Bütün xəbərlər
18 iyun, 11:00

Hüquq sahəsində maarifləndirmə və gənclərin aktivliyinin artırılması cəmiyyətimizin inkişafında böyük önəm daşıyır. Bu istiqamətdə özünəməxsus rolu olan “Femida Könüllüləri” Təşkilatının İdarə Heyətinin sədri, ADA Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr tələbəsi Nilgün Məmmədova ilə həmsöhbət olduq. Nilgün xanım həm gənc hüquq tələbəsi, həm də böyük missiyanın daşıyıcısı olaraq təşkilatın fəaliyyəti, hüquqi maarifləndirmənin önəmi və gələcək perspektivlər barədə fikirlərini bizimlə bölüşdü.

“Azərbaycan müəllimi” həmin müsahibəni təqdim edir:

– Nilgün xanım, əvvəlcə təşkilatın fəaliyyəti barədə danışaq, “Femida Könüllüləri” Təşkilatının hüquqi maarifləndirmə ilə bağlı hədəfləri nələrdir və hədəf kütləsi kimlərdir?

– “Femida Könüllüləri” Təşkilatının adından da bəlli olduğu kimi, əsasən, hüquq sistemində çətinlik yaşayan şəxslər üçün könüllü fəaliyyətlər təşkil edir. Hüquqi maarifləndirmə layihələri həyata keçiririk və bu layihələrin hədəf kütləsi bütün cəmiyyətdir.

Biz bilirik ki, hər kəs həm şəxsi, həm də peşəkar həyatında bir çox problemlərlə qarşılaşır və bu problemlərin əsas səbəbi odur ki, bəzən vətəndaşlar öz hüquqlarını və hüquqi müstəvidə özlərini necə müdafiə etməli olduqlarını bilmirlər. Biz bir sıra layihələrimiz vasitəsilə həm sosial media platformalarında, həm də müxtəlif yerlərdə keçirilən təlimlər və maarifləndirmə tədbirləri vasitəsilə cəmiyyətdə hüquqi maarifləndirmə tədbirləri həyata keçiririk.

– Hazırda təşkilatın neçə üzvü var?

– Hazırda müxtəlif sahələrdə fəaliyyət göstərən 200 könüllümüz var. İndiyədək 1300-ə yaxın könüllü hüquq tələbəsi təşkilatın fəaliyyətlərində iştirak edib.

“Bəzən şagirdlər diqqət çəkmək, daha böyük görünmək istədikləri üçün hüquqazidd hərəkətlərə əl atırlar”

– Hüquqi maarifləndirmənin məktəb illərindən başladılmasının əhəmiyyəti və gözlənilən nəticələri barədə danışa bilərsiniz?

– Biz bilirik ki, hər bir fərd əsas öyrənmə dövrünü məhz məktəbdə keçirir və şəxslər əsas bilikləri burada əldə edirlər. Hüquq bilikləri də bizim fikrimizcə, məhz məktəb dövründən öyrənilməli olan ən vacib məlumatlardan biridir.
Elə bu səbəbdən biz Elm və Təhsil Nazirliyi ilə birgə “Məktəblinin hüquq bələdçisi” adlı bir layihə həyata keçirdik. Bu layihə çərçivəsində müxtəlif mövzular ətrafında məktəblərdə hüquqi maarifləndirmə tədbirləri təşkil olundu.
Buradakı əsas məqsədimiz ondan ibarət idi ki, biz tələbələr olaraq (məktəblilərlə yaş baxımından çox uzaq deyilik) gənclər və şagirdlər arasında bir məlumat mübadiləsi, körpüsü yaratmaq istədik. Hədəfimiz onlara elə bu yaş dövründə qarşılaşa biləcəkləri real hüquqi problemləri izah etmək və bu problemlərdən necə qoruna biləcəklərini anlatmaq idi.
Həmçinin biz bilirik ki, məktəb dövrü elə bir yaş mərhələsidir ki, burada hüquqi məsələlərin psixoloji tərəfi də ön plana çıxır. Məsələn, bəzən şagirdlər diqqət çəkmək, daha böyük görünmək istədikləri üçün hüquqazidd hərəkətlərə əl atırlar. Bu davranışları daha yaxşı anlamaq üçün biz həmin psixoloji məqamları da nəzərə alaraq məktəblilər üçün həm hüquqi, həm də psixoloji maarifləndirmə tədbirləri həyata keçirirdik.

“Məktəblilərin daha çox kibertəhlükəsizlik və fərdi məlumatların qorunması ilə bağlı maarifləndirilməsinə ehtiyac var”

– Sizin müşahidələriniz maraqlıdır. Məktəblərlə aparılan bu görüşlərdən, söhbətlərdən sonra nə düşünürsünüz? Onların ən çox hansı sahədə hüquqi maarifləndirməyə ehtiyacları var?

– Bizim tədbirlərimiz müxtəlif mövzularda həyata keçirilib. Məsələn: narkomaniya ilə mübarizə, məktəblilər arasında insan hüquqları, kibertəhlükəsizlik, mülkiyyət hüququ kimi məsələlər... Yəni mövzular kifayət qədər geniş və fərqli sahələri əhatə edirdi.

Amma danılmazdır ki, XXI əsrdə – texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə əsas problemlər elə kiberməkanda yaşanır. Ola bilər ki, bu problemə bir az səthi baxanda çox da ciddi görünməsin və ya bəzilərinə qəribə gəlsin. Amma, əslində, biz görürük ki, kibercinayətlər, kibertəhlükəsizliklə bağlı hüquq pozuntuları artıq çox realdır və geniş yayılıb.
Çünki tədbir iştirakçılarının əksəriyyəti: məktəblilər, yeniyetmələr artıq aktiv sosial media istifadəçiləridir. Onlar bu mühitdə həm istər-istəməz zorakılıq (“bullying”) hallarına məruz qalırlar, həm də bəzən özləri hüquq pozuntularına yol verə bilirlər, məsələn: fərdi məlumatların yayılması, təhqir və s.
Ona görə biz bu mövzulara xüsusi diqqət yetiririk. Çalışırıq ki, şagirdlərə bu hallar təkcə sosial məsələ deyil, eyni zamanda, hüquqi məsuliyyət daşıyan davranışlar olduğunu başa salaq. Eyni zamanda, onları həm hüquqi, həm də psixoloji baxımdan bu hallardan qorumaq üçün maarifləndiririk. Buna görə də deyə bilərəm ki, məktəblilərin daha çox kibertəhlükəsizlik və fərdi məlumatların qorunması ilə bağlı maarifləndirilməsinə ehtiyac var. 
Onlar bəzən gülməli olduğunu düşündükləri bəzi situasiyalarda, əslində, digər bir şəxsin psixologiyasına zərər verə biləcək və ya ona qarşı zorakılıq olacaq davranışlar edirlər. Məsələn, gülməli gəldiyi üçün birinin şəklini sosial mediada icazəsiz şəkildə paylaşırlar. Ya da sosial media vasitəsilə çox rahat bir şəkildə digər şəxslərə qarşı tənqid, hətta bəzən təhqiramiz ifadələr işlədirlər.
Bizim müşahidəmiz də göstərir ki, hazırda bu sahədə, yəni sosial mediada hüquqi məsuliyyət daşıyan davranışlarla bağlı problemlər daha geniş yayılıb. Yeniyetmələr bəzən bunun hüquqi nəticələrinin fərqində olmurlar. Onlara elə gəlir ki, bu, sadəcə zarafatdır. Amma reallıqda bu həm psixoloji zərbədir, həm də hüquq pozuntusudur.

Ona görə də bizim maarifləndirmə tədbirlərimizin əsas istiqamətlərindən biri bu mövzudur, yəni sosial media davranışlarında məsuliyyətli olmaq, şəxsi məlumatların qorunması, etik sərhədlərə əməl etmək və kibertəhlükəsizlik məsələləri.

“Tələbəlik illərində bu sahəyə daxil olan gənclər artıq əyani şəkildə görürlər ki, gələcəkdə onları hansı çətinliklər və fürsətlər gözləyir”

– Bayaq qeyd etdiniz ki, könüllü fəaliyyətlərdə tələbələr iştirak edir. Bəs tələbələrin hüquqi sahədə könüllü fəaliyyətləri onların gələcək inkişafına necə təsir edir?

– İstənilən təhsil sahəsində nəzəriyyə ilə praktika bir-birindən ayrılmamalı olan iki əsas istiqamətdir. Amma hüquq sahəsində bu daha da ön plana çıxır. Hüquq yalnız nəzəri biliklərdən ibarət deyil, bu sahədə həm cəmiyyətlə, həm də hüquqşünasla vətəndaş arasında bir körpü var. Bu körpünü keçmək üçün müəyyən bacarıqların elə erkən yaşlardan formalaşması vacibdir. Məsələn, empatiya qurmaq, insanlarla işləyə bilmək, problemli situasiyalarda düzgün davranmaq, qərar vermə bacarığı. Bunlar hüquqşünas üçün yalnız əlavə keyfiyyət deyil, zərurətdir.
Hüquq fənlərində nəzəriyyə vacib olsa da, təcrübənin rolu danılmazdır. Bəzən bir qanunu oxuyuruq, amma onu praktikada tətbiq etmədikcə çox tez unuduruq. Bu zaman həmin qanunlar bizim üçün sadəcə kitabdan oxunmuş məlumat olaraq qalır.
Ona görə də tələbələrin könüllü şəkildə hüquq sahəsində fəaliyyət göstərməsi həm universitetdə öyrəndikləri biliklərin möhkəmlənməsinə səbəb olur, həm də onları real həyatla, vətəndaşlarla, hüquq-mühafizə orqanları ilə, məhkəmə sistemi ilə, media ilə tanış edir.
Tələbəlik illərində bu sahəyə daxil olan gənclər artıq əyani şəkildə görürlər ki, gələcəkdə onları hansı çətinliklər və fürsətlər gözləyir. Bu həm hüquq sahəsində daha hazırlıqlı peşəkarların formalaşmasına, həm də gənclərin cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına gətirib çıxarır.

– Ümumi mənzərəni görmək üçün bizə bir az daha geniş məlumat verə bilərsinizmi? Hüquqi maarifləndirmə ilə bağlı hazırda hansı tədbirlər həyata keçirilir?

– Hüquqi maarifləndirmə ilə bağlı hazırda “Femida Könüllüləri” Təşkilatı tərəfindən bir neçə istiqamətdə çox fəal iş aparılır. Onlardan biri “Gündəlik hüquq” adlı layihədir. Bu layihə vasitəsilə biz ”Instagram", “WhatsApp” və digər sosial media platformalarında müxtəlif qruplar yaratmışıq və bu qruplara artıq 2000-dən çox vətəndaş cəlb olunub.
Bu təşəbbüsdə məqsədimiz ondan ibarətdir ki, vətəndaşların gündəlik həyatlarında qarşılaşdıqları hüquqi məsələlərə sadə, başa düşülən və operativ cavablar təqdim edək. Yəni kimsə gündəlik həyatda icarə müqaviləsi, aliment məsələsi, əmək hüquqları, sosial təminat və s. kimi problemlərlə qarşılaşırsa, biz həmin mövzuya uyğun qısa, yönləndirici hüquqi izahlar paylaşırıq: “Bu vəziyyətdə siz bu hüquqa əsaslana bilərsiniz”, “Bu maddə sizə aiddir” və s.
Təbii ki, biz maarifləndirməni yalnız yazılı məlumatlarla məhdudlaşdırmırıq. "Femida TV" adlı “YouTube” platformamız da fəaliyyət göstərir. Burada hüquqi mövzularda həm peşəkar hüquqşünaslarla müsahibələr, həm də ictimaiyyət üçün faydalı olan podkastlar yayımlanır. Bəzən bu podkastlarda sırf hüquq mövzularına toxunuruq, bəzən isə şəxsi inkişaf və psixoloji mövzularla hüququn əlaqəsini təqdim edirik.

Bundan başqa, biz kino və hüquq mövzusuna da toxunuruq. Yəni klassik Azərbaycan filmlərindəki hüquqi situasiyaları analiz edib onları bugünkü qanunvericilik prizmasından izah edirik. Bu həm hüququ, həm də mədəniyyəti bir araya gətirməyə, vətəndaşlara hüquqi məlumatı daha maraqlı və yaddaqalan şəkildə çatdırmağa xidmət edir.

– Hüquqi maarifləndirmə ilə bağlı dünya təcrübəsi nə deyir?  

– Bilirik ki, tarix boyunca hər bir cəmiyyətdə dövlətlər tərəfindən vətəndaşların hüquqlarının qorunması, hüquqi statuslarının müəyyən edilməsi istiqamətində daim addımlar atılıb. İnsan hüquqları xüsusilə də XX əsrdə dünyanın ən aktual mövzularından birinə çevrilib. Bu tendensiyanın nəticəsi olaraq 1948-ci ildə BMT tərəfindən "Ümumdünya insan hüquqları bəyannaməsi" qəbul olunub.
Daha sonra Avropa İnsan Hüquqları Konvensiyası qəbul edilib və insan hüquqlarının beynəlxalq səviyyədə qorunması üçün sistemli hüquqi mexanizmlər yaradılıb.

Azərbaycanda da bu sahədə çox önəmli addımlar atılıb. Ümummilli Lider Heydər Əliyevin dövründə insan hüquqlarının qorunması istiqamətində ciddi islahatlar həyata keçirilib. Məsələn, 1998-ci ildə ölkəmizdə hüquq sisteminin humanistləşdirilməsi ilə bağlı vacib dəyişikliklər baş verib.
Elə həmin ildə – 1998-ci il 10 fevral tarixində ölüm hökmü ləğv edilib, bu da Azərbaycanın insan hüquqları sahəsində atdığı mühüm humanist addımlardan biridir.
Yenə həmin ilin 18 iyununda "İnsan Hüquqları üzrə Dövlət Proqramı" qəbul olunub. Bu proqram ölkədə insan hüquqlarının sistemli şəkildə qorunması və təşviqi üçün əsas hüquqi-siyasi sənəd kimi çıxış edir.
Hər il iyun ayı "İnsan hüquqları aylığı" çərçivəsində qeyd olunur və bu dövrdə müxtəlif dövlət qurumları, qeyri-hökumət təşkilatları, könüllü hərəkatlar və gənclər bir araya gələrək hüquqi maarifləndirmə tədbirləri həyata keçirirlər. Bu tədbirlərin əsas iştirakçıları və təşəbbüskarları da elə gənclər və könüllü təşkilatlar olur.

“Biz istəyirik ki, Azərbaycanda hüquq sahəsində könüllülük mədəniyyəti formalaşsın”

– “Femida Könüllüləri” Təşkilatı artıq iki ilə yaxındır ki, fəaliyyət göstərir. Təşkilatın yaradılma məqsədləri nələr idi və ötən müddət ərzində bu məqsədlərə çatmaq üçün hansı fəaliyyətlər həyata keçirilib?

– “Femida Könüllüləri” Təşkilatı yaranan gündən qarşısına qısamüddətli, ortamüddətli və uzunmüddətli hədəflər qoyub.
Qısamüddətli hədəflərimizdən biri “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan tələbələri, hüquqa marağı olanları bir araya gətirmək və onları hüquqi maarifləndirmə fəaliyyətlərinə cəlb etmək idi. Bu mərhələdə məqsədimiz həmfikirləri ətrafımıza toplamaq və onların bilik və təşəbbüslərindən ortaq şəkildə faydalanmaq idi.
Orta və uzunmüddətli məqsədlərimiz isə daha genişmiqyaslıdır. Biz istəyirik ki, Azərbaycanda hüquq sahəsində könüllülük mədəniyyəti formalaşsın. Yəni hüquq təhsili alan tələbələr yalnız nəzəri biliklə kifayətlənməsinlər, həm də cəmiyyətə xidmət edən, sosial məsuliyyət daşıyan gənclər kimi yetişsinlər. Eyni zamanda, bu fəaliyyətlərin ölkə daxilində uğurla həyata keçirilməsi bizə imkan verir ki, Azərbaycanı beynəlxalq müstəvidə də könüllü hüquq fəaliyyəti ilə tanıdaq.

İki il ərzində əldə etdiyimiz nəticələr bizim üçün hələ ilkin mərhələdir. Hədəfimiz daha genişdir. Lakin artıq bu günlərdə görürük ki, bizimlə fəaliyyət göstərmiş bir çox hüquqşünas tələbə məzun olub və əmək bazarında təmsil olunmağa başlayır. Onlar təkcə nəzəri biliklə deyil, həm də “Femida Könüllüləri”ndə qazandıqları praktiki bacarıqlar, empatiya, ictimai fəallıq və liderlik təcrübəsi ilə seçilirlər.
Əminik ki, gələcəkdə bu könüllülük modeli daha da inkişaf edəcək və hüquq sahəsində cəmiyyətə faydalı, məsuliyyətli yeni nəsil formalaşacaq.

“Tələbələrdə hüquqi maarifləndirməyə maraq artıb”

– “Femida Könüllüləri” Təşkilatının fəaliyyətinin cəmiyyətə və gənclərə təsiri, sizcə, necə ölçülə bilər?

– Cəmiyyətin hüquqi maarifləndirilməsi sahəsində qarşıya qoyduğumuz hədəflərə çatmağın əsas göstəricilərindən biri də fəaliyyətlərimiz nəticəsində yaranan praktik dəyişikliklər və sosial təsirdir. Bu sahədə hesabatlılıq və nəticələrin görünməsi bizim üçün çox önəmlidir. Artıq görürük ki, maarifləndirmə tədbirlərimiz təkcə təşkilat daxilində qalmır, bu fəaliyyət cəmiyyətə yayılır.
Eyni zamanda, Hüquq fakültəsində təhsil alan digər tələbələrdə, ümumiyyətlə, digər ixtisaslarda oxuyan gənclərdə də hüquqi maarifləndirməyə maraq artıb. Onlar öz təşəbbüsləri ilə hüquqi mövzularda maarifləndirici videolar hazırlayır, sosial şəbəkələrdə posterlər paylaşır, hüquqi məsələlər barədə ictimai müzakirələr aparırlar.
Biz bunu çox yaxından müşahidə edirik və qürur duyuruq ki, artıq “Femida Könüllüləri”nin yaratdığı bu model başqalarına da ilham verir. Bu həm hüquq sahəsində könüllülüyün dayanıqlı inkişafı, həm də cəmiyyətin hüquqi baxımdan savadlanması üçün çox mühüm göstəricidir.

“Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri könüllülərimizin əsas hissəsini təşkil edir”

– “Femida Könüllüləri” hansı ali təhsil müəssisələri ilə əməkdaşlıq edir? Ən çox fəallıq hansı universitetin tələbələri arasında müşahidə edilir?

– “Femida Könüllüləri” Təşkilatı olaraq fəaliyyətə başladığımız ilk gündən etibarən ölkədə hüquq təhsili verən ali təhsil müəssisələri ilə əməkdaşlığa böyük önəm vermişik. Ümumilikdə demək olar ki, bu sahədə fəaliyyət göstərən bütün universitetlər bizim təşəbbüslərimizə tam dəstək göstəriblər.
Əlbəttə, Hüquq fakültəsi üzrə tələbə sayı baxımından lider mövqedə olan Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri könüllülərimizin əsas hissəsini təşkil edir. Ən çox fəallıq da məhz BDU tələbələri arasında müşahidə olunur.
Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə rəsmi memorandum imzalamışıq. Bu əməkdaşlıq çərçivəsində DİA tələbələrinin institusional və könüllü təcrübə proqramlarını “Femida Könüllüləri” Təşkilatı təşkil edir.
Eyni zamanda, Milli Aviasiya Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, ADA Universiteti, hətta Naxçıvan Dövlət Universiteti ilə də uğurlu əməkdaşlıqlarımız mövcuddur. Qeyd edim ki, fəaliyyətimiz təkcə Bakı ilə məhdudlaşmır, paralel olaraq Naxçıvanda da layihələr həyata keçiririk.
Bu əməkdaşlıqlar bizə həm hüquq sahəsində savadlı gənclərlə birlikdə işləməyə, həm də müxtəlif regionlardan olan tələbələri hüquqi maarifləndirmə prosesinə cəlb etməyə imkan verir. Bu da “Femida Könüllüləri”nin fəaliyyətini daha geniş coğrafiyada yaymaq baxımından mühüm addımdır.
Son dövrlərdə Qarabağ Universiteti ilə də əməkdaşlıq əlaqələri qurmuşuq. Qarabağ Universiteti həm gənc, həm də perspektivli bir ali təhsil müəssisəsi kimi bizim təşəbbüslərimizi dəstəkləyir.

“İlin sonuna qədər daha genişmiqyaslı regional layihələr də nəzərdə tutulur”

– Bildiyiniz kimi, bu il “Konstitusiya və Suverenlik İli” elan olunub. Bu kontekstdə “Femida Könüllüləri” Təşkilatının fəaliyyəti nə ilə yadda qalıb və hazırda hansı işlər görülür?

– 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması bizim üçün həm ideoloji, həm də praktiki baxımdan əhəmiyyətlidir. “Femida Könüllüləri” Təşkilatı olaraq, bu ilin mahiyyətini nəzərə alaraq fəaliyyətlərimizi daha geniş miqyasda planlaşdırmışıq. Belə ki, bu sahə təkcə hüquq tələbələrini deyil, cəmiyyətin bütün təbəqələrini əhatə edən bir yanaşma tələb edir.
Əsas məqsədimiz ondan ibarətdir ki, “konstitusiya” və “suverenlik” anlayışlarını yalnız dövlət səviyyəsində deyil, şəxsi və vətəndaş məsuliyyəti kontekstində də cəmiyyətə aşılayaq. Biz hesab edirik ki, bu anlayışlar hər bir fərdin düşüncə tərzində formalaşmalı, gündəlik həyatının bir parçasına çevrilməlidir.
Bu məqsədlə təşkilat olaraq maarifləndirici tədbirlər, müxtəlif təhsil müəssisələrində konstitusiya hüququnun əsas prinsipləri və vətəndaş suverenliyi ilə bağlı seminarlar, təlimlər təşkil edirik. Hüquq tələbələrinin iştirakı ilə “Konstitusiya və suverenlik” mövzusunda ictimai müzakirələr, interaktiv görüşlər keçirilir. “Gündəlik hüquq” layihəmiz çərçivəsində sosial media üzərindən bu anlayışların praktiki izahı və tətbiqi barədə məlumatlar paylaşırıq. ”Femida TV" platformasında “Konstitusiya və suverenlik” mövzusuna həsr olunan podkastlar, tematik verilişlər hazırlanır.
Eyni zamanda, şəxsi suverenlik, hüquqi toxunulmazlıq və azadlıq anlayışlarını da geniş ictimaiyyət üçün daha əlçatan formada təqdim etməyə çalışırıq. Yəni vətəndaş suverenliyini yalnız siyasi və hüquqi məfhum kimi deyil, fərdi ləyaqət, hüquq bilikləri və məsuliyyətli davranış kimi də izah edirik.
Hazırda da bu istiqamətdə tədbirlərimiz davam edir və ilin sonuna qədər daha genişmiqyaslı regional layihələr də nəzərdə tutulur.

– Sizə kimlər və necə qoşula bilərlər?

– “Femida könüllüsü” olmaq üçün “Hüquqşünaslıq” ixtisasının tələbəsi olmaq mütləqdir. Hüquqşünaslıq üzrə təhsil alan və ya təhsilini bitirmiş gənclər təşkilata qoşula bilərlər. “Femida könüllüsü” olmaq çox asandır. Sosial media vastəsi ilə bizi izləyə bilərlər, portal.fmd.az vasitəsilə qeydiyyatdan keçərək layihələrə qoşula bilərlər.

Şərhlər

Xəbər lenti

18 iyun, 22:07

 7 nəfərin imtahan nəticəsi ləğv edilib

18 iyun, 21:50

I və IV qruplar üzrə ən yüksək nəticəni onlar topladı

18 iyun, 21:35

l və IV qruplar üzrə qəbul imtahanının nəticələri açıqlandı

18 iyun, 21:00

Sabahdan sertifikasiyanın test mərhələsi üzrə apellyasiya başlayır

18 iyun, 20:29

Lənkəran-Astara regionunda sertifikatlaşdırmanın ilk günü necə keçdi? – REPORTAJ

18 iyun, 18:12

“Suallar çox yüksək səviyyədə tərtib olunmuşdu” – İmtahanda yüksək bal toplayan müəllimlər

18 iyun, 17:07

Sertifikatlaşdırmadan o da maksimum bal topladı – Fəridə müəllimin tövsiyələri 

18 iyun, 16:59

Naxçıvanda İmtahan Mərkəzinə infotur olub

18 iyun, 16:49

“Hər kəs əməyinə uyğun nəticə əldə edir” – Yüksək bal toplayan Naxçıvan müəllimləri

18 iyun, 16:41

Gəncə şəhərinin icra başçısı sertifikatlaşdırma prosesini izləyib

18 iyun, 16:37

Daha iki müəllim sertifikatlaşdırmada maksimum bal toplayıb

18 iyun, 15:57

“Müasir metodist” müsabiqəsi çərçivəsində təlimlər davam edir

18 iyun, 15:34

Cənub regionunda 184 müəllim sertifikatlaşdırmada iştirak edib

18 iyun, 14:57

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi keçiriləcək

18 iyun, 14:45

Azərbaycan və Çin universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

18 iyun, 14:33

Sertifikatlaşdırmanın bugünkü test imtahanlarında 2019 müəllim iştirak edib

18 iyun, 14:27

Naxçıvanın komitə sədri: Sertifikatlaşdırma imtahanının keçirilməsi vacibdir

18 iyun, 14:22

Azad olunan ərazilərdə çalışan müəllimlər ilk dəfə sertifikasiyada iştirak ediblər

18 iyun, 13:33

Sertifikatlaşdırmadan uğurla keçənlər: İmtahan o qədər də çətin olmayıb

18 iyun, 13:29

AzMİU ilə Ankara Universiteti arasında əlaqələr genişlənir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.