Bütün xəbərlər
18 avqust, 14:13

Son illər ərzində Azərbaycanda subbakalavr dərəcəsi alanların həm sayı, həm də bu istiqamətə ictimai diqqət əhəmiyyətli dərəcədə artıb. Subbakalavr statusu daşıyan, yəni orta ixtisas təhsili pilləsini bitirən şəxslər 2019-cu, yüksək texniki peşə təhsili səviyyəsini bitirənlər isə 2021-ci ildən ali təhsil müəssisələrinə imtahanla deyil, müsabiqə yolu ilə, diplom balları və orta müvəffəqiyyət göstəriciləri əsasında qəbul olunurlar.

Subbakalavr dərəcəsi Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinə əsasən, səviyyə 5 olaraq təsnif edilir. Bu isə onu orta ixtisas təhsilindən birbaşa sonra gələn və ali təhsilə keçid üçün nəzərdə tutulan bir mərhələ kimi tanıdır. Subbakalavr statusu əldə etmiş şəxslər Dövlət İmtahan Mərkəzinin “Tələbə–məzun” dövlət elektron məlumat sistemində qeydiyyata alınır və burada onların qiymət ortalamaları, diplom balları və digər göstəriciləri əks olunur. Bu məlumatlar əsasında onlar ali təhsil müəssisələrində keçirilən müsabiqələrə qoşula bilirlər. Onlar yalnız orta ixtisas təhsili pilləsində və ya yüksək texniki peşə təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilirlər. Qəbul aparılan ixtisasların uyğunluğu Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla, Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən olunur. 

Subbakalavrların qəbul imtahanlarında iştirak etmədən bu ixtisaslara müsabiqə yolu ilə qəbulu aparılmır:

– Xarici dil fənni üzrə əlavə tələb qoyulan ixtisaslar;
– ADA Universitetinin ixtisasları;
– Bakı Ali Neft Məktəbinin ixtisasları;
– İtaliya-Azərbaycan Universitetinin ixtisasları;
– Qarabağ Universitetinin ixtisasları;
– Türkiyə-Azərbaycan Universitetinin ixtisasları.

Xüsusi qabiliyyət tələb edən ixtisasları isə yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanında iştirak edib müvafiq müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər. V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticləri balla qiymətləndirilən ixtisaslar üzrə müsabiqədə eyni yerə iddia edən abituriyent və subbakalavrın qabiliyyət imtahanı üzrə yekun balı bərabər olarsa, bu zaman üstünlük abituriyentə verilir.

Eyni bir yerə iddia edən iki və daha artıq subbakalavrı fərqləndirmək məqsədilə ilk olaraq, orta ixtisas təhsili pilləsi və ya yüksək texniki peşə təhsili səviyyəsi üzrə ümumi orta müvəffəqiyyət göstərici (ÜOMG), daha sonra tam orta təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası (AYQƏO) nəzərə alınır. 

Subbakalavr sisteminin statistik göstəricilərinə baxdıqda bu sahədə son illərdə ciddi artım müşahidə olunur. 2018/2019-cu tədris ilində sistemə 9 199 subbakalavr daxil edilmişdisə, 2019/2020-ci ildə bu göstərici 11 585 nəfərə, 2020/2021-ci ildə 14 381 nəfərə, 2021/2022-ci ildə 16 624 nəfərə, 2022/2023-cü ildə 19 059 nəfərə yüksəlib. 2023/2024-cü tədris ilində isə rekord göstərici qeydə alınaraq 23 952 nəfər subbakalavr ərizə təqdim edib. Bu artım bir tərəfdən təhsilə olan marağın göstəricisidirsə, digər tərəfdən sistemin qarşılaşdığı keyfiyyət problemlərini də aktuallaşdırır.

Subbakalavrların qəbul imtahanlarında göstərdiyi nəticələr bu marağın nəticə baxımından hələ ki, gözləntiləri doğrultmadığını göstərir. 2020-ci ildə keçirilən qəbul imtahanında subbakalavrların yarısından çoxu 400 mümkün baldan sadəcə 42 bal toplaya bilmişdi. 

2021-ci ildə qəbul olunan subbakalavrların riyazi gözləmə balı 133.80 olub. Bu göstərici ümumi abituriyentlər arasında tam ixtisas seçimi aparan qrupda 270.76 olaraq qeydə alınıb. Fərq subbakalavrların hazırlıq səviyyəsinin digər abituriyentlərdən xeyli aşağı olduğunu göstərir. Həmin il ali məktəblərə qəbul olan subbakalavrların orta balı cəmi 139.18 olub. 2022-ci ildə isə bu rəqəm 147.01 təşkil edib. Maraq doğuran digər bir məqam isə 2022-ci ildə qəbul olan subbakalavrların yalnız 6.89 faizinin dövlət sifarişi ilə, yəni ödənişsiz əsaslarla təhsil almasıdır. Qalan 93.11 faizi ödənişli əsaslarla qəbul olunub.

Bütün bu rəqəmlər təhsil sistemində subbakalavrların “kəmiyyət artımı” ilə “keyfiyyət təminatı” arasında uyğunsuzluğun mövcudluğunu göstərir. Subbakalavrların əksəriyyəti iqtisadiyyat, mühasibatlıq, maliyyə və idarəetmə kimi sahələr üzrə təhsil almağa üstünlük verir. 
Digər tərəfdən, subbakalavrların qəbul olunduqları ixtisaslar üzrə ali təhsil müəssisələrində tədris keyfiyyətinə uyğunlaşmaqda çətinlik çəkdikləri müşahidə olunur. Çünki bu tələbələr çox zaman ali məktəb mühiti üçün tələb edilən baza biliklərinə tam malik olmurlar. Mövcud dərs planları isə bu fərqləri nəzərə almadan hazırlanıb və nəticədə subbakalavr tələbələrin performansı aşağı səviyyədə qalır.

2024/2025-ci tədris ili üçün tələbə qəbulu və buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlililə həsr olunan “Abituriyent – 12” adlı jurnalda bu fikirlər yer alıb: “Subbakalavrların I - IV ixtisas qrupları üzrə əldə etdikləri imtahan nəticələrini tam seçmə ilə (imtahanda iştirak edən abituriyentlər və subbakalavrlar (abituriyent kimi iştirak edənlər) birlikdə) müqayisə etdikdə, subbakalavrların nəticələrinin zəif olduğu nəzərə çarpır. I - IV ixtisas qrupları üzrə imtahanda abituriyent kimi iştirak edən subbakalavrların topladıqları balların riyazi gözləməsi 133.80 bal olduğu halda, tam seçmədə bu göstərici 2.02 dəfə böyük olub (270.76 bal). Onu da qeyd edək ki, imtahanda iştirak edən subbakalavrların yarısı 122.6 baldan aşağı nəticə göstərib, tam seçmə üzrə bu göstərici isə 236.3-ə bərabər olub. Subbakalavrların ixtisas seçimində iştirak etdiyini nəzərə alsaq, onların göstəricilərini ixtisas seçimində iştirak edən abituriyentlərlə müqayisə etmək daha ədalətli olardı və burada biz müqayisənin daha acınacaqlı olduğunu görürük. Belə ki, ixtisas seçimində iştirak edən abituriyentlərin qəbul imtahanında topladıqları balların riyazi gözləməsi (359.54) imtahanda iştirak edən subbakalavrların analoji göstəricisindən 2.7 dəfə böyükdür.
Bütün bu qeyd olunanlar onu göstərir ki, imtahan vermədən ali təhsil müəssisələrinə qəbul olmaq imkanı əldə etmiş subbakalavrların hazırlıq səviyyəsi (imtahanın nəticələri əsasında) ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin hazırlıq səviyyəsindən çox aşağıdır. Bu isə ali təhsil müəssisələrində tədris zamanı müəyyən problemlərin ortaya çıxmasına səbəb ola bilər. Fikrimizcə, ali təhsil müəssisələrində subbakalavr kimi qəbul olanlar üçün xüsusi tədris planı hazırlanmalı və onların mütəxəssis kimi hazırlığı bu tədris planı çərçivəsində onlarla daha intensiv məşğul olmaqla həyata keçirilməlidir”.

Bütün bu faktlar göstərir ki, aradan keçən 5 il ərzində subbakalavrların ali təhsil müəssisələrinə adaptasiya məsələsindəki boşluq öz həllini tapmayıb. Subbakalavr sisteminin effektivliyi təkcə onun mövcudluğu ilə ölçülməməlidir. Sistemin effektiv işləməsi üçün təklif olunan həllərdən biri bu tələbələr üçün xüsusi uyğunlaşdırılmış tədris proqramlarının hazırlanmasıdır. Bu proqramlar onların baza biliklərini gücləndirəcək, ali təhsil səviyyəsinə uyğun bilik və bacarıqlar əldə etmələrini təmin edəcək. Həmçinin mentorluq sistemləri, əlavə təlimlər və keçid modulları vasitəsilə onların tədris mühitinə inteqrasiyası dəstəklənməlidir.

Nəticə olaraq demək olar ki, subbakalavr dərəcəsinin verilməsi təhsil sistemində sosial mobilliyi artırmaq və orta ixtisas təhsili almış şəxslərə yeni imkanlar yaratmaq baxımından mühüm təşəbbüsdür. Lakin sistemin hazırkı durumu göstərir ki, yalnız bu imkanların yaradılması kifayət deyil, onlar eyni zamanda keyfiyyətlə müşayiət olunmalıdır. Əks halda, həm təhsil sisteminin keyfiyyəti, həm də gələcək əmək bazarında subbakalavr məzunlarının rəqabətqabiliyyəti sual altında qala bilər.

Şərhlər

Xəbər lenti

14 oktyabr, 09:55

Naxçıvanda  “III Beynəlxalq Duzdağ Araşdırmaları Konqresi” keçiriləcək

14 oktyabr, 09:43

Şuşa məktəbliləri SAF 2025-in finalında iştirak edəcəklər

14 oktyabr, 09:10

Müəllimlərimizin 80 faizi peşəkar inkişafı dəstəkləyir – HESABAT

13 oktyabr, 23:08

1300 müəllim beynəlxalq sertifikat qazanıb

13 oktyabr, 22:44

Məktəbə velosipedlə gedirlər

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.