
44 günlük Vətən müharibəsindən bəri bir yaranı da Vüsalə müəllim daşıyır, adına “qardaş yarası” deyir. Qardaşının qəhrəmanlıqlarının verdiyi qürur da bəzən o yaraya məlhəm ola bilmir.
Vüsalə müəllimin qəhrəman qardaşı
Vüsalə Məmmədova Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı Valeh Bədəlovun bacısıdır.
Məlumat üçün qeyd edək ki, Valeh Bədəlov 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl, Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 7-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub.
Valeh Bədəlov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Vətən Müharibəsi Qəhrəmanı" medalları ilə təltif edilib.

Yeganə qardaşı ilə bağlı yarımçıq qalan arzular
Vüsalə Məmmədova Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin Azərbaycan dili və ədəbiyyat müəllimidir. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunudur. Sertifikatlaşdırma imtahanlarının da uğurlularındandır. İmtahanlarda 55 bal toplayaraq ən yaxşılardan biri olduğunu sübut edib.
Anası Südabə Qazıyevanın da çalışdığı 3 nömrəli Aşağı Tala kənd məktəbinin məzunu olan 32 yaşlı Vüsalə Məmmədovanın fikrincə, özünün arzuladığı kimi bir müəllimdir: “Çox istəyərdim ki, mən şagird olanda özüm kimi müəllimim olsun. Müəllimliyimi ümumtəhsil müəssisəsində daha yaxşı göstərə bilirdim. Zaqatalada fəaliyyət göstərən Ağdam rayon 152 nömrəli köçkün tam orta məktəbində şagirdlərimin sevgisini qazanmağa, onlardan uğurlu nəticələr almağa başlamışdım. İndi analıq məzuniyyətində olduğumdan çalışdığım peşə təhsili müəssisəsində buna nail ola bilməmişəm. Oğlumun 3 yaşından sonra müəllimlik fəaliyyətinə başlayacağam və peşəmlə bağlı düşüncələrimin hər birini reallaşdıracağam”.
Müəllimliklə bağlı reallaşdıracağı çox arzusu var. Amma yeganə qardaşı üçün etdikləri və edəcəkləri hər şey yarımçıqdır: “Xatirələrimin çoxu uşaqlığımıza aiddir. Çünki o, X sinifdən sonra ali məktəbə qəbul üçün hazırlıqlara başladı və bərabər zaman keçirə bilmədik”.
Həm yarışıb, həm paylaşdılar
Qardaşı Vüsalədən 3 yaş böyük olub. Aradakı bu 3 illik fərq oynadıqları oyunlarda özünü göstərib, oyunları qardaşı qurub və ona görə də uşaqlıqda ancaq “oğlan” oyunları oynayıblar: “Özündən oyunlar uydurardı, mən də onunla birlikdə əylənərdim. Daha çox “oğlan” oyunları oynayırdıq”.

Qardaşını indi ən çox “Qafqaz” şeirini deyərkən düşünür: “Valeh Puşkinin "Qafqaz" şeirini çox balaca olanda - hələ məktəbə getmirdi - əzbərləmişdi. Stulun üstünə çıxıb qollarını açıb həmişə o şeiri deyirdi. Mənə onda elə əzəmətli görünürdü...”.
O, universitetə gedəndən sonra Vüsalə tək qalıb: “Universitetdə oxudu, tətildən tətilə görüşürdük, sonra hərbçi oldu, arada-sırada görüşdük. Məzuniyyətə gələndə belə qala bilmirdi”.
Vüsalə Məmmədova deyir ki, uşaqlığı Valehlə yarışmaqla keçib: “Anam da çox kitab oxuyurdu, o da. Mən isə onlara çatmağa çalışırdım. Valeh həmişə kitab oxuya bilməyəcəyimi deyib məni daha çox oxumağa sövq edirdi. Mən də oxuduğum kitablarla ona çatmağa çalışırdım”.
Sadəcə yarışmayıblar, həm də paylaşıblar: “Kasıb idik, yoxluq içərisində, bir az çətinliklə böyümüşük. Ata-anamız bizi heç nədən məhrum etməmək üçün çalışırdılar, amma bacardıqları qədər olurdu. Biz də bu çətinliyin öhdəsindən əlimizdə olanı bölüşməklə gəldik. Bir konfetimiz olanda mütləq bölürdük”.
Valehi axırıncı dəfə 2020-ci ilin may ayında görüb: “Zaqatalaya məzuniyyətə gəlmişdi. 10 günlük məzuniyyət vermişdilər, geri çağırdılar. Ailəsinə isə axırıncı dəfə 2020-ci ilin sentyabrında baş çəkib. Təlimdən çıxıb gəlibmiş, onun ailəsi, uşaqları Bakıda yaşayırlar, onları görüb getmişdi. Biz onun işi barədə heç nə bilməmişik. Müharibənin başladığını televiziyadan öyrəndik. İlk 3-4 gün onunla heç bir əlaqəmiz olmadı. Ön cəbhədə vuruşduğu üçün telefondan istifadə edə bilmirdi. Atamla anam televizorun qabağından durmurdular ki, ondan bir xəbər alarlar bəlkə. Özü zəng elədi bir gün, səsi çox yorğun, zəif gəlirdi. Düşündüm ki, bəlkə də yaralıdır, evdəkilərə demək istəmir. İsmarıc yazdım ki, yaralıdırsa, mənə desin. Anamla çox dua edirdik ki, bu müharibədən yara ilə çıxsın, amma...”.
O şəhid olan gün
Amma dua etdikləri kimi olmayıb. Qardaşının aldığı yara artıq ailəsinin, doğmalarının ürəyində qanayır: “Oktyabrın 7-də atamla evdə idik, anam dərsdə idi. Valehdən xəbər varmı deyə durub anama zəng elədi. Qardaşım, adətən, anama zəng etdiyindən biz onu həmişə anamdan soruşurduq. Həmin vaxt da qardaşımın telefonu ilə anama zəng edib, Valehin şəhid olduğu xəbərini veriblər. Atam zəng edəndə anam özünü itirib, ona birbaş şəhid xəbərini deyib. Atamın qışqırığına getdim, onu saxlaya bilmədim, çox pis vəziyyətə düşdü, təcili yardım çağırdım. Özümü çox itirmişdim, nə edəcəyimi bilmirdim. Çaşqınlıq vəziyyəti anamı görənə qədər davam etdi, onu görəndən sonra toparladım özümü. O evə gəlib dedi ki, Valehi layiqli şəkildə yola salmalıyıq, qışqırmaq, ağlamaq olmasın, özünü yığışdır. Valehi axşamüstü gətirdilər və biz onu şəhidə layiq şəkildə son mənzilinə yola saldıq”.

Valehdən sonra yanan işıq
Gedən gedir, qalanlar onun yoxluğu ilə baş-başa qalır: “Uşaqlara görə ağlamırdıq, onun uşaqları körpə idi. Gəlinimizə təsəlli verməyə çalışırdıq, körpə uşaqları olmağına baxmayaraq, heç nə yemirdi. Valehin ikinci uşağının 1 yaşı ölümündən 3 gün sonra oldu. Çox ağır, çox çətin idi”.
Valeh indi onun qəlbində açıq yara kimidir, arada qanayır, arada ağrıyır, durmadan acıdır. Ancaq Valehdən sonra həyatına bir işıq doğub.
Şəhid Valeh Bədəlovun bacısı Vüsalə Məmmədova ailə qurub, qardaşı kimi mərd, qəhrəman bir oğul böyütməyə çalışır. Alpərin də Valehə oxşayacağına çox inanır, axı oğullar dayılarına çəkər!
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər