Bütün xəbərlər
16 oktyabr, 10:42

2025-2026-cı tədris ilində Naxçıvan Dövlət Universitetində (NDU) 50 əcnəbi alim çalışacaq. Bu əcnəbi alimlərdən biri də Türkiyənin Qars Qafqaz Universiteti Baytarlıq fakültəsinin cərrahiyyə kafedrasının professoru İsa Özaydındır. 

Professor İsa Özaydın baytarlıq elmi sahəsində geniş elmi fəaliyyətə və uzunmüddətli pedaqoji təcrübəyə malikdir. Hazırda Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində fəaliyyət göstərir. Alimin tədqiqatları heyvan sağlamlığının təmin edilməsi və müasir cərrahiyyə metodlarının tətbiqi sahəsində mühüm töhfələr verib.O, heyvan sağlamlığının qorunması, anesteziya metodlarının inkişafı və müasir baytarlıq texnologiyalarının tətbiqi üzrə ixtisaslaşıb.

“Azərbaycan müəllimi” 35 illik pedaqoji iş stajı olan professorla müsahibəni təqdim edir. 

- İlk olaraq buraya gəlişinizdən başlayaq. Nə üçün Naxçıvandasınız?

- Qarsdakı baytarlıq fakültəsi Türkiyədə önəmli fakültələrdən biri sayılır. Naxçıvanla bizim universitet arasında protokol var. Ona görə də bu protokola əsasən buradayam. Amma onu da xüsusi olaraq bildirim ki, mən Naxçıvanda qonaq deyiləm, universitetlər arasındakı anlaşmaya görə, həm orada, həm də burada işləyə bilərəm.

- Nə vaxtdan buradasınız?  

- Mənim bura gəlməyim ixtisasım olan baytarlıq fakültəsinin açılışından da əvvəldir. Heç nə olmasa belə, biz Araz çayının o biri tərəfində yaşadığımız üçün buranı hər zaman görmək istədik, həsrət çəkdik. Sərhədlər açılandan sonra vətənin iki hissəsini bütünləşmiş kimi hiss etdik. Sonra da universitetlər arası protokollar çərçivəsində gəlib-getməyə başladım. İlk dəfə 2003-cü ildə tələbələri teatr nümayişi üçün gətirmişdim. Sonra da konfrans və simpoziumlarda iştirak üçün gəldim. 2010-cu ildən etibarən isə davamlı olaraq həm burada, həm də Qarsda tədrisə başlamışam. İki universitetdə işləyən adam düşünün, o mənəm. Elmi məqalələrimdə iki ünvanımı da qürurla qeyd edirəm.  

- Elmi işləriniz barədə nə deyərdiniz?  

- Universitetlər diplom verməklə yanaşı, həm də burada işləyən hər kəs öz işinə görə insanlara xidmət də etməlidir. Bizim də işimiz heyvan sağlamlığıdır. Bu sahədə beynəlxalq səviyyədə araşdırmalarım var. Heyvanlarda cərrahi əməliyyatların təkmilləşdirilməsi və yeni metodların tətbiqi, heyvan növlərində xylazine-ketamin kombinasiya anesteziyasının effektivliyinin öyrənilməsi kim tədqiqatlarım, müxtəlif heyvan növlərinin sağlamlığının qorunması və müalicəsi sahəsində elmi işlərim var.

- NDU-da keçirilən beynəlxalq simpozium və konfranslarda iştirak edirsinizmi?
 
- Qars Qafqaz Universiteti NDU ilə birlikdə müxtəlif vaxtlarda, fərqli adlarda çoxlu simpoziumlar təşkil edib. Baytarlıqla əlaqəli olanların hamısında iştirak etmişik. Biz həm də Türkiyənin müxtəlif bölgələrində elmi konfranslarda iştirak edirik. Oraya gedən zaman buradan da müəllimləri dəvət edirik. 

- Burada təhsilə hansı yeniliyi gətirmisiniz və ya gətirməyi düşünürsünüz? 

- Həkimliyin müxtəlif növləri var və hamıya məlumdur. Amma söhbət heyvan həkimliyindən gedəndə insanlar bunu dərk edə bilmir. İnsan xəstəliklərində nə varsa baytarlıqda da o var. Bizim də ona görə ixtisas sahələrimiz var. Mənim sahəm isə cərrahiyənin bütün növləridir. Hər yerdə baytarlıq fakültəsinin qurulması çətinliklərlə başlayır. Bizim burada funksiyamız fakültənin təkmilləşməsinə kömək etməkdir. Amma burada gəlib təkcə mühazirə söyləyib getmirik. Məqsədimiz gələcəkdə heyvan xəstəxanasını yaratmaq, baytarlıq xidmətləri verməkdir. Gələcəkdə tələbələrlə birlikdə rayonlarda mobil xidmətlər verməyi də düşünürük. Hansı bölgə uyğundursa, tələbələri ora aparacayıq. Burada imkanlar yetərli deyilsə, biz sahələrə çıxacağıq. Xüsusən də 5-ci kurs tələbələrimizin Qarsda ikinci universitetləri var. İstədikləri vaxt, heç bir şərt olmadan gedib orada da oxuya bilərlər. Hazırda təhsilini Qarsda davam etdirmək istəyən tələbələrim var. 
Hədəfimiz universitetdə olan klinikamızı tibbi avadanlıqlarla işlək hala gətirməkdir ki, bizə lazım olanları rektorluğa təqdim etmişik. 

- Süni intellekt həyatımızın bir parçasına çevrilib. Artıq hər bir sahədə görmək mümkündür. Sizin sahədə bəs mənfi və müsbət tərəfləri varmı?

- İki-üç il əvvəl mən bu suala neqativ cavab verərdim. Texnologiya hər sahədə irəli gedir, amma onu da hazırlayan insan beynidir. Ona görə də süni intellektə qarşı çıxdığımız dövr keçdi. Süni intellektdən istifadə etsək, bir az insanlığın əsrlər boyu topladığı mədəniyyətə qarşı çıxacağıq deyə düşünürdük. Qorxuların üstünə getmək lazımdır, çünki süni intellekt işlərimizi sürətləndirəcək. O mənada süni intellekt vardır, olacaqdır və işimizə yaramaqdadır. Amma bu, o demək deyil ki, elmi məqalə, tezis yazanda ondan istifadə edilsin. Belə olsa, elm bitər. Süni intellekti inkar etmədən, təslim olmamaq lazımdır. 

- Qarsdakı tələbələrinizlə buradakı tələbələr arasında fərq varmı? 

-  Azərbaycanda Lənkəran Dövlət Universitetində də işləmişəm. Əgər oradan başlasaq, mən orada da fərqliliklər gördüm. Amma mən Naxçıvandakı tələbələrimi Qarsdakı tələbələrimdən də özümə daha yaxın hiss etdim. Onların çox həvəsləri var. Məni heyrətləndirən şey həm də onların hazırlıqlı olmalarıdır. Yəni bura gələnə qədər artıq müəyyən qədər bazaları var. Bunun səbəbini öyrəndim, dedilər ki, buradakı tibb kolleclərində yetişib gəlirlər. Mən burada onlarla çox rahatam, Qarsda tələbələrə nə dərs keçirdimsə, burada da onu deyirəm. Elmi olaraq yola getməmək deyilən bir şey yoxdur. Məni çox tez başa düşürlər. İstədiyim vaxt isə şivəmi dəyişib Azərbaycan dilində danışa bilirəm (gülür).

- Bəs buradakı həmkarlarınızla münasibətiniz necədir? 

- Onlarla biz eyni kafedranın kollektivi olmuşuq. Onları da 2003-cü ildən tanıyıram. Əməkdaşlığımız sayəsində ortaq layihələr edirik, elmi araşdırmalar aparırıq. Hətta beynəlxalq jurnallarda onlarla bizim məqalələrimiz yan-yana düşür. Buradakı müəllimlərin ehtiyaclarını Qarsdan tamamlayacağıq. Qarsdakı müəllimlər üçün isə Naxçıvanın təbii fauna və florasından istifadə edəcəyik. Xəstəliklərlə yanaşı verimliliyin artırılması üçün ortaq layihələrə başladıq və bu, davam edəcək. İlk fürsətdə çox gec olmadan NDU ilə Qars Qafqaz Universiteti arasında nəşr olunan ortaq bir jurnal dərc edəcəyik. Bununla bağlı hazırlıqlar gedir.  Ad seçdikdən sonra bəlkə də gələn il başlayacağıq.

- Naxçıvanda çətinlik çəkmirsiniz ki? 

- Bizim aramızda sadəcə Araz çayı var, onu keçən kimi mən özümü bura uyğunlaşdıra bilirəm. Heç bir yadlıq hiss etmirəm. Bizim ailə quruluşumuz yaxındır. 

- Ailə üzvləriniz burada olublarmı?

- Bir neçə dəfə gəliblər. Qızım da, oğlum da buranı çox sevib. Burada ailəvi olaraq görüşdüyümüz müəllimlər də var. Tətillərdə qonaq gəlib gedirik.

- Naxçıvanın bölgələrini gəzmisinizmi? 

- Hamısını gəzmişəm. 7 rayonunuz var, hamısında olmuşam.  

- Gələcək planlarınız nədir? 

- Bizim Lənkəran, Gəncə, Bakı və Naxçıvan Dövlət universitetləri ilə hər ixtisas sahəsində protokolumuz var. Yaxın zamanlarda bizə Gürcüstan da qoşulub. Bizim əsas problemimiz, buranın öz müəllim heyətinin iş başına gəlməsidir. Hədəfimiz burada magistratura və doktorantura sahəsində diplom ekvivalentliyini təmin edərək NDU məzunlarının tezliklə Qarsda doktorluq dərəcəsi alaraq ixtisaslaşmasıdır. Keçən il məzun olanlar Qarsda doktoranturaya başlayıb, amma bunu genişləndirmək lazımdır. 5 ildən sonra bura gələndə müəllimlər sırasında gənc müəllimləri görəcəyik. Yapon atalar sözündə deyildiyi kimi, biz burada tələbələrə balıq yeməyi deyil, balıq tutmağı öyrətməyə çalışırıq. 

- Naxçıvanda bu sahədə bir az çatışmazlıqlar var... 

- Bəli, burada yaşayan əhaliyə baytarlığın son dövrlərdə çox inkişaf etdiyini hiss etdirmək lazımdır. Onlar bunu bilmilər. Bizim tələbələrimiz sahəni gəzərək diplom almadan ixtisasını öyrənəcəklər. İnsanlar da biləcək ki, heyvan xəstələnəndə kimə müraciət etmək olar. Və ya diplom alan tələbə Naxçıvanın hər hansı rayonunda özəl klinika açıb xidmət edə biləcək.  

- NDU ilə əməkdaşlığınızı davam etdirməyi düşünürsünüz? 

- Yüz faiz (gülür). Əlbəttə. 

- Əlavə etmək istədiyiniz nəsə varmı? 

- Dünyada heyvan sağlamlığını insan sağlamlığı ilə eyni görüb nəzarət altına almaq istəyən strategiyalar var. Heyvanların nəsli tükəndikcə və ya təhlükəyə girdikcə insanlara zərər verən xəstəliklər, pandemiyalar başlayıb. “Tək sağlıq” şüarı altında bütün elm adamları, işləyənlər təməldə eyni təhsil alacaqlar, amma tədrisin irəliləyən illərində ixtisaslaşacaqlar. Bunu başladan isə Amerikadır. Onlar da deyir ki, biz gec qaldıq, dünyanın xilası üçün bütün tibb komandasını bir çərçivə içərisində toplamaq lazımdır. Naxçıvanda biz bunun bir addım gerisindəyik. Öncə heyvan sahiblərinə heyvanların da bir həkimi olduğunu və onların da yaşamaq haqqı olduğunu bildirmək lazımdır. Beləliklə, gənclərə də yeni iş yerləri yaranmış olacaq. Unutmayaq ki, baytarlıq insan sağlamlığına xidmət edən bir işdir.

Şərhlər

Xəbər lenti

16 oktyabr, 13:01

2026-cı ilə qədər Füzuli və Şuşa peşə təhsili mərkəzləri istifadəyə veriləcək

16 oktyabr, 12:56

Gələn ilin sonunadək 6000 nəfər peşə təlimlərinə cəlb ediləcək

16 oktyabr, 12:22

Gənc ixtiraçıların yarış həyəcanı – Naxçıvanda SAF-a hazırlıq

16 oktyabr, 12:08

Qısamüddətli peşə təlimlərini bitirmiş müdavimlərə sertifikat təqdim olunub

16 oktyabr, 11:56

MDU türk dünyası universitetləri ilə mübadilə imkanlarını genişləndirir 

16 oktyabr, 11:54

Kokand Universitetinin müəllimi AzMİU-da olub

16 oktyabr, 11:17

UNEC-in Startap İnkubasiya Mərkəzi beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 11:13

“Azad Mirzəcanzadə İnkişaf Proqramı”nın məlumat sessiyası keçirilib

16 oktyabr, 10:54

ADNSU-da vakansiyalar: Əməkhaqqı 3000 manatdan yüksəkdir

16 oktyabr, 10:50

“Rəqəmsal kommunikasiya və peşəkar imic” mövzusunda seminar keçirilib

16 oktyabr, 10:13

ADPU-nun Strateji İnkişaf Mərkəzi vakansiya elan edir

16 oktyabr, 10:04

Professor: Rəqəmsal texnologiyalar və süni intellekt dilçilik tədqiqatlarını genişləndirir

15 oktyabr, 17:52

Dövlət bağçasına gedən uşaqlar dövlət hesabına özəl bağçada təhsil ala bilərmi?

15 oktyabr, 17:39

Vüsalə Əliyeva: Valideynlər bağçalarla bağlı qayda pozuntusu müşahidə edirlərsə, müraciət etsinlər

15 oktyabr, 17:35

Dövlət-özəl maliyyələşmə modeli ilə bağçalara qəbul üçün tarix açıqlanıb

15 oktyabr, 17:30

Bəzi bağçalar qrant müsabiqəsində iştirak edə bilmək üçün təhsil haqlarını endiriblər 

15 oktyabr, 17:27

Sabahdan hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

15 oktyabr, 17:24

Bu il 5000-dən artıq uşaq qrant hesabına məktəbəqədər təhsilə cəlb ediləcək

15 oktyabr, 17:04

BSU-da maarifləndirici təlim keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.