
“Bu mənim Bakı Mühəndislik Universitetinə (BMU) ilk səfərimdir və burada olmaq mənim üçün böyük bir xoşbəxtlikdir. Universitetin kampusu çox gözəl və müasir infrastruktura malikdir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri İNHA Universiteti Elektrik və kompüter mühəndisliyi fakültəsinin professoru Gyungsu Byun deyib. O, BMU-da tədrisi Koreya Respublikası İNHA Universitetinin professor-müəllim heyəti tərəfindən aparılan “Yay məktəbi”ndə dərs deməkdən, bu sahə üzrə biliklərini paylaşmaqdan böyük məmnunluq hissi keçirdiyini vurğulayıb. “Mən yüksək performanslı hesablama sistemləri və süni intellekt hesablama sistemləri üçün rəqəmsal sistem dizaynı fənnini tədris edirəm. Bu kurs rəqəmsal sistemlərin çox kritik və fundamental bloklarını, həmçinin yüksək məhsuldarlıqlı növbəti nəsil süni intellekt hesablama sistemlərinin dizaynını əhatə edir”, – deyə koreyalı professor bildirib.
BMU ilə İNHA arasında həyata keçirilən tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramı çərçivəsində gerçəkləşdirilən, akademik ilin davamı olan yay tədris prosesi 3 həftəlik dövrü əhatə edir.
BMU-İNHA İDP Azərbaycan Prezidentinin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən etibarən həyata keçirilir. Prezident İlham Əliyevin ötən ay imzaladığı “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamla proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.
3+1 modeli əsasında qurulan beynəlxalq ikili diplom proqramına 2025/2026-cı tədris ili üçün 4 ixtisas – “Kompüter elmləri” ("Süni intellekt mühəndisliyi"), “Data analitikası” ("Data elmləri"), “İnformasiya texnologiyaları”, “Elektrik və elektronika” mühəndisliyi ixtisasları üzrə qəbul aparılır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər