji”, “yaşıl texnologiyalar” sahəsində işlər nəzərdə tutmuşuq. Son vaxtlar əməkdaşlarımız çalışırlar ki, bu “yaşıl kimya”nın prinsiplərindən istifadə etsinlər. Biz COP29-la bağlı həm Azərbaycan, həm ingilis dilində kitab çap etdirmişdik. Digər işlərimiz də var. Məsələn, sirkulyar texnologiyalar, tullantıların idarə olunması, onlardan lazım olan maddələr çıxartmaq, onları təkrar emal etmək. Danimarkada bu məsələ çox geniş yayılıb. Yəni orada tullantı, çirkab sularında qızıldan tutmuş hər şeyi inkişaf etdirirlər. Bizim üçün də bu vacib məsələdir. 

Mən ötən ilin noyabrında AMEA Rəyasət Heyətinin iclasında “2024-cü ilin Nobel mükafatı və laureatları: dünya elminin prioritetləri və Azərbaycan elminin vəzifələri” haqqında məruzə etdim. İclasda belə bir məsələ qoyuldu ki, Azərbaycan elminin qarşısında duran vəzifələr nədir və bu sahədə inkişaf etmiş ölkələrdə prioritet istiqamətləri nələrdir. Onları analiz eləmişdim. Ölkələrin çoxunda tullantıların idarə olunması prioritetlərdən biri sayılır. Bütün dünyada o qədər tullantılar əmələ gəlir, ekologiyanı o qədər korlayır ki, onların idarə olunması, təkrar emalı, onlardan istifadə çox qlobal bir məsələdir. Məsələn, Daşkəsən filiz kombinatında nə qədər tullantılar var, onları işləmək özü də böyük problemdir, amma orada lazım olan komponentlər var. O işləri böyük qüvvə ilə görmək çox əhəmiyyətli məsələdir. Bundan sonra “yaşıl texnologiyalar”, sirkulyar texnologiyalar, “yaşıl enerji” çeviriciləri, “yaşıl enerji” təchizatçısı Azərbaycanda olan prioritet istiqamətlərdir. Bunların hamısını növbəti beş ilə nəzərdə tutmuşuq. 

Elmlə təhsil arasında inteqrasiya bizdə əvvəllər də olub

– Mühüm məsələlərdən biri elm və təhsilin inteqrasiyası ilə bağlıdır. Bu sahədə inteqrasiyanı necə müşahidə edirsiniz? 

– Bilirsiniz, elmlə təhsil arasında inteqrasiya bizdə əvvəllər də olub. Yəni bizim müəllimlər orada dərs deyiblər, oradan gəlib bizdə, o vaxtlar diplom işi deyirdilər, diplom, kurs işi aparılır, sonra uzun müddət magistrlər bizdə işlədilər. Məsələn, iki ildir ki, Bakı Dövlət Universiteti “Kinetika-kataliz” ixtisası üzrə magistraturaya qəbul aparır, onların çox hissəsi laboratoriya işləri aparmaq üçün bizim instituta göndərilir. Bu məsələlər əvvəllər də var idi. Əvvəllər istehsalat təcrübəsi var idi. İndi istehsalat yoxdur ki, təcrübə də olsun. Ona görə də düzgün qərar veriblər, yazıblar ki, ixtisas təcrübəsi.

– İstehsalat təcrübəsi yazılsa, yaxşı olmazmı? Qarşıda əmək bazarına hazırlıq var…

– Amma bizdə istehsalat yoxdur. Akademik institutlara gələnlər burada tədqiqat işini, cihazlardan istifadəni öyrənirlər, laboratoriya barədə təsəvvürləri olur. Ona görə ixtisas təcrübəsi daha düzgündür. Bilirsiniz, bizim institutlara (kimya bölməsinə aid) müxtəlif universitetlərdən hər il 300-400 tələbə gəlir. Bu yaxınlarda Bakı Dövlət Universitetindən haradasa 250-300 tələbənin siyahısını almışdım. Göndəriblər ki, bizim laboratoriyalarda işləsinlər. Bu təcrübə əvvəllər də olub. İndi magistrlərə univeristlərdə dərs deyirlər, elmi işləri isə gəlib bizdə işləyirlər. 

Orta məktəb şagirdləri üçün “Açıq qapı” keçiririk. “Kiçik akademiya”lar var. Bu uşaqlardan o qədər maraqlı suallar çıxır, elə həvəslə gəlirlər ki…

Bizə tələbələr çox maraqla gəlirlər. Mən həmişə bu tələbələrlə söhbət edəndə, Maksfelin bir sözünü xatırlayıram: tələbənin başını biliklə doldurmaq lazım deyil, o məşəli alovlandırmaq lazımdır. Yəni o sərbəstliyi verib onlara yaxşı mühit yaradandan sonra o, özü axtarmalı, tapmalı, işləməlidir. Yoxsa, bu gün müəllim mühazirəni dedi, tələbə onu əzbərlədi, sonra gəldi, cavab verdi. Bir aydan sonra isə o yaddan çıxdı. Ondansa tələbələri öyrətmək lazımdır ki, lazım olan məlumatı haradan, necə tapa, necə tətbiq edə bilər və öz üzərində ömürboyu necə işləyə bilər. Bu məsələləri tələbə öyrənsə, o daha xeyirli olar. 

Tələbəyə yaxşı mühit lazımdır

– Həm də müəyyən bir tədqiqatçılıq səriştəsi qazanmış olurlar…

– Onlar müstəqillik qazanır. Həm də fikirləşir ki, aldığı bu nəticəni harada və necə tətbiq edə bilərəm. Yəni yaradıcılıq inkişaf etmiş olur. Yenə məşhur fizik Riçard Feynmandan bir istinad vermək istəyirəm. Onun çox yaxşı bir sözü vardı. Deyirdi ki, əgər tələbə doğrudan da, istedadlı və talantlıdırsa, ona adi standart təhsil keçməyin mənası yoxdur. Ona yaxşı mühit lazımdır. Mühit deyəndə elə müəllimlər, professorlar, elə adamlar olmalıdır ki, onlarla müzakirə apara, fikrini deyə bilsin. Mən bilmirəm belə professorlarımız nə qədərdir? Amma məsələn, mən üçüncü kurs tələbəsi olanda bax, bu institutda rəhmətlik Xudu Məmmədov öz aspirantları üçün seminar keçirirdi. Mən həftədə bir dəfə gəlirdim o seminara. Universitetdən qaçırdım və ya icazə alırdım, gəlirdim o seminara. Kvant kimyaçısı İsrafil Hüseynov da çox maraqlı seminar aparırdı. Biz həm də Xudu müəllimlə söhbət edirdik. İndi çox təəccüblənirəm ki, o cür adam üçüncü kurs tələbəsi ilə necə sərbəst müzakirə aparırdı, ona necə səbirlə qulaq asırdı. İndi ona dediklərimi düşünəndə özümün də gülməyim gəlir ki, necə belə cürət edib suallar verirdik. O qulaq asırdı, bəzən gülümsəyirdi. Ancaq çox səbirlə adamı həvəsləndirirdi. Mənim akademiyaya bağlanmağımın səbəbi də Xudu müəllim oldu. Xudu müəllimə görə mən akademiyaya gəldim, burada aspiranturanı oxudum, sonra Moskvaya getdim. Yəni universitet mühiti yaratmaq, müəllimlərlə tələbələr arasında o mühiti qurmaq tələbələrin gələcək inkişafı üçün çox vacibdir.

O ki, qaldı elm və təhsilin inteqrasiyasına, mənə elə gəlir ki, bu, bir ilin söhbəti deyil. Elmdə də, təhsildə də islahatlar bir ildə, yarım ildə həll oluna bilməz, buna uzun vaxt lazımdır. Amma görünür, elə bir mexanizm, elə bir konsepsiya işləmək lazımdır ki, burada sinergetik effekt olsun, bundan həm təhsil, həm də elm qazansın və irəli getsin. Əgər bunu etmək olsa, mənə görə ən böyük nəticə bu ola bilər. 

Dünyada elmin təşkilində iki cür model var. Amerika modeli – orada tədqiqatlar əsasən universitetlərdə mərkəzləşib, bir da var kontinental model, o cümlədən Yaponiyada, orada müstəqil elmi-tədqiqat institutları var. Məsələn, Yaponiyada dövlət büdcəsindən maliyyələşən, 3 min işçisi olan Fiziki-Kimya İnstitutu var, sırf elmi işlə məşğuldur. Norveçdə də bir şirkət var ki, o böyük bir institutdur. Düzdür, orada həm texnologiya, həm elmi-tədqiqatlar, həm də pilot qurğuları var. 

Yeri gəlmişkən, bizim onlarla “Horizon-2020” ilə əlaqədar bir qrantımız var. Orada Azərbaycandan çox az sayda iştirak edənlər var. Deməli, səkkiz ölkədən 11 təşkilat, o cümlədən Azərbaycandan bizim institut oraya düşüb. Çox çətin, haradasa 14-15 qrupun iştirak etdiyi iki mərhələli müsabiqə idi, biz qalib gəldik. Layihə ötən il başa çatdı. Çox maraqlıdır ki, nəyə görə bizi seçmişdilər? Çünki təbii qazdan propilenin alınması Azərbaycanın “SOCAR Polymer” zavodu üçün lazım olan xammaldır. Nəzərdə tutulur ki, o zavodda 120 min ton polietilen, 180 min ton polipropilen buraxılsın. Propilenin qiyməti ildən-ilə bahalaşır. Layihədə məqsəd metandan propilen alınmasıdır. Layihənin ümumi məbləği haradasa 6,5 milyon avrodur. Layihə hesabına bəzi cihazları almışıq, maaş vermişik, cavanların çoxunu ezamiyyətə göndərmişik, xaricdə tədqiqatlar aparıblar. Hesabatlarını göndərmişik, bu çox faydalı işdir. Düzü, bürokratik maneələr olsa da, belə beynəlxalq qrantların alınmasının çox xeyri var, onlardan maksimum istifadə etmək lazımdır. Çünki gözləmək ki, maaş artırılacaq, bununla irəli getmək çətindir. 

Təbiət elmlərində elmi-tədqiqat aparmaq üçün bahalı avadanlıq lazımdır 

– Statistik məlumata görə, bizdə humanitar sahədə dissertasiyalar təbiət elmləri sahələrinə nisbətən çoxdur. Vəziyyəti necə dəyişmək olar?

– Kiməsə deyək ki, sən ədəbiyyatçı olma, gəl kimyaçı ol. Bu düzgün olmazdı, hər kəsin sərbəst seçimi var. Ədəbiyyat, təhsil, iqtisadiyyat sahəsində çalışan adamlara, deyək ki, sən, hökmən fizik olmalısan bu düzgün deyil. Seçim var, harada azdır, harada çoxdur, bu, artıq bizdən asılı olan məsələ deyil. Onu deyim ki, bütün dünyada texniki elmlərə olan meyil, nisbətən azalıb, o da çətinliklərlə əlaqədardır. Texniki, təbiət elmlərində elmi-tədqiqat aparmaq üçün güclü, bahalı avadanlıq lazımdır. İctimai-humanitar elmlərdə onlara ehtiyac yoxdur. Məsələn, bizim sahədə işləmək istəyən adam, əgər avadanlıq yoxdursa, heç nə edə bilmir. Qabaqcıl ölkələrdə 5-6 ildən bir avadanlıq təzələnir. Bizdə o imkan yoxdur. O, böyük vəsait tələb edir.

– Lazım olan cihazları gətirməkdə imkanlarınız necədir?

– Çətindir. Açığı böyük vəsait tələb edir. Bu gün o cür cihazlar əvvəlki qiymətlərə baxanda çox bahadır. Çünki onlar təkmilləşir, hər dəfə də qiyməti artır. Məsələn, biz “Horizon-2020”nin hesabına 110 min avroya yaxşı laboratoriya qurğusu aldıq. Sonra spektrofotometr almağı planlaşdırırıq. İmkan ancaq buna çatır. 

Mən təklif edərdim ki, təkcə avadanlıq alınması üçün ayrıca qrant müsabiqəsi keçirilsin. Qoy, hansı institut almaq istəyir o cihazı, əsaslandırsın, göstərsin ki, hansı məqsəd üçün bu cihazı alır, hansı məsələləri orada həll edəcək və bu sahədə onu işlədəcək mütəxəssislər varmı? Elə vəziyyət yaranıb ki, hər hansı cihaz sıradan çıxanda onu təmir eləmək təzəsini almaqdan çətindir. Bu cür problemlər təbiət elmlərinin işini bir az çətinləşdirir. Amma ona baxmayaraq, təkrar edirəm, “Scopus” və ya “Wef of Science” bazaları təbiət elmlərində olan məqalələrin sayı ictimai-humanitar elmlərdə olan məqalələrin sayından xeyli yüksəkdir. Bu təbii haldır. Çünki ictimai-humanitar elmlərin, təbiət elmlərinin hər birinin öz spesifikası var.

ARDI VAR…

Foto: Kənan Qafarov

Şərhlər

Xəbər lenti

10 fevral, 23:43

Alimlər qara dəliklərin gözləniləndən daha sürətlə döndüyünü kəşf ediblər

10 fevral, 23:14

Marsın sirli kvadratı: Təbii geologiya, yoxsa yadplanetli izi?

10 fevral, 21:28

Yalçın İslamzadə: “Kurikulumsuz təhsil mümkün deyil”

10 fevral, 18:01

Süni zəka insanın karyera potensialını təyin edir

10 fevral, 18:00

Alimlər qorxu reaksiyalarının beyində necə yatırıldığını tədqiq ediblər

10 fevral, 17:56

Sertifikatlaşdırmadan keçən müəllimlərin diqqətinə

10 fevral, 17:55

Məktəbin texniki işçisi həyat yoldaşı tərəfindən bıçaqlanıb

10 fevral, 17:46

Türkiyə əcnəbi tələbə sayını 500 minə çatdıracaq 

10 fevral, 17:33

Kimyaçı alim beynəlxalq jurnalın rəyçi sertifikatı ilə təltif edilib

10 fevral, 17:21

Məktəb direktoru kim olmalıdır? – Ekspert rəyi

10 fevral, 17:12

“Kitab yazmağı gələcək hədəflərimin başlanğıcı kimi dəyərləndirirəm” – Tələbə uğuru 

10 fevral, 16:30

Azərbaycanlı gənc nüfuzlu elmi mükafata layiq görülüb

10 fevral, 16:26

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyəti dəyişib – Yeni təyinatlar

10 fevral, 16:15

Xırdalan və Hökməlidə 2 yeni məktəb binası tikilir

10 fevral, 15:53

“Çox vaxt yarışlarda birinci yeri tuturam” - Respublika çempionatının qalibi

10 fevral, 15:51

Biləsuvarda XI sinif şagirdi intihar edib – İdarədən açıqlama

10 fevral, 15:25

Məktəblərdə şagirdlərə narkotik təklif edilməsi iddiasına - Rəsmi cavab

10 fevral, 15:13

Türk dövlətlərinin Ali Təhsil Fondu yaradılacaq – Erol Özvar

10 fevral, 14:59

ADMİU-da diplom müdafiəsi: süni intellektdən istifadə etdilər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.