Bütün xəbərlər
17 iyul, 17:47

Məktəbəqədər yaş dövründə uşaqlar üçün öyrənmənin ən təsirli yolu oyun vasitəsilə həyata keçirilir. Oyun təkcə əyləncə vasitəsi deyil, həm də uşağın idrak, sosial-emosional və fiziki inkişafının təməlini qoyan təbii öyrənmə formasıdır. Məktəbəqədər yaş dövründə uşağın inkişafı üçün ən təbii və güclü öyrənmə vasitəsi məhz oyundur. Oyunəsaslı öyrənmə uşağın maraq dairəsinə uyğun, hərəkətə, təcrübəyə və müşahidəyə əsaslanan prosesdir. Bu yanaşma təkcə əyləncəni deyil, öyrənmənin məqsədyönlü və planlı şəkildə təşkili ilə bilik və bacarıqların mənimsənilməsini təmin edir.

Uşaqların oynadıqları oyunları düşünərkən göz önündə “Gizlənpaç” oyunu canlanır. Gözünü yumub müəyyən saya qədər sayanlar, ən gizli yeri tapıb gizlənməyə çalışanlar, gizləndikləri yerdə səbirlə gözləyənlər və qaçış zamanı məsafəni hesablamağa çalışan uşaqlar – bunların hamısı sadə görünsə də, əslində, çoxyönlü inkişafı dəstəkləyir. Bu oyun fiziki aktivlik tələb etdiyi üçün fiziki inkişafı, gizlənəcək yer axtarışı zamanı düşünmə qabiliyyətini, idrakın inkişafını, birlikdə oynamaq və ünsiyyət qurmaq isə sosial bacarıqları gücləndirir.

Uşaqlar oyun zamanı qərar qəbul edir, qaydalar yaradır və öhdələrinə məsuliyyət götürürlər. Bu onları mənfi emosiyalardan uzaqlaşdırır və qorxu hisslərini azaldır. Oyun, eyni zamanda, uşağın psixoloji rahatlığını təmin edən mühüm vasitədir. Uşaqların oyun zamanı nəyə maraq göstərdiklərini müşahidə etməklə onların maraqları əsasında təlim fəaliyyətlərini planlamaq mümkündür. Bu yanaşma həm öyrənməni asanlaşdırır, həm də hədəflənmiş inkişaf nəticələrinə daha tez çatmağı təmin edir.

Uşaqlar oyun vasitəsilə ətraf aləmi öyrənir, səbəb-nəticə əlaqələrini qurur, hadisələri sınaqdan keçirirlər. Oyun onların daxili ehtiyaclarına uyğun olduğuna görə öyrənmə prosesi daha səmərəli və motivasiya edən olur.

Oyun uşağın eyni vaxtda həm nitqini, həm məntiqi təfəkkürünü, həm motor bacarıqlarını, həm də sosial münasibətlərini inkişaf etdirir. Oyun zamanı uşaq öz təxəyyülündən istifadə edir, süjetlər qurur, qeyri-adi situasiyalara yaradıcı yanaşmalar tapır, əməkdaşlıq edir, razılaşır, fikir bildirir və emosiyalarını idarə edir. Bu isə onun tənqidi və çevik düşünmə bacarıqlarının formalaşmasına imkan yaradır. Oyunlar həmçinin empatiya və qarşılıqlı hörmət kimi dəyərləri mənimsətmək üçün də əlverişli mühit yaradır.

Uşaq oyunda uğur qazandıqca, ideyalarını reallaşdırdıqca özünü bacarıqlı hiss edir. Bu da onun özünəinamını və öyrənməyə marağını artırır.

Qaydalı oyunlar zamanı uşaqlar qaydalara əməl etməyi, növbə gözləməyi əməkdaşlıq etməyi, emosiyalarını idarə etməyi öyrənirlər. Bundan əlavə, qaydaları izah etmək və tətbiq etmək zamanı onların məntiqi təfəkkürü, rabitəli nitqi, motor bacarıqları inkişaf edir.

Oyunların düzgün planlaşdırılması məktəbəqədər kurikulumda nəzərdə tutulan bilik və bacarıqları təbii şəkildə inkişaf etdirir. Məsələn, “Kim kənarda qaldı?” oyunu zamanı uşaqlar:

- motor bacarıqlarını işə salaraq çevik şəkildə hərəkət edir, tarazlıq və koordinasiyanı qorumağa çalışırlar;

- məntiqi təfəkkürlərini istifadə edərək dar məkan daxilində maksimum sayda uşağın yerləşməsi üçün müxtəlif yollar fikirləşirlər;

- sosial bacarıqlar qazanırlar, çünki komanda daxilində əməkdaşlıq etməli, birlikdə qərar verməli və plan qurmalıdırlar;

- nitq bacarıqları isə qarşılıqlı danışıq və müzakirə zamanı inkişaf edir (“sən burada dayan”, “ayağını buraya qoy” və s.).

Başqa bir nümunə “Saat neçədir?” oyunudur. Bu oyun vasitəsilə:

- uşaqlar zaman anlayışını real hərəkətlərlə mənimsəyir və saatın quruluşunu öyrənirlər;

- əlaqələndirilmiş düşünmə və diqqət toplama bacarıqları formalaşır. Uşaqlar oxları düzgün istiqamətləndirir və nəticəni təhlil edirlər;

- nitq bacarıqları inkişaf edir. Uşaqlar vaxtı səsləndirir, bir-birilə fikir mübadiləsi aparır;

- Sosial münasibətlər güclənir. Komanda işi və növbə gözləmə davranışları təkmilləşir.

Sərbəst oyunlar isə yaradıcılıq bacarıqlarını daha çox stimullaşdırır. Uşaq oyunun qaydalarını və müddətini özü müəyyən etdiyindən bu, yaradıcı düşüncə və müstəqillik hissini gücləndirir.

Oyun əsaslı öyrənmə məktəbəqədər yaşlı uşağın potensialını maksimum dərəcədə üzə çıxaran, onun maraqlarına və inkişaf səviyyəsinə uyğun olan, səmərəli və zövqlü öyrənmə formasıdır. Tərbiyəçi-müəllimlərin və valideynlərin rolu bu cür öyrənmə üçün zəngin, təhlükəsiz və təşviqedici mühit yaratmaqdan ibarətdir. Belə mühitdə uşaq həm öyrənir, həm güclənir, həm də böyüyür.

Bəzən oyun zamanı yaranan səs-küy bizə narahatedici görünsə də, həmin mühitdə uşaqların bəzi fəaliyyətlərə diqqətlə davam etməsi onların diqqət davamlılığını və fokuslanma bacarığını artırır. Aktivlik və dinamiklik onların öyrənməsini təşviq edən əsas amillərdəndir.

Uşaqların diqqətini uzun müddət bir fəaliyyətə yönəltmək çətin ola bilər. Bu zaman oyunəsaslı öyrənmə kömək edir. Aktiv fəaliyyətə cəlb olunan uşaqlar öyrənməyə daha çox maraq göstərir, bu da motivasiyanın artmasına səbəb olur.

Oyunun könüllü və cəlbedici olması sayəsində uşaqlar özlərini məcbur hiss etmədən yeni bilik və bacarıqları həvəslə mənimsəyirlər. Bu proses təbii öyrənməni təmin edir və əldə edilən biliklər daha qalıcı olur.

BMT tərəfindən qəbul olunmuş “Uşaq Hüquqları haqqında Konvensiya”nın 31-ci maddəsində oyun hər bir uşağın təməl hüququ kimi tanınmışdır. Bu, uşağın təbii inkişaf mühitində oyunun vacibliyini beynəlxalq səviyyədə də təsdiqləyir.

Nəticə olaraq, oyun məktəbəqədər təhsildə uşaqyönümlü, effektiv və motivasiyaedici bir öyrənmə vasitəsidir. Düzgün təşkil olunmuş oyunlar uşaqlarda fərdi bacarıqları, özünəinamı, əməkdaşlıq, sosial davranış, idrak və yaradıcılığı inkişaf etdirir. Bu səbəbdən tərbiyəçi-müəllimlər təlim fəaliyyətlərini oyun əsaslı yanaşma ilə planlamalı və uşaqların inkişaf ehtiyaclarına uyğun şəkildə qurmalıdırlar.

İstifadə olunan mənbələr:

1. “Azərbaycan məktəbi” – Elmi-nəzəri pedaqoji jurnal “oyun uşağın əsas hüququdur” https://as-journal.edu.az/

2. Araştırmacı Çocuk Merkezi “Oyun yoluyla öğrenme” https://acmtr.org

3. Qaydalı oyunlar

https://arti.edu.az/wp-content/uploads/2022/10/638_6041-qaydali-oyunlar-10-07-2019-pdf-2-1.pdf

Laləzar MƏMMƏDOVA
Bakı şəhəri 318 nömrəli körpələr evi-uşaq bağçasının müdiri

Şərhlər

Xəbər lenti

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

16 sentyabr, 14:52

Lənkəran-Astara üzrə 8910 nəfər I siniflərdə dərslərə başlayıb

16 sentyabr, 14:44

MDU-da “İnnovativ Tədris və İnkişaf” layihəsi çərçivəsində dərslərə başlanılıb

16 sentyabr, 14:42

Qazax-Tovuz regionunda 80 təhsil müəssisəsində infrastruktur yenilənib

16 sentyabr, 14:37

Naxçıvanlı karateçilər ölkə çempionatında 1 qızıl, 3 gümüş medal qazanıblar

16 sentyabr, 14:37

ICESCO-nun Baş direktoru Şuşa 1 nömrəli məktəb və Qarabağ Universitetində olub

16 sentyabr, 14:26

“Parla” təqaüd və inkişaf proqramına qəbul üçün qeydiyyat başladı

16 sentyabr, 14:15

Birləşmiş Dünya Məktəbinin ilk azərbaycanlı tələbəsi

16 sentyabr, 13:13

Universitetlərdə aparılan akkreditasiya zamanı hansı nöqsanlar aşkarlanıb?

16 sentyabr, 12:35

Bəzi xarici universitetlər siyahıya düşməmək üçün TKTA-ya müraciət edirlər

16 sentyabr, 12:31

Sədr saxta diplom məsələsinə aydınlıq gətirib

16 sentyabr, 12:28

Qeyri-formal və informal təhsilin tanınması üzrə agentliyə 226 müraciət daxil olub

16 sentyabr, 12:26

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

16 sentyabr, 12:17

“Mühəndislik” ixtisası üzrə xaricdə təhsil alanların peşə imtahanında müvəffəqiyyət göstəriciləri 21 faizdir

16 sentyabr, 12:04

“Hüquqşünaslıq” üzrə imtahanda iştirak edənlərin yalnız 22%-i şəhadətnamə alıb

16 sentyabr, 11:49

6 ali təhsil müəssisəsində institusional akkreditasiya həyata keçirilib

16 sentyabr, 11:45

“İbtidai sinif müəllimliyi” ixtisası üzrə imtahanda iştirak edənlərin 90%-i uğursuz nəticə əldə edib

16 sentyabr, 11:35

491 xarici kvalifikasiyanın tanınması barədə mənfi rəy verilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.