Bütün xəbərlər
19 mart, 11:38

Ümumi təhsil müəssisələrində proseslərin avtomatlaşdırılması məqsədilə yaradılan “Rəqəmsal məktəb” rəqəmsal mühitdə öyrənmə, tədris, ünsiyyət və əməkdaşlıq platformasıdır. Bu platforma şagird, valideyn, müəllim və direktor rolları üzrə tədris resurslarının idarəedilməsi və tənzimlənməsi imkanlarını təmin edir. 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova “Azərbaycan müəllimi”nə müsahibəsində platformanın üstünlükləri və gələcək imkanlarından bəhs edib: 

– “Rəqəmsal məktəb” platformasının yaradılmasının əsas məqsədi nədir? Bu platformanın təhsildə hansı yenilik və dəyişikliklərə səbəb olacağı gözlənilir?

– “Rəqəmsal məktəb” platforması hazırda pilot rejimdə fəaliyyət göstərir. Platformanın yaradılmasında əsas məqsəd tədrisin, öyrənmə və öyrətmə prosesinin rəqəmsallaşması və elektronlaşması ilə yanaşı, tədrisin keyfiyyətinin artırılması, dərs prosesinin izlənməsi, şagirdlərin nailiyyətləri, davamiyyəti, nizam-intizam qaydalarına riayət olunması kimi fəaliyyətlərin effektiv icrasına nəzarəti təmin etməkdir. Çünki platforma bizə imkan verəcək ki, real rejimdə dərs prosesində – 45 dəqiqə ərzində baş verən proseslərdən anında xəbərdar olaq. Platforma dərs prosesində şagirdlərin davamiyyəti, müxtəlif fənlər üzrə göstəricilərinin daha yüksək və zəif olması barədə real rejimdə məlumat əldə etməyə kömək edir. 

– “Rəqəmsal məktəb” platforması hansı ərazi və məktəbləri əhatə edir?

– Platforma hazırda Bakı şəhərində yerləşən 324 təhsil müəssisəsini əhatə edir. Bunlar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və birbaşa agentliyə tabe olan təhsil müəssisələridir. Pilot rejimdə olduğu üçün hazırda platformanın texniki imkanları, müəllimlərin istifadə zamanı qarşılaşa biləcəyi çətinliklər araşdırılır. Sentyabr ayından platformanın ölkə miqyasında genişləndirilməsi planlaşdırılır. Bu zaman təhsil müəssisəsinin müvafiq infrastrukturunun olması mütləqdir.

– Platformanın hazırda test rejimində fəaliyyət göstərdiyini qeyd etdiniz. Sınaq müddətində çətinliklər meydana çıxıbmı?

– Rəqəmsallaşma prosesi olduğu üçün müəyyən texniki məsələlərin həlli vacibdir. Platforma təkmilləşdirildikcə yeni funksiyalar əlavə edildi. Müəllimlərin perspektiv və dərs planlarının əlavə edilməsində məzmun eyniləşməsi aparıldı. Müvafiq olaraq, hər bir müəssisədən əlaqədar şəxslər təyin olunub. Qarşıya çıxan çətinlikləri bizə bildirirlər. Məsələ dərhal araşdırılır, əgər texniki problemdirsə, platformaya müvafiq funksionallıqlar əlavə edilir, əgər pedaqoji məsələdirsə, müəllimlərin təlimatlandırılması istiqamətində fəaliyyətlər icra edilir.

– Bu platformaya qoşulan və ya gələcəkdə qoşulacaq məktəblər hansı texniki imkanlara malik olmalıdır? 

– Ümumiyyətlə, məktəbdə müvafiq sürətli internet şəbəkəsinin olması mütləqdir. Platforma real rejimdə işlədiyi üçün dərs prosesində şagirdlərin qiymətləndirilməsi, davamiyyət göstəricisinin yazılması üçün kompüterlər internetə qoşulmalıdır. Biz müəllimlərin istifadə etməsi üçün Bakı şəhərindəki bütün təhsil müəssisələrinin sinif otaqlarını kompüter avadanlıqları ilə təmin etmişik. Platformaya qoşulan təhsil müəssisələrinin sayı artdıqca sinif otaqları yeni kompüter avadanlıqları ilə təmin edilməlidir. Çünki 45 dəqiqə müddətində şagirdlərin davamiyyəti, formativ və ya yarımillikdə summativ qiymətləndirilməsi həmin gün ərzində qeyd edilməlidir. 

– Platformaya hansı sinif və fənlər üzrə mövzular əlavə edilib?

– Bu proses hazırda davam edir. Platformada ibtidai sinif üzrə Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərini əhatə etməklə, 930-dan çox video resurs yerləşdirilib. 5, 6 və 7-ci sinif şagirdləri üçün ana dili, riyaziyyat, biologiya, kimya, təbiət və xarici dil fənləri üzrə 350-dən artıq video resurs yerləşdirilib. Bu sayın artırılması planlaşdırılır.
Mövcud video resurslar şagirdlərin çətinlik çəkdiyi, tədris zamanı öyrənmə, mənimsəmə dərəcəsinə görə çətin mövzuları əhatə edir. Şagird artıq dərsdən sonra həmin dərsin video izahını təkrar izləyə, həmin video dərslə əlaqəli yerləşdirilən test tapşırıqlarını işləyə və dərhal öz nəticəsini görə bilir. 

– Elektron jurnalların yaradılması ənənəvi kağız jurnalların taleyinə necə təsir edəcək? Kağız jurnallar tədricən ləğv ediləcək? 

– Hazırda bu istiqamətdə müvafiq qanunvericilik aktları araşdırılır. Rəqəmsallaşma prosesi çərçivəsində sadəcə kağız jurnalların deyil, şagirdlərin şəxsi işləri ilə bağlı digər kağız materialların, müəllimlərin perspektiv, tematik və dərs planlarının, şagirdlərin gündəliklərinin elektron versiyaya keçidi nəzərdə tutulub. Prosesin elektronlaşdırılması ilə müəllimin iş yükü azalacaq, qənaət edilmiş vaxtdan daha  səmərəli istifadə ediləcək. 

Kağız jurnalların şagirdlərin summativ qiymətləndirilməsi ilə bağlı olan hissəsinin 5 il və daha artıq müddətdə dövlət sənədi kimi saxlanması mütləqdir. Elektron versiyada da həmin məlumatlar eyni zaman aralığında saxlanılacaq. 

– Elektron resurslar kibertəhlükəsizlik məsələlərini də gündəmə gətirir. Sistemə kənardan müdaxilə və ya kiberhücum təhlükələri ola bilərmi? Bununla bağlı hansı tədbirlərin görülməsi nəzərdə tutulub? 

– Platformada SİMA vasitəsilə və şəxsi identifikasiya kodu ilə qeydiyyatdan keçmək olar. Şagirdlərin birbaşa qeydiyyatı mümkün deyil. Əvvəlcə valideyn qeydiyyatdan keçməlidir ki, onun övladı ilə bağlı məlumatlar səhifəsində əks edilsin. Valideyn hər hansı bir fin kodu yazıb platformaya kimisə əlavə edə bilməz. Əlavə edilən şagirdin valideynin öhdəliyində olub-olmaması yoxlanılır. Bu məsələ təsdiqini tapırsa, valideyn şagird olan övladı ilə bağlı məlumatları görmə hüququnu əldə edir.  Müəllim və direktorlar şəxsi identifikasiya kodu ilə və ya SİMA vasitəsilə qeydiyyatdan keçdikdən sonra UTİS (Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemi) vasitəsilə onların müvafiq təhsil müəssisəsində fəaliyyət göstərib-göstərmədikləri yoxlanılır. Təsdiq olunduqdan sonra həmin şəxsin platformada qeydiyyatına icazə verilir. Əks halda, qeydiyyatdan keçmədən heç bir vətəndaş əsas baza məlumatlarını görə bilməz. Sadəcə, ümumi təhsil müəssisəsinin yerləşdiyi rayonu, şagirdlərin sayını, yəni ictimaiyyətə açıq olan məlumatları görə bilər.

– Platformada “Valideynlərin rəyləri” funksiyası vasitəsilə valideynlər rəy və şərhlərini bildirə biləcəklər. Mənfi rəylər və ya şikayətlər olarsa, onlar agentlik tərəfindən araşdırılacaq?
– Valideyn iki istiqamət üzrə rəy verə bilir. Birincisi, təhsil müəssisəsinin direktoru ilə birbaşa ünsiyyət yarada bilir. Bu zaman direktora hər hansı bir müəllimdən razı və ya narazı olması haqqında məlumat verə bilir. Yaxud övladı ilə bağlı hər hansı problem varsa, birbaşa direktora sual ünvanlaya, nə isə soruşa və ya öz rəyini bildirə bilər. Bu onun direktorla real rejimdə ünsiyyətini təmin edir və cavabı da birbaşa təhsil müəssisəsinin rəhbərindən alır. Valideynin müəllim haqqında verdiyi rəyi sadəcə direktor görür.

Valideyn məhz övladının təhsil aldığı məktəblə bağlı olan sorğuda da iştirak edə bilir. Sorğunun nəticələri direktora və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə ünvanlanır. Növbəti mərhələdə toplanan məlumatlar əsasında detallı təhlillərə başlanılır.

Valideynlərin rəyi, müəllim və  şagirdlərinin müəyyən nailiyyətləri və göstəriciləri əsasında məktəbin ümumi reytinqi formalaşacaq. 

– Texniki vasitələrdən istifadə bacarıqları məhdud olan valideynlər üçün müəyyən təlimlər və ya dəstək xidmətinin göstərilməsi nəzərdə tutulur? 
– Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi olaraq müəllim və direktorlara platformadan istifadə ilə bağlı təlimlər təşkil edirik. Bu istiqamətdə müraciət olarsa, proses davam edəcək. Valideynlərin maariflənməsi üçün  müvafiq təlimat videoları çəkilib və bunun davam etdiriləcəyi planlaşdırılır. Platformadan istifadə üçün valideynlərin sadəcə qeydiyyatdan keçmələri kifayətdir. Bu zaman onların çətinliklə üzləşməmələri üçün  müvafiq video təlimatlar çəkilib. Pilot rejimin mahiyyəti ondan ibarətdir ki, vətəndaş və müəssisələrdən daxil olan müraciətlər əsasında  müvafiq tədbirlər görülsün. Amma valideynlər üçün real rejimdə təlimlər nəzərdə tutulmur.

Şərhlər

Xəbər lenti

19 mart, 14:54

Beynəlxalq Təhsil İcmalı – Mart 2025

19 mart, 14:43

TİF ilə “Bakcell” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

19 mart, 14:38

Nilüfər Rəhimova: Hakaton şagirdlərin əmək bazarının tələblərinə uyğunlaşmasına şərait yaradır – MÜSAHİBƏ

19 mart, 14:22

Azərbaycanda "2025-2028-ci illər üçün süni intellekt Strategiyası" təsdiqlənib

19 mart, 14:19

Süni İntellekt Akademiyası yaradılacaq – SƏRƏNCAM

19 mart, 12:55

32 ildən sonra Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına məktəbdə Novruz sevinci yaşanıb

19 mart, 12:51

İlin ilk Günəş tutulması baş verəcək

19 mart, 12:42

Peşə təhsili müəssisələrində 200 təhsilverən üçün təlim keçirilib

19 mart, 11:42

Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır

19 mart, 11:15

Naxçıvanda sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərlə görüş keçirilib

19 mart, 10:55

Paytaxt məktəblilərindən maraqlı Novruz tamaşası 

19 mart, 10:48

AMEA-nın 80 illiyi qeyd ediləcək –  SƏRƏNCAM

19 mart, 10:41

Latviyada təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

19 mart, 10:40

Prezident və birinci xanım Ağdərədə sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıblar

19 mart, 10:35

ADPU-nun Şəki filialında “Konstitusiya və suverenlik ili”nə həsr olunmuş elmi konfrans keçirilib

19 mart, 10:06

Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

19 mart, 10:02

Məktəblilər şəkərli diabet xəstələri üçün təbii dərman hazırlayıblar

19 mart, 10:00

Nağıl qəhrəmanlarına çevrilən şəhid övladları insanlara çağırış etdilər

19 mart, 09:50

BDU-da yeni təhsil proqramlarının hazırlanması ilə bağlı iclas keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.