Şagirdləri beynəlxalq yarışlara hazırlayan olimpiadalara hazırlıq mərkəzlərinin fəaliyyəti istedadlı uşaqların üzə çıxmasında böyük rol oynayır. Elm və Təhsil Nazirliyinin birbaşa dəstəyi ilə yaradılan bu mərkəzlərin əsas məqsədi müxtəlif fənlər üzrə dünya olimpiadalarında uğur qazana biləcək, bilikli, bacarıqlı şagirdlər yetişdirməkdir.
“Riyaziyyat və informatikaya maraq çoxdur”
Hazırda Gəncədə 4 məktəbdə olimpiadalara hazırlıq mərkəzi fəaliyyət göstərir. “Azərbaycan müəllimi” həmin mərkəzlərin müəllimləri ilə görüşərək onların təcrübələrini öyrənib.
Gəncə şəhəri M.Füzuli adına 22 nömrəli tam orta məktəbdə şagirdlərin riyaziyyat, fizika və kimya fənləri üzrə olimpiadalara hazırlığı təşkil olunur. Bu il mərkəzdə riyaziyyat fənni üzrə Respublika fənn olimpiadasına hazırlaşan 40 şagirdin 2-si yarımfinal mərhələsinə keçib. Fizika fənni üzrə 14 şagirdin 4-ü, kimya fənni üzrə isə 7 şagirdin 4-ü növbəti mərhələyə adlamağı bacarıb.
Mərkəzin riyaziyyat müəllimi Miran Ələsgərov işə qəbul, müəllimlərin diaqnostik qiymətləndirməsi və sertifikasiya imtahanlarının hər birində 100% nəticə göstərib. Riyaziyyat üzrə fəlsəfə doktoru olan Miran müəllim həm də beşhissəli “Riyaziyyat və olimpiada” kitabının, bir sıra yerli, xarici jurnallarda dərc olunan tezis və məqalələrin müəllifidir. Bir çox şagirdi müxtəlif olimpiadalarda yüksək nəticələr göstərib: “Rəvan İsmayılov beşinci sinifdə Lütfi Zadə adına məntiq olimpiadasında, altıncı sinifdə Respublika fənn müsabiqəsində qızıl medal qazanıb. Nəsrəddin Rüstəmov riyaziyyat üzrə Respublika fənn olimpiadasının gümüş medalçısı olub, digər şagirdlər - Məhəmməd Qurbanov, Ülvi Müslümov, Cəfər Abbasov isə olimpiadanın final mərhələsinə qədər irəliləyiblər.
Miran müəllim qeyd edir ki, hazırda riyaziyyat və informatika fənlərinə maraq çoxdur. O, bunu daha çox əmək bazarının müasir tələbləri ilə əlaqələndirib.
“Uzunmüddətli düşünmə tələb edən məsələlər şagirdlərdə analiz qabiliyyətini gücləndirir”
Müsahibimizin fikrincə, olimpiadalara hazırlıq zamanı uzunmüddətli düşünmə tələb edən məsələlərə üstünlük vermə şagirdlərdə analiz qabiliyyətini gücləndirir. Texnoloji vasitələrdən düzgün istifadə isə onların bilik və bacarıqlarının inkişafına xidmət edir. Miran müəllim hazırlığa getmədən olimpiadalarda yüksək nəticələr əldə etmək istəyənlərə də tövsiyələrini verir: “Bunun üçün şagirdlər müvafiq vəsaitləri əldə etməli, internet resurslarından düzgün yararlanmalı və öz biliklərini günbəgün artırmalıdırlar”.
“Qaliblərin nəticələrinin ali məktəblərə qəbul zamanı nəzərə alınması olimpiadaya marağı daha da çoxaldır”
Mərkəzin fizika müəllimi Mərdan İsmayılovun şagirdi Hüseyn İsmayılov 2020-ci ildə Respublika fənn müsabiqəsində gümüş medal qazanıb. Hazırda 6 şagirdi onunla bilik marafonuna hazırlaşır.
Müəllimin sözlərinə görə, son dövrlərdə fizika, riyaziyyat və informatika fənlərinə maraq artıb, olimpiada qaliblərinin nəticələrinin ali məktəblərə qəbul zamanı nəzərə alınması bu marağı daha da çoxaldır. O, sərbəst şəkildə olimpiadaya hazırlaşmaq istəyənlərə fasiləsiz çalışmağı və müasir texnologiyalardan istifadə etməyi məsləhət görür.
“Şagirdlər yüksək rəqabət və gözləntilər səbəbindən stres yaşayırlar”
Gəncə şəhəri İ.Nəsimi adına 44 nömrəli məktəb–lisey kompleksinin olimpiadaya hazırlıq mərkəzində də sertifikasiya imtahanlarında yüksək bal toplamış müəllimlər dərs keçirlər. Bu il olimpiadanın yarımfinal mərhələsinə 28 şagirdin vəsiqə qazanması müəllimlərin zəhmətinin nəticəsi hesab olunur. Olimpiada mərkəzinə digər məktəblərin şagirdləri də müraciət edirlər. Ötən və cari tədris ilində məktəb-liseyin şagirdləri beynəlxalq riyaziyyat olimpiadaları olan SASMO və FMO-da qızıl, gümüş, bürünc medallar əldə ediblər ki, bu uğurların qazanılmasında sinif müəllimlərinin də böyük payı var.
Mərkəzin Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Namazova bildirir ki, dəfələrlə olimpiada mərhələlərinə vəsiqə qazanan şagirdləri olub. Builki olimpiadada isə 7 şagirdi yarımfinala keçib: “2019-2020-ci tədris ilində şagirdim Əli Qasımov olimpiadada 3-cü yeri tutub. Olimpiadada iştirak etmək istəyən şagirdin bu sahəyə xüsusi marağı, bacarığı, dərsdənkənar ədəbiyyatlar oxumaq meyili olmalıdır. Əlbəttə, şagird olimpiadaya təkbaşına da hazırlaşa bilər, lakin müəllim dəstəyi bu yolda əhəmiyyətli dəstəkdir”.
İradə müəllim əlavə edir ki, müxtəlif siniflərdən 10-a yaxın şagird həftə ərzində iki dəfə keçirilən hazırlıqlara qatılır. Bundan başqa, “WhatsApp” qrupu da yaradılıb ki, orada şagirdlər çətin sualları müzakirə edirlər.
Müəllimin sözlərinə görə, məktəb dərsliklərinin son səhifələrində qeyd edilən siyahıdakı əlavə ədəbiyyatlar da şagirdlərə olimpiada mövzularını daha yaxşı qavramağa kömək edir: “Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbəri Elçin Kərimov olimpiadada uğur qazanan şagirdlər və onların müəllimlərinin mükafatlandırılacağını deyib. Bu, şagirdləri daha da stimullaşdırır”.
Sevinc Kazımova da mərkəzin riyaziyyat müəllimidir. Onun hazırladığı şagirdlərdən biri olan Pünhan Pünhani 2021-ci ildə Lütfi Zadə adına məntiq olimpiadasında bürünc medal qazanıb. Builki fənn olimpiadasının yarımfinalına 8-ci sinif şagirdi Cəsur Yəhyayev vəsiqə qazanıb: “Son illər olimpiada qaliblərinin universitetə qəbul zamanı üstünlüklər əldə etməsi və mükafatlandırılması rəqabəti artırıb. Nəzəriyyə ilə yanaşı, praktiki tapşırıqlara diqqət yetirilmə, beynəlxalq olimpiada suallarına müraciət edilmə, rəqəmsal platformalardan istifadə şagirdlərin bilik səviyyəsini yüksəltməyə kömək edir. İndiki şagirdlər texnologiya vasitəsilə məlumatı tez əldə edirlər, lakin yüksək rəqabət və gözləntilər səbəbindən stres də yaşayırlar. Düzgün motivasiya və planlı iş aparmaqla bu məsələləri həll etmək mümkündür. Olimpiadaya sərbəst şəkildə də hazırlaşmaq olar, lakin sistemli yanaşma, məqsədli plan, düzgün resursların seçilməsi əsasdır”,- deyə o bildirir.
“Uğursuzluqdan sonra bəzi şagirdlərin motivasiyası düşə bilər”
Daha bir mərkəz isə Gəncə şəhəri 26 nömrəli məktəb-liseydədir. Fənn olimpiadalarında bir sıra uğurlara imza atan məktəbdə 2024-2025-ci tədris ilindən olimpiada mərkəzi, eləcə də “İngilis dilində danışaq” (Conversation) klubu yaradılıb. Bu il məktəb üzrə fənn olimpiadalarında 14 şagird şəhər turunda qalib gələrək yarımfinala vəsiqə əldə edib. Üstəlik, 3 şagird İMEC Beynəlxalq Riyaziyyat Yarışmasında gümüş medal qazanıb.
Röyal Mehdizadə məktəb-liseydə tarix müəllimidir. O, bu il növbəti mərhələyə keçən şagirdlərin uğurlarını qeyd edir: “Şagirdlərimdən Mühəmmədəli Hüseynli (8-ci sinif) 85, Sona Əhməd (8-ci sinif) 85, Nərgiz Məmmədova (8-ci sinif) 81, Əfrahim Rzayev (8-ci sinif) 65 bal toplayıblar. Hazırda həmin şagirdlər böyük motivasiya ilə çalışırlar. Dərslər həftədə 2 dəfə keçirilir”.
O, əvvəlki illərlə müqayisədə indi şagirdlərə daha geniş imkanların yaradıldığını, bunun da olimpiadaya marağı artırdığını bildirir: “Uğursuzluqdan sonra bəzi şagirdlərin motivasiyası azala bilər, lakin onlarla söhbət aparıb inamı bərpa etmək, daha səylə hazırlaşmalarına nail olmaq mümkündür. Hətta belə uğursuzluqların özü gələcəkdə daha iradəli yanaşmaya təkan verir”, - deyə təcrübəsini bölüşür.
“İstedadlı şagirdlərin seçimi kiçik yaşlardan aparılır”
2006-cı ildən Gəncə şəhəri 26 nömrəli fizika-riyaziyyat-informatika təmayüllü məktəb-liseydə riyaziyyat müəllimi, eyni zamanda, Dövlət İmtahan Mərkəzində marker kimi fəaliyyət göstərən Şəhla Həsənova bildirir ki, riyaziyyat fənn olimpiadasının yarımfinalına şagirdlərindən Əli İsayev (10-cu sinif) və Yusif Yusubov (8-ci sinif) 72 bal yığaraq keçib. Bundan əlavə, hazırda riyaziyyat fənn müsabiqəsinə və beynəlxalq olimpiadalara 6-cı sinif şagirdləri – Zirəddin Əlizadə, Kamran Nəsibov, Nuray Həsənova, Heydər Nəsibov hazırlaşırlar. Onlar müxtəlif beynəlxalq yarışlarda gümüş və bürünc medallar, fəxri fərmanlar qazanıblar: “Hazırlığın keyfiyyətli olması üçün müəllimin təcrübəsi, savadı, bu işə ürəklə yanaşması əsasdır. İstedadlı şagirdlərin seçimi kiçik yaşlardan aparılır. Şagirdlərin bütün fənlərə maraq göstərməsi vacibdir” deyən Şəhla müəllim son illər riyaziyyata marağın daha çox olduğunu vurğulayır. Onun sözlərinə görə, olimpiada hazırlığı üçün əyani dərslərlə yanaşı, onlayn dərslər də keçirilir, onlarla motivasiyaedici söhbətlər aparılır.
“Səhvlərdən nəticə çıxararaq daha da irəliləmək mümkündür. Əslində, sərbəst şəkildə də internet resurslarından, kitab və vəsaitlərdən yararlanaraq nəticə əldə etmək olar. Amma həvəs, əzm və doğru istiqamət əsas şərtdir”,- deyə müəllim əlavə edir.
“Olimpiadalara hazırlaşan şagirdlər gələcək karyeraları üçün də faydalı bacarıqlara yiyələnirlər”
Daha bir olimpiadaya hazırlıq mərkəzi Gəncə şəhəri M.Mehdizadə adına ingilis dili təmayüllü 4 nömrəli tam orta məktəbdədir. Mərkəz olimpiadada səmərəliliyin artırılması, şagirdlərin meyil və bacarıqlarının üzə çıxarılması məqsədilə yaradılıb. Mərkəzdə hazırlaşan 37 şagird olimpiadanın yarımfinalına keçib. Məktəbin direktoru Əliağa Səfərəliyev bildirir ki, göstəricilər əvvəlki illərlə müqayisədə daha yaxşıdır və indi riyaziyyat fənninə maraq daha çox artıb. Məktəbin eyni sinfində oxuyan qardaş-bacı - Sübhan və Fidan Həsənlilər olimpiadanın rayon (şəhər) turun da 92 bal toplayıblar. Onlar 9-cu sinif üzrə buraxılış imtahanında riyaziyyat fənni üzrə maksimal nəticə göstəriblər. Direktor deyir ki, əvvəlki illərlə müqayisədə olimpiadaya diqqət və maraq artıb, bu işə nəzarət gücləndirilib.
Məktəbin olimpiada mərkəzinin rus bölməsində tarix fənni üzrə hazırlıq keçən Afaq Hüseynovanın şagirdləri dəfələrlə olimpiadanın ikinci mərhələsinə keçiblər. Aysu Ağayeva olimpiadada iki mərhələni uğurla aşaraq finalda iştirak edib, Zəkiyyə Hüseynova isə 2023-cü ildə qızıl medala layiq görülüb.
Afaq müəllim vurğulayır ki, müasir dövrdə texniki fənlərə daha çox maraq olsa da, humanitar sahələrə də tələb kifayət qədərdir: “Olimpiadaya hazırlıq böyük vaxt tələb edir. Tarix üzrə suallar çox vaxt hafizəyə əsaslanır, lakin inteqrasiya, müqayisə, xəritə üzərində iş, səbəb-nəticə əlaqələri, müzakirələr kimi üsullar şagirdlərə hafizənin möhkəmlənməsinə kömək edir. Nəticədən asılı olmayaraq, bu təcrübə gələcəkdə onlara inam verir”.
Mərkəzin biologiya müəllimi Nailə Məmmədovanın hazırlaşdırdığı Ömər Nuriyev Respublika fənn müsabiqəsində II və III yerləri tutub. Şagirdlərindən Tural Qəribli və İsfəndiyar Məmmədov fənn olimpiadalarının finalçılarındandır. Builki olimpiadada şagirdi Süleyman Əliyev növbəti mərhələyə vəsiqə qazanıb. Nailə müəllim deyir ki, müasir dövrün uşaqları güclü potensiala malikdirlər, onları texniki fənlər daha çox maraqlandırır. Uğur qazanmaq mümkün olmasa belə, olimpiadalara hazırlaşan şagirdlər öz biliklərini, məntiqi və analitik düşüncələrini inkişaf etdirərək gələcək karyeralarında da faydalı bacarıqlara yiyələnirlər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)