Bütün xəbərlər
14 aprel, 14:40

Evlilik qarşılıqlı hörmət və sevgi təməlləri üzərində ucalan, cəmiyyətin və dövlətin əsasını təşkil edən ailə bağıdır. Lakin erkən yaşda evlilik bu bağı buxova çevirir. “Uşaq” və “evlilik” kəlmələri bir-birinə daban-dabana zidd olsa da, təəssüf ki, bəzən uşaqların evliliyə məcbur edilməsi halları ilə rastlaşırıq. Uşaqlıq və gənclik həyatın ən qiymətli dövrüdür. Bu dövrdə azyaşlıların evliliyə cəlb edilməsi onların gələcəyinin məhdudlaşdırılması, fiziki və psixoloji sağlamlıqlarına ciddi zərər vurulması ilə yanaşı, hüquqlarının kobud şəkildə pozulmasıdır. 

Uşaqlar azad bir dünyada böyüməli, oxumalı, gələcəklərini sərbəst şəkildə qurmalıdırlar. Erkən evliliklə onların bütün arzuları yarıda qalır, erkən yaşda – həyatlarının ən gözəl dövründə “böyüklərin” dünyasına sürüklənir, məcburən arzu və xəyallarından uzaqlaşdırılırlar. Bu da təkcə fərdlərin həyatını deyil, bütövlükdə cəmiyyətin gələcəyini də təhlükə altına salır. Buna görə də dövlət rəsmiləri və cəmiyyətin hər bir fərdi bu ciddi məsələnin həlli üçün birgə səy göstərməli, erkən yaşda evliliyin qarşısını almaq və uşaq hüquqlarının müdafiəsi üçün ciddi addımlar atmalıdırlar. 

UNICEF-in son təqdim etdiyi məlumatlara əsasən, dünyada erkən evliliyə cəlb edilmiş uşaqların sayı təxminən 650 milyon nəfərdir. Hər ötən il bu say azalsa da, erkən evlilik hələ də tam aradan qaldırılmayıb. Bu problemin tamamilə həll olunması üçün 2030-cu ilə qədər hədəf strategiyası müəyyən edilib. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, erkən evliliklərin sayı son 15 il ərzində 5-6 dəfə azalıb. Erkən evliliklər əksər hallarda nikah bağlamadan dini mərasimlə, kəbinkəsmə ilə baş tutduğu üçün onların statistikası 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı ilə aparılır:

“Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən, hər bir şəxs 18 yaşadək uşaq sayılır, 18 yaşadək şəxslə bağlanmış nikah erkən nikah hesab edilir. Ölkəmizdə azyaşlıları erkən nikaha və uşaq evliliyinə məcbur etmək heç bir halda normal qəbul edilə bilməz, birmənalı olaraq gender əsaslı zorakılığın ən bariz “nümunəsi” kimi dəyərləndirilir.

Son 15 il ərzində erkən evliliklərin sayının 5-6 dəfə azalmasında əsas amil qızlar üçün nikah yaşının 17-dən 18 yaşa dəyişdirilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklərin edilməsidir. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən, 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayında da 2011-ci ildən etibarən azalma müşahidə olunur: 2011-ci ildə 4392 körpə, 2022-ci ildə 2011, 2023-cü ildə isə 1742  körpə dünyaya gəlib. Yəni Azərbaycan üzrə 2023-cü ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 2022-ci illə müqayisədə 15% azalıb. Eyni zamanda, nikah yaşının 1 il azaldılması ilə bağlı yerli icra hakimiyyətləri tərəfindən yetkinlik yaşına çatmayan şəxsə verilən icazələrin sayında da azalma müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2020-ci ildə 165, 2021-ci ildə 137, 2022-ci ildə 270, 2023-cü ildə isə 223 nəfər nikah yaşının 1 il azaldılması üçün müraciət edib”.

“Erkən evlilik hallarının qarşısının alınması istiqamətində dövlət tərəfindən mütəmadi olaraq tədbirlər görülür, qanunvericilikdə dəyişikliklər edilir”

K.Əliyeva bildirib ki, görülən tədbirlərə baxmayaraq, erkən evlilik halları hələ də cəmiyyətimizi narahat edir. Erkən evliliklərin mənfi nəticələrinin, eləcə də belə halların baş verməsinin qarşısının alınması istiqamətində ciddi addımların atılması zərurəti var:

“Əvvəllər AR Ailə Məcəlləsində qızlar üçün nikah yaşı 17, oğlanlar üçün isə 18 yaş göstərilirdi, sonradan “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən, qızların nikah yaşı oğlanlarla bərabələşdirilərək 18 yaşa dəyişdirildi. AR Cinayət Məcəlləsinin “Qadını nikaha məcburetmə” maddəsinə əlavə olaraq, nikah yaşına çatmayan qızları nikaha məcburetməyə görə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək azadlıqdan məhrumetmə cəzası müəyyən edilib (Maddə 176.2). Bununla yanaşı, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə üç ilədək müddətə azadlıqdan məhrumetmə, eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur (Maddə 152). 

28 iyun 2024-cü il tarixində qanunvericiliyə bir sıra dəyişikliklərin edilməsi ilə bağlı Qanun qəbul edilib. Qanuna əsasən, Ailə Məcəlləsində nikah yaşının 1 il azaldılması ilə bağlı istisna halları ləğv edilib. AR Cinayət Məcəlləsində on altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə, eləcə də AR İnzibati Xətalar Məcəlləsində on altı yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxilolmaya görə, yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsinə görə, yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə mərasimlərin keçirilməsinə görə cəza tədbirlərin görülməsi ilə bağlı dəyişikliklər edilib. Qanun 2025-ci ilin iyulun 1-dən qüvvəyə minir. 

Bu cəzaların erkən evliliklərin qarşısını almaqda nə qədər effektiv olduğunu qanun layihəsi qüvvəyə mindikdən sonra görə biləcəyik”.

Erkən evliliyin kökündə dayanan səbəblərdən danışan müsahibimiz hansı faktorların bu məsələyə təsir etdiyini də açıqlayıb. Qeyd edib ki, komitənin sifarişi ilə 2021-ci ildə “Müasir Azərbaycanda erkən nikahlar: Sosioloji təhlil” adlı araşdırma həyata keçirilib. Bu tədqiqatın əsas məqsədi Azərbaycanda erkən evliliklərlə bağlı mövcud vəziyyəti, onların səbəb və nəticələrini öyrənmək idi. Erkən evliliklərin səbəblərindən biri kimi göstərilir ki, əksər hallarda yeniyetmə qızlar valideynləri və ya yaxın qohumları tərəfindən evliliyə təhrik edilirlər. Erkən evliliyin digər bir səbəbi isə valideynlərin qızlarının fiziki təhlükəsizliyini, yəni əxlaqını qorumaq istəməsidir. Bəzən valideynlər uşağın (qızının) təbii ehtiyaclarının ödənilməsində çətin çəkdiyini bəhanə edib övladını maddi cəhətdən daha imkanlı ailəyə verməyə tələsirlər. Erkən hamiləlik halları da erkən evliliyə səbəb olan amillərdən biridir.

“Erkən evliliyə cəlb olunan yeniyetmə qızlar əksər hallarda öz təhsillərini davam etdirmirlər”

K.Əliyeva bildirir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən yeniyetmə və gənclərin erkən evliliklərin mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılmasına xüsusi önəm verilir, mütəmadi olaraq bu sahədə məktəblərdə, peşə və orta təhsil müəssisələrində şagird, tələbə, müəllim və valideynlərin iştirakı ilə maarifləndirici görüşlər təşkil olunur, çətin həyat şəraitində yaşayan və sosial müdafiəyə ehtiyacı olan gənclərin dünyagörüşünün genişləndirilməsinə, onların informasiya təminatının yaxşılaşdırılmasına yardım edən tədbirlər həyata keçirilir:

“Erkən evliliklərin tibbi, psixoloji, fizioloji, mənəvi və sosial-iqtisadi fəsadları var. Erkən evliliyə cəlb olunan yeniyetmə qızlar əksər hallarda təhsilə davam etmirlər və aldıqları təhsil ilə kifayətlənməli olurlar. Bu da onların sosial uyğunlaşma imkanlarını azaldır, inkişafına və cəmiyyətdə iştirakına mənfi təsir göstərir. Nəticədə, işsiz gənc qadınların sayının artmasına, onların maddi cəhətdən həyat yoldaşından və ya valideynlərindən asılı olmasına, məişət zorakılığı hallarının və tənha analarının sayının artmasına gətirib çıxarır. 

Nikaha daxil olan yeniyetmələrin sağlamlığı üçün də ciddi təhlükə yaranır, belə hallar uşaq və ana ölümü riskinin artması ilə nəticələnir. Sağlamlıq imkanları məhdud olan uşaqların doğulması riskinin artmasına da gətirib çıxarır. Bununla yanaşı, qızlarda psixoloji travmalara səbəb olur. Qeyd etmək lazımdır ki, belə evliliklər, adətən, dini mərasimlər əsasında baş verir. Gələcəkdə belə ailələrdə problem yaşanarsa, qanundankənar baş verən evliliyə daxil olan şəxslərin hüquqi müdafiəsində də çətinlik yaranır.

Komitəyə erkən evliliklə bağlı məlumat daxil olan kimi, komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzlərinin, yerli icra hakimiyyətlərinin və hüquq-mühafizə orqanlarının nümayəndəsinin iştirakı ilə ailələrə səfərlər təşkil edilir, bu cür nikahlara görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət izah olunur, belə halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülür.

Təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqların ailələrinə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə səfərlər təşkil edilir, uşaqlarla fərdi profilaktik işlər aparılır, erkən evlilik faktlarının aşkarlanması, həmin ailələrə səfərlərin təşkili, erkən evliliyin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülür.

Belə hallarla, ümumiyyətlə, gender əsaslı zorakılıqla üzləşən şəxslər üçün 860 “Qaynar xətt” xidməti, Uşaq hüquqlarının müdafiəsi üçün 116-111 “Uşaq qaynar xətti” yaradılıb.

Belə halların qarşısının alınması üçün dövlət tərəfindən görülən işlərlə yanaşı, cəmiyyət bütün üzvlərinin problemlə mübarizədə fəal olmaları, ictimai müzakirələr zamanı belə hallara haqq qazandırmamaları, bu kimi halların qarşısının alınmasında yaxından iştirak edərək öz dəstəklərini göstərməkləri də vacibdir”, – deyə fikirlərini yekunlaşdırıb.

Şərhlər

Xəbər lenti

15 aprel, 20:47

Mehriban Əliyeva Bakıda körpələr evi və uşaq evi sosial xidmət müəssisəsini ziyarət edib

15 aprel, 20:30

Region məktəbləri ilk dəfə PISA tədqiqatlarına qoşulacaq

15 aprel, 19:55

Ekran asılılığı valideyn-uşaq münasibətlərinə təsir edir

15 aprel, 19:45

Bağçalara müdir vəzifəsi üzrə müsahibələrə start verilib

15 aprel, 19:41

Ötən il 36 məktəb direktoru işdən çıxarılıb

15 aprel, 19:00

Riyaziyyatın tədrisində neyropedaqoji yanaşma

15 aprel, 17:44

AzMİU Türkiyənin aparıcı texniki universitetləri ilə əməkdaşlıq edəcək

15 aprel, 16:07

Şagirdlərdən hekayə tələbi: Buraxılış imtahanında yenilik

15 aprel, 15:41

Təhsil krediti ilə arzularını reallaşdıran üç uşaq anası – Uğur hekayəsi

15 aprel, 15:37

Övladını özəl bağçaya qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ!

15 aprel, 15:19

ATİAHİ-yə üzv təşkilatların sədrləri üçün təlimlərə start verilib

15 aprel, 15:05

ADMİU-da beynəlxalq elmi-nəzəri konfrans keçirilib

15 aprel, 14:49

Naxçıvanda əmək bazarının inkişafı məsələlərinə dair görüş keçirilib

15 aprel, 14:47

BSU-da “Beynəlxalq yay məktəbi” təşkil ediləcək

15 aprel, 14:40

Buraxılış qiymətləndirmə monitorinqinin düzgün cavabları açıqlanıb

15 aprel, 14:38

STEAM mərkəzlərində yeni təlim qruplarına qeydiyyat başladı

15 aprel, 13:54

BSU-da özbək dili tədris ediləcək

15 aprel, 13:43

Pedaqoji Universitetdə “Fizika günü” keçirilib

15 aprel, 13:40

BSU-da tədrisin idarə edilməsi tamamilə elektronlaşdırılacaq

15 aprel, 13:36

"Konstitusiya və Suverenlik İli"nə həsr olunan tədbir keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.