
Azərbaycan Milli Elmlər Akademiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və AMEA-nın 80 illiyinə həsr olunmuş institutlararası minifutbol turnirinin açılış mərasimi keçirilib.
Bu barədə “Azərbaycan müəllimi”nə akademiyadan məlumat verilib.
Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan Milli Elmlər Akademiyasına qarşı hər zaman diqqət və qayğı ilə yanaşıb. Hələ Sovet İttifaqı dövründə məhz Heydər Əliyevin təşəbbüsü ilə AMEA-nın maddi-texniki potensialı daha da güclənib, bir sıra institut və təşkilatlar yaradılıb.
“Elmlər Akademiyasının ən çətin, ən həssas dönəmi müstəqilliyimizin ilk illərinə, 90-cı illərə təsadüf edir. Bütün respublikamız üçün çətin sınaq dövrü olan bu illərdə də Ulu Öndər Azərbaycan Milli Elmlər Akademiyasına qayğıkeş münasibətini əsirgəməyib. Bu gün fəaliyyət göstərən alimlərimizin, akademiyanın həqiqi və müxbir üzvlərinin böyük əksəriyyəti məhz Ulu Öndərin hakimiyyəti illərində elmi fəaliyyətə başlamış, respublikamızın elmi potensialının güclənməsinə öz töhfələrini vermişlər” – deyə AMEA rəhbəri vurğulayıb.
Ulu Öndərin Azərbaycan elminə, Elmlər Akademiyasına göstərdiyi bu münasibətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini deyən akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının prioritetlərindən biri respublikamızın elmi potensialının daha da güclənməsidir. Son illərdə AMEA-da dünya elminin tələblərinə və müasir dövrün çağırışlarına cavab verən islahatlar həyata keçirilir, akademiya öz fəaliyyətini həmin tələb və çağırışlara uyğun şəkildə qurur. Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncamı AMEA kollektivini qürurlandırır.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və AMEA-nın 80 illiyinə həsr olunmuş minifutbol turnirinin ümumakademiya miqyasında idman bayramı olduğunu diqqətə çatdıran AMEA prezidenti komandalara uğurlar arzulayıb.
Sonra AMEA Azad Həmkarlar İttifaqının sədri dosent Sənan Həsənov çıxış edərək bildirib ki, AMEA-da ciddi elmi-təşkilatı işlərlə bərabər əməkdaşların sosialyönümlü fəaliyyətləri də dəstəklənir. Bu işdə AHİ-nın üzərinə düşən bütün öhdəlik və məsuliyyət əsaslı şəkildə yerinə yetirilir. Açılışı edilən və hər il ənənəvi hal alan minifutbol turniri buna əyani misallardan biridir. Sənan Həsənov AMEA və Azərbaycan Həmkarlar İttifaqları Kondefederasiyasının rəhbərliyinin bu kimi layihələrdə dəstəyinə görə AHİ və iştirakçı komandalar adından akademik İsa Həbibbəyliyə və AHİK sədri Sahib Məmmədova dərin minnətdarlığını bildirib, iştirakçı komandalara uğurlar arzulayıb.
Sonra ATİAHİ Elmi Təşkilatların Həmkarlar İttifaqı Komitəsinin sədri, hüquq elmləri doktoru Habil Qurbanov və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu komandasının üzvü, elmi işçi Orxan İsayev çıxış edərək turnirin keçirilməsi məqsədilə yaradılan şəraitə görə AMEA rəhbərliyinə minnətdarlığını bildiriblər.
Sonda akademik İsa Həbibbəyli turnirin açılışının rəmzi olaraq topa ilk toxunuşu edib.
1 /9
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər