
“Azərbaycanla Çin arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyevin bu ölkəyə səfəri münasibətlərin inkişafında yeni mərhələ açır. Səfər zamanı dövlətlər arasında iyirmiyə qədər sənədin imzalanması münasibətlərin perspektivlərindən xəbər verir. İki ölkə arasında elm və təhsil sahəsində də əlaqələrin genişləndirilməsi nəzərdə tutulur”.
Bunu “Azərbaycan müəllimi”nə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sevinc Fətəliyeva dövlət başçısının Çinə səfəri çərçivəsində “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Elm və Texnologiya Nazirliyi arasında elm və texnologiya sahələrində əməkdaşlıq haqqında Protokol”un imzalanmasına münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, indiyədək də iki ölkə elm və təhsil sahəsində əməkdaşlıq edib. Bununla bağlı ötən illərdə müvafiq sənədlər imzalanıb.
Sevinc Fətəliyeva Azərbaycan gənclərinin Çin dilinə və mədəniyyətinə marağının artdığını qeyd edərək “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın qəbul edilməsinin vacibliyini vurğulayıb: “Bu sənəddə dil mübadiləsi sahəsində əməkdaşlığın inkişafı, iki ölkənin təhsil müəssisələrində Çin və Azərbaycan dillərinin tədrisinin təşviqi ilə yanaşı, Konfutsi institutlarının inkişafının dəstəklənməsinə də böyük əhəmiyyət verilir. Məlumdur ki, Azərbaycanda bir sıra universitetlərin nəzdində Konfutsi İnstitutu və onun filialları yaradılıb. Konfutsi institutları Azərbaycan və Çin arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi, Çin dilinin tədrisinin inkişafı üçün iki xalq arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərini artırmaq, Çin mədəniyyətinə marağı stimullaşdırmaq məqsədilə yaradılıb”.
Deputat onu da qeyd edib ki, 2008-ci il avqustun 10-da Pekində XXIX Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan Günü”, 2011-ci ilin mayında isə Çində Azərbaycan Mədəniyyəti Günləri keçirilib: “Eyni zamanda, 2012-ci il dekabrın 10-14-də Azərbaycanda Çin Xalq Respublikasının Mədəniyyət Günləri təşkil olunub. Azərbaycanda fəaliyyət göstərən Konfutsi institutları və Çin dilinə olan artan maraq iki ölkə arasındakı mədəni əlaqələrin güclənməsinə xidmət edir. Heydər Əliyev Fondunun Nizami Gəncəvinin büstünü Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinə hədiyyə etməsi isə Azərbaycan mədəniyyətinin dəyərini nümayiş etdirir. Bu cür mədəni fəaliyyətlər, xalqlarımız arasında daha yaxın əlaqələrin qurulmasına və qarşılıqlı anlaşmanın güclənməsinə mühüm töhfə verir. Heydər Əliyev Fondunun hədiyyəsi olan dahi şair Nizami Gəncəvinin büstünün isə Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinin binasında daim nümayiş olunması Azərbaycan üçün böyük rəmzi xarakter daşıyır”.
Deputat əlavə olaraq vurğulayıb ki, Azərbaycan ilə Çin arasında formalaşan strateji tərəfdaşlıq münasibətləri təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də regional və qlobal səviyyədə sülhə, sabitliyə və inkişafına töhfə verən nümunəvi model kimi çıxış edir: “Elm və texnologiyanın inkişafında Çinin əldə etdiyi uğurları nəzərə alsaq, bu sahədə əməkdaşlığın gücləndirilməsi ölkəmiz üçün çox faydalıdır”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər