Bütün xəbərlər
10 oktyabr, 14:37

İqlim dəyişikliyi artıq yalnız elmi və ya qlobal müzakirələrin mövzusu deyil. Bu məsələ gündəlik həyatımıza birbaşa təsir edən reallığa çevrilib. Bu baxımdan məktəblər təkcə tədris məkanı yox, həm də uşaqlarda davamlı həyat tərzinin və məsuliyyətli vətəndaşlıq hissinin aşılandığı mühüm mərkəzlərə çevrilir.
Bəs məktəblərdə iqlim savadlılığı necə formalaşır, bu istiqamətdə hansı tədbirlər həyata keçirilir?

“Daxili məkanlarımızda yerləşdirilmiş güllərin sayı şagirdlərimizin sayı qədərdir”

Bir çox məktəblərdə iqlim savadlılığının və ekoloji dəyərlərin uşaqlara aşılanması məqsədilə “Yaşıl məktəb” layihəsi həyata keçirilir. Belə təhsil müəssisələrindən biri də Bakı şəhər 279 nömrəli tam orta məktəbdir. 

Məktəbin direktoru Südabə Abdullayeva bildirib ki, bu layihə sadəcə maarifləndirici tədbirlərlə məhdudlaşmır. O, şagirdlərin gündəlik həyatının bir hissəsinə çevrilib:

“Məktəbimiz yaşıllığa və ekoloji təhsilə xüsusi önəm verən bir təhsil müəssisəsidir. Daxili məkanlarımızda yerləşdirilmiş güllərin sayı demək olar ki, şagirdlərimizin sayı qədərdir. Əvvəllər bu say daha da çox idi, lakin bəzi bitkilər xəstəlik səbəbindən tələf oldu. Biz isə işi dayandırmadıq, yeni bitkilər əkərək yaşıl mühiti bərpa etdik. Hazırda məktəbdə, əsasən, fikus, qılınc gülü, ətirşah və geran kimi otaq bitkiləri yetişdirilir. Bu bitkilər həm otaq havasının təmizlənməsində, həm də məktəbdə təbii və təravətli mühitin yaradılmasında mühüm rol oynayır. Şagirdlərə hər bir bitkinin təbiətin bir parçası olduğu və onun qorunmasının insanın məsuliyyəti olduğu öyrədilir”.

Bu məktəbin həyətində orqanik və dekorativ bağ da yaradılıb. Burada həm meyvə ağacları, həm də dekorativ kollar yetişdirilir. O qeyd edir ki, lavanda, rozmarin və nanə kimi faydalı bitkilər məktəb ərazisində həm açıq sahədə, həm də sinif otaqlarında yetişdirilir. Bu, şagirdlərə sağlamlıq üçün faydalı olan bitkilərlə tanış olmaq, onları praktik şəkildə öyrənmək imkanı verir:

“Eyni zamanda, şagirdlərə “kompas ağac” kimi tanınan ağaclar haqqında da biliklər verilir. Bu ağacların yaşıl tərəfi şimal istiqamətini göstərir və təbiətdə istiqamət tapmağa kömək edir. Bu biliklər iqlim savadlılığının praktik tətbiqinə xidmət edir”.

“Şagirdlər bitkiləri özləri gətirir, sevə-sevə əkir, suvarır və artımına nəzarət edirlər”

Südabə Abdullayevanın sözlərinə görə, ekoloji düşüncə məktəbdə dərs proqramından çox gündəlik həyat tərzi ilə formalaşır:
“Hər fəslə uyğun olaraq məktəbdə müxtəlif güllər əkilir, şagirdlər onları özləri gətirir, sevə-sevə əkir, suvarır və artımına nəzarət edirlər. Bu, uşaqlarda təbiətə sevgi, məsuliyyət hissi formalaşdırır.

Məktəb müxtəlif ekoloji layihələrə qoşulmaqla bu istiqamətdəki fəaliyyətini də genişləndirir. Onlardan biri İDEA İctimai Birliyi ilə birgə həyata keçirilən layihədir. Şagirdlər bu layihə çərçivəsində müsabiqələrdə uğur qazanıblar”.

“Tullantılardan dekorativ güllüklər və digər faydalı əşyalar hazırlanır”

Məktəbdə “ekoloji dəhliz” adlanan xüsusi bir məkan da yaradılıb. O vurğulayır ki, bu dəhlizin divarlarında şagirdlərin çəkdiyi rəsmlər və yaşıl təbiət haqqında yazdıqları fikirlər nümayiş olunur:

“Burada uşaqlar təbiətə münasibətlərini ifadə edir, bir-birindən öyrənirlər. Təbiətin qorunması ilə bağlı məktəbdə tullantıların düzgün idarə olunmasına və təkrar istifadəsinə də xüsusi diqqət yetirilir. Tullantılardan dekorativ güllüklər və digər faydalı əşyalar hazırlanır. Bu təşəbbüs həm resurslara qənaət, həm də uşaqlarda yaradıcılıq bacarıqlarının inkişafı üçün əhəmiyyətlidir”.

“Valideynlər övladları ilə birlikdə ağac və gül əkir, bitkilərə qulluq edir, uşaqlara təbiətə qayğının vacibliyini aşılayırlar”

Onun fikrincə, iqlim savadlılığı məktəb proqramına ayrıca mövzu və ya bölmə kimi daxil edilməlidir. Uşaqlar hava şəraitinə uyğun davranmağı, təbiətə daha həssas yanaşmağı öyrənməlidirlər:

“İnteqrasiya baxımından bu mövzunun müxtəlif dərslərdə işlənməsi də mümkündür. Məsələn, bu yaxınlarda 212 nömrəli məktəbin direktoru Sevil Cavadova ilə birgə “Yaradıcı müəllim” müsabiqəsinə M.Müşfiqin “Küləklər” şeirini ekoloji mövzu ilə birləşdirərək təqdim etmişik.

Məktəbdə müəllimlər ekoloji biliklərə yaxından bələddirlər. Biologiya müəllimi Aytən Cəbiyevanın “Azərbaycanda mamırlar” adlı layihəsi bu istiqamətdə atılmış önəmli addımlardandır. Tarix müəllimləri və təsərrüfat işçiləri də bitkilərin əkilməsi, torpağın yenilənməsi və gülə qulluq sahəsində fəal iştirak edirlər.
Valideynlər də bu prosesin ayrılmaz hissəsidir. Onlar övladları ilə birlikdə ağac və gül əkir, bitkilərə qulluq edir, uşaqlara təbiətə qayğının vacibliyini aşılayırlar. Məktəbdə ekoloji tərbiyə işi ailə və məktəb əməkdaşlığı əsasında həyata keçirilir”.

Məktəblərdə aparılan bu təşəbbüslər yalnız yaşıllığın artırılması ilə məhdudlaşmır. Bu həm də şagirdlərdə ekoloji düşüncə və iqlim savadlılığının formalaşmasına yönəlib. Bəs ekoloqlar bu prosesə necə baxır və iqlim savadlılığının məktəblərdə daha effektiv təşviqi üçün hansı addımları vacib sayırlar?

“Təkcə məktəblərdə deyil, bağçalarda da uşaqlara təbiətin bir hissəsi olduqlarını öyrətmək lazımdır”

Azərbaycan Neft və Sənaye Universitetinin Kimya-texnologiya kafedrasının müəllimi, texnika elmləri namizədi, dosent Dürdanə Şirinova “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, iqlim dəyişikliyi və ekoloji problemlərin qarşısını almaq üçün ilk növbədə insanların düşüncə tərzində dəyişiklik olmalıdır. Təbiəti qorumaq bir insanın, bir ölkənin deyil, bütün cəmiyyətin və dünyanın üzərinə düşən vəzifədir:

“İnsanlar anlamalıdır ki, təbiət bir orqanizmdir və biz onun bir hissəsiyik. Orqanizmin bir hissəsi xəstədirsə, bu, bütün sistemi sıradan çıxaracaq. İnsan ilk növbədə anlamalıdır ki, təbiətin qanunlarının əksinə getməklə heç bir nəticə əldə edə bilməyəcək. İqlim savadlılığının məktəblərdə formalaşması təkcə tədris proqramı ilə məhdudlaşmamalıdır. Uşaqlarda bu biliklər praktiki vərdişlər şəklində inkişaf etməli və onların gündəlik həyatına inteqrasiya olunmalıdır. Bu istiqamətdə ekoloqların mütəmadi məktəblərə səfəri, uşaqlarla açıq söhbətlərin aparılması və müzakirələrin təşkili olduqca faydalıdır. Bu, iqlim savadlılığının uşaqlıqdan formalaşmasına və gələcək nəsillərdə təbiətə qarşı məsuliyyət hissinin yaranmasına şərait yaradacaq.

Bir vaxtlar “Ekologiya və yoxsulluq” adlı layihəmiz var idi. Məqsəd maarifləndirmə idi. Məncə, bu gün təkcə məktəblərdə deyil, bağçalarda da uşaqlara təbiətin bir hissəsi olduqlarını öyrətmək lazımdır. “Əgər təbiət zərər görərsə, biz də onu hiss edəcəyik” kimi fikirlər aşılanmalıdır”.

Onun sözlərinə görə, iqlim dəyişikliyinə səbəb olan əsas amillərdən biri atmosferə atılan karbon qazıdır. Karbon qazının istilik tutumu və istixana effekti yaratması artıq məlum faktdır:
“Bununla yanaşı, metan qazı da iqlim dəyişikliyinə az təsir göstərmir. Bu qazlar neft-qaz sənayesində, yanacağın yandırılması prosesində və kənd təsərrüfatında yaranır. Əvvəllər heyvandarlığın sayını məhdudlaşdırmağın əsas məqsədlərindən biri atmosferə metan qazının miqdarını azaltmaq idi. Bu, iqlimə təsiri minimuma endirmək üçün atılan addımlardan biri sayılırdı”.

“Təkcə cərimə və ya cəza mexanizmləri ilə deyil, insan şüurunda dəyişiklik olmalıdır”

Dürdanə Şirinova qeyd edib ki, hazırda iqlim savadlılığı kifayət qədər yüksək səviyyədə deyil və bu sahədə maarifləndirmə işlərinə daha çox ehtiyac var:

“Məsələyə yalnız bir ölkənin səviyyəsində baxmaq olmaz. Bu, bütün dünyanın birgə mübarizəsini tələb edir. Ötən il COP29-da təlimçi olmuşdum. Orada da bu məsələ geniş müzakirə olundu. Bir seminarla, bir tədbirlə bunun qarşısını almaq mümkün deyil. Ciddi tədbirlər həyata keçirilməlidir. Təkcə cərimə və ya cəza mexanizmləri ilə deyil, insan şüurunda dəyişiklik olmalıdır”.

Dürdanə Şirinova həmçinin vurğulayıb ki, hazırkı qlobal problemlər – müharibələr, silah istehsalı və istifadəsi, kosmosa uçuşlar da ekoloji çirklənməni artıran mühüm amillərdir:

“Ozon təbəqəsinin dağılması və parnik effektinin güclənməsi bu proseslərin nəticəsidir. Yaşıllığın artırılması, hər bir insana düşən yaşıllıq sahəsinin qorunması və genişləndirilməsi, ekoloji iz göstəricilərinin tənzimlənməsi vacib addımlardandır. Müəssisə və tikinti layihələrində yaşıllıq zolaqlarının nəzərə alınmaması bu tarazlığı pozur. Hər zaman iqtisadiyyat ekoloji amilləri üstələyib. Bugünkü reallıq bunun nəticəsidir. İqlim savadsızlığının kökündə də bu dayanır. İqtisadi maraqlar ekoloji maraqları sıxışdırır. Halbuki ekoloji problemlərin dini, dili, sərhədi yoxdur. Bu, bəşəri problemdir”.

Onun fikrincə, istər sənaye müəssisələrinin yaradılması, istər faydalı qazıntıların çıxarılması, istərsə də tikinti işləri zamanı ekoloji amillər nəzərə alınsa, prosesin qarşısı qismən də olsa, alına bilər. Azərbaycanda ağıllı kənd və şəhər layihələri, alternativ enerji mənbələrinin istifadəsi, xüsusilə külək və günəş enerjisi bu istiqamətdə müsbət addımlardır, lakin hələ görüləcək işlər çoxdur.

Şərhlər

Xəbər lenti

10 oktyabr, 18:00

ADNSU tələbəsi Beynəlxalq Gənclər Forumunda ölkəmizi təmsil edib

10 oktyabr, 17:56

“Dünya Psixi Sağlamlıq Günü”nə həsr olunmuş təlim keçirilib

10 oktyabr, 17:49

Bağçalara növbəyə yazılma prosesi davam edir

10 oktyabr, 17:48

BSU “Birgə və Sağlam” İctimai Birliyi ilə əməkdaşlığını genişləndirir

10 oktyabr, 17:13

ADNSU-da “Qraf entropiyası və şəbəkə strukturları” mövzusunda seminar keçirilib

10 oktyabr, 17:09

BMU ilə Malayziya universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

10 oktyabr, 16:50

Naxçıvan məktəblərində psixoloq vəzifəsinə işə qəbul başlayır

10 oktyabr, 16:45

Bakı məktəbliləri arasında aşkarlanan xəstəliklər – Yeni statistika

10 oktyabr, 16:37

4 günlük dərs rejimi: Bu model tələbələr üçün daha effektivdirmi?

10 oktyabr, 16:19

BANM loqo müsabiqəsi elan edir

10 oktyabr, 15:48

NDU-da dərs deyən əcnəbi alimlərin sayı rekord həddə çatıb

10 oktyabr, 15:27

Maksimum nəticə göstərən müəllim: Heç vaxt “hər şeyi bilirəm” deməmişəm

10 oktyabr, 14:11

BANM-də “Dayanıqlı İnkişaf Həftəsi” keçirilib

10 oktyabr, 14:03

AzMİU-da ekoloji təhlükəsizliklə bağlı master-klas təşkil olunub

10 oktyabr, 13:20

“Məqsədim ancaq qələbə çalmaq idi” – MDB Oyunlarının medalçısı

10 oktyabr, 13:11

Sülh üzrə Nobel laureatının adı açıqlandı

10 oktyabr, 12:48

Daha 584 tələbə dövlət sifarişi ilə təhsil alacaq

10 oktyabr, 12:41

Türkiyəli mütəxəssislər peşə mərkəzində təlimlər keçirlər

10 oktyabr, 12:25

BSU-da inklüziv və dayanıqlı təhsil proqramları müzakirə edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.