Bütün xəbərlər
1 aprel, 23:09

Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə əmək qanunvericiliyinin tələbləri əsas götürülməklə müəllimlərin attestasiyasına başlanılıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi sosial media hesabında paylaşım edib. 

Bildirilib ki, attestasiyanın ilk mərhələsi Bakı və Abşeron-Xızı regionları üzrə 47 musiqi və incəsənət məktəbinin 1759 nəfər fortepiano və musiqi nəzəriyyəsi müəllimini əhatə edib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq 2024-cü ilin son rübündə növbəti ildə müəllimlərin attestasiyanın keçirilməsi təhsil müəssisələrinin iş planına daxil edilmiş, müəllimlərə müvafiq bildirişlər göndərilməklə yanaşı, onlara ən azı 3 ay əvvəl attestasiya proqramları təqdim edilib.

Attestasiya prosesinin şəffaf təşkili, qiymətləndirmənin obyektiv aparılması məqsədilə peşəkar ekspertlər cəlb olunmaqla hər biri 5 nəfərdən ibarət 10 komissiya yaradılıb..

Komissiyaların tərkibinə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin 20-yə yaxın professor və dosenti, eləcə də Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin, ixtisaslaşmış musiqi və incəsənət məktəblərinin təcrübəli müəllimləri daxil edilib. 

Attestasiyada iştirak edəcək pedaqoji heyətin maarifləndirilməsi ilə bağlı sistemli kommunikasiya planı icra edilib.

Bakı, Sumqayıt və Abşeronun 40-dan çox məktəblərində görüşlər keçirilmiş, eyni zamanda attestasiya komissiyasının üzvləri, müəssisələrin rəhbər heyəti, həmkarlar ittifaqının təmsilçiləri ilə prosesin düzgün təşkilinə dair çoxsaylı görüş və təlimlər  təşkil edilib. Attestasiya prosesinin təşkil olunduğu Bakı Xoreoqrafiya Akademiyasında zəruri avadanlıq və alətlərlə təchiz olunmuş mərkəz yaradılıb. Burada təhsilverənlərin attestasiya prosesinin yüksək keyfiyyətli videoçəkilişi aparılmış və arxivləşdirilib.

2025-ci ilin fevral-mart aylarında keçirilən attestasiyanın ilkin mərhələsində 1675 nəfər iştirak edib ki, bu da attestasiyaya cəlb olunmalı müəllimlərin 95,2 faizini təşkil edir. Bu və ya digər səbəbdən attestasiyada iştirak etməyən müəllimlərin qiymətləndirilmə prosesi ilə bağlı yaxın müddətdə əlavə bildiriş göndəriləcək. 

Attestasiyadan uğurla keçmiş 1183 müəllimin 650 nəfəri, başqa sözlə 55%-i bütün komissiya üzvləri tərəfindən müsbət qiymətləndirilməklə ən yüksək nəticə göstərib. Sevindirici haldır ki, son illərdə müsabiqə yolu ilə işə qəbul olan müəllimlər attestasiyadan uğurla keçib. Eləcə də, bir sıra musiqi və incəsənət məktəblərinin müəllim heyəti attestasiya prosesini böyük uğurla başa vurub.

Attestasiya zamanı həm də müəllimlərin aidiyyəti üzrə təlimlərə və ixtisasartırmaya ehtiyacları müəyyən edilib ki, bu da sonrakı prosesdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birlikdə sistemli təlim prosesinin təşkili üçün çox vacib resursdur.

Bununla belə, 492 müəllim attestasiya komissiyalarının qiymətləndirməsinə əsasən tutduğu vəzifəyə uyğun hesab edilməyib. 

Onlardan 107 nəfər attestasiya komissiyasının bütün üzvləri, 273 müəllim bir nəfər (yerli həmkarlar təşkilatının nümayəndəsi) istisna olmaqla 4 komissiya üzvü tərəfindən tutduğu vəzifəyə uyğun olmayan kimi qiymətləndirilib. 112 nəfər təhsilverən isə komissiya üzvlərindən 2-si lehinə olmaqla, digər 3-ü tərəfindən tutduğu vəzifəyə uyğun hesab edilməyib.

Attestasiya prosesində iştirak edən bütün müəllimlərə əmək qanunvericiliyinə uyğun olaraq işəgötürən tərəfindən attestasiyanın nəticələrinə dair müvafiq bildirişlər göndərilməkdədir.

Eyni zamanda, attestasiyada 2 lehinə, 3 əleyhinə səslə tutduğu vəzifəyə uyğun hesab edilməyən 112 nəfər təhsilverən təlimlərə cəlb olunmaq və müəyyən müddətdən sonra təşkil olunacaq imtahanın nəticələrinə əsasən əvvəlki iş yerlərinə qəbul edilmək imkanı veriləcək.

Tutduğu vəzifəyə uyğun hesab edilməmiş yaşı 60-dan yuxarı olan, eləcə də bir sıra ağır xəstəliyi olan müəllimlərin alternativ iş imkanlarının araşdırılması məqsədilə aidiyyəti regional mədəniyyət idarələrində komissiyalar yaradılacaq. 

Qeyd edilib ki, tutduğu vəzifəyə uyğun hesab edilməyən 20-dən çox müəllim Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin təsir dairəsinə düşdüyünə görə (    hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin) onların əmək müqaviləsinə xitam verilməyəcək.

Attestasiyada tutduğu vəzifəyə uyğun hesab edilməyən təhsilverənlərin musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək hüququ var.

Mədəniyyət Nazirliyinin sistemindəki musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin attestasiya prosesi davam edir.

2025-2026-cı illərdə bütün ixtisaslar üzrə müəllimlərin attestasiyasının keçirilməsi nəzərdə tutulub 

Şərhlər

Xəbər lenti

2 aprel, 20:00

Gələcəyə fokuslanmış riyaziyyat kurikulumları: 21-ci əsr üçün şagirdlərin gücləndirilməsi

2 aprel, 19:00

Avropada erkən uşaqlıq təhsili: 2025-ci il üçün əsas göstəricilər

2 aprel, 18:00

Məktəbəqədər yaşlı uşaqlarda oyunlar vasitəsilə riyazi bacarıqların inkişafı

2 aprel, 17:44

İngiliscə danışır, mükəmməl fiqurlar düzəldir – Autizmli Nurlan bunlara necə nail olub?

2 aprel, 17:30

Çin süni intellektdə zirvəyə necə yüksəldi?

2 aprel, 17:19

“Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib

2 aprel, 17:11

Avropanın üç nüfuzlu universitetinə qəbul oldu

2 aprel, 17:10

Ali təhsilin maliyyələşməsi: problemlər və həll yolları

2 aprel, 17:07

SABAH tələbələri Rumıniyada beynəlxalq mübadilə proqramında iştirak ediblər

2 aprel, 16:57

Bakı məktəblisi beynəlxalq marafonda I yerə layiq görülüb

2 aprel, 16:42

Tələbələrin əmək bazarına inteqrasiyası asanlaşdırılır

2 aprel, 16:39

RFO-nun final mərhələsinin tarixləri açıqlanıb

2 aprel, 16:33

Prezident Azərbaycan və Somali arasında təhsil sahəsindəki əməkdaşlıq sazişini təsdiqləyib

2 aprel, 16:32

ADMİU-nun tələbələri Moda həftəsində maraqlı kolleksiya ilə çıxış ediblər

2 aprel, 16:09

ADA Məktəbi 10-cu sinfə sənəd qəbulu elan edir

2 aprel, 16:05

Uşaq hüquqlarının monitorinqi üzrə meyarlar təsdiq edilib

2 aprel, 16:03

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində təhsil almaq üçün sənəd qəbulu aparılır

2 aprel, 16:00

AzMİU ilə Beynəlxalq Final Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

2 aprel, 15:15

V Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

2 aprel, 14:33

IDEA və ICESCO birgə beynəlxalq təcrübə proqramı elan edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.