Bütün xəbərlər
21 yanvar, 10:59

“Müəllimliyin insanlıq fəlsəfəsi” adlı esse müsabiqəsində III yerin qalibi Nübar Əlizadənin yazısını təqdim edirik.

Müəllimliyə sevgim altıncı sinifdən etibarən formalaşmağa başladı. Əslində, müəllimliyə və daha çox dilimizi, ədəbiyyatımızı sevib sevdirməyə sevgim... Bu sevgimin formalaşmasının səbəbkarı isə fənnini bizə sevərək və sevdirərək tədris edən müəllimim oldu. Sanki mənim üçün müəllimlikdən ziyadə bir insanlıq nümunəsi idi. Həm zahirən, həm də daxilən ona bənzəməyi xəyal edirdim. Qayğıkeşliyi, bilgilərinin hər birini bizimlə bölüşməsi, bizim də onun qədər bilməyimiz üçün əlindən gələni etməsi, şagirdləri arasında fərq qoymadan hamıya eyni tərzdə, eyni mehribanlıqla yanaşması ilə qəlbimdə taxt qurmağı bacarmışdı. Hər dəfə onun tam istədiyi şəkildə cavablar verərkən mənə “bax, bu masamı vaxt gələcək sənə təhvil verib gedəcəyəm” deməsi ilə bu peşəyə olan sevgimi daha da alovlandırırdı.

Bəli, illər keçdi və onun dediyi kimi həmin masanı təhvil aldım. Ondan təhvil aldığım, mənim nəzərimdə, təkcə masa deyildi. Həm də insani keyfiyyətlər idi. 

Tələbəlik illərimdə hər gün müəllim kimi fəaliyyətə başlayacağım günün xəyalını qururdum. Nədənsə bu xəyalım şəhərin səsli-küylü məkanlarında yerləşən məktəblər deyil, ucqar kənd məktəbləri üzərində qurulurdu. Düşünürdüm ki, mən bu bilgilərimi, sevdiyim bu işi mənə həqiqətən mənəvi ehtiyac duyan o körpələrlə bölüşməliyəm. Belə də oldu.

Universiteti bitirdiyim il cənub zonasına üz tutdum. Adında yardım olan Yardımlının dağ kəndində - Sırıqda yerləşən məktəb şagirdlərinin yardımına yollandım. Seçimi edərkən tərəddüt etmədim. Ailəm də mənə qətiyyən mane olmadı. Çünki hər kəs bilirdi ki, xəyallarımın arxası ilə gedirəm. 

Havası olduqca soyuq olan bu məkanın insanları məni çox isti qarşıladılar. Doğru seçim etmişdim. Mən təkcə müəllim kimi getdiyimi düşünmürdüm. Həmçinin getdiyim yerdə şagirdlərimə yeri gəlsə valideyn, yeri gəlsə dost, yeri gəlsə ən yaxın sirdaş olacaqdım. Orada olan vəziyyətlər, həmsöhbət olduğum şagirdlər bunu bacardığımı mənə hiss etdirirdilər. 

İşə başladığım bu ilk rayonda qızların təhsilinə, təəssüf olsun ki, önəm verilmirdi. Məktəbdə kişi müəllimlərin əhatəsində olmağım da buna əyani sübut idi. Məhz bu səbəbdən işimi bu istiqamətdə qurmağı qərarlaşdırdım. Daha çox qızları təhsilə həvəsləndirdim. Mütəmadi söhbətlər edərək, eyni zamanda şəxsi nümunə göstərərək təhsilin bir qızın, bir qadının həyatında nə qədər önəmli faktor olduğunu vurğulamağa çalışdım.

Həmin şagirdlərimin bu tədris ilindən etibarən ali təhsil almağa başladığı xəbərini aldığımda isə müəllimimin timsalında çəkdiyim o modeli artıq yaratmağa başladığıma sevinirdim. 

Yardımlı rayonu mənə çox şey öyrətdi. Empatiya hissini məndə formalaşdırdı. Özümü hər bir şagirdin yerinə qoyub düşünmə bacarığımı üzə çıxardı. 

Bütün çətinliklərə rəğmən, inad göstərərək bacara bildiyin sənin böyük uğurundur. Burada təhsil alan qızlar bunu edirlərsə, demək, böyük uğura imza atırlar. Sevindirici hal həm də o idi  ki, artıq bu qazanılan böyük uğurlarda mənim də payım var idi.

Növbəti məkanım isə doğulduğum rayonun dağ kəndi oldu. Şəki rayonuna dönüş etdim. Cənnət kimi məkana, dağlar qoynuna - Təpəcənnətə üz tutdum. Qeyd edim ki, artıq beşinci ildir ki, həmin məktəbdə müəllim kimi fəaliyyət göstərirəm. 

Çəkdiyim o model qətiyyən gözümün önündən getmir. Mənim üçün insanlıq tablosu olan Qaratel müəllimim daim mənimlədir. İşlədiyim məktəbdə onun kimi ola bilməyə hər gün və daha çox cəhd edir, yaxınlaşıram. 

Yadımdadır, bizə gəldiyi ilk gün zəif cavab verən şagirdlərimizə yaxşı sözlər söyləyərək bilgilərindən artıq qiymətləndirmə aparmışdı. Ən gözəl cavab verənlərə isə “bundan da yaxşı ola bilərdi” fikrini söyləmişdi. Ertəsi gün hamı dərsə ən layiqli şəkildə hazırlaşıb gəlmişdi. O vaxt səbəbini anlamasam da, indi anlayıram. Zəif cavab verənlər müəllim üçün hər bir halda dəyərli ola bildiklərini anlamış, “daha yaxşı ola bilərdi” deyilənlər isə “bircə onu bilirəm ki, hələ heç nə bilmirəm” qənaətinə, nəhayət ki, gələ bilmişdilər. 

Bəli, mənim müəllimim bu yolla irəliləyirdi. Həmişə bizə “mən də hələ hər şeyi bilmirəm” fikrini söyləyirdi. Mən də bu gün bu nümunəni şagirdlərimə çəkirəm və hər gün mənim belə yeni öyrəndiklərimin olduğunu dönə-dönə vurğulayıram. 

Müəllim sözü ilə yanaşı, öz nümunəsi  ilə şagirdə təsir etməyi bacarmalıdır. Əgər biz şagirdə nəsə bir diqqətəlayiq, tərbiyələndirici davranış aşılamaq istəyiriksə, bunu dillə çatdırmaq yerinə, öz gündəlik fəaliyyətimizdə tətbiq edərək daha müsbət nəticələr əldə edə bilərik.

Müəllim o vaxt xoşbəxtdir ki, artıq onu bir tablo kimi çəkib hər cəhətdən ona bənzəmək istəyən şagirdləri var. Müəllim o zaman xoşbəxtdir ki, tədris etdiyi fənnini çox sevir və şagirdlərinə də bu sevgini ötürərək sevdirməyi bacarır. Müəllim o zaman xoşbəxtdir ki, onun yolu ilə getmək istəyənlərin sayı çoxdur. Müəllim o zaman xoşbəxtdir ki, etdiyi işi maddi maraqsız, şagirdlərinin sevgisi ilə kifayətlənərək edir.

Müəllim özündən sonra bir iz qoymağa çalışmalıdır. İllər ötdükdən sonra dünyasını dəyişdikdə belə daim xatırlanmalı bir iz. Müəllim sərgilədiyi insanlıq fəlsəfəsi ilə təkcə özünü tanıtmır, özü üçün hörmət qazanmır.  Həm də bütün ailəsi üçün hörmət nərdivanı ucaldır. Filan müəllimin övladlarıdır, valideynləridir fikrini formalaşdırır. 

Mənə görə, ömrümüz boyunca minnətdarlıq hissi ilə xatırlanmalı insanlar müəllimlərimizdir. Belə şərəfli peşəyə yiyələnən hər kəs özünü dünyanın ən xoşbəxt insanı saymalıdır. Həmçinin mən də bu səbəbdən özümü daim xoşbəxt sanıram və bu şərəfli peşənin öhdəsindən daha da layiqincə gələ biləcəyimə inanıram.

Nübar ƏHMƏDZADƏ,
Şəki rayon Təpəcənnət kənd ümumi orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi

Xəbər lenti

21 yanvar, 13:00

Şagirdlərin tərbiyəsində düzgün təlim strategiyalarının seçilməsi

21 yanvar, 12:22

AzMİU Kunayev Universiteti ilə birgə layihələr həyata keçirəcək

21 yanvar, 12:10

“Çıxın otaqdan, dərsimə mane olursunuz” – “Müəllimliyin insanlıq fəlsəfəsi”

21 yanvar, 12:07

UFAZ-da yaz semestrinin dərslərinə start verilib

21 yanvar, 11:41

Hansı Avropa ölkələri məktəblərdə mobil telefonları qadağan edib?

21 yanvar, 11:40

Uşaq Birliyi Təşkilatı rəhbəri nələri bilməlidir?

21 yanvar, 11:17

“Olimpiadaya hazırlaşmağa kömək etdiyim 2 şagird bürünc və gümüş medal alıb”

21 yanvar, 10:50

Təhsilli cəmiyyətə açılan pəncərə...

21 yanvar, 10:13

Təhsildə innovasiya: Gələcəyin təhsil modelləri

21 yanvar, 10:07

“Texnologiya şagirdlərin xidmətində olmalıdır, əksinə deyil” – Stefania Giannini

21 yanvar, 10:03

“BilBacar” müsabiqəsinin yanvar ayı üzrə yarış mərhələsinə start verilib

21 yanvar, 09:45

Mil-Muğan bölgəsində RFO-nun yarımfinal mərhələsinə keçən şagirdlərin sayı açıqlanıb

21 yanvar, 09:45

Bağçalarda MİQ üzrə müsahibə mərhələsindən keçənlərin nəzərinə

21 yanvar, 09:13

Dövlət Gömrük Komitəsinin Akademiyasında imtahan sessiyası izlənilib

20 yanvar, 21:42

II Kimya-Biologiya olimpiadasının rayon turunun nəticələri açıqlanıb

20 yanvar, 17:43

“BTR-lərdən biri avtomobilin üstündən basa-basa keçdi” - 20 Yanvarın unudulmayan dəhşətləri

20 yanvar, 14:44

Elm və Təhsil Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

20 yanvar, 12:41

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

20 yanvar, 11:38

Anar İsgəndərov: Şimaldan heç vaxt ölkəmizə "isti külək" gəlməyib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.