
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi yekunlaşıb. Bugünkü imtahanda fizika və informatika müəllimləri iştirak ediblər
“Azərbaycan müəllimi” olaraq biz də sonuncu gündə imtahanın keçirildiyi mərkəzlərdən biri olan Bakı şəhəri 161 nömrəli tam orta məktəbdə olub və yüksək nəticə göstərən müəllimlərin fikirlərini öyrəndik.
“Bu proses bir daha göstərir ki, müəllimlər daim öz üzərində işləməlidirlər”
Bakı şəhəri 67 nömrəli tam orta məktəbin fizika müəllimi Aysel Həsənzadə imtahanda 57 bal toplayıb. Artıq 9 ildir pedaqoji fəaliyyətlə məşğul olan müəllim imtahanla bağlı təəssüratlarını bölüşüb:

“Düşünürəm ki, fizika fənni üzrə bütün suallara doğru cavab vermişəm. Sadəcə imtahanın sonunda vaxtım qalmadığı üçün səhvlərimi yenidən yoxlaya bilmədim. Çox güman ki, səhvim kurikulumla bağlı situasiya suallarında olub. Fizika sualları isə mənim üçün asan idi. Bu proses bir daha göstərir ki, müəllimlər daim öz üzərlərində işləməlidirlər. Mən də müəllim kimi öz üzərimdə daim çalışıram. Ona görə imtahan mənim üçün çətin olmadı. Hesab edirəm ki, sertifikasiya müəllimlərin peşəkar inkişafına böyük töhfə verir”.
“Müəllim nə qədər savadlı olsa da, daim öz üzərində işləməlidir”
Bakı şəhəri 16 nömrəli texniki humanitar liseyin fizika müəllimi Ülviyyə Qənbərova bu gün keçirilən sertifikasiya imtahanında 58 bal toplayıb. Onun sözlərinə görə, bu nəticə gözlədiyi bir nəticə olub.

“Əslində bu, düşündüyüm nəticə idi. Sadəcə bir az həyəcan var idi. Suallar düşündüyümdən daha rahat idi, qiymətləndirmə səviyyələri də əvvəlcədən gözlənildiyi kimi idi. İmtahan tam şəffaf şəkildə təşkil olunmuşdu. Sertifikasiya müəllimlərə daim yeniliklərə açıq olmağı və inkişafı öyrədir. Müəllim nə qədər savadlı olsa da, daim öz üzərində işləməlidir. Yalnız ixtisas bilikləri yetərli deyil, müəllim eyni zamanda metodik yanaşmanı da yaxşı bilməlidir. Çünki son illərdə metodika baxımından uşaqlara yanaşmada çox fərqli və müsbət istiqamətlər formalaşıb. Bu isə təhsilin keyfiyyətinə müsbət təsir edir”, – deyə Ülviyyə Qənbərova bildirib.
“Bu imtahan müəllimlərin öz üzərində işləməsinə, biliklərini daim yeniləməsinə imkan yaradır”
Bakı şəhəri 311 nömrəli tam orta məktəbin fizika müəllimi Şəbnəm Namazova bu gün keçirilən sertifikasiya imtahanında 58 bal toplayıb. Artıq 7 ildir pedaqoji fəaliyyətlə məşğul olan müəllim imtahanla bağlı təəssüratlarını bölüşərək deyir ki, imtahanda hər səviyyəyə uyğun suallar var idi:

“Metodika üzrə hazırlığa məktəbdə işlərim bir qədər yüngülləşdikdən sonra imtahana 10 gün qalmış başlamışdım. İxtisas üzrə isə əlavə hazırlıq etməmişdim. Bəzi müəllimlər sertifikasiya prosesinə etiraz etsə də, mən bu prosesin tərəfdarıyam. Bu imtahan müəllimlərin öz üzərində işləməsinə, biliklərini daim yeniləməsinə imkan yaradır. Mən də iki il əvvəl başqa məktəbdən Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsi ilə gəlmişəm və belə prosesləri müsbət qarşılayıram. Bir çox müəllimlər düşünür ki, bir dəfə təhsil almaq kifayətdir. Amma bu yanaşma yanlışdır. Hər il təhsil sahəsində yeniliklər, yeni texnologiyalar meydana çıxır. Müəllim bu dəyişikliklərlə ayaqlaşmalıdır. Bu, təkcə müəllimlər üçün deyil, digər sahələrdə çalışan insanlar üçün də vacibdir”.
“Sertifikasiya, müəllimləri daim inkişafda saxlamaq üçün çox yaxşı bir təşəbbüsdür”
Bakı şəhəri 311 nömrəli tam orta məktəbin informatika müəllimi Nərmin Məmmədova bu gün keçirilən sertifikasiya imtahanında 55 bal toplayıb. 3 ildir pedaqoji fəaliyyətlə məşğul olan müəllim deyir ki, sualların orta səviyyədə hazırlanıb:

“Hazırlıq zamanı əsasən məktəb dərsliyindən istifadə etmişdim. Düzdür, əlavə dərsliklərə də baxmışdım, amma əsas diqqətimi məktəb dərsliyinə yönəltmişdim. Sualların da əksəriyyəti elə həmin mənbədən idi. İmtahan çox şəffaf şəkildə keçirildi. Ümumilikdə sertifikasiya prosesi müəllimlərdən daha çox məsuliyyət tələb edir. Biz müəllimlər dərsləri müəyyən siniflərdə tədris edirik, lakin bəzi mövzularla mütəmadi məşğul olmuruq. Bu səbəbdən davamlı şəkildə təkrar vacibdir. Mən MİQ imtahanından yenicə keçmişəm, amma insan bəzən bəzi şeyləri unudur. Sertifikasiya, müəllimləri daim inkişafda saxlamaq üçün çox yaxşı bir təşəbbüsdür”.
“Sertifikasiya müəllimlər üçün biliklərini yoxlamaq və boşluqları görmək üçün yaxşı fürsətdir”
Bakı şəhəri 9 nömrəli tam orta məktəbin informatika müəllimi Sveta Təsəllizadə sertifikasiya imtahanında 58 bal toplayıb. O, qeyd edib ki, imtahanda təqdim olunan suallar dərslikdən kənara çıxmamışdı:

“Hazırlığımı da əsasən məktəb dərsliyi üzərində qurmuşdum və nəticədə bu hazırlıq mənə istədiyim balı toplamağa imkan verdi. Mənə görə sertifikasiya prosesi müəllimlər üçün çox faydalıdır, çünki bu proses insanın biliklərini yoxlamaqla yanaşı, bilmədiyi və ya ötəri yanaşdığı bəzi mövzuları da ortaya çıxarır. İmtahan zamanı bəzi suallarla qarşılaşdım ki, onlar mənim diqqət etmədiyim sahələrə aid idi və bu, mənə öz üzərimdə daha çox işləməyin vacibliyini göstərdi. Sertifikasiya müəllimlər üçün biliklərini yoxlamaq və boşluqları görmək üçün yaxşı fürsətdir”.
“Müəllimlər biliklərini yoxlamaq və inkişaf etdirmək üçün belə imkanlardan istifadə etməlidirlər”
Bakı şəhəri 261 nömrəli məktəb-liseyin informatika müəllimi Məhəmməd Məmmədov sertifikasiya imtahanında 57 bal toplayıb. O deyir ki, suallar müəyyən mənada vaxt aparan xarakter daşıyırdı, lakin hazırlıq görən, davamlı öz üzərində çalışan müəllimlər üçün həll olunmayacaq dərəcədə çətin deyildi:

“Məncə, belə sertifikasiya prosesi təhsilimizin keyfiyyətinin yüksəldilməsi baxımından çox faydalıdır. Müəllimlər biliklərini yoxlamaq və inkişaf etdirmək üçün belə imkanlardan istifadə etməlidirlər. Bu proses həm də müəllimlərin peşəkar hazırlığını artırır və təhsil sistemimizin müasirləşməsinə töhfə verir”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər