Bütün xəbərlər
28 avqust, 16:35

“Müəllim olaraq özümə olan sevgini bəzən şagirdlərimin baxışlarında, bircə kəlməsində, bəzən sadəcə yazdıqları bir-iki cümləlik məktublarında, gəlib məni qucaqlamalarında hiss etmişəm və onların mənə bəxş etdikləri xoşbəxtliyi sözlə ifadə etməkdə çətinlik çəkirəm”.

Bu fikirləri “Azərbaycan müəllimi”nə müsahibəsində Qusar şəhəri 4 nömrəli tam orta məktəbin müasir təhsil metodlarından peşəkar şəkildə faydalanmağı bacaran, bütün gücü ilə peşəsinə bağlı olan ingilis dili müəllimi Telli Davudova deyib. 

Müsahibimiz 1991-ci ildə Qusar rayonunda anadan olub və hazırda hərbçi ailəsi olaraq Qusardakı hərbi şəhərcikdə yaşayır. 

– Bildiyimə görə, sizin 14 illik müəllimlik təcrübəniz var. Bu illər ərzində nə kimi uğurlar əldə etmisiniz? 

– 2011-ci ildə Quba Dövlət Sosial-İqtisadi Kollecində “İngilis dili müəllimliyi” ixtisası üzrə təhsilimi bitirdikdən sonra müəllim kimi fəaliyyətə başlamışam. Müəllimlərin işə qəbulu imtahanı tətbiq olunan ilk il mənim ali məktəbi bitirdiyim illə üst-üstə düşüb. Mən Bakıda imtahan verərək Qusar rayonu Quxuroba kənd tam orta məktəbinə “H1” həvəsləndirməsi ilə işə qəbul olunmuşam və 13 il orada fəaliyyət göstərmişəm. İkinci iş yeri kimi Qusar şəhər 6, 2 nömrəli və Qusar rayon Çubuqlu kənd tam məktəblərində işləmişəm. Fəaliyyətim dövründə diaqnostik qiymətləndirmə imtahanında 54 bal, 2024-cü ildə isə sertifikasiya imtahanında 53 bal toplamışam. Təhsilverənlərin imtahana cəlb olunmasına isə münasibətim belədir ki, hər bir müəllim öz biliyinə, gücünə əmin olmalıdır və onları göstərməkdən çəkinməməlidir. Heç bir imtahan, sınaq, çətinlik biliyi olan müəllimi qorxutmamalıdır. Şagirdlərimizin, gələcək nəsillərin daha savadlı, dünyagörüşlü, fəal inkişaf etmələri, cəmiyyətdə sağlam addımlarla irəliləməsi üçün müəllimlərin öz biliyini yoxlaması müsbət haldır. Ötən müddətdə yüzlərlə yetirməm bir çox ali məktəblərdə təhsil alıb və müxtəlif peşələrin sahibləridir. Mən daim onlarla görüşür və şagird kimi deyil, artıq formalaşmış, həyatda müəyyən uğurlara sahib olmuş şəxsiyyət kimi ünsiyyət qururam. Şagirdlərim arasında xarici dövlətlərdə oxuyan, magistr dərəcəsi alan, uğurlu peşəyə sahib olan, biznes quran məzunlar da var. Bu gün onlarla və özümlə qürur hissi duyuram. Onların sayının artması üçün daim öz üzərimdə işləyirəm. Çalışıram şagirdlərimə ümumi deyil, hər birinin psixologiyasına uyğun fərdi şəkildə yanaşım, onlarla empatiya qurum. Qarşımda oturan şagirdə şəxsiyyət kimi baxıram, “şagirddir” deyib onu susdurmağa çalışmıram. Şagirdlərimin sevgisi mənim üçün çox önəmlidir. Daha sonra isə məqsədim onlara bilik ötürməkdir. Məktəbdə hər zaman fəallıq göstərirəm, müxtəlif tədbirlərdə şagirdlərimlə iştirak edirəm. Uşaqlarla təşkilat saatlarında və ya əlavə saatlarda görüşüb tədbirlərə hazırlıqla bağlı müzakirələr aparır, tamaşalar qoyuruq, məşqlər edirik. Rolları, çıxışları, şeirləri şagirdlər böyük həvəslə seçirlər. Tədbirlərə hazırlıq dərs prosesinə heç bir halda mane olmur, əksinə ölkəmizin tarixi, bayramları, adət-ənənələri ilə əlaqəli olur və şagirdlərin bilik və dünyagörüşünün artırılması məqsədi daşıyır.

– Yenidən təhsil almaq qərarını necə verdiniz? 

– Uşaqlıqdan mən ədəbiyyat fənnini çox sevmişəm, çox mütaliə edirəm. Eyni zamanda istəmişəm ki, ətrafımda şagirdlərim və digər insanlar kitabı sevsinlər. Filologiya fakültəsini seçməyimdə də məqsədim həmin arzumu həyata keçirməyimdir. 2020-ci ildə Bakı Avrasiya Universitetinin “Azərbaycan dili və ədəbiyyat” ixtisasına qəbul oldum və 2025-ci ildə həmin ali məktəbi bitirdim. Ədəbiyyatımız dahi, yaradıcı şair və yazıçılarla zəngindir. Onların əsərləri oxumaqla bitmir, hətta dəfələrlə oxuduğum yazıçılarımız var. Məqsədim bütün bunları şagirdlərə aşılamaq, bu istiqamətdə müəyyən işlər görmək, daha yüksək nəticələr göstərməkdir. Eyni zamanda dillərə böyük maraq göstərirəm, Azərbaycan, rus, ingilis, türk, ləzgi dillərini bilirəm. Öyrənməkdə olduğum növbəti dil ərəb dilidir. Gələcəkdə digər dilləri öyrənməyi də düşünürəm. Eyni zamanda kitab yazmaqla məşğulam. Hazırda Qusar folklorunun, unudulmuş adət-ənənələrin, qədim inanc və mifoloji düşüncələrin araşdırılması ilə də məşğulam. Bildirim ki, mən özümü həqiqətən uğurlu qadın hesab edirəm. Çünki bir qadın üçün ailə, uşaqlar və iş həyatını paralel şəkildə irəli apara bilmək özü bir uğurdur. Tələbəlik illərində mənim bütün qiymətlərim yüksək - “A” olub. Diplom müdafiəmi 98 balla sonlandırmışam. Bir məqamı da qeyd edim ki, məktəbimizdə “kitablarla inkişaf edək” mövzusunda “Kəpənək” kitab klubu yaratmışam. Kluba 5-ci sinifdən 11-ci sinfə qədər şagirdlər üzv ola bilər. Klubun yaradılması şagirdlərdə bədii ədəbiyyat oxumaqla oxu və mütaliə bacarıqlarının inkişaf etdirilməsi, özlərini təqdim etmənin daha sərbəst, səlist, aydın olması, Azərbaycan dilində söz ehtiyatının, biliyin, dünyagörüşünün artırılması məqsədi daşıyır. Ötən tədris ili bu layihədə 30-35 nəfərdən çox şagird iştirak edib. Yeni tədris ilində şagirdlərimi hətta kitab müəllifləri ilə görüşdürəcəyəm, onları kitab sərgilərinə aparacağam. Bu layihə ilə bağlı gələcəkdə bir çox hədəflərimiz var.  

– Müəllimlik peşəsinə həvəsiniz nə zaman, necə yarandı?

– Mən ziyalı ailəsində böyümüşəm. Atam əvvəlcə müəllim işləyib,  sonradan illərlə məktəb direktoru olub, hazırda da bu vəzifədə çalışır. Əmilərim, dayılarım hamısı müəllim olublar. Ola bilsin seçimim bundan irəli gəlir, çünki ətrafda bütün qohumları müəllim görmüşük. Həm də bu peşəni çox sevirəm. Zəhməti, əziyyəti çox olsa da, bütün bunlara dəyər. Şagirdlərini sevən və onların sevgisini görən bir müəllim bu peşəyə çox bağlanır. İstəyirsən ki, bir müəllim kimi unundulmayasan və bunun üçün əlindən gələni edirsən. Xoşbəxtəm ki, bu peşəni seçmişəm. Bundan sonra da çalışacağam ki, öz işimi vicdanla görüm və cəmiyyətə, ətrafıma xeyir verə bilən şəxs olum.

Tədris etdiyiniz fənni şagirdlərə sevdirmək üçün hansı üsullardan istifadə edirsiniz? Ümumiyyətlə, öyrənənlərin dərsə marağı sizi qane edirmi?
 
– Fənnimin tədrisində İKT bacarıqlarından, yeni texnologiyalardan istifadə etməyə çalışıram. Xarici dilin tədrisində mütləq şəkildə bizə dinləmə aparatları, əyani vəsaitlər lazım olur. Dərsin daha innovativ formada həyata keçirilməsi üçün çalışıram ki, onlardan maksimum şəkildə yararlanım. Dərsdə kurikulum iş üsullarından istifadə edirəm. Bir çox şagirdlər elə fikirləşirlər ki, onlar ingilis dilini lüğət əzbərləyərək, yaxud hansısa kursa gedərək öyrənə bilərlər. Uşaqlar bu cür düşünərək beyinlərini bloklayıblar. İşlədiyim məktəbdə keçən ildən başlayaraq “Conversation” klubu yaratmışam. Bu şagirdlərə ingilis dilini öyrətməyə yönəlmiş bir addımdır. Burada şagirdlər həftədə iki dəfə olmaqla tam təmənnasız, əyləncəli, daha nəticəyönümlü yollarla dil öyrənirlər. Nəticədə onlarda ingilis dilini öyrənməyə həvəs daha da artır, özlərini bu dildə sərbəst şəkildə ifadə edə bilirlər. Şagirdlərim artıq ingilis dilini öyrənməyin heç də çətin olmadığına inanıblar. Həmin layihəni qonşu kəndlərdəki digər məktəblərə də aparmışam. Misal olaraq, Qusar rayonu 1 nömrəli Hil kənd tam orta məktəbində bu layihəni tətbiq etmişik. Ümid edirəm ki, məktəbin müəllimlərinin köməyi ilə şagirdlərimizin sayı artar. Fəal müəllim öz fənnini şagirdlərinə sevdirməyə borcludur. Sevdirdikdən sonra isə şagirdlərdə maraq yaranacaq. Bunu etməyin bir çox yolları var.

Şagirdlərim müxtəlifdir, eləsi var ki, öz üzərində çox çalışır, müəllimin ağzından çıxan hər bir məlumatı maqnit kimi özünə çəkir və nəticə çox ürəkaçan olur. Öyrənənlər çox fərqlidir və fərdi olaraq hərəsinin öz öyrənmə səviyyəsi var. Bu həm də müəllimin dərs keçmə metodundan asılıdır. Əminliklə deyə bilərəm ki, şagirdlərimdə ingilis dilinə maraq var və mən onların marağının itməməsi üçün əlimdən gələni edirəm. Eyni zamanda buraxılış imtahanına hazırlaşan şagirdlərə az vaxt ərzində çox test işləmə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində dəstək olmağa çalışıram. İmtahanda vaxtdan düzgün istifadə etmənin yollarını, taktikalarını öyrədirəm ki, onlar test suallarını dügün şəkildə yerinə yetirsinlər.  

– Sizin kimi yeniliklərə açıq və fəal olmaları üçün müəllimlərə nə tövsiyə edərdiniz? Uğurlarınızda sizə motivasiya verən nədir?

– Fikrimcə, insan olduğu yerlə kifayətlənməməli, daha yüksək yerlərə can atmalıdır. Fəallığımın səbəbi öz daxilimdəki gücə, istədiyim hər şeyi layiqli şəkildə əldə edəcəyimə inanmağımdan irəli gəlir. Bəzən insanlar deyirlər ki, illərlə çalışır, zəhmət çəkirəm, ancaq uğur qazana bilmirəm. Düşünürəm ki, burada əsas səbəb onların inamsızlığıdır. Onlar öz güclərinə, uğurlarına inansalar, istədiklərinə nail olacaqlar. 

Məni motivasiya edən şagird və digər iş yoldaşlarımın məndən nümunə götürməsidir. Bu məni daha da ruhlandırır. Ancaq fəallığımın arxasında motivasiyadan çox intizam, yorulmamaq durur. Çünki motivasiya bir yerə qədərdir. Mən özüm kiməsə motivasiya verməyə çalışıram. İşlədiyim məktəbin kollektivi, rəhbərliyi də mənə çox dəstək göstərir. Görülən işə dəyər verilməsi daha bəhrəli nəticələrə səbəb olur. Müəllim daim yeniliklərin arxasınca getməli, öz biliyi, yeni metodları ilə şagirdləri təəcübləndirməli, təkrarçı olmamalıdır. Təkrarçılıq insanın inkişafının olmamasını göstərir. Biz dəyişən, innovativ dünyada yaşayırıq. İllər ötdükcə qarşımıza gələn şagirdin düşüncə tərzi, dünyaya baxış bucağı tamam fərqlənir. 10 və ya 5 il bundan öncəki şagirdlərin dünyagörüşü, baxış bucağı ilə indiki şagirdlərin baxış bucağı eyni deyil. Ona görə müəllimlər bilik mənasında onları necə təəcübləndirə, necə daha həvəslə təhsili, fənlərini sevdirərək öyrədə bilərlər məqsədi üzərində səy göstərməlidirlər. Əgər müəllim bu məqsədinə çata bilirsə, demək öz üzərində işləyir və özünü inkişaf etdirir. Müəllim mümkün qədər ölkədaxili və beynəlxalq təlimlərdə, treninqlərdə iştirak etməli, çox kitab oxumalı, internet resurslarından istifadə etməli və dərslərində öyrəndiklərini tətbiq etməlidir.

Telli müəllimi irəlidə hansı hədəflər gözləyir?

– Ən böyük hədəfim üzərində işlədiyim kitabın nəşri və təqdimatıdır. Ondan əlavə, arzu edirəm ki, respublika üzrə tanınmış müəllim olum. Elmi dərəcə almağı hədəfləyirəm. Yəni məqsədim daha da irəli getmək, yaşadığım rayon üçün əlimdən gələni etmək, layiqli vətəndaş olmaqdır. Arzular çoxdur, bitmir. Bütün müəllimlərə, hər hansı bir işi hədəfləyən insanlara arzum odur ki, qarşılarına qoyduqları məqsədlərinə çatacaqlarına ürəkdən inansınlar və bunun üçün çox çalışsınlar. Mən də inanıram ki, gələcək həyatımda möcüzələrin sayı çox olar.

1 /4

Şərhlər

Xəbər lenti

28 avqust, 20:49

Leyla Əliyeva Şamaxıda uşaq bağçalarının açılışında iştirak edib

28 avqust, 17:45

Nazir müavini Həsən Həsənli Uqandanın xarici işlər üzrə dövlət naziri ilə görüşüb

28 avqust, 17:26

Kəlbəcərdəki yeni məktəbdə ilk mərhələdə 68 şagird və 20 müəllim tədrisə cəlb olunacaq

28 avqust, 17:05

Magistraturaya əlavə yerləşdirmə ilə qəbul olunanların NƏZƏRİNƏ!

28 avqust, 16:47

Uşaqların Müdafiəsi İdarəsinin mütəxəssisləri 114 məktəbdə çalışacaqlar

28 avqust, 16:38

25 yaşında köçkün, 57 yaşında Qarabağa qayıdan usta oldu 

28 avqust, 15:53

Müəllimlərin məktəbdə yemək yeməsi xəbərdirmi? – ÇAĞIRIŞ

28 avqust, 15:05

“Azercell"in “Audio Kitablar” xidməti ilə kitabları hər yerdə dinləmək mümkündür

28 avqust, 14:56

Şəki-Zaqatala bölgəsində 172 məzun qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb

28 avqust, 14:50

Gürcüstanda 1,8 milyon illik insan çənəsi tapıldı

28 avqust, 14:22

Bir qrup təhsil işçisi Müəllimlərin XXI Yay İdman Oyunlarında iştirak edir

28 avqust, 14:12

182 nömrəli məktəbdən açıqlama: Görüntülər dərs vaxtı çəkilməyib

28 avqust, 13:30

Rus bölməsinin 6-cı sinifləri üçün yeni “Azərbaycan tarixi” dərsliyi hazırlanıb

28 avqust, 13:04

İlin ən möhtəşəm yarışı ICPC-nin başlamasına 3 gün qalıb!

28 avqust, 13:00

Tələbə kimi getdiyi Çikaqo Universitetindən müəllimlik təklifi aldı

28 avqust, 12:48

“Parla”nın məzunu Dövlət Proqramının iştirakçısı olub

28 avqust, 12:31

Bu il hansı yeni dərsliklər olacaq?

28 avqust, 12:20

Sabahın hava proqnozu açıqlanıb

28 avqust, 12:12

BSU-da doktoranturaya qəbul imtahanı ilə bağlı koordinasiya görüşü keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.