
Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə riyaziyyat və informatika sahəsində peşəkar kadr hazırlığı mühüm əhəmiyyət daşıyır. Gələcəyin müəllimləri bu sahədə hansı bilik və bacarıqlara yiyələnməlidirlər? Onları hansı çağırışlar gözləyir? Bu suallara cavab tapmaq üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə təhsil alan Səkinə Əsgərova söhbətləşdik. O, həm seçdiyi ixtisasın üstünlükləri, həm də müəllimlik peşəsinə baxışı barədə fikirlərini bizimlə bölüşdü.
Təhsildə süni intellektin tətbiqi
Filialda tələbələr üçün yaradılmış imkanlardan danışan S.Əsgərova qeyd edir ki, “Universitetimizdə tələbə həyatı maraqlı və zəngin, tədrisin keyfiyyəti yüksəkdir. Təcrübə proqramları tələbələrin gələcək peşə həyatına hazırlığına kömək edir. Karyera mərkəzi iş imkanları və inkişaf üçün dəstək verir. Kitabxana və elektron resurslar isə təhsil üçün geniş material təmin edir. Xaricdə təhsil və təcrübə imkanlarından yararlanmaq istəyirəm, çünki bu, mənim beynəlxalq təcrübə qazanmağım və akademik biliklərimi genişləndirməyim üçün çox vacibdir. Universitetdə tədris olunan müasir təhsil metodları və fənlər tələbələrin müvafiq bilik və bacarıqlar əldə etmələrinə imkan verir. Nəzəri biliklərlə yanaşı, həm də müxtəlif təhsil müəssisələrində praktika keçirik, bu da gələcək iş həyatına hazırlıqlı olmağımıza kömək edir”.

Məzunların gələcəkdə işlə təmin olunması məsələsinə toxunan müsahibimiz qeyd edir ki, müəllimlik, pedaqoji təhsillə bağlı olan kadrlara tələbatın yüksək olduğu bir sahədir, lakin burada bəzi çətinliklər və inkişaf sahələri də mövcuddur. “Gələcək müəllimlərin iş tapmaqda qarşılaşdıqları əsas çətinliklərə təcrübə, işə qəbul prosedurlarının çətinliyi və bəzi regionlarda müəllim ehtiyacının balanslı olmaması aiddir. Burada bizə müasir əmək bazarına və müəllimlik sahəsinə hazırlaşmağımıza yönəlmiş geniş imkanlar təqdim edilir. Pedaqoji Universitet tələbələrini həm təhsil sahəsində, həm də əmək bazarında uğurlu bir karyera qurmağa tam hazır vəziyyətə gətirir”.
Süni intellektin təhsilə təsirindən də danışan Səkinə Əsgərova bu sahədə balansı qorumağın vacibliyini vurğulayır: “Süni intellekt hər bir tələbənin sürətini və öyrənmə tərzini nəzərə alaraq dərsləri fərdiləşdirir. Eyni zamanda, müəllimlərə daha çox vaxt qazandırır, çünki onlar təkrar olunan tapşırıqları avtomatlaşdıraraq daha çox dərs və ya tələbələrin inkişafı ilə bağlı məsələlərə fokuslana bilir. Təhsildə süni intellektin tətbiqi həmçinin tədris materiallarının və resursların daha əlçatan olmasına kömək edir və qlobal təhsil standartlarını yüksəldir. Lakin bəzən insanlar arasında ünsiyyətin azalması kimi mənfi təsirlər də ola bilər, buna görə balansı qorumaq vacibdir”.
Müsahibimiz qeyd edir ki, gələcəkdə informatika fənni sürətlə inkişaf edəcək və həyatımızın müxtəlif sahələrinə daha dərindən inteqrasiya olunacaq, süni intellektin inkişafı ilə daha ağıllı və müstəqil sistemlər yaranacaq: “Big data və analitika isə böyük məlumat həcmlərindən daha dəqiq qərarlar çıxarmağa imkan verəcək. Eyni zamanda, virtual reallıq (VR) və artırılmış reallıq (AR) texnologiyalarının tətbiqi təhsil, səhiyyə və hətta gündəlik həyatımızda inqilabi dəyişikliklərə səbəb olacaq. İnformatika həm də kibertəhlükəsizlik sahəsində böyük irəliləyişlər edəcək, çünki məlumatların qorunması daha da vacib hala gələcək. Bu inkişaflar, insanların həyatını asanlaşdırmaqla yanaşı, yeni imkanlar və çağırışlar yaradacaq”.
Bundan əlavə, süni intellektin sürətli inkişafı ilə əlaqədar olaraq kibertəhlükəsizlik və şəxsi məlumatların qorunması da dövrün ən vacib məsələlərindən biridir: “Hər gün onlayn dünyada yeni risklər yaranır və məlumatlarımız təhdid altına düşə bilir. Şəxsi məlumatlarımıza sahib çıxmağımız, həm şəxsi həyatımızı qorumaq, həm də rəqəmsal cəmiyyətin etibarını təmin etmək üçün çox önəmlidir. Müasir texnologiyaların inkişafı ilə kibercinayətkarların da üsulları daha mürəkkəbləşir, buna görə təhlükəsizlik tədbirləri daim yenilənməlidir. Şəxsi məlumatlarımızın qorunması yalnız texnologiya ilə deyil, həm də istifadəçilərin maarifləndirilməsi ilə mümkündür. Bu sahədə hər birimiz məsuliyyət daşıyırıq və kibertəhlükəsizliyin təmin edilməsi bütün cəmiyyətin uğuru üçün mühüm rol oynayır”.
S.Əsgərova hesab edir ki, müəllim işləyərkən hər bir tələbənin fərqli öyrənmə sürəti və üslubuna uyğunlaşmaq kimi çətinliklər yarana bilər: “Bəzən şagirdlər fərqli səviyyələrdə olduğu üçün hər kəsə eyni zamanda təsirli şəkildə dərs keçmək çətin ola bilər. Çünki bəzən şagirdlərdə maraq və diqqət çatışmazlığı ola bilər. Eyni zamanda texnoloji problemlər, müasir təhsil metodlarını tətbiq etmə kimi çətinlikləri yaradıcı yanaşma və səbirli olmaqla həll etmək olur”.
İnformatika dərslərini maraqlı və effektiv keçmək üçün praktiki yanaşmalardan istifadənin vacibliyindən danışan S.Əsgərovaya görə şagirdlərlə sadə və əyləncəli layihələr üzərində işləmək, onları real həyatla əlaqələndirmək dərsin marağını artırar. “Oyunlaşdırma (gamification) və kodlaşdırma üsullarından istifadə edərək, dərsi əyləncəli və rəqabətli hala gətirmək də motivasiyanı yüksəldər. Həmçinin, vizual və interaktiv alətlərdən istifadə edərək, öyrənmə prosesini daha anlaşılan və əyləncəli etmək mümkündür. Çünki informatika, digər fənnlərlə sıx əlaqəlidir və bir çox sahədə istifadə olunur”.
Təhsildə innovasiyalar yaratmaq istəyirəm
Sözlər bir kainatdır. Hər bir cümlə bir dünya qurur, hər bir kitab bizi yeni bir səfərə aparır. Filologiya fakültəsinin tələbələri bu kainatın sirlərini açmaq üçün yola çıxan insanlardır. Növbəti müsahibimiz isə həmin yolda addımlayan gənc filoloqlardan biri Aysel Musayevadır. Onunla bu sahənin çətinliklərini, gözəlliklərini və gələcək perspektivlərini müzakirə etdik.

A.Musayeva qeyd edir ki, “Uşalıqda da özümdən balacalara nəsə öyrətmək mənə zövq verirdi. Azərbaycan dili və ədəbiyyat müəllimimiz isə bu elmə sevgimi artırdı. Bu fakültə mənə hər zaman əlçatmaz kimi görünüb. Buraxılış və blok imtahanlarında Azərbaycan dilindən heç bir hazırlığa getmədən yüksək nəticə əldə etdim, birinci filologiya yazdım və qəbul oldum. Tələbəlik illərində bu fənlərə sevgim daha da artdı. Ədəbiyyat və dillərin tarixi, mədəni və sosial aspektləri haqqında bilikləri dərindən öyrənmək arzusu, Azərbaycan dili və ədəbiyyata olan heyranlığım mənim üçün motivasiya oldu. Müxtəlif dillərin və mədəniyyətlərin qarşılıqlı təsiri, onun ədəbiyyata və dillərə, eləcə də texnologiyanın dilin inkişafına və istifadəsinə təsiri, süni intellekt və dil emalı texnologiyaları, keçmiş müstəmləkə ölkələrinin ədəbiyyatında mədəniyyət və kimlik məsələləri, dillərin sosial və mədəni dəyişikliklərə uyğunlaşması və s. filologiya sahəsində mənim üçün çox maraqlı mövzulardır”.
Aysel Musayeva özünü gələcəyin müəllimi kimi yox, təhsil idarəedicisi kimi görür: “Əlbəttə, ədəbiyyat və dil biliklərini tələbələrə, şagirdlərə öyrətmək və gələcək nəsillərə bu sevgini ötürmək çox böyük məsuliyyət və şərəfli işdir. Lakin özümü gələcəyin müəllimi kimi yox, təhsil idarəedicisi kimi görürəm. Təhsilimi bu yöndə davam etdirməyi planlaşdırıram. Dil və ədəbiyyat biliklərimdən istifadə edərək müxtəlif mövzular haqqında məqalələr yazmaq və ictimaiyyəti məlumatlandırmaq isə bir ədəbiyyatçı kimi mənim üçün həm maraqlıdır, həm də düşünürəm ki, tələbata uyğundur. Ədəbiyyat, gənc nəsil üzərində dərin və geniş təsirə malikdir. Ədəbiyyat vasitəsilə gənclər dünyagörüşlərini genişləndirir, fərqli mədəniyyətlər və həyat tərzləri haqqında biliklər əldə edir və empati bacarıqlarını inkişaf etdirirlər. Ədəbiyyat, həmçinin gənclərin düşünmə və təhlil etmə bacarıqlarını gücləndirir və onların yaradıcı təfəkkürünü inkişaf etdirir.
Gənc filoloq cəmiyyətdə dil və ədəbiyyata marağı artırmaq üçün xüsusi klub və tədbirlər təşkil etməyin vacibliyini diqqətə çatdırır: “Filologiya sahəsində gənclərin diqqətini “Filologiya həvəskarları klubu”, "Ədəbiyyatçılar klubu" və s. çəkmək lazımdır. Gənclərin dil və ədəbiyyatla bağlı iş təcrübəsi qazanması üçün təcrübə proqramların yaradılması, filologiya ilə bağlı maraqlı məzmunların və resursların sosial media və internet platformalarında paylaşılması filologiya sahəsində gənclərin diqqətini çəkə bilər. Azərbaycan dilinin tarixi, strukturu və istifadəsi haqqında tədqiqatlar və araşdırmalar aparmaq başlıca şərtlərdən biridir. Azərbaycan dilinin tədrisi ilə bağlı metodik materialların hazırlanması və nümunəvi müəllimlik fəaliyyəti göstərmək, Azərbaycan ədəbiyyatını və dilini tanıtmaq və populyarlaşdırmaq üçün layihələr və tədbirlər təşkil etməklə gənc filoloqlar Azərbaycan dili və onun inkişafı üçün dəyərli töhfələr verə bilərlər.
Filologiya sahəsində dərin biliklər əldə etmək və akademik karyera qurmaq üçün magistratura və ya doktorantura təhsilinin vacibliyini deyən Aysel hazırda IELTS imtahanına hazırlaşdığını bildirir. “Magistraturanı xaricdə oxuyub, akademik sahədə, təhsilin idarə edilməsi üzrə çalışmaq, təhsildə innovasiyalar yaratmaq istəyirəm. 2024-cü ildə texnologiya sahəsində gənclərin inkişafına dəstək olan "Technest" Back-end proqramlaşdırma dilinə müraciət etdikdən sonra verdiyim imtahanda 95/100 nəticə göstərdiyim üçün seçilən uğurlu namizədlərdən biriyəm. Bu proqram 6 ay boyunca 3150 manatlıq Python proqramlaşdırma kursunu mənə tam təmənnasız öyrətdi. Bununla yanaşı “Şəhla Qarayeva təqaüd proqramı”na (SQTP) qoşulmuşam, müraciətimə 3 mərhələdə baxılıb, ilk 2 mərhələdə ictimai fəaliyyətim, akademik və qazandığım nailiyyətlər dəyərləndirilib. Son mərhələdə müsahibə verməklə uğurlu namizədlərdən biri olmuşam. Birinci mərhələdə respublika üzrə 395, ikinci mərhələdə 80, üçüncü mərhələdə 35 qız tələbədən seçilərək, SQTP təqaüdçüsü olaraq 800 dollar məbləğində təhsilimə dəstək haqqı qazandım. Həssas ailə qrupuna daxil olduğum üçün 1800 manat məbləğində təhsil haqqım proqram tərəfindən qarşılandı. Hansı ki, bu şansı respublikada cəmi 4 tələbə xanıma vermişdilər”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər