
Sinif otağından kənarda öyrənmək mühitlərindən biri də muzeylərdir. İndi muzeylər yalnız mədəni irsi qoruyan obyekt rolu ilə kifayətlənmir, eyni zamanda alternativ və interaktiv təhsil məkanı funksiyasını yerinə yetirən, təhsilin keyfiyyətini artıran mühüm vasitələrdən biridir.
Muzeylərin maarifləndirmə funksiyası qədim dövrlərdən məlum olsa da, pedaqoji baxımdan təşkilatlanmış muzey fəaliyyəti XIX əsrin sonlarında Avropa və ABŞ-də yaranmağa başlayıb. 1980-1990-cı illərdən muzeylər sadəcə ekspozisiya təqdim edən müəssisələr deyil, həm də maarifçilik mərkəzləri kimi inkişaf edib.
“Journal of Museum Education” jurnalında dərc edilən “Təhsilə yeni baxış” adlı araşdırmada qeyd olunur ki, “formal məktəb təhsili bir çox hallarda şagirdlərin yaradıcılığını, problem həll etmək və sosial bacarıqlarını inkişaf etdirməkdə uğursuzluğa düçar olur. Araşdırmaçıların fikrincə, qeyri-formal öyrənmək məkanları – xüsusilə də muzeylər – bu boşluğu uğurla doldura bilər. Muzeylərdə öyrənmək fərdi, aktiv və əhatəlidir. Bu isə təhsilin mərkəzində olan fərdi inkişafı və sosial əlaqəni gücləndirir.
Araşdırma müəllifi R.Stevensə görə, muzeylərin ən mühüm üstünlüklərindən biri interaktiv və autentik öyrənməkdir (ing. authentic learning). Bu real həyatla əlaqəli, mənalı, praktik və kontekstə əsaslanan prosesdir. Autentik yanaşma şagirdlərin və ya iştirakçıların sadəcə nəzəri məlumatları yadda saxlaması deyil, onları həyatda qarşılaşa biləcəkləri situasiyalarda tətbiq etməklə öyrənməsi məqsədi güdür.
Burada şagirdlər yalnız məlumat alıcısı deyil, bilik yaradan, müşahidə və təcrübə edən subyektlərə çevrilirlər.
Muzeylər öyrənməyi daha canlı və yadda qalan bir təcrübəyə çevirir. Real eksponatlar, interaktiv sərgilər və bəzən laboratoriya şəraitində keçirilən təcrübələr vasitəsilə şagirdlər sadəcə nəzəri biliklərlə kifayətlənmir, bu bilikləri əyani şəkildə qavrayırlar. Tarix muzeylərində arxeoloji tapıntılar, incəsənət qalereyalarında sənət əsərləri, təbiət muzeylərində isə müxtəlif canlı növləri və geoloji formalar şagirdlərə real dünya ilə əlaqə yaratmaq imkanı verir.
Muzeylər həmçinin tədrisin konstruktivist modelinə əsaslanır. Bu modelə görə, şagirdlər bilikləri passiv şəkildə deyil, fəal təcrübə və müşahidə vasitəsilə mənimsəyirlər. Muzeylər bu baxımdan öyrənməyə açıq, təhlükəsiz və stimullaşdırıcı mühit təqdim edir. Burada şagirdlər sual verməyə, öz fərziyyələrini irəli sürməyə və maraqlarına uyğun şəkildə öyrənməyə təşviq olunurlar.
Jurnal muzeylərlə məktəblər arasında qurulan əməkdaşlıq əlaqələrinin təhsilin inteqrasiyasına xidmət etdiyini xüsusi vurğulayır. Bir çox muzeylər məktəblərlə birgə layihələr, ekskursiyalar, təlim proqramları və müəllimlər üçün seminarlar təşkil edir. Bu fəaliyyətlər nəticəsində şagirdlərdə tənqidi düşüncə, problem həll etmək, komanda ilə işləmək kimi bacarıqlar formalaşır. Muzeylərin təqdim etdiyi təhsil proqramları tarix, incəsənət, coğrafiya və təbiət elmləri fənləri ilə bağlı biliklərin daha dərindən mənimsənilməsinə imkan verir.
Bundan əlavə, muzeylər inklüziv təhsil prinsiplərinə cavab verən məkanlardır. Onlar müxtəlif yaş qrupları, fiziki imkanları məhdud olan şəxslər və fərqli mədəniyyətlərdən olan insanlar üçün açıqdır. Bu isə muzeyləri cəmiyyətin bütün təbəqələri üçün əlçatan və faydalı edir.

Muzeylər təkcə fənn bilikləri ilə bağlı məlumat ötürücüsü rolu ilə kifayətlənmir, onlar vətəndaş məsuliyyətinin və ictimai şüurun formalaşmasına da töhfə verir. Mədəni irsi qorumaq, tarixə hörmətlə yanaşmaq və müxtəlif mədəniyyətləri anlamaq kimi dəyərlər məhz muzeylərdə öyrədilir. Muzeylər, bu mənada, ictimai dialoq və qarşılıqlı anlaşma üçün platforma rolunu oynayır.
Vətəndaş cəmiyyətinin inkişafında muzeylərin rolu təkcə tədris aspekti ilə yox, həm də sosial inklüzivlik, tarixi empatiya və mədəni müxtəlifliyin tanıdılması ilə ölçülür. Gənclər burada tarixi hadisələrin sosial nəticələrini dərk edir, keçmişlə bu gün arasında əlaqə qurmağı öyrənirlər.
Muzey pedaqogikası da elə bu məqsədə xidmət edir. Bu sahə həm pedaqogikanın, həm də muzeyşünaslığın kəsişməsində formalaşaraq, muzeylərin maarifləndirmək və öyrətmək rolunu sistemli şəkildə araşdırır. Muzey pedaqogikası qeyri-formal təhsil növləri arasında mühüm yer tutur və müxtəlif yaş qrupları üçün öyrənmək imkanları yaradır.
Tədqiqatçılar muzeylərdə öyrənməyin mahiyyətini elmi əsaslarla tədqiq edərək bu sahəyə aid nəzəri baza yaradıblar. Onların yanaşmasına görə, muzey pedaqogikasının prinsiplərinə aşağıdakılar daxildir:
- İnteraktivlik – təkcə baxmaq yox, həm də toxunmaq, təcrübə aparmaq, suallar vermək və cavab tapmaq təşviq olunur.
- Təcrübədə öyrənmək – eksponatlar, modellər və canlandırmalar vasitəsilə biliklər konkret və vizual formada mənimsənilir.
- Fərdi və qrupla öyrənmək – fərqli öyrənmə tərzləri və sosial bacarıqlar nəzərə alınır.
- Müəllimlər dərs mövzularını muzey eksponatları ilə əlaqələndirə bilərlər (məsələn, tarix dərsi üçün qədim əşyalarla tanışlıq).
- Fənlərarası öyrənməni (multidisiplinar yanaşmanı) təşviq edir.
Muzeylərlə məktəblər arasında sistemli və davamlı əməkdaşlıq qurulması müasir təhsilin strateji istiqamətlərindən biri olmalıdır. Elmi tədqiqatlar göstərir ki, muzeylərdə həyata keçirilən tədris formaları şagirdlərin təlim motivasiyasını və anlamaq səviyyəsini əhəmiyyətli dərəcədə artırır. Bu səbəbdən təhsil proqramlarına muzey resurslarının inteqrasiyası və müəllimlərin bu sahədə ixtisaslaşdırılması təklif olunur. Eyni zamanda, məktəblərin muzeylərlə layihə əsaslı əməkdaşlıqları şagirdlərdə tənqidi düşüncə, mədəni identiklik və vətəndaşlıq məsuliyyəti kimi vacib bacarıqların inkişafına real töhfə verə bilər. Bu yanaşma təhsildə dayanıqlı və inklüziv inkişafın əsasını qoyur.
Hər il 18 may dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi muzeylərin cəmiyyətin inkişafında oynadığı mühüm rolu vurğulamaq və ictimaiyyətin diqqətini mədəni irsin qorunmasına yönəltməkdir. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən 1977-ci ildən bəri qeyd edilən bu gün çərçivəsində müxtəlif ölkələrin muzeylərində sərgilər, seminarlar, təlimlər və açıq qapı günləri keçirilir. Bu təşəbbüs muzeyləri yalnız keçmişin qoruyucusu deyil, həm də maarifçi və sosial dialoqu təşviq edən canlı mərkəzlər kimi təqdim etməyi hədəfləyir.
Odur ki, bu günlərdə muzeylərə ekskursiyalar həm ailəvi zaman keçirmək, həm də uşaqların tədris prosesini dəstəkləmək üçün fürsət ola bilər.
Mənbə: “Azərbaycan məktəbi” jurnalı
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər