
Abşeron rayonu İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Nicat Yeylaqalıyev Gəncə şəhərində keçirilən MDB Oyunlarında yunan-roma güləşi üzrə yüksək nəticə göstərərək gümüş medal qazanıb.
Uğurlu idmançımız təəssüratlarını "Azərbaycan müəllimi" ilə bölüşüb.

Nicat Yeylaqaliyev Abşeron rayonu Masazır qəbəsində yaşayır və Masazır kənd 2 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alır. Bildirir ki, idmanla 5 yaşından məşğul olur: "Uşaq vaxtı əmioğlum ilə bir yerdə idman edirdim. O, idmana gedirdi, mən də ona baxıb həvəslənmişdim. Abşeron rayonu İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbində, Masazır kənd 2 nömrəli tam orta məktəbin idman zalında yunan-roma güləşi ilə məşğul olmuşam. Məşqçim Aydın Süleymanovdur və uğurlarımda əməyi keçdiyinə görə təşəkkürümü bildirirəm".

Bu günə qədər qazandığı uğurlar barədə məlumat verən idmançı 2023-cü ildə U15 Avropa çempionu, 2025-ci ildə Avropa üçüncüsü, MDB oyunlarının gümüş medalçısı olduğunu qeyd edir: "Məqsədim ancaq qələbə çalmaq idi. Son yarışımda görüşlərin hər biri, demək olar ki, gərgin mübarizə şəraitində keçdi. Rusiyalı və tacikistanlı idmançılara qalib gəldim, özbəkistanlı rəqibimə isə 4.0 məğlub olub 2-ci yerə layiq görüldüm".

Nicatın gələcək hədəfi öncə dünya çempionu, sonra isə olimpiya çempionu olmaqdır. "Hədəflərimdən biri də ali təhsil almaqdır. Ali təhsilimi böyük ehtimalla İdman Akademiyasında yenə də güləş üzrə alacağam", - deyir qalib idmançı.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər