
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin dəstəyi ilə bir qrup təhsil işçisi Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXI Yay İdman Oyunlarında iştirak edir.
“Azərbaycan müəllimi” xəbər veriri ki, olimpiada Bolqarıstan Müəllimlər Birliyi və Bolqarıstan İşçilərin “İdman və Sağlamlıq” Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilir.
26–31 avqust 2025-ci il tarixlərini əhatə edən yarışlarda Təhsil üzrə Avropa Həmkarlar İttifaqları Komitəsinə üzv təşkilatları təmsil edən 29 komanda 12 idman növü üzrə mübarizə aparır. Azərbaycan komandası mini futbol, şahmat, çimərlik voleybolu, stolüstü tennis və basketbol yarışlarında iştirak edir.
Yarışlarda uğurla çıxış edən qadınlardan ibarət komandamız stolüstü tennis üzrə 1-ci yerin, kişilərdən ibarət komandamız isə 3-cü yerin qalibi olub. Qadınlardan ibarət digər bir komandamız isə çimərlik voleybolunda yarımfinal mərhələsinə yüksəlib.
Yarışlarda iştirak edən Bakı şəhəri 286 nömrəli tam orta məktəbin direktoru Samir Mehdizadə isə fərdi şahmat yarışlarında 1-ci yer tutub.
Qeyd edək ki, yarışların əsas məqsədi təhsil işçiləri arasında sağlam həyat tərzini təşviq etmək, idmana marağı artırmaq, beynəlxalq təcrübə mübadiləsini genişləndirmək və müxtəlif ölkələrin həmkarlar ittifaqları arasında dostluq və əməkdaşlıq əlaqələrini daha da gücləndirməkdir.
Elm və təhsil işçilərinin beynəlxalq həmrəyliyini, sağlam həyat tərzini və dostluq əlaqələrini möhkəmləndirən Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər