Bütün xəbərlər
25 iyun, 14:45

“Qadın gülərsə şu issız mühitimiz güləcək, sürüklənən bəşəriyyət qadınla yüksələcək!” deyib Hüseyn Cavid. Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin isə dediyi kimi - bir kişiyə təhsil verməklə savadlı bir insan, bir qadına təhsil verməklə isə savadlı bir ailə və cəmiyyət qazanarsınız.

Hələ 20-ci əsr müsəlman Şərqində H.Z.Tağıyevin minbir əziyyət bahasına açdırdığı qızlar məktəbi təhsil tarixində çevrilişə səbəb olub.
"Tağıyevin məktəbi" kimi tanınan bu təhsil ocağının məzunları daha sonra Azərbaycan xalqının həyatında böyük rol oynayıb, millətin maariflənməsi işinə böyük töhfələr veriblər. Bu məktəbi bitirənlərdən biri də Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, Azərbaycan SSR Əməkdar müəllimi Nazlı Məmmədağa qızı Nəcəfovadır (Tahirova). İndi də bu yol uğurla davam etdirilir və Naxçıvanda da qızların təhsil almalarına hər zaman xüsusi önəm yetirilir. 

“Azərbaycan müəllimi” Naxçıvan Muxtar Respublikasında 1992-ci ildə  “Xanım Qızlar Pansionu” adı ilə yaradılan və 2004-cü ildən “Naxçıvan Qızlar Liseyi” adı ilə fəaliyyətini davam etdirən liseydə olub. Öz fəaliyyəti və göstəriciləri ilə öndə dayanan lisey Azərbaycanda yeganə qızlar məktəbidir. 

Qızlar liseyinin həyətinə daxil olanda, ilk növbədə, həyətin səliqəli və güllü-çiçəkli görünüşü diqqətimizi cəlb edir. Qadın əli dəyən hər yer belədir, düşünsək də, əslində bağban bir kişidir. Sonra öyrənirik ki, liseydə texniki işçilərdən başqa hamı qadındır. Qızların şən səsi məktəb divarlarında həyətə qədər gəlir. Burada hazırda 345 şagird təhsil alır, şagirdlərin təlim-tərbiyəsi ilə 54 peşəkar müəllim heyəti məşğul olur.  

Bizi Naxçıvan Qızlar Liseyinin direktoru İlahə Fərəcova qarşılayır. Bir ildən az müddətdir ki, liseyə rəhbərlik edən İlahə xanım deyir ki, yetirmələri bilik və bacarıqları ilə həmişə seçilib: “Məzunlarımızdan iki nəfər Prezident təqaüdünə layiq görülüb. RFO-da, bilik yarışlarında, intellektual oyunlarda da liseyin uğurları çox olub. Məzunlarımızdan 11 nəfər qızıl, 6 nəfər isə gümüş medala layiq görülüb”.

Liseydə həmişə istedadlı şagirdlər oxuyub və yüksək nəticələr əldə edib. Ona görə də burada oxumağa can atanlar çoxdur. Bəs qəbul necə aparılır?  Məktəbin direktoru deyir ki, liseyə qəbul ölkə üzrə mərkəzləşmiş qaydada, lisey və gimnaziyalara qəbul imtahanı əsasında aparılır: “Ümumi təhsil müəssisələrinin 4-cü sinfində təhsil alan qız şagirdləri Azərbaycan dili və riyaziyyat fənlərindən imtahan verib, keçid balını toplayaraq, liseyin 5-ci sinfində təhsilini davam etdirirlər. Ballar ildən-ilə fərqlənir. 

Gələcəyimizin, sabahın Azərbaycan xanımını yetişdirmək bir məsuliyyətdir ki, burada hamımız onlara ana nəvazişi göstəririk. Əlbəttə ki, birinci bilik və bacarıq aşılanır, amma düşünürəm ki, hər bir hədəfin təməli diqqət, sevgi və məsuliyyətdir. Biz burada bir şəxsiyyət formalaşdırırıq. Məqsədimizin amalı istedadlı şagird yetişdirməklə bərabər, vətənpərvərlik duyğusuna malik olan, azərbaycançılıq ideologiyasına sahiblənən əsl Azərbaycan xanımları yetişdirməkdir. Liseyin hər bir müəllimi bunu qarşısına missiya olaraq qoyur. Liseydə istedadlı şagirdlər təhsil alır ki, onlar da vətənimizin sabahıdır. Kollektiv olaraq dərk edirik ki, sabahımız etibarlı, həm də ləyaqətli əllərdə olacaq”. 


Lisey müxtəlif illərdə artım dinamikası ilə həmişə 90 faizdən yuxarı qəbul faizi verib. Keçən tədris ilində liseyin məzunlarının 98 faizi ali məktəblərə qəbul olub, buraxılış imtahanında 45 şagirddən 38-i 200 baldan yuxarı nəticə toplayıb. Bu il isə birinci cəhddə 45 məzundan 22-si 500-700 intervalında bal toplayıb. Onlardan bir nəfəri, Sehrin Cəfərova Muxtar Respublika üzrə ən yüksək, yəni 690 bal toplayıb. 23 nəfər 11-ci sinif məzunu isə fərqlənmə attestatı alıb.

Liseyin müəllimlərindən 4 nəfəri Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi adına layiq görülüb, bir nəfər “Tərəqqi” medalı, bir nəfər qabaqcıl, bir nəfər isə örnək müəllim adına layiq görülüb.

Liseyin ikinci mərtəbəsində Nəcibə Məlikova ilə bağlı ayrıca guşə yaradılıb ki, bu da qızlara stimul verir, onun həyatını öyrənərək yolunu özlərinə örnək götürürlər. Yeri gəlmişkən qeyd edək ki, o, 1890-cı ildə Naxçıvanda anadan olub. Ata tərəfdən babası və ulu babası – Mirzə Məhəmməd Tahir və Ağası bəy Naxçıvan xanlığının vəziri olmuşlar. Ana tərəfdən məşhur Kəngərlilər nəslindəndir.

Nazlı Nəcəfova qardaşı, çar Rusiyasının polkovniki olan Yusif bəy Tahirovun dəstəyi təhsil aldığı qızlar məktəbində Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev kimi aparıcı maarifçilərdən səkkiz il dərs alıb. Müəllimlik şəhadətnaməsi aldıqdan sonra ailəsinin yaşadığı yerə, İrəvana qayıdaraq, burada müəllimlik fəaliyyətinə başlayıb. Nazlı Nəcəfovanın cəmiyyətdəki müsəlman qızlarını maarifləndirmək istiqamətində ilk cəhdi İrəvanda azərbaycanlı oğlanlar üçün yerli məktəbdə müsəlman qızlar üçün də ayrıca sinfin açılması olub. Naxçıvana qayıtdıqdan sonra Nazlı Nəcəfova yenidən müəllimlik fəaliyyətini davam etdirib. Nazlı xanımın rəfiqəsi, məşhur maarifçi Ayna Sultanovanın köməyi ilə Naxçıvanda bir sıra qadın klubları, bunun ardınca isə yerli müəllimlər üçün hazırlıq məktəbində qızlar üçün xüsusi bölmə və qızlar məktəbi təsis olunub. Dövrünün görkəmli pedaqoqu olan Nazlı Nəcəfova müəllimlik fəaliyyəti ilə bağlı bir sıra mükafatlara və ordenlərə layiq görülüb.

STEAM otağında liseyin fizika müəllimi Nahirə Tağızadə dərs deyir. 2011-ci ildə universiteti bitirəndən sonra ilk pedaqoji fəaliyyətə burada başlayıb. Onunla dərsdən sonra söhbətləşirik. Deyir ki, universiteti bitirəndə çox gənc olub və burada işləməkdən bir az qorxub, amma başladığı gündən məktəbi sevib: “Qızlarla işləməyin xüsusi tərəfi odur ki, onları həyata hazırlayırıq. Təhsilli qadın gələcəkdə təhsilli bir ailədir, sağlam bir cəmiyyətin təməlidir. Onlarla işləmək daha da zövq verir. Gələcəkdə onları ayaqları üstündə duran bir gənc qadın kimi görək deyə, daha həvəslə işləyirik. Cəmiyyətin əsasını biz burada formalaşdırırıq. Qızlara azadlıq verməyə çalışırıq  ki, öz sözlərini desinlər, fikirlərini ifadə etməyi bacarsınlar. Həm də müasir təlim metodlarından istifadə edirik ki, qızların da marağı yaransın. Çünki zəmanəmiz onu tələb edir ki, ən azından kompüter bacarıqları olmalıdır. Hansı sahəyə gedirlər-getsinlər, dövr artıq hafizə, yaddaş biliyi deyil, özünü göstərə biləcəyi tərəfləri istəyir, uşaqların daxili qabiliyyətlərini üzə çıxarmağı tələb edir. Xüsusi bacarığı olan şagirdlərimiz var. O qabiliyyətlərin də üzərində durur, dərsləri bu yöndə qururuq. Buranın məzunları müxtəlif yerlərdə həm çalışır, həm də oxuyurlar. Onları məktəb elə formalaşdırıb ki, mədəniyyətləri, dünyagörüşləri ilə seçilirlər. Hər uğurlarında bizə şəkillər, video atırlar, bizi xatırlayırlar”.

Muxtar respublikanın Əməkdar müəllimi Kəmalə Novruzovanın isə 35 illik iş stajı var, 2006-cı ildən burada riyaziyyat dərsi deyir. Deyir ki, hər bir dövrdə uşaqlara yanaşmağı bacarmaq lazımdır. Uşaqların elə dövrü var ki, onlarla ciddi münasibət saxlamalısan, amma müəyyən dövr var ki, onlarla dost olmalısan: “Mən burada 9-10-cu sinifdə oxuyan qızlarla daha yaxın oluram. Çünki bu yaşda olan uşaqların xarakteri fərqli olur. Müəllimi yaşadan uşağın sevgisidir, şagird isə müəllimin sevgisini hiss eləməsə, dərs alınmaz. Mən yaxşı oxuyan, oxumayan uşaqların hər birini sevirəm”.

Kəmalə müəllim də qızlarla işləməyin çətin olduğu qədər maraqlı olduğunu deyir: “Bizim üzərimizə çox məsuliyyət düşür. Özümüz onlara örnək olmağa çalışırıq. Qızlar liseyinin şagirdləri tərbiyələri, davranışları, əl işləri, qabiliyyətlərinə görə hər yerdə seçilirlər. Xaricə gedirdim, bir uşaq yaxınlaşdı ki, müəllim, necəsiniz? Yadıma düşdü ki, bu qız Xatundur. Almaniyaya səfərə gedəndə, orada rezidenturada işləyən şagirdimi görmək mənim üçün qürurverici idi. Şagirdin müəllimə verdiyi qiymət heç bir qiymətlə əvəz olunmur. İndi şagirdim Aytac Babayeva 3 dəfə SASMO olimpiadasından qızıl medal qazanıb. Riyaziyyatdan RFO qalibi olan Fatimə Zeynallı hazırlığa getmədən 100 balı toplayıb”. 

Müəllim əlavə fərdi hazırlığa çox ehtiyac olmadığını deyir: “Hazırlığa getmək istəyən uşaqlara deyirəm ki, əgər siz mənim dərsimdə oturub, çox diqqətlə qulaq asıb, oxusanız, hazırlığa ehtiyac yoxdur. Qəbul prosesi də indi asanlaşıb. XI sinifdə qısa bir sistemləşmə etmək olar. Aşağı siniflərdə isə heç ehtiyac yoxdur, çünki şagirdin düşünməyə vaxtı olmalıdır. Uşaq məktəbdədirsə, uğur qazanacaq. Əgər 9-11-ci siniflərdə hazırlığa getmək vacib olsaydı, məktəb 11 illik yox, 3 illik olardı. 9 illik bazası olan, hədəfi olan uşaqlar riyaziyyatdan ən azı 20 sualı düz yazacaq. Hədəfi varsa nəticəsi də var”.

Liseyin şagirdlərindən Aysel İbrahimli 11-ci sinif məzundur. Deyir ki, xaricdə tibb üzrə oxumaq istəyir: “İnsanlara xidmət etmək mənim ən böyük xəyalımdır. İstəyirəm ki, savadlı kadr olum ki, ölkəmə xidmət edə bilim. Mən bura gəlməyə çox həvəsli idim, imtahana hazırlaşdım və yaxşı balla da daxil oldum. Rəssamlığı və mahnı oxumağı çox sevirəm. Mənə görə həyatımda ən çətin proseslərdən biri universitetə hazırlaşmaqdır. Məsuliyyətimiz oxumaq və uğurlu olmaqdır. Gecələri yatmadan hazırlaşmaq məni fiziki və psixoloji cəhətdən çox yorurdu, ona görə də yuxumu alaraq imtahanlara hazırlaşmağa çalışıram”. Şagird deyir ki, müəllimləri çox mehribandırlar, həm dərs oxumağı, həm də söhbət etməyi bacarırlar. 

Qızlar zərif olduqları qədər də güclüdürlər. Çünki liseyin missiyası həm də güclü şəxsiyyət formalaşdırmaqdır. Bu səbəbdən 10-cu sinif şagirdi Nərgiz Həsənli Gürcüstanda keçirilən karate yarışında birinci yer tutaraq qızıl medala sahib olub. O, 2017-ci ildən karate ilə məşğuldur: “2025-ci ildə Gürcüstanın Tiflis şəhərində Avropa çempionatı keçirilirdi, orada I yerə layiq görüldüm. 2021-ci ildə Türkiyənin Çanaqqala şəhərində keçirilən beynəlxalq yarışda 1-ci yerə çıxmışam, 2023-cü ildə Respublika çempionatında qızıl medal qazanmışam. Hədəfim odur ki, dövlətimizi beynəlxalq miqyaslı yarışlarda təmsil edərək tanıdım. Həftədə 3 dəfə ağır məşq prosesi ilə hazırlaşıram. Karatede fiziki hazırlıqla bərabər sürətli düşünmə də önəmlidir ki, o üzrə də hazırlaşıram. Müəllimim Nəriman Quliyevdir”. 

8-ci sinif şagirdi Fidan Baxşıyeva riyaziyyat fənnini sevir, ginekoloq olmaq istəyir: “İnsan anatomiyasını öyrənəndən sonra bu sahə mənə maraqlı gəldi, ginekoloq olmağa qərar verdim. Bir ailəni sevindirmək həqiqətən sevindirici bir haldır. Hazırlıqlara hələ ki getmirəm və düşünmürəm. Əlavə vəsaitləri də oxuyaram”.  

Fidana bura gəlməyi valideynləri təklif eləsə də, özü də onlarla razılaşıb. Deyir ki, burada savadlı müəllimlərin olduğunu bilirdim: “Digər məktəblərlə bizim aramızda fərqlər var, bu tərbiyəni isə bizə müəllimlərimiz aşılayıb. Onlar bizə həmişə təlqin edir ki, siz tərbiyəniz, davranışınızla hər yerdə seçilməlisiniz”.  

Liseyi gəzməkdə davam edirik. İdman zalında qızlar voleybol oynayır. Yeri gəlmişkən, qızlar bu sahədə də fərqlənir. Liseyin şagirdi Türkan Vəlizadə Azərbaycan çempionatının 16 yaşadək qızların voleybol yarışında birincilik qazananlardan biridir. Deyir ki, çalışmağın nəticəsini görüb: “Gələcəkdə Azərbaycanımızı idman sahəsində dünya ölkələrində təmsil etmək həm arzum, həm də hədəfimdir. Bunun üçün də idmançı olmaq, Azərbaycan İdman Akademiyasında oxumaq istəyirəm. Çox sevinirəm ki, biz komanda olaraq 14 qızla birlikdə qələbə əldə etdik, bunun sevincini yaşayırıq. Bu yarış mənə çox böyük təcrübə qazandırdı”.

Qəbul imtahanlarında I ixtisas qrupu üzrə Naxçıvan Muxtar Respublikasında ən yüksək nəticəni Qızlar Liseyinin məzunu Sehrin Cəfərova göstərib. O, buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən, ümumilikdə, 690 bal toplayıb.

Sehrin Cəfərova bu məqsədə çatmaq üçün gecə-gündüz səylə çalışdığını deyir: “I ixtisas qrupu üzrə imtahan verərək yüksək nəticə qazandım. Arzum Bakı Ali Neft Məktəbində kimya yönümlü bir ixtisas üzrə təhsil almaqdır. Bu uğurda ailəmin və müəllimlərimin rolu əvəzsizdir. Onlar daim yanımda oldular, mənə inandılar və dəstək göstərdilər. Hər gün konkret məqsəd və istiqamətlə çalışmaq daha səmərəli nəticə verir”. 

Liseydəki qızlar doğrudan da hərtərəflidir. Amma qızların çoxu həkim olmaq istəyir. Bunun səbəbini bilməsək də, liseyi bitirib hazırda müxtəlif yerlərdə çalışan həkimlər var. Şagirdlər təkcə bilikləri ilə yox, əl işləri ilə də seçilir. Qızların əl işləri isə ayrıca bir otaqda saxlanılır və mütəmadi sərgilənir. Bu əl işləri muxtar respublikada keçirilən sərgilərdə nümayiş olunur. 

Liseylə tanışlıqdan sonra bir daha əmin olduq ki, günümüzdə oğlan və qızlarımız bərabər imkanlar daxilində təhsil alır və dövlətimizin, cəmiyyətimizin inkişafına öz töhfələrini verirlər. Təhsilli qadınlar isə daha güclü ailələr qurur, cəmiyyətin iqtisadi inkişafında mühüm pay sahibi olurlar, daha çox sosial ədalətə yönəlmiş cəmiyyətlər formalaşdırırlar. 

1 /4

Şərhlər

Xəbər lenti

25 iyun, 19:00

İmtahana könüllü qatıldı – 56 bal topladı

25 iyun, 18:50

Nazir müavini: BDU 100 ildən artıqdır ki, insan kapitalının formalaşdırılması missiyasının öhdəsindən gəlir

25 iyun, 18:41

"Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat uzadılır

25 iyun, 18:20

Zəhmətin zirvəsi Müəllimlərin sertifikasiya sevinci

25 iyun, 18:04

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri mükafatlandırılıblar

25 iyun, 18:00

50 dəqiqəyə maksimal bal topladı – İmtahandan uğurla keçənlər danışdı

25 iyun, 17:00

“Müəllim nə qədər savadlı olsa da, öz üzərində daim  işləməlidir” – Müəllimlərin fikirləri 

25 iyun, 16:30

Sertifikasiyadan keçən kimya müəllimləri: “Sualların 25-30-u çox sadə idi…”

25 iyun, 16:15

Çiçəkli qarşılama, ailə dəstəyi – İmtahanın sonuncu günü 

25 iyun, 16:12

“Qərbi Azərbaycana qayıdış” mövzusuna həsr olunmuş forum keçirilib

25 iyun, 16:01

Proses kifayət qədər şəffaf keçir – Orxan Məmmədli

25 iyun, 15:59

Media qurumlarının rəhbərləri və influenserlər sertifikatlaşdırma imtahanını izləyiblər

25 iyun, 15:49

“Sertifikatlaşdırma müəllimlərin məsuliyyətini daha da artırır”  

25 iyun, 15:31

Ən yüksək nəticə göstərən müəllim: Sertifikatlaşdırma özünü təkmilləşdirmə üçün faydalıdır

25 iyun, 15:30

Basketbol üzrə respublika birinciliyi keçirilib

25 iyun, 15:25

Naxçıvanın ən yüksək nəticə göstərən abituriyenti: “Ölkənin elmi inkişafında iştirak edəcəyəm"

25 iyun, 14:50

Media nümayəndələri sertifikasiya prosesini necə qiymətləndirirlər? – AÇIQLAMA

25 iyun, 13:16

Beyləqan məktəbinin daha bir müəllimi sertifikatlaşdırma imtahanında maksimal bal topladı

25 iyun, 13:15

Tehranağa Abdullayev: Sertifikatlaşdırma müəllimin inkişafı, təhsilin keyfiyyəti deməkdir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.