
“Bu proqram mənə təkcə təqaüd yox, “Parla” ailəsini qazandırdı”
Təhsilin İnkişafı Fondu ilə “NEQSOL Holding”in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramının 2024-cü ildə məzun olan 14 təqaüdçüsündən 4 nəfəri işlə təmin olunub. Onlardan biri, Fidan Alıyeva təcrübə keçdiyi “Norm” şirkətində inzibati işlər üzrə köməkçidir.
“Hələ məktəbə getmədən artıq bir çox şeyi bilirdik”
Fidan Alıyeva Ağdam rayonundandır, orta təhsilini də elə Ağdamda alıb. Dediyinə görə, məktəbə gedəndə artıq yazıb-oxumağı bacarırdı, təbii ki, valideynlərinin sayəsində.

Yeri gəlmişkən, qeyd edək ki, Fidanın atası Ağdamdan, anası Kəlbəcərdən məcburi köçkün olub, Ağdamın Quzanlı kəndində həyatlarını birləşdirib, indiki üçuşaqlı xoşbəxt ailənin təməlini qoyublar. Ailənin təməlindəki ən böyük pay fədakarlığındır, ata-ananın təhsil almaq arzularından, gənclik xəyallarından imtina edərək özlərini övladlarına, onların təhsillərinə həsr etmələridir. Gənclikləri məcburi köçkün həyatının çətinlikləri ilə savaşmaqla keçdiyindən özləri təhsil ala bilməyiblər, amma övladlarını təhsilsiz qoymayıb, hər 3 övladını oxudublar: “Təhsil istiqamətində ilk addımlarımızı ata-anamızla atmışıq, hələ məktəbə getmədən artıq bir çox şeyi bilirdik”.
Bu da nəticəsi, qızları Fidan uğur arxasınca uğur qazanaraq indi onların ürəyini sevindirir.
565 balla tələbə, 97 ümumi orta müvəffəqiyyət göstəricisi ilə məzun oldu
Uşaqlığından parlayan Fidan 18 nömrəli köçkün tam orta məktəbindən məzun olandan sonra ali məktəb xəyalını gerçəkləşdirmək məqsədi istiqamətində hərəkətə keçib. 2020-ci ildə keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanında 565 bal yığaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İqtisadiyyat” ixtisasına qəbul olunub. Fəal tələbə həyatı onu layihədən-layihəyə, proqramdan-proqrama aparıb: “Tələbəlik dövründə, təkcə akademik göstəricilərlə kifayətlənməmişəm, fəal tələbə olmuşam. Könüllülük təcrübə proqramları, gənclər düşərgələri, olimpiada və bir çox təlimlərin iştirakçısı olmuşam. Universiteti yüksək ümumi müvəffəqiyyət göstəricisi ilə, yəni 97 balla tamamladım”.
Gözünü yaşla dolduran xəbər - “Parla”
Onun universitet həyatına dair fəaliyyət tarixçəsində parlaq səhifələrdən biri də “Parla”dır. O, sözügedən təqaüd proqamına qəbul olunduğu həmin dövrü belə xatırlayır: “IV kursda oxuyurdum. Təhsilin İnkişafı Fondunun sosial şəbəkə hesablarını daim izləyirəm. “Parla” təqaüd proqramına qəbul barədə elə həmin hesablardan xəbər tutdum. Qazanacağıma inanırdım, buna baxmayaraq, nəticələr açıqlananda sevincdən gözlərim dolmuşdu, o qədər gözəl hiss idi ki...”.

Təcrübə dövrü bitmədən iş həyatı başladı
Təcrübə keçdiyi yerdə iş qazanmaq onun üçün gözlənilməz olmayıb: ““Norm” ASC “NEQSOL Holding”in qrup şirkətlərindən biridir. “Norm”da təcrübə keçdim. Təcrübəyə başladığım ilk gün düşündüm ki, kaş işləyəcəyim yer də belə olsaydı...”.
Arzusu çox ürəkdən, səmimi olub ki, proqramdan sonra işə qəbul olunub: “1 il təqaüd aldım, sonra təcrübəyə başladım, əslində təcrübə müddəti 3 aya yaxın davam etməli idi, ancaq mən 1 ay yarım sonra müraciət etdiyim vakansiya üzrə işə qəbul olundum. Karyeramın ilk addımlarını Cənubi Qafqazın ən böyük sement istehsalçısı olan bir şirkətdə başlamaq mənim üçün qürurvericidir”.
“Norm” şirkətinin inzibati işlər üzrə baş mütəxəssisi Cavid Nəcəfov deyir: “Fidan yüksək analitik düşünmə qabiliyyətinə malikdir. Məsuliyyətli, dəqiq olması işdə tez nəzərə çarpdı. Öyrəndiklərini təcrübədə tətbiq bacarığı Fidana qarşı yüksək fikir formalaşdırdı və bu fikir onun işə qəbul olunmasında əsas rol oynadı”.
“Parla” ailəsində yetişən bir Fidan
Fidan deyir ki, “Parla”ya qədər də uğurları olub, “Parla”dan sonra da çox nailiyyətlər qazanacaq: “Parla” uğurlarımdan, sadəcə biridir, ancaq mənim üçün ən gözəlidir. Çünki bu proqram mənə təkcə təqaüd yox, həm də “Parla” ailəsini qazandırdı”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər