Bütün xəbərlər
22 aprel, 15:20

Lənkəranın gözəl kəndlərindən olan Boladinin mərkəzində bir məkan var. Bura Boladi kənd körpələr evi-uşaq bağçasıdır. 1936-cı ildə tikilmiş bu bağça artıq 36 ilə yaxındır ki, kəndin balaca sakinlərinə qucaq açır. Bir zamanlar məktəb binası kimi fəaliyyət göstərmiş bu məkan 1989-cu ildən etibarən uşaq bağçası kimi fəaliyyətini davam etdirir. Bu kiçik, lakin ruhu böyük olan bağçanın həyətinə girəndə insanı qəribə bir nostalji bürüyür. Elə bil, bu divarlar özündə illərin səsini saxlayır. Elə bağçanın müdir əvəzi Güntac Cavadzadə ilə söhbətimiz də o səsin davamı kimi olur:

“Yarandığı vaxtdan bu günə qədər neçə-neçə körpənin səsi bu divarları bəzəyib. Hazırda burada 4 qrup üzrə 62 uşaq təlim-tərbiyə alır: bir böyük, bir orta və iki kiçik qrupda 2-5 yaşlı uşaqlar təhsil alır. Bağçanın pedaqoji heyəti 8 nəfər tərbiyəçidən ibarətdir, 12 texniki işçi isə, belə deyək, onların işini asanlaşdırır”.  G.Cavadzadə 2012-ci ildən burada çalışır, 2023-cü ilin aprelindən isə müdir əvəzi vəzifəsini icra edir.

“Tədris prosesi sadəcə məşğələ keçməkdən ibarət deyil. Biz hər uşağın fərdi inkişafına diqqət yetiririk. Məşğələlərdə tətbiq etdiyimiz kurikulum proqramları uşaqlarda yaradıcılığı, məntiqi təfəkkürü inkişaf etdirir”, - deyə Güntac xanım söhbətimizi davam etdirir.

Kurikulum əsaslı yanaşma, fərdi diqqət...

Tərbiyəçi-müəllimlərlə tanışlıqdan sonra bağçanın özünəməxsus yanaşması olduğu qənaətinə gəlirəm. Tərbiyəçilərin dediklərinə görə, yaş qruplarına uyğun şəkildə hazırlanan illik və həftəlik tədris planları kurikulum proqramına əsasən tərtib olunur. Bütün yaş qrupları üzrə (2-3 yaş, 3-4 yaş, 4-5 yaş) perspektiv (illik) iş planı (proqram) tərbiyəçilər tərəfindən tədris ilinin əvvəlində hazırlanır, müdiriyyət tərəfindən təsdiq olunduqdan sonra tədris ili dövründə o plana uyğun cari (həftəlik) planlaşdırma yazılır, məşğələlər keçirilir. Hər bir tərbiyəçi-müəllim uşağın şəxsiyyətinə hörmətlə yanaşır, onun maraq və bacarıqlarını nəzərə alaraq məşğələlər təşkil edir. Bağçada uşaqların intellektual və yaradıcı inkişafına xüsusi diqqət yetirilir. Təlimlər müasir metod və texnologiyalarla aparılır. Əsas məqsəd uşağın tənqidi təfəkkürünü formalaşdırmaq, onu müstəqil düşünməyə, fikirlərini sərbəst ifadə etməyə təşviq etməkdir. Burada uşağa sadəcə təlim obyekti kimi yox, şəxsiyyət kimi yanaşılır. Hər bir uşaq tədrisin mərkəzində yer alır. Uşaqlar öz fikirlərini sərbəst ifadə etməyi, ətraf mühitə qarşı məsuliyyət hiss etməyi öyrənirlər. “Məqsədimiz tənqidi düşünə bilən, müstəqil qərarlar verən, öz bacarıqlarını tanıyan və inkişaf etdirən uşaqlar yetişdirməkdir”, – deyə bağçanın müdir əvəzi bildirir.

“Bu günün uşaqları fərqli düşünür, fərqli öyrənir”

Bağçada kollektivin davamlı inkişafına da xüsusi önəm verilir: “Pedaqoji heyətin peşəkar inkişafı da diqqət mərkəzindədir. Tərbiyəçi-müəllimlərimiz Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkil etdiyi seminarlarda fəal iştirak edirlər, müxtəlif onlayn platformalarda digər bölgələrdə çalışan həmkarları ilə daim əlaqədə olur, təcrübə mübadiləsi aparırlar. Hətta sosial şəbəkələr vasitəsilə dünya təcrübəsinə də nəzər salaraq, öz işlərinə yeni yanaşmalar gətirməyə çalışırlar. Yeni pedaqoji yanaşmalar, tədris texnologiyaları və beynəlxalq təcrübələr bağçanın gündəlik tədris prosesinə mərhələli şəkildə inteqrasiya edilir”. Güntac xanımın sözlərinə görə, pedaqoji heyət sadəcə bilik ötürən deyil, uşağın şəxsiyyətinin formalaşmasına yön verən nüfuz sahibi rolunu oynayır: “Bu günün uşaqları fərqli düşünür, fərqli öyrənir. Ona görə, biz də daim yenilənməliyik. Ənənəvi yanaşmadan uzaqlaşıb, uşağın düşüncəsini açan metodlara üstünlük veririk”.

Bağça ilə yaxından tanış olduqca əmin oluruq ki, burada körpələrin təhsil və inkişafına nəzarət sistemli şəkildə qurulub. Gün rejiminə ciddi əməl olunur – səhər məşğələləri, əyləncəli oyunlar, gəzinti, qidalanma, yuxu və gigiyena məsələlərinə xüsusi diqqət ayrılır. Onlara sadə məişət vərdişləri aşılanır, körpələrin əmək bacarıqları kiçik tapşırıqlar vasitəsilə inkişaf etdirilir – dibçəkləri sulamaq, həyətin təmizliyində iştirak etmək, tərbiyəçiyə kömək etmək kimi fəaliyyətlər uşaqlarda məsuliyyət hissini artırır.

Bağçanın yerləşdiyi bina hər nə qədər qədim olsa da, təhlükəsizliklə bağlı tədbirlər görülüb. Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə bağça hər yaş qrupuna uyğun metodik vəsaitlər, müxtəlif avadanlıqlarla təmin olunur. Bu da, həm uşaqların marağına səbəb olur, həm də tərbiyəçilərin işini asanlaşdırır.

“Hər bir uşağın öz dünyası var”

“Hər bir uşağın öz dünyası var. Biz tərbiyəçi-müəllimlər çalışırıq ki, o dünyaya daxil olaq, onu anlayaq və bacarıqlarını üzə çıxaraq. Bu, həm də valideynlərlə sıx əməkdaşlıq tələb edir və şükür ki, bu istiqamətdə də yaxşı nəticələr əldə edirik” , – deyə Güntac xanım bildirir.
Valideynlərlə söhbətdən belə nəticəyə gəlmək olar ki, Boladi kənd uşaq bağçası sadəcə bir təhsil müəssisəsi deyil, kəndin həyatının ayrılmaz bir hissəsidir. Bu bağçanın qapısı hər zaman valideynlərin üzünə açıqdır. Tədbirlərdə, məşğələlərdə, maarifləndirmə proseslərində onların fəal iştirakı artıq illərdir ki, ənənəyə çevrilib. Kənddə keçirilən tədbirlərdə bağçanın balaca fidanları tez-tez səhnəyə çıxır, mahnılar oxuyur, şeirlər deyir, səhnəciklərdə çıxış edirlər. Bu, onların özgüvənini artırır, ictimai həyata daha erkən yaşlardan inteqrasiya etmələrinə yardım edir. Valideynlər uşaqların təhsili ilə yanaşı sosial vərdişlərinin formalaşmasında da fəallıq göstərirlər. Evdə uşaqlarla mövzuların təkrar edilməsi, onların ekran qarşısında keçirdikləri vaxtın məhdudlaşdırılması, telefon-kompüter oyunlarından çox, yaradıcı məşğələlərə yönləndirilməsi, bütün bunlar bağçanın valideynlərlə birlikdə qurduğu sistemli yanaşmanın nəticəsidir. Valideynlərlə qurulan sıx əməkdaşlıq uşaqların həm təlimində, həm də sosiallaşmasında əvəzsiz rol oynayır. “Biz bilirik ki, uşağın formalaşmasında həm məktəbəqədər müəssisə, həm də  ailə mühiti iştirak edir. Ona görə də valideynlərlə daim əlaqə saxlayırıq, məşğələ mövzularını paylaşırıq, evdə davam etdirilməsi üçün tövsiyələr veririk. Biz, eyni zamanda körpələrimizi sadəcə oxumağa, yazmağa yox, həm də təqdimat etməyə, dinləməyə, paylaşmağa öyrədirik”, – deyə bağçanın müdir əvəzi vurğulayır.

“Onlar üçün ən yaxşısını arzulayırıq”

Boladi kənd uşaq bağçasında gündəlik həyat nə qədər rəngarəng olsa da, kollektiv gələcəklə bağlı daha böyük arzularla yaşayır. Qarşıda duran əsas məqsəd hər bir uşağın potensialının maksimum inkişaf etdirilməsidir. 

G.Cavadzadə qeyd edir ki, texnologiya sürətlə inkişaf edir: “Biz istəyirik ki, bizim balalar da bu inkişafdan geri qalmasın. Onlar üçün ən yaxşısını arzulayırıq, sağlam, bilikli, yaradıcı nəsil yetişdirmək üçün əlimizdən gələni etməyə hazırıq”. 

Doğrudan da uşaqların təlim-tərbiyəsinə xüsusi diqqət göstərilən bu məkanda onların gündəlik həyatına nəzər salanda deyilənlərin əyani sübutunu görmək olur. Bağçanın geniş və yaşıl həyəti uşaqlar üçün həm oyun, həm də təbiətlə ünsiyyət məkanıdır. Burada onlar təkcə əylənmir, həm də birgə fəaliyyətlər vasitəsilə əməkdaşlıq etməyi, paylaşmağı öyrənirlər. Uşaqların açıq havada keçirilən belə aktivlikləri onların fiziki və emosional inkişafında mühüm rol oynayır. Bağçanın otaqları isə sanki uşaqların səsi ilə nəfəs alır. Havalar hələ tam isinmədiyindən hazırda bağçada əyləncəli fəaliyyətlər əsasən otaqlarda, bağça daxilində təşkil olunur. Bir otaqda rəngli karandaşlarla kağıza xəyallarını köçürən körpələr – birinin vərəqindən günəş boylanır, digəri rəngli xəyallarını vərəqə köçürür, – o biri otaqda ritmə uyğun addımlar atmağa çalışan balacalar, ortada əl-ələ tutub oyun oynayan fidanlar - hər biri bu isti və qayğıkeş mühitin əsl sahibləridir. Bu mənzərə bir anlıq insanı gündəlik qayğılardan uzaqlaşdırır, gözəl əhvali-ruhiyyə bəxş edir. Anlayırsan ki, burada uşaqlar sadəcə təlim-tərbiyə almır, eyni zamanda həyatın ilk sevinclərini, ilk dostluqlarını, ilk ifadə azadlıqlarını yaşayırlar. Onların səmimi qəhqəhəsi, bir-birinə baxıb utancaq, şən şəkildə nəsə pıçıldamaları, diqqətli baxışları, müəllimlərini kölgə kimi izləmələri, bir-birinə olan münasibətləri bu məkanın onlar üçün sadəcə bir təhsil müəssisəsi deyil, həm də sevgi və şəfqət dolu ikinci ev, uşaqlığın unudulmaz ünvanı olduğunu təsdiqləyir.  

Boladi kəndi əhalisinin sayına görə rayon üzrə 1-ci yerdə olduğu üçün bağçanın inkişafı, gələcəyi ilə bağlı gözəl arzular, böyük planlar var. Bu arzular sadəcə bir direktorun və ya bir kollektivin yox, əslində bütün kəndin arzularıdır. Çünki bu bağçanın gələcəyi – Boladinin gələcəyidir və bu gələcək üçün atılan hər addım, qurulan hər sinif, yazılan hər bir hərf  kəndin ümumi rifahına xidmət edir. 

Bu gün Boladi kənd uşaq bağçası sadəcə bir təhsil müəssisəsi deyil, həm də gələcəyin özülünü formalaşdıran bir məkandır. Burada atılan hər bir addım uşaqların xoşbəxt sabahı, ölkəmizin sağlam gələcəyi üçündür.

1 /6

Şərhlər

Xəbər lenti

22 aprel, 19:35

UNEC-də “Erkən nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici tədbir baş tutub

22 aprel, 19:05

Yeni peşələrin iqtisadiyyatda rolu

22 aprel, 18:05

ADPU-da “Süleyman Sani Axundov – 150” konfransı keçirilib

22 aprel, 17:38

MDU-da imtahan prosesi ilə bağlı yeniliklər olunacaq

22 aprel, 17:32

Nazir müavini Həsən Həsənli Özbəkistanda STEAM Mərkəzinin açılışında iştirak edib

22 aprel, 17:22

Emin Əmrullayev Türk Hava Qurumu Universitetinin rektoru ilə görüşüb

22 aprel, 17:20

“Təhsillə güclən, erkən nikahla yüklənmə” adlı tədbir keçirilib

22 aprel, 17:15

UNEC-də "Sükutla gələn faciə: narkomaniya" mövzusunda seminar keçirilib

22 aprel, 17:14

“Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində vorkşop keçirilib

22 aprel, 17:11

ADNSU-da tələbələr üçün təlim keçirilib

22 aprel, 16:30

ADU-da tütünsüz həyatla bağlı maarifləndirici tədbir keçirilib

22 aprel, 15:51

Buraxılış imtahanında fərqlənənlər – İsmayıllı Dağlıq Şirvanın ən seçilən rayonu olub

22 aprel, 15:24

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri kollektivə təqdim olunub

22 aprel, 15:08

Qarabağ Universiteti vakansiya elan edir

22 aprel, 14:56

BMU-da karyera təlimi baş tutub

22 aprel, 14:15

Şagird xarici dil öyrənir, amma danışa bilmir – SƏBƏB?

22 aprel, 14:01

UNEC tələbələri ilə "Karyerada əlillik" mövzusunda görüş keçirilib

22 aprel, 13:20

“Azad olunmuş ərazilərimizin bərpasında iştirak etməkdən şərəf duyaram” – Yale Universitetinin tələbəsi 

22 aprel, 13:13

Yer Günü üçün fəaliyyət planı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.