Bütün xəbərlər
27 sentyabr, 13:01

Vətən müharibəsinin iştirakçısı Fuad Məmmədov: “Tarix yalnız keçmişi anlamaq deyil, onun içində yaşamaq və qorumaqdır”

Tarixin elə anları var ki, o yalnız təqvimdə bir rəqəm olaraq qalmır, zamanın yaddaşına, xalqın ruhuna həkk olunur. 2020-ci il 27 sentyabr tarixi də Azərbaycan xalqının yaddaşına həm kədər, həm də qürur günü kimi yazıldı.

Məhz həmin gün başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin şanlı səhifələrindən birinə çevrildi. Sübh çağı başlayan səssizlik, cəbhə xəttindən gələn ilk güllə səsi ilə pozuldu. Bu, təkcə müharibənin deyil, həm də bir xalqın şərəfli dirənişinin başlanğıcı idi. Uzun illər işğal altında olan torpaqların azadlığı üçün Azərbaycanın igid oğulları səfərbər oldu. O gün minlərlə insanın həyat istiqaməti dəyişdi, bir çoxunun taleyi artıq tarixlə iç-içə yazıldı. 

Vətən çağıranda susmaq olmazdı. 30 illik işğala son qoymaq, torpaqlarımızın azad olunması üçün ürəyində vətən sevgisi olan hər kəs könüllü olaraq döyüş bölgələrinə yollandı. Kimisi şəhid oldu, kimisi qazi. Amma bir həqiqət dəyişməz qaldı. Azərbaycan tarixinə qəhrəmanlıq dastanı kimi kimi düşən 44 günlük müharibə Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun sayəsində eyni zamanda, həm də ruhla, inamla, millət sevgisi ilə qazanıldı.

Vətən müharibəsinin iştirakçıları arasında  təhsil işçiləri də ön sıralarda yer aldı. Onlardan biri də Bakıdakı 139 nömrəli tam orta məktəbin tarix müəllimi Fuad Məmmədovdur. 

“Azərbaycan müəllimi” olaraq bu tarixi gündə onunla  həm müəllim, həm əsgər, həm də vətəndaş olaraq keçdiyi yola birlikdə nəzər saldıq. 

Tarixə olan sevgisi onu müəllim etdi

Naxçıvan şəhərində doğulan Fuad Məmmədov orta təhsilini Bakıdakı 286 nömrəli tam orta məktəbdə alıb. Hərbi xidmətini başa vurduqdan sonra 2011-ci ildə Bakı Dövlət Universitetinin “Tarix müəllimliyi” ixtisasına qəbul olub. 2016-cı ildə universiteti bitirir və  sonradan magistratura təhsilini Qərbi Kaspi Universitetinin “Qafqaz xalqları tarixi” ixtisası üzrə alıb. 

Deyir ki, uşaqlıqdan tarix fənninə xüsusi marağı olub. Qarabağ haqqında eşitdikləri, yaşadığı hisslər onun yaddaşında silinməz izlər buraxıb: “Mən uşaq yaşlarımdan Qarabağ haqqında eşitdiklərimlə, görüb yaşadıqlarımla böyüdüm. Hər zaman arzum olub ki, gənc nəslə tariximizi düzgün öyrədim. Çünki tarixini bilməyən xalq gələcəyini qura bilməz. Tarix bizim kimliyimizdir”.

Onun üçün tarix sadəcə keçmişin öyrənilməsi deyil, həm də gələcək nəsillərin milli kimliyinin formalaşmasında əsas amildir. Dərslərində təkcə tarixi faktları deyil, vətən sevgisini, milli ruhu və dəyərləri şagirdlərinə aşılayırdı.

Fuad müəllimin dərslərində yalnız keçmiş danışılmırdı, həm də gələcək nəsillərin formalaşmasında mühüm rol oynayan milli ruh, kimlik və dəyərlər ön plana çəkilirdi.

2020-ci il sentyabrn 27-də müharibə başlayanda qəhrəmanımız müəllimliyi sinifdə qoyub, şagirdləri ilə sağollaşıb döyüş cəbhəsinə yollanır. Onun üçün bu, sadəcə vətən borcu deyil, Azərbaycanın yeni tarixinin yazılması idi: “Tarixi öyrədən bir müəllim kimi mənim borcum həm də o tarixin yazılmasında iştirak etmək idi.O anda susa bilməzdim. Vətən çağırırdı və mən getdim.Tarix yalnız keçmişi anlamaq deyil, onun içində yaşamaq və qorumaqdır".

“Düşündüm ki, sinifdə deyil, səngərdə olmalıyam”

Fuad müəllim söyləyir ki, hələ 2016-cı ildə baş verən Aprel döyüşlərində də iştirak etmək üçün könüllü yazılmaq istəsə də, qeydiyyatda olduğu hərbi komissarlığa müraciət edəndə orada ona ehtiyac olmadığını bildiriblər. 

2020-ci il sentyabrın 27-də Azərbaycan Dövlət Televiziyasında ermənilərin bizim cəbhəyanı mövqelərimizi növbəti dəfə atəşə tutduğu haqqında xəbəri eşidən kimi dərhal qərarını verərək qeydiyyatda olduğu hərbi komissarlığa müraciət edir, könüllü müharibəyə yollanır. Və bu onun həyatının dönüş nöqtəsi olur. 

Təbii ki, ürəyi Vətən sevgisi ilə döyünən, hər dəfə sinifdə tariximizdən danışan, həmçinin işğal altında olan torpaqlarımızdan söz açanda bir anlıq sükuta dalan vətənpərvər bir  müəllim yeni tariximiz yazılan anda kənarda qala bilməzdi: “Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən bütün cəbhəboyu əkshücum əməliyyatlarının keçirilməsi barədə əmr veriləndə düşündüm ki, mən sinifdə deyil, səngərdə olmalıyam”. 

“Düşmən üzərində Zəfərimizi görmək mənim üçün sözlə ifadəedilməz qədər gözəl hissdir”

Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində döyüşlərdə iştirak edən Fuad Məmmədov həmin günləri yenidən xatırlayır: “Döyüşlər çətin relyefli ərazilərdə gedirdi. Amma buna baxmayaraq bütün şəxsi heyətdə yalnız irəli getmək və işğalda olan əraziləri azad etmək ruhu və istəyi bu çətinlikləri asanlaşdırırdı. Xüsusilə Xocavənd uğrunda gedən döyüşlər ağır oldu. Burada düşmənin 30 il boyunca qurduğu istehkamlar var idi. Həmçinin düşmən 11 təpədə öz hərbi postlarını qurmuşdu. Amma buna baxmayaraq bütün bu hərbi postlar məhv edildi və biz torpaqlarımızı geri aldıq. Bu Zəfərin sevincini yerində yaşamaq mənim üçün sözlə ifadəedilməz bir duyğudur”.

Döyüşlərdə göstərdiyi igidliyə görə Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə Fuad müəllim “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

“Mən onları sinifdə də yaşadıram”

Müharibədən sonra müəllimliyə qayıtmaq Fuad Məmmədov üçün həm duyğusal, həm də mənəvi bir dönüş nöqtəsi olub. Səngərdə itirdiyi yoldaşlarının xatirəsi onun dərslərində daim yaşayır: “Vətən uğrunda canını qurban verən şəhid yoldaşlarımın nurlu simalarını, susqun baxışlarını, səngərdəki son sözlərinı unutmaq mümkün deyil. Mən onların adını dərslərimdə ehtiramla anır, ruhlarını yaşadıram.

Müharibədən sonra məktəbə gəldiyim ilk gün həyəcanlı idim. Axı neçə müddət idi ki, şagirdlərimdən ayrı düşmüşdüm. Uşaqları görüb çox sevindim. Təbii ki, bu sevinc hissi də qarşılıqlı idi. Dərs demək üçün də darıxmışdım. Əvvəllər şagirdlərə Füzuli, Laçın, Şuşa və Kəlbəcərin işğal tarixlərini demək nə qədər ağır idisə, indi bu torpaqların azad olunmasından danışmaq bir o qədər sevindirici və ilhamvericidir”.

“Vətən sevgisi dərslikdən yox, qəlbdən gəlməlidir”

Həmsöhbətimiz gənc nəslin vətənpərvərlik tərbiyəsi barədə düşüncələrini belə ifadə edir: “Bizim gənclər olduqca vətənpərvərdirlər. 44 günlük müharibədə gənclərimizin şücəatı, göstərdikləri igidliklər dillərə dastan oldu.Böyüməkdə olan gənc nəsil də onlara baxıb bir şəxsiyyət olaraq formalaşır. Bilirsiniz, Vətən sevgisi dərslikdən yox, qəlbdən gəlməlidir. Biz müəllimlər bu qığılcımı şagirdlərin içində yandırmalıyıq”.

Vətən onun üçün…

Fuad Məmmədov qeyd edir ki, Vətən onun üçün sadəcə yaşadığı yer deyil. O, nəfəs aldığı hava, içdiyi su, uşaq ikən eşitdiyi laylalar, babalarımızdan miras qalan torpaqdır: “Vətən anamın duası, müəllimin dərsidir, əsgərin andıdır. Vətən mənim,kimliyim, ruhum və sabahım deməkdir. Onu qorumaq, adını uca tutmaq hər birimizin borcudur”. 

Təcrübəli müəllimin həmkarlarına və böyüməkdə olan nəslə verdiyi mesaj isə olduqca sadə və mənalıdır: “Heç vaxt öyrənməkdən və öyrətməkdən yorulmayın. Ən böyük mükafatınız şagirdlərinizin həyatda uğur qazanması və vətənə layiqli bir vətəndaş kimi formalaşmasıdır. Dürüstlük, zəhmətsevərlik və insanpərvərlik bizim gələcəyimizi formalaşdıran əsas dəyərlərdir”.

“Bizə tarix öyrədən müəllimimiz, əslində, tarix yazan qəhrəman idi… ”

Bəli, şagirdlərinə tarix fənnini öyrədən Fuad Məmmədov və onun kimi neçə-neçə təhsil işçisi əslində, o tarixin özündə iz qoyan qəhrəmanlara çevriliblər. Həmin müəllimlər sinif otaqlarını təkcə təhsil  məkanı yox, həm də milli ruhun, vətən sevgisinin aşılandığı bir yerə çevirirlər. Onların yetişdirdiyi şagirdlər sabah bu torpağın qoruyucusu, alimi və ya müəllimi, dövlətimizin inkişafına töhfə verəcək şəxsiyyət olacaqdır.  

Və illər sonra həmin gənclər fəxrlə deyəcəklər: “Bizə tarix öyrədən müəllimimiz, əslində, tarix yazan qəhrəman idi…”.

Şərhlər

Xəbər lenti

27 sentyabr, 20:42

Qarabağ Universitetində Anım Gününə həsr olunan forum keçirilib

27 sentyabr, 18:23

Nazir: Dərs vəsaitlərini ödənişlə verən müəllimlərlə bağlı araşdırmalar aparılıb

27 sentyabr, 16:16

Emin Əmrullayev: Nazirlik qanun pozuntularına reaksiya verir

27 sentyabr, 16:15

Nazir: Neqativ hallara qarşı birgə mübarizə aparmalıyıq

27 sentyabr, 16:14

LDU-da “Sizləri kimsə unutmaz” adlı ədəbi-bədii kompozisiya keçirilib

27 sentyabr, 15:09

Zəfər Parkı ziyarət edilib

27 sentyabr, 11:45

Şəhid qardaşı bacısının xatirələrində: “Stulun üstünə çıxıb həmişə o şeiri deyirdi”

27 sentyabr, 09:27

Gəncə, Bərdə, Tərtər – Sınmayan iradə

26 sentyabr, 19:13

ADNSU-da Rektorlar Klubunun VI toplantısı keçirilib    

26 sentyabr, 18:08

İSİ-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib

26 sentyabr, 18:02

Güclü külək məktəbin darvazasını aşırıb

26 sentyabr, 17:28

NDU-da Anım Gününə həsr olunmuş tədbir keçirilib

26 sentyabr, 17:12

Milli rəqslərimizin ürək xəstəliklərinə təsirini araşdırır – MÜSAHİBƏ

26 sentyabr, 17:09

MDU-da Anım Gününə həsr olunmuş tədbir keçirilib

26 sentyabr, 17:04

Saatlıda kənd məktəbinin yeni tikilmiş binasının açılışı olub

26 sentyabr, 16:24

Naxçıvanda Anım Günü ilə bağlı onlayn dərs keçirilib

26 sentyabr, 16:17

EATDA və Nazarbayev Universiteti arasında əməkdaşlıq müzakirə edilib

26 sentyabr, 16:08

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

26 sentyabr, 15:51

Şagirdlərin peşə seçiminə yardım edən “Peşə seçimi” aləti təqdim olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.