Bütün xəbərlər
20 yanvar, 17:43

1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycanın yaxın tarixinin azadlıq yolunun başlanğıc nöqtəsi sayılır. Üzərindən 35 il keçməsinə baxmayaraq, acımız bu gün də ağrılı, yaramız isə hələ də qaysaq bağlamayan bir yaradır.

Əlbəttə ki, azadlıq və istiqlaliyyət yolunda aparılan mübarizələr qurbansız ötüşmür. Bu itkilərdən üçü də elmimizin payına düşüb. 

Bakı-Sumqayıt yolunun kənarında məhz onların şərəfinə ucaldılmış xatirə abidəsi vaxtilə şöhrəti ilə öyündüyümüz “Qızıl ordu”nun, “şanlı” sovet əsgərinin törətdiyi qanlı cinayətin izlərini özündə əks etdirir.

Ən acınacaqlı məqam SSRİ müdafiə naziri Dmitri Yazovun bu alimlərin ölümünə səbəb olan hadisəyə adi yol qəzası kimi yanaşması olub. 

Komandir bu vəhşiliyi törədən zombiləşmiş əsgərə əmri yerinə yetirdikdən sonra “İrəli addımla!” deyə çağırış edib. Qanlı hadisəyə hüquqi qiymət verilməsi tələbi ilə etiraz edənlərə isə SSRİ rəhbərliyi belə cavab verib: “Əsgər yuxulu olduğundan idarəetməni itirib, hərbi texnika sıradan çıxaraq yolunu azıb”.

Qəsdən amansızcasına törədilmiş bu qanlı hadisəni necə təsadüfi qəza adlandırmaq olar?! Ağır zirehli texnikanın zərbəsindən əzik-əzik olmuş həmin avtomobilin içindəkilər kim idi?
Azadlıq yolunun şəhid alimləri! Gəlin, bu üç dəyərli ziyalının həyat yoluna qısaca nəzər salaq.

İbrahim İbrahimov 1928-ci ildə Gəncədə anadan olub. Əslən Qərbi Azərbaycanın Zəngəzur mahalındandır. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirib. Rusiyada hərbi zavodda bir neçə il çalışıb. Bir müddət Naxçıvanda yaşayıb, burada ailə həyatı qurub. Daha sonra Bakıya köçüb və apardığı tədqiqatlarla nailiyyətlər qazanıb.

Növbəti ziyalımız Svetlana Məmmədova 1939-cu ildə Naxçıvanda doğulub. Üç yaşında ikən atasını itirib. Orta məktəbi Naxçıvanda bitirib. Bakıda Neft-Kimya İnstitutunun Kimya-texnologiya fakültəsində təhsil alıb. Elmi-tədqiqat işini Moskva universitetlərindən birində müdafiə edib.

Digər alimimiz İsmayıl Mursaqulov 1939-cu ildə Gürcüstanın Marneuli rayonunun Qızıl-Hacılı kəndində dünyaya gəlib. Orta məktəbi burada qızıl medalla bitirib. Ali təhsilini Azərbaycan Dövlət Universitetində “Kimya” ixtisası üzrə alıb. Moskvada aspiranturanı bitirib. Çox gənc yaşda kimya elmləri namizədi, daha sonra isə elmlər doktoru dərəcəsi alıb.

Sözügedən alimlərimizin o zamankı iş yeri Elmlər Akademiyasının Xlor-Üzvi Sintez İnstitutu (indiki Polimer Materialları İnstitutu) idi. 
1990-cı il yanvarın 24-də iş yerinə yollanan 5 alimimizin olduğu avtomobil sovet tankının amansız caynağına keçərək görünməz vəhşiliyin qurbanına çevrilir. Hadisə zamanı professorlardan İbrahim İbrahimov və Svetlana Məmmədova dərhal dünyasını dəyişib, ağır yaralı İsmayıl Mursaqulov isə 3 gün sonra haqqa qovuşub. Professor İdris Əhmədov və Parlaq Mustafayeva sağ qalsalar da, aldıqları xəsarət və psixoloji zərbələrlə həyatlarına davam etməli olublar.

Ağlasığmaz vəhşiliyin canlı şahidi, paytaxt sakini Rima Abdalova o dəhşətli anları belə xatırlayır:

“Yolun kənarı ilə sarı rəngli “Moskviç”lə gedirdik. Sumqayıta gedən yolun demək olar ki, ortasında - Ceyranbatan gölünün yanında idik. Maşında sürücüdən başqa bacım da vardı. Həmin gün institutda imtahanım var idi. “Nasosnı” (Zeynalabdin qəsəbəsi) tərəfdən çoxlu sayda tank və BTR-lərin bizə tərəf gəldiyini gördük.
Hava çox şaxtalı idi, sulu qar yağırdı. Küçələrdən qanlar axırdı, çox dəhşətli mənzərə idi. Tankları görüb bacımla qorxudan ağlasaq da, düşündük ki,  tanklar üzü şəhərə tərəf gedir və yəqin ki, bizə heç nə etməzlər. Birdən gözümüzün önündə BTR-lərdən biri üzü Sumqayıta tərəf dönərək qarşıda hərəkət edən avtomobilin üstündən basa-basa keçdi.

Avtomobilin içində 5 nəfər var idi. Onlardan ikisi mənim təhsil aldığım institutun müəllimi, biri Elmi-Tədqiqat İnstitutunun professoru idi. Biz də gözümüz görə-görə, qorxu içində həmin BTR-in yanından keçdik. Ancaq BTR-i idarə edən əsgər bizə heç nə etmədi. Hadisə yerindən uzaqlaşaraq yoluna davam etdi. İnstituta gələndə gördük ki, imtahan keçirilmir, ləğv olunub. Kafedraya bir telefon zəngi gəldi. Bakı-Sumqayıt yolunda sovet tanklarından birinin müəllimlərimizin olduğu avtomobilin üstündən vəhşicəsinə keçdiyi xəbəri verildi. Bu xəbəri təsdiqlədim, gördüklərimi danışdım. Faciə institutda müzakirə edilməli oldu. Çox keçmədi ki, qanlı faciə zamanı həyatını itirən alimlərimizin portretlərini foyedə, önündə tər qərənfillər düzülmüş halda gördük.

Faciənin qurbanı olmuş Svetlana müəllim də indiki kimi çox yaxşı yadımdadır. Şəxsən mənə dərs deməsə də, institutda tez-tez onunla rastlaşırdım. Xoşsimalı, mehriban, xoşxasiyyətli xanım idi.

Həmişə 20 Yanvar hadisələrindən danışanda bir ağrılı məqamı da yaxşı xatırlayıram: Faciədən sonrakı günlər idi. Avtobusla dərsdən evə qayıdırdım. Şəhərdə komendant saatı tətbiq edilmişdi. Avtobusda yoxlama aparan zaman yekəpər rus əsgərlərindən biri mənim pasportumu alıb vərəqini cırdı. Çox məyus oldum. Niyə belə etdiyini də bilmədim. Dillənmək istəyəndə yanımda oturan şəxs qolumdan vuraraq dedi: “Sakit ol, əlində avtomat var. Əgər ona cavab qaytarsan, səni vura bilər”. Yekəpər rus əsgərləri həmin gərgin və ağır günlərdə şəhərdə əllərində avtomatla gəzirdilər”.

Onu da qeyd edək ki, İbrahim İbrahimov, Svetlana Məmmədova və İsmayıl Mursaqulov Azərbaycan Prezidentinin 1998-ci il 31 mart tarixli fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adını alıblar.

İşğalçı imperiyanın Azərbaycan xalqına qarşı törətdiyi qanlı cinayətlər unudulmur. 1990-cı il yanvarın 20-də xalqımız ağır sınaqlardan keçdi. Eyni zamanda, yer üzündə misli görünməmiş milli birlik nümayiş etdirdi. Nəticədə uğrunda qurban gedən şəhid qəhrəmanlarının qanı ilə azadlıq və müstəqilliyi qazandı.

Sevinc Ədalətqızı

Şərhlər

Xəbər lenti

9 avqust, 18:29

ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər

9 avqust, 18:24

Qalib Liderin diplomatik Zəfəri

9 avqust, 11:19

Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibə verib

9 avqust, 11:10

Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannamə imzalanıb

9 avqust, 11:04

Azərbaycanın və ABŞ-ın prezidentləri, Ermənistanın Baş naziri Ağ Evdə mətbuata bəyanatla çıxış ediblər 

9 avqust, 10:57

Vaşinqtonda Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb

9 avqust, 10:51

Birinci vitse-prezident Mehriban Əliyeva Vaşinqtonda keçirilən görüşə dair paylaşım edib

9 avqust, 10:48

Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülhə dair saziş layihəsini paraflayıblar və ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciəti imzalayıblar

8 avqust, 23:01

“Maarifçi”lər Elm və Təhsil Nazirliyi üçün strateji plan hazırladılar – REPORTAJ 

8 avqust, 22:02

Qrup rəhbəri və ixtisas müəllimi vakansiyası üzrə nəticələr açıqlandı

8 avqust, 19:16

Mikayıl Cabbarov Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru ilə görüşüb

8 avqust, 19:10

Müəllimlərin sertifikasiya imtahanı üzrə apellyasiya nəticələri AÇIQLANDI

8 avqust, 17:48

Professor Şahbaz Muradov: Hər bir alim elmin davamlı inkişafında fəal iştirak etməlidir

8 avqust, 16:48

Növbəti 10 ildə peşə təhsili alanların sayı 50 minə çata bilər

8 avqust, 16:27

Qarabağın şagirdləri üçün “Yay məktəbi” təşkil edilib

8 avqust, 16:19

“Dərzi” və “Bərbər-vizajist-manikürçü” peşə ixtisasları üzrə bacarıqlar qiymətləndirilib

8 avqust, 16:11

Bağça müəllimi: Müasir uşaq yaradıcı müəllim tələb edir

8 avqust, 16:01

9 illik təhsil bazasından kolleclərə qəbul imtahanının nəticələri açıqlandı

8 avqust, 15:55

66 gənc ABŞ-də təhsil alacaq – 44-ü TOP10 universitetlərdə

8 avqust, 14:33

Ceyhun Kərəmov: Bəzi işəgötürənlər süni intellekt bacarıqlarını da tələblər siyahısına daxil edir 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.