Bütün xəbərlər
4 avqust, 09:30

Qərbi Azərbaycanda – Ermənistan ərazisində 1918-1921, 1948-1953 və 1987- 1991-ci illərdə sistemli və total şəkildə etnik təmizləmə həyata keçirilmiş və beləliklə, Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamışdır. Bu etnik təmizləmə böyük humanitar faciə olmaqla yanaşı, 1920-ci ildə Qərbi Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana verilməsi ilə Azərbaycanın əsas hissəsinin onun ayrılmaz hissəsi olan Naxçıvanla quru əlaqəsini kəsmək kimi mənfur geosiyasi məqsədə də xidmət etmişdir. Ermənistan minilliklər boyu Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin mədəni irsini, qədim yaşayış məskənlərini, məscidlərini, ziyarətgahlarını və qəbiristanlıqlarını məhv etmişdir. Ermənistanın bu destruktiv addımları həmin ərazilərdən Azərbaycan xalqının izini silmək və regionun tarixini yenidən yazmaq məqsədi daşımışdır.

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin Türkiyənin Ankara şəhərində “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətindən 

İndi Ermənistan adlanan ərazi Azərbaycanın tarixi əraziləri olmaqla yanaşı, Azərbaycan türklərinin tarixi-etnik torpaqları olmuşdur. Ermənilər bu əraziyə kütləvi surətdə 1828-ci il Türkmənçay müqaviləsindən sonra köçürülmüş, ruslara arxalanaraq ərazinin köklü sakinləri olan Azərbaycan türklərini sıxışdırmağa, tarixi-etnik vətənlərindən deportasiya etməyə başlamışlar.

Azərbaycanlılar ta qədimdən XX əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərinə qədər indiki Ermənistan ərazisində yaşamışlar. Bu torpaq Azərbaycan türklərinin ata-baba yurdlarıdır. Onlar zaman-zaman erməni təcavüzünə məruz qalaraq deportasiyaya olunmuşlar. Təkcə XX əsrdə dörd dəfə (1905-1906, 1918-1921, 1948-1953, 1987-1991) azərbaycanlılar indiki Ermənistan ərazisindən - tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuş, soyqırımına məruz qalmışlar. “Türksüz Ermənistan” uğrunda mübarizə aparan ermənilər və onların ideoloqları, eləcə də yaxın və uzaq xaricdəki havadarları etnik təmizləmə əməliyyatını 1991-ci il avqustun 8-də başa çatdırdılar. Həmin gün Meğri rayonunun ən böyük kəndlərindən biri - Nüvədi kəndi soyqırımına məruz qalaraq kəndin köklü sakinləri olan azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olundular. Beləliklə, indi Ermənistan adlanan Qərbi Azərbaycanda bir nəfər belə azərbaycanlı qalmadı. Ərazinin tarixinə nəzər saldıqda    XIX əsrin əvvəllərində  İrəvan şəhərində 7331 nəfər azərbaycanlı, 2369 erməni, İrəvan xanlığının Zəngibasar mahalında 5413 nəfər azərbaycanlı, 603 erməni, Gərnibasar mahalında 4176 nəfər azərbaycanlı, 145 erməni, Vedibasar mahalında 3449 nəfər azərbaycanlı, 15 erməni, Saatlı mahalında 1004 nəfər azərbaycanlı, Seyidli və Axsaxlı mahalında 1754 azərbaycanlı, 28 erməni, Sərdarabad mahalında 1837 nəfər azərbaycanlı, 3214 erməni, Dərəçiçək mahalında 1300 nəfər azərbaycanlı, 552 erməni, Göyçə mahalında 5607 nəfər azərbaycanlı, 90 erməni, Naxçıvan xanlığının Dərələyəz mahalında 4583 nəfər azərbaycanlı, 288 erməni yaşamışdır. 

Tarixdən gələn səslər və ya Türkmənçay müqaviləsinin acı nəticələri

İ.Şopenin məlumatına əsasən, Türkmənçay müqaviləsindən sonra, 1828-1830 - cu illərdə İran və Türkiyədən   İrəvan şəhərinə 1763, Qırxbulaq mahalına 1274, Zəngibasar mahalına 2360, Gərnibasar mahalına 5359, Vedibasar mahalına 1069, Sərdarabad mahalına 377, Karpibasar mahalına 3073, Abaran mahalına 8875. Dərəçiçək mahalına 6798, Göyçə mahalına 8557, Dərələyəz mahalına 2773 erməni köçürülüb yerləşdirilmişdir. Bununla da Azərbaycan türklərinin indiki Ermənistan ərazisindən - tarixi-etnik torpaqlarından deportasiyası üçün real zəmin yaradıldı.

1905-1906-cı illərdə baş verən erməni-azərbaycanlı müharibəsi, 1914-cü ildə başlanan I Dünya müharibəsi və 1918-ci ildə indiki Ermənistanda daşnakların hakimiyyətə gəlməsi nəticəsində azərbaycanlılar ermənilərin soyqırımına məruz qalmışlar. Erməni mənbələrinə istinad edərək qeyd edə bilərik ki, təkcə 1919-1920-ci illərdə Abaran rayonundan 3691, Allahverdi (indiki Tumanyan) rayonundan 1666, Axta (indiki Razdan) rayonundan 8053, Ağbaba (indiki Amasiya, Axuryan və Qukasyan rayonları) rayonundan 13645, Əştərək rayonundan 11313, Basarkeçər (indiki Vardenis) rayonundan 26238, Gorus rayonundan 1429, Çəmbərək (Krasnoselo) rayonundan 512, Talin rayonundan 7688, Leninakan (indiki Spitak və Quqark rayonları) rayonundan 3410, Abovyan rayonundan 9436, Qəmərli (Artaşat) rayonundan 24149, Qafan rayonundan 12657, Qurduqulu rayonundan 8490, Qaranlıq (indiki Martuni) rayonundan 3190, Meğri rayonundan 8508, Yeni Bayazid (indiki Kamo) rayonundan 4077, Qarakilsə (indiki Sisyan) rayonundan 17880, Calaloğlu (Stepanavan) rayonundan 1868, Vağarşabad (Eçmiədzin) rayonundan 27750, Vedi (indiki Ararat) rayonundan 8933, Keşişkənd (indiki Yeğeqnadzor) rayonundan 14837, Paşalı (indiki Vayk) rayonundan 8933 azərbaycanlı deportasiya olunmuşdur.

Sovet hakimiyyəti dövründə azərbaycanlıların indiki Ermənistandan dövlət səviyyəsində, özü də SSRİ adlanan nəhəng imperiya tərəfindən deportasiyası köçürülmə adı ilə həyata keçirilmişdir. SSRİ Nazirlər Sovetinin 1947-ci il dekabrın 23-də “Ermənistan SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 saylı və 1948-ci il martın 10-da isə həmin qərara əlavə olaraq qəbul edilən “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” 754 saylı qərarlarına əsasən    1948-1953 - cü illərdə 150 min azərbaycanlı tarixi-etnik torpaqlarından deportasiya edilmişdir.

1988-1991-ci illərdə isə Rusiyanın köməyi ilə Ermənistan dövləti tərəfindən indiki Ermənistan ərazisindən 300  mindən artıq azərbaycanlı deportasiya olunmuşdur. Ümumiyyətlə, XX əsrdə iki milyon azərbaycanlı indiki Ermənistandan - Qərbi Azərbaycandan - tarixi-etnik torpaqlarından qovulmuşlar.  Bütün bu dövrlərdə Qərbi azərbaycanlılar həm fiziki, həm də mənəvi genosidin qurbanı olmuşlar.

Tarixə şahidlik edən epiqrafik abidələr-qəbiristanlıqlar

Orxon-Yenisey abidələri    türk xalqlarının keçmişini, mədəniyyətini, dövlətçilik ənənələrini və dilini öyrənmək üçün mühüm mənbədir. Məhz Qərbi Azərbaycandakı qəbiristanlıqlarda ayrı-ayrı qəbirlərin baş daşlarında əksinib tapan yazılar da  Orxon-Yenisey abidələrindəki yazılar kimi azərbaycanlıların tarixi keçmişinin, mədəniyyətinin, etnik mənsubiyyətinin öyrənilməsində əsas mənbələrdən biri olaraq tarixi heç bir vaxt itirməyəcək.

Qərbi  azərbaycanlılar tarixi etnik torpaqlarından deportasiya edilmiş, türk mənşəli toponimlər dəyişdirilmiş,  minə yaxın yaşayış məntəqəsi tarixin səhifəsindən silinmiş, eyni zamanda azərbaycanlıların mədəni tarixini özündə əks etdirən maddi mədəniyyət nümunələrini ermənilər mənimsəmiş, yüzlərlə epiqrfik abidələr yerlə yeksan edilərək vandalizmun qurbanı olmuşdur. Məhz bu baxımdan  Qərbi Azərbaycanın maddi mədəni irsinin öyrənilməsi, elmi aspektdə araşdırılması bu ərazilərdə  yaşamış Azərbaycan türklərinin tarixini, coğrafiyasını, minillik tarixə malik maddi mədəniyyəti haqqında tam təsəvvür yaradır.  Araşdırmalar göstərir ki, indi Ermənistan adlanan Qərbi Azərbaycanın qədim tarixini özündə əks etdirən zəngin, özü də təkzibedilməz türk mənşəli toponimlərilə yanaşı, obrazlı ifadə etsək, qədimdən də qədim epiqrafik abidələri-qəbiristanlıqları öz   qədim tarixi ilə diqqəti cəlb edir. 

Cənubi Qafqazın bir parçası olan Qərbi Azərbaycan  minillik tarixi özündə yaşadan, azərbaycanlıların ərazinin köklü sakinləri olduğunu təsdiq edən mənbələrdən biri də qəbirstalıqlarıdır. Ümumiyyətlə, qəbiristanlıqlar azərbaycanlıların öz əcdadlarının həmişə xatırladıqları, əzizlərinin uyuduqları müqəddəs bir məkandır, “əcdadımızın mədfənidir”  (Abbas Səhhət).  Bu gün Qərbi azərbaycanlılar tarixi-etnik torpaqlarında uyuyan əzizlərini nəinki ziyarət etməklərindən  məhrumdur, həm də əzizlərinin qəbirləri erməni vandalizminin qurbanı olaraq yer üzündən silinmişdir.

Epiqrafik abidələr-qəbiristanlıqlar  ərazinin etnik tarixinin öyrənilməsi baxımından çox mühüm elmi əhəmiyyət daşıyır. Qərbi Azərbaycanın bütün bölgələrində, xüsusilə Ağbaba, Basarkeçər, Çəmbərək, Qəmərli, Paçalı, Üçkilsə  rayonlarında  minillik tariximizi yaşadan və bilavasitə azərbaycanlıların (qədim türklərin) tarixini, mifik dünyagörüşünü özündə əks etdirən  qoç heykəlləri,  qoyun başı olan qəbir daşları bu ərazilərdə azərbaycanlıların qədimdən yaşadığını təsdiq edən ən mühüm  və təkzibedilməz  faktlardır. Bunları tarixləşdirmək, sənədləşdirmək, tədqiqata cəlb edərək dünya ictimaiyyətinə çatdırmaq Azərbaycan tarixşünaslığı qarşısında duran əsas vəzifələrdən biridir. Bu baxımdan  Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli və AMEA-nın əməkdaşı, araşdırıcı Səbuhi Hüseynovun müəllifliyi ilə 2025-ci ildə çap olunan  Qərbi Azərbaycan irsi: “Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar, I cild (Bakı: Şərq-Qərb, 2025, 896 səh.) fundamental, özü də çox aktual mövzuya həsr edilmiş   kitabı diqqəti cəlb edir. “Qərbi Azərbaycan irsi” seriyasından olan tədqiqatın 5 hesabatdan ibarət olması nəzərdə tutulur ki, onların  I, II, III hesabatları Qərbi Azərbaycanda Ermənistan dövləti tərəfindən xarabalığa çevrilmiş qəbiristanlıqlara, IV hesabatı Qərbi Azərbaycanda məhv edilmiş məscidlərə, V hesabat  Qərbi Azərbaycanda dağıdılan və məhv edilən pirlər və türbələrə həsr ediləcək. 

Kitabın ideya müəllifi və layihə rəhbəri professor Ədalət Vəliyev kitaba yazdığı ön sözdə  bu tədqiqatla bağlı qeyd edir ki,  Azərbaycanda ilk dəfə Ermənistan tərəfindən azərbaycanlıların qəbiristanlıqlarının sistemli şəkildə dağıdılması siyasəti və onun nəticələri tədqiqat obyektinə çevrilmişdir. Bu tədqiqat azərbaycanlıların tarixi-etnik torpaqları olan Qərbi Azərbaycandakı qəbiristanlıqlara qarşı Ermənistan dövləti tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən vandalizm siyasətinin sənədləşdirilməsinə həsr edilmişdir. 

Tarixin müxtəlif zaman kəsiyində  Qərbi azərbaycanlıların öz tarixi-etnik  torpaqlarından deportasiyaları, əsrlərlə yaşadıqları doğma yurdlarda qoyub gəlməyə məcbur olduqları maddi-mədəni abidələri ictimaiyyətə, geniş oxucu kütləsinə çatdırmaq və həmçinin bir daha xatırlatmaq, etnik-milli  xüsusiyyətlərinə görə abidələrin başına gətirilən min bir faciələr haqqında ən etibarlı mənbələrə və sənədlərə istinadən məlumatları çatdırmaq kimi qədirşünaslıqla, eləcə də milli təəssübkeşliklə müqəddəs iş görmək rəğbətlə qarşılanmağa layiqdir. Problemin araşdırılması müstəsna elmi-tarixi və siyasi aktuallıq kəsb edir. Əziz Ələkbərli və Səbuhi Hüseynovun müəllifliyi ilə çap olunan Qərbi Azərbaycan irsi: “Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair”  adlı kitab  tarixi gerçəkliklərin bilinməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Mötəbər mənbələrə və rəsmi sənədlərə (XIX-XX əsrlərə aid hərbi-topoqrafik xəritələr, 1960-1980-ci illərin ABŞ kəşfiyyat peyklərinin təsvirləri) istinad edilməklə yazılmış  əsər, tarixi olduğu kimi əks etdirir. Hesabat indi Ermənistan adlanan Qərbi Azərbaycanda tarixən azərbaycanlıların yaşadığı və dəfn olunduğu 201 qəbiristanlığın müasir peyklər vasitəsilə tədqiqi, tarixi-müqayisəli təhlili və  monitorinqi aparılıb. Bütün bunlar bir daha sübut edir ki, indiki Ermənistan ərazisi ermənilərə məxsus olmayıb, onlar gəlmədirlər və bu ərazi sonradan erməniləşdirilib.

Kitabın I hissəsi “Ermənistanda azərbaycanlılara məxsus qəbirstanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi mədəniyyətə dair” hesabat adlanır. Hesabatın I hissəsində tədqiqatın məqsədi, predmeti, tədqiqatın metodoloji prinsipləri, mənbələri: təsnifatı və xarakteristikası, tədqiqatın mərhələləri, qəbiristanlıqlara dəyən zərər: müəyyən edilmə metodu və tətbiqi, ümumi nəticələr: əldə edilən məlumatların sistemləşdirilməsi və təhlili, beynəlxalq məsuliyyət: qəbiristanlıqların dağıdılmasına görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti geniş, həm də əsaslandırılmış və elmi şəkildə izah edilir.

Kitabın II hissəsi  “Ermənistanda azərbaycanlılara məxsus qəbirstanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə  dair” hesabatın materialları adlanır. Mövzunun tam aydınlığı məqsədilə xarabalığa çevrilmiş, məhv edilmiş qəbiristanlıqların yerləşdiyi rayonların tarixi haqqında  qısa məlumat verilir ki,  bunu müsbət qiymətləndiririk.  Daha sonra qəbiristanlığın yerləşdiyi coğrafi ərazinin tarixi, indiki vəziyyəti haqqında geniş məlumat verilir. Ləğv edilmiş hər bir  qəbiristanlığın təhlili, coğrafi lokasiyası verilir və onunla bağlı istinad olunmuş ədəbiyyat göstərilir ki, bu  da epiqrafik abidələrin öyrənilməsinin elmi prinsipi ilə birbaşa bağlıdır.

Kitabda Axta rayonunda 5, Allahverdi rayonunda 2, Amasiya rayonunda 20, Barana rayonunda 3, Basarkeçər rayonunda 31,  Böyük Qarakilsə rayonunda 8, Çəmbərək rayonunda 13, Ellər, Əştərək, Qəmərli, Qızılqoç rayonlarının hər birində 1, Gorus rayonunda 3, Hamamlı rayonunda 4, Karvansara rayonunda 9, Keşişkənd rayonunda 7, Qafan rayonunda 27, Qarakilsə rayonunda 13, Mığri  rayonunda 8, Paşalı rayonunda 6, Talın rayonunda 3, Vedi rayonunda 15, Varontsovka (Kalinino) rayonunda 9, Zəngibasar rayonunda 11 ləğv olunmuş qəbiristalıq tədqiq və təhlil edilir. Hesabatda Qərbi Azərbaycanda ləğv edilmiş qəbiristanlıqlar ümumi şəkildə deyil,  individual formada araşdırılır, yəni qəbiristanlıqlar məzmun baxımından təsnif edilir. Qəbiristanlıqlar kəndlər üzrə həm ümumi formada, həm də təzə və ya köhnə olması formasında göstərilir. Bununla yanaşı ermənilərlə, eləcə də ruslarla (molokanlarla) birgə yaşayış olmuş kəndlərdə azərbaycanlıların qəbiristanlığı ayrıca salınmışdır və hesabatda bu tipdən olan qəbiristanlıqlar “müsəlman qəbiristanlığı”  adı ilə təqdim olunur. Məsələn: Həmzəçimən müsəlman qəbiristanlığı (Böyük Qarakilsə rayonu), Şorca kənd müsəlman qəbiristanlığı (Çəmbərək rayonu), Mixaylovka kəndinin müsəlman qəbiristanlığı (Kalinino rayonu), Ələyəz kəndinin müsəlman qəbiristanlığı (Keşişkənd rayonu). Eyni zamanda hesabatda Qərbi Azərbaycanın bir neçə kəndindəki qəbiristanlıq   2 və ya 3 olduğu üçün siralanma formasında verilir:  Nüvədi kəndinin I qəbiristanlığı,  Nüvədi kəndinin II qəbiristanlığı,  Nüvədi kəndinin III qəbiristanlığı (Mığrı rayonu); Şöllü Mehmandar kəndinin I qəbiristanlığı,   Şöllü Mehmandar kəndinin II qəbiristanlığı. Kitabda elmi əhəmiyyət kəsb edən, qəbiristanlığın qədim dövrə mənsub olduğunu, bununla da ərazinin köklü sakinlərinin azərbaycanlılar olduğunu təsdiq edən qəbiristanlıqlardan da bəhs edilir. Göy Məhəmməd orta əsr qəbiristanlığı (Hamamlı rayonu), Urud kənd orta əsr qəbiristanlığı (Qarakilsə rayonu) elmi baxımdan  diqqəti xüsusi olaraq cəlb edir. Kitabda həmçinin məhəlli xarakterli qəbiristanlıqların əksini tapması xüsusi maraq doğurur. Çəmbərək rayonundakı Ağbulaq kəndinin Çaxmaqlı qəbiristanlığı, Qarakilsə rayonundakı Ağudi kəndinin Ağyazı qəbiristanlığı, Vedi rayonundakı Böyük Vedi kəndinin Kosanlı və  Paskilər məhəlləsi qəbiristanlıqları bu tipdən olan qəbiristanlıqlardır.

“Qərbi Azərbaycan irsi” kitabında  Basarkeçər rayonunun Ağkilsə kəndinin təzə  qəbiristanlığı ilə yanaşı  Azərbaycan aşıq sənətinin görkəmli  nümayəndəsi Aşıq Ələsgərin qəbrinə ayrıca yer verilməsini xüsusi qiymətləndiririk. İlk olaraq Aşıq Ələsgər haqqında yığcam məlumat verilir, daha sonra qəbrin təhlili, coğrafi lokasiyası və istinad edilən mənbələr göstərilir. Dahi söz ustasının qəbrinin, üstündə qoyulmuş büstünün dağıdılması erməni vandalizminin iç üzünü aydın şəkildə göstərir.

Kitabda diqqətimizi çəkən  Axta rayonu ərazisində yerləşən Altuntaxt  qəbiristanlığının verilməsidir. Altuntaxt İrəvan xanlığının Göyçə mahalında kənd olmuşdur.  XIX əsrdə yaradılan yeni inzibati-ərazi  bölgüsünə əsasən İrəvan quberniyasının Yeni Bayazid qəzasına, indiki Kəvər (Kamo) rayonu ərazisinə daxildir. Yaşayış məntəqəsi kimi VII əsr ədəbi abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanlarında adı çəkilir. Deməli, Altuntaxt yaşayış məntəqəsi kimi VII əsrdən məlumdur. 

XX əsrin 20-ci illərində yaşamış Şərif Şikəstə adlı şair də “Dedilər” şeirində “Altuntaxt”ın yaşayış məntəqəsi kimi xarabalığa çevrilməsindən yana-yana bəhs edir:

1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə Altuntaxt Altunküşni kəndi adı altında qeyd edilir. 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə Göyçə nahiyəsinə daxil olan kəndlərin siyahısında Altuntaxt kəndinin də adı qeyd edilir və göstərilir ki, kəndin gəliri 4.210 ağça olmuşdur.

Daşların harayı və ya  tarixin daş yaddaşı

Sosial-siyasi, milli-mədəni, elmi baxımdan Qərbi Azərbaycanda azərbaycanlıların maddi-mədəni irsinin, o cümlədən qəbiristanlıqların  tədqiq və təbliğ edilməsi soykökünə bağlılıq, milli özünüdərk, milli tarixi şüur, habelə milli kimlik və milli-mədəni irs məsələləri ilə bağlı Azərbaycan tarixşünaslığında çoxdan bəri yaranmış böyük bir boşluğu doldurmaq, həmçinin, bir çox cavabı dəqiq olmayan mübahisəli məsələləri aradan qaldırmaq, urbosid və etnosid aktlarını üzə çıxarmaq  baxımından  xüsusi elmi əhəmiyyətə malikdir. Kitabı vərəqlədikcə, tarixi torpaqlardakı qədim və zəngin maddi-mədəni irsimiz bizə fəxr və qürur hissi yaşatsa da, onların taleyi və aqibəti ilə əlaqəli “ermənilər tərəfindən dağıdılıb”, “məhv edilib”, “yer üzündən silinib” sözlərini oxuduqda isə mənəvi cəhətdən gərginləşməmək, ermənilərin vandalizminə qəzəblənməmək mümkün deyil.

Qərbi Azərbaycanda uzun illər yaşamış azərbaycanlılara məxsus qəbiristanlıqlar və digər dini-mədəni abidələr sistemli şəkildə dağıdılmış, məqsədyönlü şəkildə məhv edilmişdir. Bu vandalizm aktları Ermənistanın monoetnik dövlət quruculuğu siyasəti çərçivəsində həyata keçirilmiş və azərbaycanlıların minillik mədəni irsinin silinməsinə xidmət etmişdir. Kitabdan məlum olur ki,  Qərbi Azərbaycanda 154 qəbiristanlığın məhv edilmə tarixini təyin etmək mümkün olmuşdur. 10 qəbiristanlığın məhv edilmə tarixi KH-7 Gambit və KH-9 Hexagon peyk təsvirlərindən istifadə etməklə müəyyən olunmuşdur. Ərazidəki azərbaycanlılara məxsus qəbiristanlıqlar SSRİ-nin son dövrlərində-1967-1989-cu illərdə, əksər qəbiristanlıqların dağıdılıb məhv edilməsi  isə 2006-cı ildən sonra baş vermişdir. Azərbaycanlılara məxsus qəbiristanlıqların məhv edilməsi iki mühüm istiqamətdə həyata keçirilmişdir:

1) qəbiristanlıqların məhv edilməsi  dövlət səviyyəsində, planlı şəkildə həyata keçirilmişdir. 

Məhv edilmiş qəbiristanlıqların ərazilərindən kənd təsərrüfatı təyinatlı torpaqlar kimi və həmçinin nəqliyyat, rabitə, sənaye  təyinatlı torpaqlar kimi istifadə edilmiş, ictimai iaşə binaları, məktəblər,  park və ictimai xarakterli tikililər inşa edilmiş, eləcə də  həyətyanı sahələr, bağça və bostanlar, rəsmi şəkildə icazə verilməklə azərbaycanlıların qəbiristanlıqlarının yerində yeni qəbiristanlıqlar  salınmışdır. 

2) qəbiristanlıqlar yaşayış məntəqələrinin erməni sakinləri tərəfindən məhv edilmişdir.

Belə ki, Qərbi Azərbaycanda azərbaycanlılara məxsus qəbiristanlıqlar yerli sakinlər tərəfindən “təftiş” edilmiş, daha doğrusu, qəbiristanlıqlarda goraeşənlik həyata keçirmişlər. Qəbirləri qazaraq insanlığa yaraşmayan hərəkət etmiş, qızıl diş axtarışına çıxmışlar.  Dəfn olunmuş azərbaycanlıların qızıl dişlərini sökərək qəbirləri dağıtmışlar. Başqa bir formada isə  qəbirlərdə istifadə edilmiş qiymətli  baş daşlari, sinə daşları  sökülərək ya satılmış, ya da tikinti materialları kimi istifadə edilmişdir. Daha dəhşətlisi isə azərbaycanlıların dəfn olunduğu qəbirlər açılaraq   elə onun üstündən öz ölülərini dəfn etmişlər.  Biz belə hallara 30 ildən sonra azad olmuş Qarabağdakı,  eləcə də Şərqi Zəngəzurdakı azərbaycanlı qəbiristanlıqlarında müşahidə etmişik. Bu da ermənilərin azərbaycanlılara qarşı törətdikləri vandalizmin daha  bir formasıdır. 

“Qərbi Azərbaycan irsi”  kitabının  əhəmiyyəti

Ermənistanda azərbaycanlılara məxsus maddi-mədəni irsin, Qərbi Azərbaycnda toponimlərin dəyişdirilməsinə dair ölkəmizdə bir sıra işlər görülüb. Ancaq nə qədər yazılsa da, yenə də az olduğu şəksizdir. Konkret olaraq   “Qərbi Azərbaycan irsi”   seriyasından olan tədqiqatlar aparılmamışdır. Bu baxımdan Qərbi Azərbaycan irsi: “Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair”  hesabat və materiallar kitabının praktik əhəmiyyət daşıdığı xüsusilə diqqəti cəlb edir. Onun materiallarından gələcək elmi-tədqiqat işlərində, təhsil sistemində, xarici siyasət fəaliyyətində, parlament diplomatiyasında, diaspora fəaliyyətində və kütləvi təbliğat işində istifadə etmək olar. 

Kitabın əhatə etdiyi böyük tarixi keçmişi müəlliflərin  sistemləşdirərək təqdim etməyə çalışması, dəqiq və lakonik məlumatları çatdırmağa müvəffəq olması təqdirəlayiqdir. Siyasi və elmi, tarixi və mədəni baxımdan  maraqlı və gərəkli olan bu kitabın tərtibindəki səliqə və tərtibat prinsipi - materialların qruplaşdırılması, coğrafi kordinatlarının  verilməsi kitabın istifadəsini asanlaşdırmaqla yanaşı, xalqımızın əlindən alınan nəhəng tarixi mirasın genişliyini və əhatəliyini görməyə  kömək edir.

Kitabın tərtibatı və elmi tutumu, məhv edilmiş qəbiristanlıqlara aid illustrativ materialların verilməsi, istinad edilmiş ədəbiyyatın zənginliyi onun elmi dəyərini artırır, bu sahədəki boşluğu doldurur, gələcək elmi-tədqiqat işləri üçün məlumat nəşri kimi xüsusi dəyər qazanır. Həmin ərazilərin Azərbaycanın tarixi torpaqları olduğuna dair bütün iddiaları dağıdır və oranın əsl sahibinin Azərbaycan türkləri  olduğunu sübut edir.

Kitabın “Ön sözü”nün müəllifi professor Ədalət Vəliyev doğru olaraq qeyd  edir: “Əminik ki, tədqiqat müvafiq beynəlxalq təşkilatlar qarşısında Ermənistanın hüquqi məsuliyyətinə dair məsələ qaldırılması baxımından əhəmiyyətli olacaqdır. Beynəlxalq təşkilatların və dünya dövlətlərinin bu məsələyə diqqəti Ermənistanda azərbaycanlılara məxsus olan və hələ də xarabalığı qalan 50 qəbiristanlığın yer üzündən silinmək təhlükəsini aradan qaldırmağa kömək edəcəkdir.”

Yeri gəlmişkən onu da qeyd etmək yerinə düşər ki, Dərələyəz mahalının Keşişkənd rayonunun Qabaxlı kəndindəki təzə və köhnə, Karvansaray rayonundakı Qanlı yol və digər  qədim qəbirstanlıqlardakı sənduqələr, qoç və at heykəlləri, onların üzərindəki şəkillər və yazılar, məscidlərin daş kitabələri bu ərazinin köklü sakinlərinin islama qədərki və ondan sonrakı mədəniyyəti, məişəti, adət-ənənəsi haqqında əvəzsiz tarixi məlumat daşıyıcılarıdırlar. Göyçə mahalındakı ayrı-ayrı kəndlərdəki    köhnə qəbirstanlıqlarda -Pəmbək, Böyük Məzrə, Cil, Ağbulaq kəndlərindəki  köhnə qəbirstanlıqlarda bir-birinə qonşu qədim Oğuz və Qıpçaq qəbirlərindəki  daş kitabələr hələ islama qədərki dövrdən xəbər verməklə yanaşı,  Göyçə mahalında  qədimdən aşıq-ozan sənətinin beşiyi olduğunun ən bariz göstəricisidir. 

Son olaraq qeyd edək ki, kitab böyük əməyin və zəhmətin nəticəsinin məhsuludur. Müəlliflər - Ə.Ələkbərli və S.Hüseynov  böyük bir tarixi həqiqətlərin oxuculara çatdırmaqda vətəndaşlıq nümunəsi, yurda, torpağa bağlılıq nümunəsi göstərmişdir. İnanırıq  ki, kitab  dünya ictimaiyyətinin diqqətini cəlb edəcək, Ermənistanda azərbaycanlıların tarixi mədəni irsinə qarşı törədikləri erməni vandalizminin iç üzünü aydın görəcək. Ermənistanın bu kimi əməlləri insanların dini və mədəni kimliyinə qarşı yönəlmiş mədəni təmizləmə siyasəti kimi qiymətləndirilə bilər və bu məsələ beynəlxalq hüquqi tribunal səviyyəsində də araşdırılmalıdır.

İbrahim BAYRAMOV,

ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, Əməkdar müəllim

Şərhlər

Xəbər lenti

4 avqust, 11:15

Dövlət qayğısının təzahürü olan sənədlər

4 avqust, 10:54

BSU-nun Təhsil fakültəsi müasir mütəxəssislər hazırlayır

4 avqust, 10:21

Dövlət Proqramı çərçivəsində magistraturaya qəbulun nəticələri açıqlanıb

4 avqust, 10:10

“Coursera” platformasında bir sıra kurslar ana dilimizə dublyaj olunub

4 avqust, 09:43

Ali təhsil müəssisələrinin sərgisi başa çatıb

4 avqust, 09:17

ADNSU-da “Açıq qapı" günü keçirilib

2 avqust, 21:15

Məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanıblar

2 avqust, 13:20

AHİK-də qalib futzal komandasının heyəti ilə görüş keçirilib

2 avqust, 11:19

Vakansiya seçimində ünvanını səhv göstərən müəllimlər bunu necə düzəldə bilərlər?

2 avqust, 11:16

Yaşadığı ərazidə vakant yer olmayan müəllimlərin alternativ seçim imkanı olacaq? – RƏSMİ CAVAB

2 avqust, 11:13

Nurlan İsmayılbəyli: “Faktiki yaşayış yeri” meyarının tətbiqi digər bölgələrə seçimi məhdudlaşdırmır

1 avqust, 19:53

BDU və Yerusəlim İbrani Universiteti birgə ikili diplom proqramına qəbul elan edir

1 avqust, 19:48

BDU “Ərəb dili ayı”nın açılış həftəsinə ev sahibliyi edəcək

1 avqust, 19:32

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub

1 avqust, 18:39

Elm və təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

1 avqust, 17:57

Avropada tam ştatlı məcburi təhsildə tövsiyə edilən illik tədris müddəti 2024/2025

1 avqust, 17:43

Yaşlıların təhsili üzrə tendensiyalar

1 avqust, 17:03

Kimyanı sevdirən müəllimlər: Onlar buna necə nail olurlar?

1 avqust, 16:37

“NEQSOL Holding” ”Parla"ya görə beynəlxalq mükafat aldı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.