Bütün xəbərlər
7 aprel, 14:30

Elə insanlar var ki, onların ömrü musiqi kimi səslənir. Notlar bir-birini əvəz etdikcə, həyatın müxtəlif çalarları ahəng yaradır - sevinc, zəhmət, uğur və fədakarlıq. Azərbaycan musiqisinin görkəmli simalarından biri olan professor, Əməkdar incəsənət xadimi, II dərəcəli əmək ordenli,  Bakı Musiqi Kollecinin direktoru Nazim Kazımovun ömrü də məhz belə bir harmoniyadır, ahəngdir. Tarın simlərində, notlarda, muğamın incə ahəngində yazılan bir həyat dastanıdır.

Onun musiqi dünyasına atdığı ilk addımlar sanki bir prelüd idi - incə və duyğusal. Zaman keçdikcə bu prelüd inkişaf etdi, zənginləşdi və mükəmməl bir simfoniya yaratdı. Tarın pıçıltısında o, xalqın ruhunu dinlədi, muğamın sehrində isə zamanın səsini duydu. Nazim müəllimin musiqi sənətinə, pedaqogiikasına, təhsilə həsr etdiyi illər not kimi musiqi aləminə həkk olundu.

Bu gün Nazim Kazımovun elmi-pedaqoji fəaliyyətinin 55, anadan olmasının isə 75 illiyidir. Nazim müəllim 1970-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirdikdən sonra keçmiş Əli-Bayramlı şəhərində tar müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Bu illər ərzində BDU-nun Filologiya fakültəsində qiyabi təhsil alıb. 1973-cü ildə BDU-nu bitirən Nazim Kazımov təhsilini yenə də davam etdirib. O, 1973-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olaraq bu ali təhsil ocağını da müvəffəqiyyətlə başa vurub. On il Təhsil Nazirliyində çalışan Nazim müəllim elmi fəaliyyəti ilə də seçilib. 1997-ci ildə professor Vidadi Xəlilovun elmi rəhbərliyi altında “Ümumtəhsil məktəblərində şagirdlərin musiqi qabiliyyətlərinin inkişafında muğam nümunələrindən istifadə üzrə işin sistemi” mövzusunda dissertasiya yazaraq müdafiə etmiş, pedagoqika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 

 bir çox elmi-publisistik məqalələrin, eyni zamanda  Səid Rüstəmovun, Asəf Zeynallının və Adil Gərayın 100 illik yubileyləri ilə bağlı monoqrafiyaların müəllifidir.

Yubilyar haqqında biz təkcə bir musiqiçi deyil, həm də bir pedaqoq, bir sənət fədaisi kimi söhbət açırıq. O, sadəcə ifa etmədi, eyni zamanda musiqini yaşadı, pedaqoji fəaliyyəti ilə onu gələcək nəsillərə ötürdü. Tarın dili ilə danışdı, muğamın nəfəsi ilə düşündü. 

Hər ömür bir nəğmədir, hər sənətkar bir bəstəkar. Nazim Kazımov isə ömrünün notlarını elə bir səviyyədə yazdı ki... 75 ilin harmoniyası böyük bir sənət yolunun tərənnümüdür-zəhmət, istedad və sevginin möhtəşəm bir vəhdəti.

Nazim Kazımovun həyat və fəaliyyəti haqqında çox yazılıb. Görkəmli musiqiçi, pedaqoq haqqında çox fikirlər söylənilib. Nazim müəllimin 75 illik yubileyi ərəfəsində onu uzun illər bundan öncə tanıyan incəsənət adamlarının yubilyar haqqında xatirələrini, təəssüratlarını öyrənmək istədik. 

“Asəf Zeynallıda olan pedaqoji mühit onun bir müəllim, bir incəsənət xadimi kimi inkişafına səbəb oldu”

Azərbaycanın görkəmli bəstəkarı, xalq artisti, Prezident təqaüdçüsü Faiq Şücəddinov: “Yaxşı xatırlayıram, Nazim müəllim bizim texnikuma gəldiyi gün bugünkü kimi yadımdadır. O vaxt mən fortepiano ixtisası üzrə təhsil alırdım. Nazim Kazımov isə tar sinfində oxuyurdu. Çox çalışqan, zəhmətkeş oğlan idi. Bizim çox dəyərli müəllimlərimiz var idi. Asəf Zeynallıda olan pedaqoji mühit sonralar Nazim müəllimin bir müəllim, bir incəsənət xadimi kimi inkişafına səbəb oldu. O, çox böyük müəllimlərdən-Səid Rüstəmov, Süleyman Ələsgərov, Hacı Xanməmmədov, Vasif Adıgözəlovdan dərs alaraq özü də həm böyük musiqiçi, həm də pedaqoq kimi formalaşdı. Bu, uzun illərin zəhmətinin, fədakarlığının bəhrəsi idi. Nazim müəllim artıq uzun illərdir ki, Musiqi kollecinə rəhbərlik edir. Onun dövründə təhsil alan musiqiçilər indi həm kollecdə, həm də Milli Konservatoriyada pedaqoji fəaliyyətlə məşğuldurlar. Onların arasında professorlar, dosentlər, görkəmli musiqiçilər var. Onun o qədər böyük bir təcrübəsi var ki, qabiliyyət imtahanlarında Nazim müəllim artıq müəyyən edir ki, musiqi aləmində ilk addımlarını atan hər hansı bir yeniyetmə gələcəkdə hansı səviyyədə musiqiçi olacaq. Onun istedadlı gənclərlə bağlı verdiyi proqnoz həmişə özünü doğruldur. Nazim müəllim həm də musiqi elmi ilə yorulmadan məşğul olur. Onun musiqi pedaqogikasında apardığı tədqiqatlar bu gün də aktuallığını qoruyur. Onu da xüsusilə qeyd etmək istərdim ki, Nazim müəllim həm də musiqi dərsliklərinin müəllifidir. Nazim Kazımov nümunəvi vətəndaş, sədaqətli dost, gözəl ailə başçısı, yaxşı valideyndir. Yubilyara sağlam can, xoşbəxt günlər arzulayıram. 75 illik yubileyin mübarək, əziz dost!”. 

“İnsanlığı ilə sənətkarlığı bir-birini tamamlayır”

Azərbaycanın görkəmli aktyoru, Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Prezident təqaüdçüsü Rasim Balayev: “Nazimlə mən ilk dəfə 1965-ci ildə yataqxanada tanış olduq. Dörd il həmin yataqxanada yaşadıq. Elə həmin illərdən də onunla dost olduq. Bu gün də dostluğumuz yüksək səviyyədə davam edir. Biz onunla dost olanda nə o tanınmış adam Nazim Kazımov idi, nə də mən sevilən aktyor Rasim Balayev. Hər ikimiz rayondan gələn, yataqxanada məskunlaşan yeniyetmə oğlanlar idik. Onunla birgə çətin günlərimiz də çox olub. Nazim elə yataqxanada olanda yorulmadan məşq edirdi. Çox çalışqan idi. Xarakterli oğlan idi. Məqsədinə çatmaq üçün var gücü ilə çalışırdı. Mənim onun şəxsiyyətinə böyük hörmətim var. Nazimin insanlığı ilə sənətkarlığı bir-birini tamamlayır. O, həmçinin çox yaxşı dostdur. Mən onun həmişə uğurlarına sevinmişəm. O da mənim daim uğurlarıma sevinib. Bax, belə bir dostluğumuz  var Nazimlə. Mən ona bu yubiley yaşında cansağlığı arzulayıram. Arzu edirəm ki, sırasıyla yubiley illərini qeyd etsin”. 

“Portretini yaratmaq mənim üçün çətin olmadı”

Xalq rəssamı, professor Sakit Məmmədov: “Mən adətən portret çəkərkən həmin insanı dərindən öyrənirəm. Nazim müəllimin portretini yaratmaq mənim üçün elə də çətin olmadı. O, mənim köhnə dostumdur, çox sevdiyim və dəyər verdiyim bir insandır. Yüksək mənəvi keyfiyyətlərə malik insanlardandır. Nazim müəllim bəzən ciddi və zəhmli, bəzən isə uşaq kimi tərtəmiz, saf bir insan olur. Həm musiqiçi, həm dost, həm də yoldaş kimi ürəyi yanan, həddindən artıq səmimi və mərhəmətli biridir. Portreti çəkəndə sadaladığım amilləri rəsmdə canlandırmağa çalışmışam. 

Mən şəxsən onunla qürur duyuram. İnsan yaşlandıqca üzünə nur gəlirsə, deməli, o insan doğru və dürüst həyat yaşayıb. O, boş yerə yaşamayıb. Doğrudan da üzündə və simasında müdrikliklə yanaşı, nur da var. Bu nuru heç yerdən almaq mümkün deyil; onu yalnız Uca Allah insana bəxş edə bilər. Məhz buna görə də belə bir şəxsiyyəti tanıdığıma və onun dostu, yaxını, əzizi olduğuma görə fəxr edirəm”.

“Məni Nazim müəllimlə rəhmətlik Süleyman Ələsgərov tanış etdi”

Dünyaşöhrətli xanəndə, Xalq artisti Alim Qasımov: “Məni Nazim müəllimlə rəhmətlik Süleyman Ələsgərov tanış etdi. Onunla birlikdə Nazim müəllimin qonağı olduq. Həmin vaxt Nazim müəllim Əli-Bayramlıda yerləşən Musiqi məktəbinə rəhbərlik edirdi. İlk tanışlıqdan Nazim müəllimin necə səmimi, qonaqpərvər olduğunu hiss elədim. Həmin tanışlığımız sonralar get-gedə dostluğa çevrildi. Nazim müəllim insana, insanlığa yüksək qiymət verən adamdır. Onun yüksək dünyagörüşü, idarəçilik qabiliyyəti Bakı Musiqi Kollecində də özünü göstərir. Bu musiqi məbədi bilirsiniz ki, Azərbaycan musiqisində, incəsənətində xüsusi yer tutur. Azərbaycan musiqisində tanınan bir çox ifaçılar məhz Nazim müəllimin rəhbərlik etdiyi dövrlərdə kollecin məzunları olub. Onun pedaqoji ustalığı sayəsində ölkəmizdə çox sayda ixtisaslı kadrlar hazırlanıb. Nazim müəllim həm də musiqi elminin dərin tədqiqatçısı, araşdırmaçısıdır. O dünya musiqisini də dərindən bilir. Bu yubiley ərəfəsində mən də Nazim Kazımova möhkəm cansağlığı, fəaliyyətində yeni-yeni uğurlar arzulayıram”.

Niyazi RƏHİMOV 

Şərhlər

Xəbər lenti

8 aprel, 12:47

AzMİU-nun 2 komandası Dünya Robototexnika Çempionatının finalına vəsiqə qazanıb

8 aprel, 12:37

DİM valideynlərə müraciət etdi: Aldanmayın!

8 aprel, 12:29

"Məktəbli avtobusu" yeni tədris ilindən tətbiq olunacaq

8 aprel, 12:22

Nazir: İbtidai sinif müəllimliyinə qəbul olanların sayı xeyli artıb

8 aprel, 12:20

AzMİU və POLİMİ arasında ikili diplom proqramının tələbələri məzun olublar

8 aprel, 12:01

UNEC-də “Elm Festivalı 2025” keçirilir – FOTOLAR

8 aprel, 11:50

Gələn həftədən meteor yağışı müşahidə olunacaq

8 aprel, 11:43

DİM: Hər şagirdin ümumi işi ən azı 20 müxtəlif marker tərəfindən yoxlanılır

8 aprel, 11:33

Buraxılış imtahanlarının nəticələrinin açıqlanacağı vaxt bəlli oldu 

8 aprel, 11:24

ADNSU-da doktorantların elmi seminarı keçirilib

8 aprel, 11:23

DİM: Markerlər qazandıqları təcrübəni məktəbdə tətbiq edə bilərlər

8 aprel, 11:21

I sinfə müsabiqəsiz qəbul aparacaq liseylərin adları açıqlanıb

8 aprel, 11:15

Nazir: Əsas vəzifələrdən biri elm və təhsil arasındakı uçurumu aradan qaldırmaqdır

8 aprel, 11:05

Nazir: Elmi müəssisələrdə ixtisarlar olmayacaq

8 aprel, 10:43

Bakıda vakant bağça müəllimi yerlərinin siyahısı açıqlandı

8 aprel, 10:31

ADNSU-da Geoloqlar Gününə həsr olunmuş tədbir keçirilib

8 aprel, 10:28

Bağça müdirləri və tərbiyəçi-müəllimlərin yerdəyişməsinə başlanılıb

8 aprel, 10:26

“Azercell Cup 2025” müsabiqəsinin birinci mərhələsi təşkil edilib

8 aprel, 09:30

Gənclərin dünyasında süni zəkanın imkanları müzakirə olunub

8 aprel, 09:26

Naxçıvanda TTKF əməkdaşları ilə görüş keçirilib  

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.