Bütün xəbərlər
27 sentyabr, 09:27

2025-ci il Azərbaycan tarixində mühüm ictimai-siyasi və mənəvi əhəmiyyət daşıyan hadisə – İkinci Qarabağ müharibəsində (Vətən müharibəsində) qazanılmış Böyük Zəfərin beşinci ildönümü ilə yadda qalır. 2020-ci ilin 27 sentyabr – 10 noyabr tarixlərini əhatə edən bu 44 günlük müharibə yalnız hərbi qələbə kimi deyil, bütövlükdə Azərbaycan xalqının əsrlər boyu formalaşmış milli kimliyinin, azadlıq və ədalət uğrunda mübarizə ruhunun parlaq təzahürü kimi tarixə düşmüşdür. Bu Zəfər, eyni zamanda, müstəqil dövlətimizin siyasi iradəsinin, milli həmrəyliyinin və strateji liderliyinin zəfər salnaməsidir. Qazanılmış uğur hərbi meydanla məhdudlaşmayaraq, mənəvi, diplomatik və hüquqi müstəvidə də mühüm dönüş nöqtəsinə çevrilmişdir.

Beş il öncə – 2020-ci ilin payızında Ermənistanın beynəlxalq hüququ kobud şəkildə pozaraq Gəncə, Bərdə və Tərtər şəhərlərinə qarşı həyata keçirdiyi raket və artilleriya hücumları müharibənin xarakterini və mahiyyətini açıq şəkildə üzə çıxardı. Bu hücumlar nəticəsində onlarla günahsız mülki şəxs – körpə, qadın, yaşlı insan həyatını itirdi, yüzlərlə insan müxtəlif dərəcəli xəsarətlər aldı, mülki infrastruktur və sosial obyektlər, o cümlədən məktəblər, xəstəxanalar və yaşayış evləri dağıdıldı. Lakin bu vəhşiliklər xalqımızın əzmini qıra bilmədi, əksinə, tariximizin ən çətin sınaqlarından biri olan həmin dövr Azərbaycan cəmiyyətində möhkəm mənəvi müqavimət, milli həmrəylik və dövlətçilik ideallarına sarsılmaz bağlılıq yaratdı. Məhz bu iradə, eləcə də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi və siyasi qətiyyəti nəticəsində Azərbaycan Ordusu 44 gün ərzində işğal altında olan torpaqları mərhələli şəkildə azad edərək tarixi ədaləti və beynəlxalq hüququn prinsiplərini bərpa etdi. 10 noyabr 2020-ci ildə əldə olunan qələbə Azərbaycan dövlətinin siyasi müstəqilliyini yeni mərhələyə yüksəltdi və regionun geosiyasi mövqeyində ciddi dəyişikliklərə yol açdı.

Bu gün həmin tarixi qələbənin beşinci ildönümünü qeyd etmək təkcə keçmişə nəzər salmaq deyil, bu həm də milli qürurun, şəhidlərin müqəddəs xatirəsinə ehtiramın, xalqın öz tarixinə və mübarizə ənənələrinə sədaqətinin təntənəsidir. Bu qələbə müasir dövrün çağırışları fonunda milli şüurun təzələnməsinə, ictimai düşüncədə özünüdərk proseslərinin dərinləşməsinə səbəb olmuş, eyni zamanda gənc nəslin vətəndaşlıq tərbiyəsində mühüm dönüş yaratmışdır.

Müharibə yalnız silahların danışdığı bir meydan deyil, bu həm də ideyaların, dəyərlərin, biliyin və mənəviyyatın mübarizəsidir. Məhz bu baxımdan Vətən müharibəsinin nəticələri yalnız hərbi-strateji baxımdan deyil, həm də elmi, mədəni və təhsil sistemimizin inkişafına təsir edən dərin ictimai hadisə kimi qiymətləndirilməlidir. Bu tarixi mərhələ Azərbaycanın gələcək intellektual potensialının formalaşmasında, təhsil və elm sahəsində milli ideologiyaya əsaslanan yeni yanaşmaların meydana çıxmasında mühüm stimul rolunu oynayır. Zəfərin yaratdığı milli ruh, bu gün ölkənin universitetlərində, tədqiqat institutlarında, məktəblərində gələcək liderlərin formalaşmasına mənəvi təkan verir, elm və təhsil siyasətində milli maraqların prioritet kimi qəbul olunmasına zəmin yaradır.

Beləliklə, 44 günlük Vətən müharibəsi təkcə torpaqlarımızın azad olunması ilə nəticələnməmiş, həm də Azərbaycan xalqının elmə, təhsilə və mədəni irsə dayanan yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. Bu zəfər, gələcəyin savadlı, vətənpərvər və düşünən vətəndaşlarının yetişməsi üçün ideoloji-sosial dayaqlardan birinə çevrilmişdir.

2020-ci ilin oktyabr ayında Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə, Bərdə və Tərtər şəhərlərinə qarşı həyata keçirilmiş raket hücumları İkinci Qarabağ müharibəsinin ən faciəvi və insanlıq əleyhinə yönəlmiş mərhələlərindən biri kimi tarixə düşmüşdür. Sözügedən hücumlar beynəlxalq humanitar hüququn, xüsusilə Cenevrə Konvensiyalarının tələblərinə açıq şəkildə zidd olmaqla, münaqişənin mülki əhali üzərində ağır nəticələr doğurmasına səbəb olmuşdur. Gəncə şəhərinə qarşı həyata keçirilən hücumlar xüsusilə qeyri-insani xarakteri ilə fərqlənmişdir. “Human Rights Watch” təşkilatının hesabatına əsasən, 4–17 oktyabr tarixlərində Gəncəyə edilmiş hücumlar nəticəsində ümumilikdə 32 nəfər dinc sakin həlak olmuşdur. Bu faktlar göstərir ki, Ermənistanın əsas məqsədi hərbi üstünlük əldə etmək deyil, mülki əhali arasında qorxu və panika yaymaq olmuşdur.

Bərdə şəhərinə qarşı həyata keçirilmiş hücumlar isə beynəlxalq hüquq çərçivəsində xüsusilə ciddi müzakirə mövzusuna çevrilmişdir. “Human Rights Watch” və “Amnesty International” təşkilatları klaster sursatların istifadəsini təsdiqləyərək, bu hücumları “qəddar və məsuliyyətsiz” aktlar kimi qiymətləndirmişdir. 

2020-ci ilin oktyabr ayında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər rayonu intensiv və sistemli şəkildə artilleriya və raket hücumlarına məruz qalmışdır. Bu hücumların ən dəhşətlisi və insanlığa qarşı yönəlmiş ən açıq nümunələrindən biri 15 oktyabr 2020-ci ildə baş vermişdir. Həmin gün Tərtər şəhər qəbiristanlığında dəfn mərasimi zamanı Ermənistan ordusu qəfil artilleriya atəşi açaraq yas mərasimində iştirak edən insanları birbaşa hədəfə almışdır. Bu fakt təkcə fiziki zorakılıq deyil, həm də mənəvi və dini dəyərlərə qarşı açıq hücum kimi dəyərləndirilməlidir. Bu fakt Ermənistan tərəfinin müharibə etikası və beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozduğunu təsdiqləyir.

Yuxarıda sadalanan faktlar Vətən müharibəsinin təkcə hərbi aspektləri ilə məhdudlaşmadığını, onun eyni zamanda dərin humanitar, hüquqi və sosial nəticələr doğurduğunu aydın şəkildə ortaya qoyur. Ermənistanın həyata keçirdiyi məqsədyönlü raket hücumları nəticəsində bir çox yaşayış məntəqələri dağıdılmış, yüzlərlə ailənin həyat tərzi kökündən dəyişmiş, uşaqların və yeniyetmələrin psixoloji durumuna ciddi zərbə vurulmuşdur. Xüsusilə müharibənin mülki əhaliyə yönəlmiş destruktiv təsiri cəmiyyətin ümumi psixoloji rifahında uzunmüddətli fəsadlar yaratmış, sosial institutların, o cümlədən təhsil və elm mühitinin davamlılığını sual altına almışdır.

Bu kontekstdə təhsil sisteminə yönəlmiş təsirlər xüsusi əhəmiyyət daşıyır. Hücumlar nəticəsində zədələnmiş məktəb binaları, təhsildən müvəqqəti və ya tamamilə kənarda qalmış şagirdlər, yüksək psixoloji gərginlik şəraitində pedaqoji fəaliyyətini davam etdirməyə çalışan müəllimlər bu təsirlərin konkret və real ifadə formalarıdır. Təhsil infrastrukturuna dəymiş ziyan təkcə fiziki itkilərlə deyil, həm də mənəvi və intellektual resursların zəifləməsi ilə müşayiət olunmuşdur. Bu, postkonflikt dövründə təhsil sektorunun prioritetlərə uyğun şəkildə yenidən qurulmasını və psixoloji dayanıqlığın artırılmasını zəruri etmişdir.

Mülki əhalinin və obyektlərin məqsədli şəkildə hədəfə alınması beynəlxalq humanitar hüququn, xüsusilə Cenevrə Konvensiyalarının müddəalarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. 2020-ci ilin oktyabr ayında Gəncə, Bərdə və Tərtər şəhərlərinə edilən raket hücumları göstərdi ki, müharibə artıq yalnız ön cəbhələrdə deyil, dinc əhalinin yaşadığı şəhər və kəndlərdə, məktəblərdə, səhiyyə müəssisələrində və hətta qəbiristanlıqlarda aparılırdı. Bu hücumların məqsədi aydın idi: Azərbaycan cəmiyyətinin psixoloji dayanıqlığını sarsıtmaq, xalqın iradəsini qırmaq və onu təslimiyyətə sürükləmək. Lakin bu məkrli planın əksinə olaraq, tarix bir daha sübut etdi ki, milli həmrəylik, əzmkarlıq və mənəvi bütövlük istənilən hərbi təzyiqdən daha güclüdür. Raket zərbələrinin hədəfinə çevrilmiş şəhərlər – Tərtər, Gəncə və Bərd bu ağır sınaqlardan yalnız fiziki deyil, mənəvi möhkəmlik baxımından da daha güclü şəkildə çıxmışdır.

Baş verən bu faciəli hadisələr təkcə tariximizin ağrılı səhifəsi deyil, eyni zamanda müasir milli şüurun formalaşmasında və Zəfərə gedən yolun mənəvi sütunlarının qurulmasında mühüm rol oynamışdır. Mülki əhali arasında həlak olan hər bir şəxs xalqın iradə və dirəniş ruhunun simvoluna çevrilmiş, onların xatirəsi kollektiv yaddaşda müqəddəs borc və vətəndaşlıq nümunəsi kimi möhkəmlənmişdir.

Postmüharibə dövründə Azərbaycan Respublikasının təhsil strategiyası bu tarixi reallıqları gələcək nəsillərə elmi və obyektiv şəkildə çatdırmaq məqsədilə müxtəlif səviyyəli təşəbbüsləri həyata keçirmişdir. Hücumlar nəticəsində zərər görmüş təhsil müəssisələrinin infrastruktur baxımından bərpası ilə yanaşı, təhsilalanların və müəllim heyətinin psixoloji reabilitasiyası məqsədilə xüsusi proqramlar icra olunmuşdur. Eyni zamanda, vətənpərvərlik mövzusunu əhatə edən yeni tədris modullarının hazırlanması, müharibə təcrübələrinə əsaslanan elmi seminarların təşkili və bu sahədə aparılan tədqiqat layihələrinin təşviqi, təhsil sisteminin münaqişə sonrası dövrə uyğunlaşdırılmasında mühüm rol oynamışdır. Bu addımlar yalnız təhsil sektorunun dayanıqlığını təmin etməmiş, həm də milli yaddaşın formalaşmasına, sülh və təhlükəsizlik mədəniyyətinin inkişafına mühüm töhfə vermişdir.

Vətən müharibəsi və onun nəticələri Azərbaycan təhsil strategiyasının və kurikulum siyasətinin yenidən formalaşmasına mühüm təsir göstərmişdir. Təhsil yalnız bilik ötürmə funksiyasını yerinə yetirməklə kifayətlənməyib, eyni zamanda milli şüurun formalaşmasında əsas sosial institutlardan biri kimi çıxış edir. Bu baxımdan, 2020-ci il hadisələrinin sistemli və obyektiv şəkildə öyrənilməsi, gələcək nəsillərin vətəndaşlıq məsuliyyəti, sülhə sadiqlik və hüquqi düşüncə ilə formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Zəfərlə başa çatan Vətən müharibəsi yalnız hərbi və siyasi qələbə ilə məhdudlaşmayaraq, eyni zamanda təhsil sahəsində yeni bir mərhələnin – milli kimlik, mənəvi dəyərlər və intellektual potensial əsasında formalaşan vətəndaş modelinin təşəkkül tapmasının əsasını qoymuşdur. Bu kontekstdə Azərbaycanın təhsil sistemi qarşısında dayanan əsas strateji vəzifə, Vətən müharibəsinin tarixi yaddaşını gələcək nəsillərin elmi və mənəvi formalaşmasında aparıcı təməllərdən birinə çevirməkdən ibarətdir.
 

Sevda AXUNDOVA 
Qabaqcıl Təhsil İşçisi, Azərbaycan Dövlət Pedaqoji Kollecinin
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini

Şərhlər

Xəbər lenti

27 sentyabr, 20:42

Qarabağ Universitetində Anım Gününə həsr olunan forum keçirilib

27 sentyabr, 18:23

Nazir: Dərs vəsaitlərini ödənişlə verən müəllimlərlə bağlı araşdırmalar aparılıb

27 sentyabr, 16:16

Emin Əmrullayev: Nazirlik qanun pozuntularına reaksiya verir

27 sentyabr, 16:15

Nazir: Neqativ hallara qarşı birgə mübarizə aparmalıyıq

27 sentyabr, 16:14

LDU-da “Sizləri kimsə unutmaz” adlı ədəbi-bədii kompozisiya keçirilib

27 sentyabr, 15:09

Zəfər Parkı ziyarət edilib

27 sentyabr, 13:01

Tarix öyrədən və tarix yazan MÜƏLLİM

27 sentyabr, 11:45

Şəhid qardaşı bacısının xatirələrində: “Stulun üstünə çıxıb həmişə o şeiri deyirdi”

26 sentyabr, 19:13

ADNSU-da Rektorlar Klubunun VI toplantısı keçirilib    

26 sentyabr, 18:08

İSİ-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib

26 sentyabr, 18:02

Güclü külək məktəbin darvazasını aşırıb

26 sentyabr, 17:28

NDU-da Anım Gününə həsr olunmuş tədbir keçirilib

26 sentyabr, 17:12

Milli rəqslərimizin ürək xəstəliklərinə təsirini araşdırır – MÜSAHİBƏ

26 sentyabr, 17:09

MDU-da Anım Gününə həsr olunmuş tədbir keçirilib

26 sentyabr, 17:04

Saatlıda kənd məktəbinin yeni tikilmiş binasının açılışı olub

26 sentyabr, 16:24

Naxçıvanda Anım Günü ilə bağlı onlayn dərs keçirilib

26 sentyabr, 16:17

EATDA və Nazarbayev Universiteti arasında əməkdaşlıq müzakirə edilib

26 sentyabr, 16:08

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

26 sentyabr, 15:51

Şagirdlərin peşə seçiminə yardım edən “Peşə seçimi” aləti təqdim olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.