Azərbaycan günün tələblərinə uyğun olaraq, doktorantura təhsili ilə müəyyən dəyişikliklər etməyə hazırlaşır. Elm və təhsil naziri Emin Əmrullayev də Doktorantların və gənc tədqiqatçıların XXVII respublika elmi konfransında çıxışı zamanı yaxın gələcəkdə doktoranturaya qəbul planında müəyyən korreksiyaların ediləcəyini açıqladı. Nazir eyni zamanda doktoranturada oxuyanların yalnız 10 faizinin sonda elmi dərəcə aldığını, Azərbaycan elminin gəncləşməyə böyük ehtiyacının olduğunu da nəzərə çatdırıb. O, elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsinin bu sahədəki əsas prioritetlərdən olduğunu xüsusi vurğulayıb.
“Azərbaycan müəllimi” doktorantlarla söhbət edərək onları narahat edən məqamları araşdırıb.
“Həvəsləndirici proqramların qəbulu tədqiqatçılarda ruh yüksəkliyi yarada bilər”
İlk həmsöhbətimiz Muraz Süleymanov Bakı Dövlət Universitetinin doktorantıdır, eyni zamanda universitetin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində müəllim işləyir. Araşdırma sahəsi “Elektron hökumət və elektron hökumətin inkişafı” ilə bağlıdır. Gənc doktorant apardığı tədqiqat haqqında məlumat verir: “XXI əsr yeni idarəetmə erasıdır və insanlara elektron idarəetmə, rəqəmsal texnologiyalar vasitəsilə elektron dövlət xidmətlərinin göstərilməsini tələb edir. Elektron xidmətlər vətəndaşlarımızın xidmətlərdən daha rahat, səmərəli yararlanmasına imkan verir. Bu səbəbdən elektron hökumətin inkişafı mütləq əhəmiyyət kəsb edir. Ölkəmizdə elektron hökumətlə bağlı kitablar, vəsaitlər çox deyil. Bu səbəbdən araşdırmalarımda xüsusi olaraq xarici ədəbiyyatlara, elektron resurslara üstünlük verirəm, xarici dövlətlərin təcrübələrini, Avropanın, Asiyanın inkişaf etmiş dövlətlərində elektron hökumətlə bağlı aparılan prosedurları, xüsusilə informasiya təhlükəsizliyi amilinə hansı formada diqqət yetirilməsini və informasiya təhlükəsizliyinin təmini istiqamətində atılan addımları, ölkəmizdə prosesin nə yerdə olduğunu araşdırıram. Mən bütün bunların əsasında müəyyən təkliflər hazırlayıram”.
Doktoranturanın 3-cü ilində oxuyan gənc bildirir ki, gələn il dissertasiya müzakirəsində iştirak edəcək və bundan sonra elmi işinin müdafiəsinə başlayacaq: “İngilis dilindən minimum və fəlsəfə doktoru üzrə qəbul imtahanında 30-dan çox bal yığdıqdan, eləcə də ixtisas imtahanı verdikdən sonra doktorantura təhsili 5 il qüvvədə olur. Bu vaxt ərzində tələb olunan sayda məqalələr nəşr etdirməli və elmi konfranslarda iştirak etməliyik. Dissertasiya işi hazır olduqdan sonra isə müdafiə edə bilərik. Elmi iş 3 il müddətində hazır olmalıdır və mənim artıq Ali Attestasiya Komissiyasının tələblərinə uyğun olaraq kifayət qədər, hətta tələb olunandan artıq tezis və məqalələrim çap olunub. Dissertasiya işim isə hazırlanma prosesindədir”.
“Doktorluq proqramları birləşdirilməlidir”
Elmi məqalələrin nəşrində hansı problemlərlə üzləşdikləri barədə sualımıza cavab verən Muraz Süleymanov qeyd edir ki, tədqiqatçı əvvəlcə yaxşı araşdıraraq nüfuzlu xarici jurnallar tapmalıdır: “Mənim məqaləm “Metafizika” jurnalında, “Science Plus” impakt faktorunda dərc edilib və mən öz təcrübəmdə elə böyük bir çətinliklərlə qarşılaşmamışam. Respublikamızın özündə belə Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi 20-dən artıq jurnal var. Ölkəmizdən kənarda isə bu minlərlədir. Xaricdə məqalələrimizi ödənişli və ödənişsiz əsaslarla nəşr etdiririk. Burada əsas məsələ jurnalın il ərzində neçə dəfə dərc olunmasındadır. Məqalə göndərilən zaman düzəlişə qaytarıla, imtina oluna, plagiat halları aşkarlana bilər və s. Nüfuzlu jurnallarda məqalə dərc etdirmək istəyən doktorantlar ciddi, tələblərə cavab verən iş ortaya qoymalıdırlar”.
Konfransa plagiat elmi işlərin təqdim edilməs səviyyəsinin sıfıra endirilməsi mövzusuna toxunan gənc deyir: “Sevindirici haldır ki, doktorantlarımız tərəfindən kiminsə işindən istifadə etmə halları bu dəfə baş verməyib. Xüsusi vurğulamaq istəyirəm ki, dissertasiyanın tam orijinal, unikal olması ortalığa yeni, innovativ dəst-xətt çıxarır. Əlbəttə, işlənmiş hansısa mövzuya təkrar qayıtma elmə heç bir yeni töhfə vermir, bu, sadəcə vaxt itkisinə səbəb olur. Mən hesab edirəm ki, müəyyən həvəsləndirici proqramların qəbul edilməsi tədqiqatçılarda ruh yüksəkliyi yarada bilər. Belə olduqda hər bir tədqiqatçı öz maraq dairəsinə uyğun olan mövzularda araşdırma aparar, sevdiyi işi daha dərindən öyrənər”.
Muraz Süleymanov konfrans zamanı səsləndirilən fikirlərə münasibət bildirərkən deyir: “Qeyd olunduğu kimi, əvvəlki illərdə doktorantların cəmi 10 faizi elmi dərəcə ala bilmişdir. Son illər aparılan islahatların bu məsələdə xüsusi töhfə verəcəyinə inanıram. Ümidvaram ki, daha ciddi nəzarət tətbiq olunacaq, növbəlilik prinsipi tənzimlənəcək. Fikrimcə, doktorluq proqramları birləşdirilməlidir. Fəlsəfə doktoru və sonradan elmlər doktoru birləşdirilməli və onlar digər ölkələrdə olduğu kimi bir istiqamət üzrə olmalıdır. Doktorantların elmi rəhbərlərinin həvəsləndirilməsi istiqamətində müəyyən addımlar atılmalıdır ki, onlar da öz tədqiqatçıları ilə birlikdə işləməkdə maraqlı olsun, ortaya ciddi bir tədqiqat işi çıxarsınlar. Xüsusi olaraq mən məqalələrin elmi bazalarda qalmasına münasibət bildirmək istərdim ki, tədqiqatçılara kifayət qədər dəstək olunmalı, onlara bu istiqamət üzrə yeni yollar göstərilməlidir”.
“Dissertasiya və məqalələri oxuyarkən görürəm ki, süni intellektdən çox istifadə olunub”
Bakı Biznes Universitetinin “Sahə iqtisadiyyatı” ixtisası üzrə doktorantı Seyidmahir Zəkizadə təhsilinin 4-cü ilindədir və “İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun optimal şəkildə formalaşdırılmasının qiymətləndirilməsi” üzrə dissertasiya işi hazırlayıb. Seyidmahir 2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin idarəedilməsi fakültəsini bitirib. 2020-ci ildə Bakı Biznes Universitetində “Dövlət strukturunda menecment” ixtisası üzrə magistr dərəcəsi alıb. Hazırda bu universitetin Biznesin təşkili və bələdiyyə idarəetməsi fakültəsində müəllim kimi çalışır. Həmsöhbətim doktorantları narahat edən məqamları qeyd edərkən aşağıdakı fikirləri səsləndirir: “Bilirik ki, Avropa ölkələrində doktoranturanın müdafiə prosesi universitet daxilində keçirilir və iki mərhələdən ibarət olur. Birinci mərhələdə universitet daxilində kafedralar arasında müzakirələr təşkil olunur, ikinci mərhələdə isə kənar universitetdən gətirilən fərqli professor və mütəxəssislərin iştirakı ilə müdafiə prosesi keçirilir. Nəticədə 10 doktorantdan 8-9 nəfəri müdafiə edir və bu səbəbdən həmin ölkələrdə gənc doktorantların, professorların, alimlərin sayı çoxdur. Azərbaycandakı göstəricilərə baxdıqda görürük ki, 10 doktorantdan 1 nəfəri müdafiə edə bilir. Ümumiyyətlə, ölkəmizdə müdafiə prosesi həm mərhələlərinə görə, həm də fərqli-fərqli rəy almaya ehtiyacın olması baxımından çox çətin olur. Digər tərəfdən, müdafiəni universitet daxilində deyil, fərqli müəssisələrdə, universitetlərdə edirik”.
Seyidmahir Zəkizadə əlavə edib ki, xaricdə və ölkəmizdə elmlə məşğul olanlar süni intellektdən qrafiklərin formalaşmasında, şəkillərin yaradılmasında istifadə edirlər: “Bir məqam da var ki, Azərbaycanda əksəriyyət süni intellektdən rahatlıq üçün istifadə edir, oradakı məlumatları götürərək heç bir təhlil aparmadan öz dissertasiya və məqalələrinə əlavə edirlər. Bir sıra magistr dissertasiyaları və məqalələrini oxuyarkən görürəm ki, süni intellekt cümlələrindən çox istifadə olunub və təhlil yoxdur. Bu isə düzgün deyil”.
Gənc müəllim bunu da qeyd edib ki, qarşılaşdığı çətinliklərdən biri jurnalların xüsusi etik göstəricilərinə riayət etməklə bağlıdır: “Mənim dissertasiyam işğaldan azad edilmiş ərazilərdə 2020-ci ildən sonra qurulan və qurulacaq infrastrukturun optimal şəkildə formalaşmasına həsr olunub. Burada bir sıra matris, erqonometrik üslublardan istifadə edirik, eyni zamanda, mövcud və işğaldan əvvəlki vəziyyəti araşdırırıq ki, əhalinin işlə təmin olunması və digər sosial məsələlərdə hansı sahələrin daha gəlirli ola bilər. Hər bir jurnalın xüsusi etik göstəriciləri var və ona riayət etmək lazımdır. Sonuncu dəfə Rusiyada “Finansovıy biznes” jurnalına məqaləmi göndərərkən “işğaldan azad olunmuş ərazilər” yazdığıma görə dərc etməkdən imtina etdilər. Həmin ifadəni “Qarabağ və Şərqi Zəngəzur” yazdıqdan sonra məqaləm nəşr olundu. Çexiyada, Hollandiyada məqalələrim nəşr edilib, Londonda tezisim dərc olunub və orada heç bir problemlə qarşılaşmamışam. Elmi məqalələrimi dissertasiyamın nəticələrinə əsasən yazmışam. Yəni dissertasiyada qarşımıza qoyduğumuz vəzifələri və həmin vəzifələrin yerinə yetirilməsi üçün bir sıra tapşırıqları, gəldiyimiz elmi nəticələri sırf elmi məqalələr və konfrans materiallarımızla əks etdirməliyik”, - həmsöhbətim qeyd edib.
Doktorluq elmi dərəcəsinə yiyələnmə məqsədini öyrəndikdə Seyidmahir Zəkizadə deyir: “Doktoranturaya daxil olmaq məqsədim öncə reputasiyaya sahib olmaqdır. Çünki Azərbaycanda əhalinin çox az faizi - demək olar ki, 1-2 faizi elmi dərəcəyə sahib ola bilir. Eyni zamanda, tədricən doktorantlara daha yaxşı şərait yaradılmaqdadır ki, onlar daha irəli gedə bilsinlər. Gənclərin irəli çəkilməsində doktorantura bitirmiş şəxslərə üstünlük verilir. Əsas məqsədim gələcəyimi daha yaxşı şəkildə qurmaq, təmin etməkdir. Həmçinin doktoranturada oxuyan şəxs özünün fəaliyyət bucağını qura bilir. Mənim mövzum infrastruktur olduğu üçün bütün sahələrə üz tuturam, biznes qurmaq üzrə özümü sınayıram, biznes hədəflərimi layihə çərçivəsində həyata keçirirəm”.
Oksford Universitetində alimlik dərəcəsi alan azərbaycanlı: “Fəlsəfə doktoru dərəcəsini 4 ilə aldım”
Azərbaycanda təhsil alan doktorantlarla tanışlıqdan sonra konfransda “Sürücüsüz avtomobillər və onların tətbiqi” mövzusunda məruzə ilə çıxış edən Oksford Universitetinin tədqiqatçısı, “Oxa” şirkətinin baş mühəndisi, SDU Akademik Məşvərət Şurasının üzvü Tərlan Süleymanovun fikirlərini dinləyirik. Söhbət əsnasında öyrənirik ki, gənc tədqiqatçı Ağdaş Özəl Türk Liseyini 2010-cu ildə bitirərək bakalavr və magistr təhsilini “Kompüter elmləri” ixtisası üzrə Şeffild Universitetində alıb. 2019-cu ildə Oksford Universitetinin Robototexnika fakültəsində doktorluq elmi dərəcəsinə yiyələnib. Araşdırması süni intellektdən istifadə edərək sürücüsüz avtomobillərin yolda olan maneələri, insanları, avtomobilləri və s. qavramasına (görməsinə) həsr olunub: “Mən uşaqlıqdan avtomobillərə, kodlaşdırmaya böyük maraq göstərmişəm, ali təhsilimi kompüter elmləri üzrə almışam. Avtomobillərlə kompüter elmlərinin bir araya gəldiyi nöqtə sürücüsüz avtomobillərdir. Ona görə məhz doktorontura pilləsini sürücüsüz avtomobillər üzrə oxumağı qərarlaşdırdım”.
Gənc fəlsəfə doktoru SDU ilə əlaqəsini belə izah edir: “SDU-nun rektoru Rüfət Əzizovla Oksford Universitetində oxuyarkən tanış olmuşuq və o, məni rəhbərlik etdiyi universitetə dəvət edib, dəvəti böyük məmnuniyyətlə qəbul etmişəm”.
Azərbaycan elminin gəncləşdirilməsi mövzusuna münasibət bildirən T.Süleymanov Oksford Universitetinin təcrübəsini paylaşaraq qeyd edib ki, onun fəlsəfə doktoru dərəcəsi alması 4 il çəkib: “Bu 4 ilin birinci ili mən sırf nəyi araşdıracağımı düşünürdüm. Birinci ilin sonunda araşdırma aparacağımız mövzu haqqında hesabat yazıb təqdim etdik. Sonra doktorantura təhsilinin ikinci, üçüncü ili ərzində yazılan hesabat üzrə daha detallı araşdırma aparıb yeniliklər etməyə çalışdıq. Üçüncü ilin axırında əldə etdiyimiz yeniliklərə dair qısa hesabat və imtahan verdik, növbəti 1 il ərzində isə bu işi tamamlayıb doktorantura dissertasiyasını təqdim edəcəyimiz barədə məlumat verdik. Dördüncü ilin sonuna qədər doktorluq dissertasiyasını tamamlamaq lazımdır. Elmi işi təqdim etdikdən sonra isə müdafiəsi baş tutur. Dissertasiyanın bir neçə formatda - əvvəldən sona qədər dissertasiya kimi yazmağa, məqalələrdən ibarət dissertasiya və ya hibrid formada – bir az məqalə, bir az dissertasiya kimi təqdim etməyə icazə verilir. Mənim təqdim etdiyim dissertasiya hibrid formatda idi. Dissertasiyanın tərkibində 5 məqaləmi doktoranturada oxuduğum müddət ərzində dərc etdirdim. Konfrans məqalələrimi dərc etdirib boşluqları dolduraraq ortaya bütöv bir dissertasiya işi təqdim etdim. Gördüyüm o idi ki, Oksford Robototexnika İnstitutunda (bizim laborotoriyanın adı belə gedirdi) hər bir doktorantın minimum 3 məqaləsi olur. Oranın iş prinsipi belə idi - gördüyümüz işləri tamamlayıb məqalə kimi təqdim edərək təcrübədən keçirməyə çalışırdıq. Mən doktoranturanı bitirdikdən sonra doktorluq dissertasiyamla bərabər 9 məqaləm nəşr olundu. Bu məcburiyyət deyildi, lakin hər kəsin bir yolu vardı. Bizim sahə - robototexnika ilə əlaqəli bir neçə konfrans var idi və biz institut olaraq həmin konfranslarda iştirakı hədəfləyirdik, məqalələrimizi həmin konfranslara göndərirdik və məqalələr orada yoxlamadan keçirdi. Qəbul edildikdə həmin konfransda məqalənin təqdimatı ilə çıxış edirdik. Daha sonra məqalə konfransın kitabçasında nəşr olunur. Məqalələr kitab, jurnal kimi deyil, onlayn dərc edilir. Mənim məqalələrim IROS (International Conference on Intelligent Robots and Systems), ITSC (Intelligent Transportation Systems Conference), IV (Intelligent Vehicles Symposium) konfranslarında nəşr edilib”.
İngiltərədə elmlər doktoru olmaq üçün elmə töhfələr vermək lazımdır
Gənc alimin sözlərinə görə, Oksford Universitetində dissertasiyanın müdafiə prosesi departamentlərdən asılı olaraq dəyişir: “Orada müdafiə zamanı iki müəllim iştirak edir. Onlardan biri universitetin özündən, digəri isə kənardan olmalıdır. Təbii ki, onlar göndərilən elmi işi əvvəlcədən oxuyurlar. Daha sonra müdafiə zamanı dokrorant 10-15 dəqiqəlik təqdimat edir və işinin nədən ibarət olduğunu qısaca izah edir. Sonra isə müəllimlər səhifə-səhifə dissertasiyanın məzmununa aid suallar verməyə başlayırlar. Misal olaraq, 11-ci səhifədə bu söz niyə yazılıb, digər səhifədə bu cümlə səhvdir, düzəlişə ehtiyac var və s. Yəni ən xırda detallar belə müzakirə olunur və proses bir neçə saat çəkə bilər. Prosesin sonunda namizədin işi müdafiə edib-etməməsi barədə doktoranta məlumat verirlər. Müdafiə uğurla başa çatdıqda hansı düzəlişlərin edilməsini izah edirlər. Sonradan isə fəlsəfə doktoru adı verilir. Mən, misal olaraq, robototexnika üzrə fəlsəfə doktoruyam, lakin elmlər doktoru deyiləm. Elmlər doktoru olmaq üçün akademik sahədə ən azı 10-15 il işləmək, kitablar yazmaq, elmə töhfələr vermək lazımdır. Elmlər doktoru adı almaq daha çox elmi fəaliyyətlə bağlıdır. Bunun üçün universitetdə dərs demək, araşdırmalara davam etmək, elmi məqalələr və kitablar çap etdirmək lazım olur. Bu adı adətən, professor səviyyəsində olan insanlar alır”.
“Nəticə əldə etmək üçün inadkar olmalısınız”
İşlədiyi müəssisə haqqında məlumat verən Tərlan Süleymanov bildirir ki, “Oxa” şirkəti Oksford Robototexnika İnstitutunun nəzdində fəaliyyət göstərir: “2014-cü ildən fəaliyyət göstərən şirkətin qurucusu mənim elmi rəhbərim olmuş professor Paul Nyumandır . Mən doktoranturada oxuduğum müddətdə yarım ştat olaraq, bitirdikdən sonra isə tam ştatda işləməyə başladım. Paul Nyuman vasitəsilə hələ də universitetdə nəşrlər təqdim edirik. Şirkətimizin işi sürücüsüz avtomobillər üçün proqram təminatı yazmaq, mənim işim isə sürücüsüz avtomobillərin görmə, qavrama qabiliyyəti üçün müxtəlif alqoritmlər, süni intellekt modelləri yaratmaqdır”.
“Qazandığı təcrübəni Azərbaycanda necə tətbiq etməyi düşünür?” sualına cavabında həmsöhbətim bildirdi ki, bu sahəni Azərbaycanda tətbiq etmək investisiya və komanda tələb edir: “İşlədiyim şirkətdə hazırda 400-dən çox insan çalışır və bunu birbaşa ölkəmizdə tətbiq etmək çox çətin olacaq. İstərdim ki, oradakı texnologiyanı Azərbaycana gətirək. Zənn edirəm, bu, daha yaxşı mümkün olar və bunun üçün müxtəlif qurumlarla da əlaqə saxlamağa çalışıram. Oradakı texnologiyanı burada testdən keçirərək tətbiq etmək və yavaş-yavaş inkişaf etdirmək olar. Sonra da komanda yaradıb araşdırma aparmaq olar. Lakin bu, əlbəttə, uzun sürəcək prosedurdur. Ümumiyyətlə, gələcək hədəflərimi müxtəlif qruplara bölərdim. Hazırkı fəaliyyətimdə daha çox işimin sənaye tərəfilə məşğul oluram, istərdim gələcəkdə akademik fəaliyyətlə də məşğul olum. Azərbaycanda bu texnologiyanın tətbiqi prosesində əlimdən gələni edərdim”.
Oksford təcrübəsi qazanmış T.Süleymanov gənc doktorantlara bunları tövsiyə edib: “Hazırda hər bir suala onlayn cavab tapmaq mümkündür. Gənclər maraq göstərdikləri, oturub araşdırdıqları təqdirdə istənilən sahə üzrə məlumat tapa bilərlər. Tövsiyəm odur ki, daim araşdırsınlar, axtarsınlar, yeni çıxan böyük DID modellərindən, ChatGPT kimi sistemlərdən istifadə etsinlər. Nəsə bir iş gördükdə ilkin məlumat, məsləhət almaq üçün süni intellekt sizin şəxsi köməkçinizə çevrilə bilir. Bunlardan istifadə edərək bir başlanğıc qoymaq olar. Doktoranturanın ən əsas xüsusiyyətlərindən biri odur ki, nəticə əldə etmək üçün gördüyünüz işdə inadkar olmalısınız”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)