Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanov “Azərbaycan müəllimi”nə kadr hazırlığının yeni prinsipləri, beynəlxalq əməkdaşlıq və tələbələrə təqdim olunan müasir imkanlar və digər məsələlərlə bağlı müsahibə verib.
- Azərbaycanda ali təhsil pilləsi üzrə kadr hazılığına ilk dəfə ADAU-da başlanılıb. Bu gün ADAU tələbələrinə nə vəd edir?
- Azərbaycanda aqrar sektorun inkişafı yalnız akademik təhsil ilə məhdudlaşmır. Bizim fəaliyyətimiz dövlətin aqrar siyasətinin icrası ilə sıx əlaqəlidir və ölkəmizdə kənd təsərrüfatının modernləşdirilməsi istiqamətində yeni yanaşmaların tətbiqinə yönəlib. Bu gün universitetimiz kənd təsərrüfatı sahəsində ən son yenilikləri və texnologiyaları tələbələrə təqdim etməklə yanaşı, həm də onlara təcrübə qazandıran layihələr, praktiki yerli və beynəlxalq proqramlar üzərində çalışır.
Tələbələrimizə verilən təhsil yalnız nəzəri biliklərlə məhdudlaşmır, məqsədimiz həm də onları müasir aqrar metodlarla tanış etmək, dünyada aqrar sahədəki trendləri izləmək, əkinçilik və heyvandarlıq sahələrindəki ehtiyaclara cavab verən mütəxəssislər yetişdirməkdir. Tələbələrimiz gələcəkdə dövlətin aqrar islahatlarına və siyasətlərinə uyğun olaraq, bu sahədə həm innovativ yanaşmalar tətbiq etməli, həm də bilik və bacarıqlarını müstəqil şəkildə kənd təsərrüfatının inkişafı üçün istifadə etməlidirlər.
“İkili diplom proqramları aqronomluq, mühəndislik və iqtisadiyyat kimi sahələri əhatə edir”
- ADAU-nun digər universitetlərlə ikili diplom proqramları üzrə əməkdaşlığı hansı səviyyədədir?
- Universitetimiz tələbələr üçün qlobal təhsil imkanları yaratmaq məqsədilə ikili diplom proqramları sahəsində bir çox uğurlu əməkdaşlıqlar qurub. Bu istiqamətdə ən diqqətçəkən nümunələrdən biri Türkiyənin Ege Universiteti ilə həyata keçirilən proqramdır. Bu proqram sayəsində tələbələrimiz hər iki universitetin diplomunu əldə etmək şansı qazanır, həm ADAU-nun, həm də Ege Universitetinin qabaqcıl təhsil mühitindən faydalana bilirlər. Ötən il ikili diplom proqramı çərçivəsində Ege Universitetində təhsil alan tələbələrin ilk məzun buraxılışı olub. Sevindirici haldır ki, məzun olan 40 tələbədən 20-si magistr təhsilini də Ege Universitetində davam etdirir. Qalan tələbələrin bir qismi təhsilini ölkəmizdə davam etdirir, digər qismi isə hərbi xidmətlə əlaqədar təhsilini dayandırıb.
ADAU-nun bu cür əməkdaşlıqları tələbələrə həm də yeni ölkələrdə mədəni təcrübələr qazanmaq, fərqli perspektivlərdən öyrənmək imkanı yaradır. Belə proqramlar gənclərin gələcək karyeralarını beynəlxalq standartlara uyğun şəkildə qurmasına kömək edir. Universitetin ikili diplom proqramı çərçivəsində Türkiyənin Ege Universiteti ilə sıx əməkdaşlığı, tələbələrə eyni zamanda hər iki universitetin diplomunu alma şansı təqdim edir. Bu proqram aqronomluq, mühəndislik və iqtisadiyyat kimi strateji əhəmiyyətə malik sahələri əhatə edir və tələbələrə həm nəzəri bilikləri dərinləşdirmək, həm də praktiki bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. Ege Universiteti ilə əməkdaşlıq yalnız tələbə mübadiləsi ilə məhdudlaşmır. Proqram tələbələrə hər iki ölkənin təhsil sisteminin üstünlüklərindən faydalanmağa, müxtəlif pedaqoji yanaşmaları öyrənməyə və beynəlxalq mühitdə peşəkar əlaqələr qurmağa imkan verir. Bu, gənclərin beynəlxalq əmək bazarına hazırlaşmasında və çoxşaxəli təcrübə qazanmasında mühüm rol oynayır. ADAU-nun ikili diplom proqramları yalnız Türkiyə ilə deyil, həmçinin Avropa və Asiya universitetləri ilə də müştərək təhsil layihələrini əhatə edir. Tələbələr bu proqramlar vasitəsilə beynəlxalq sertifikatlar və diplomlar əldə edir, əmək bazarında rəqabət qabiliyyətlərini artırır və gələcək karyeraları üçün əhəmiyyətli bir təkan qazanırlar. Beləliklə, ADAU-nun ikili diplom proqramları yalnız tələbələr üçün deyil, eyni zamanda təhsil sisteminin inkişafı və beynəlxalq aləmdə Azərbaycanın təhsil potensialının tanıdılması üçün də mühüm əhəmiyyət daşıyır.
- ADAU tələbələrə mübadilə və təcrübə proqramları da təklif edir. Proqramlar tələbələrə hansı üstünlükləri verir?
- Mübadilə və təcrübə proqramları tələbələrimizin gələcək inkişafına böyük töhfə verir. Bu proqramlar tələbələrimizə yalnız akademik biliklərini genişləndirmək deyil, həm də müxtəlif ölkələrin təhsil sistemlərini, mədəniyyətlərini və iş mühitlərini daha yaxından tanımaq imkanı yaradır. Məsələn, tələbələrimiz İsrail, Türkiyə, Avropa ölkələri kimi müxtəlif yerlərdə keçirilən təcrübə proqramlarında iştirak edərək aqrar sahədə müasir texnologiyaları və qabaqcıl idarəetmə metodlarını öyrənirlər. Bu cür təcrübələr onların biliklərini praktikada tətbiqetmə bacarıqlarını artırır və beynəlxalq əmək bazarında daha rəqabətqabiliyyətli olmalarına şərait yaradır. Qayıtdıqdan sonra isə onlar əldə etdikləri bilik və təcrübələri ölkəmizdə tətbiq edərək aqrar sahədə yeniliklərə imza ata bilirlər.
- Universitetdə tədris prosesinə xarici ölkələrdən olan müəllimlər cəlb edilibmi? Ümumiyyətlə, bu gün buna ehtiyac duyulurmu? Sizcə, onların cəlbi universitetdə təhsilin keyfiyyətinə necə təsir edər? Universitet Azərbaycanın öz müəllimləri ilə təhsilin keyfiyyətinin yüksəlməsinə nail ola bilər?
- Bəli, ADAU tədris prosesinə xarici ölkələrdən olan müəllimlər cəlb edib. Xarici müəllimlərin cəlbi universitetdə təhsilin keyfiyyətinə çox müsbət təsir göstərir. Onlar təcrübələrini və müxtəlif tədris yanaşmalarını paylaşır, tələbələrə beynəlxalq standartlar və metodologiyalar haqqında geniş biliklər təqdim edirlər. Əsasən, Türkiyənin ali təhsil müəssisələrindən dəvət olunan professor-müəllim heyəti tələbələr üçün təlimlər təşkil edirlər. Bununla yanaşı Macarıstan, Almaniya, Çin və digər ölkələrdən də alimlər ustad dərslərinə cəlb olunurlar. Universitetlərin inkişafı və rəqabətqabiliyyətli kadrların hazırlanması məqsədilə tədris prosesinə xarici ölkələrdən müəllimlərin cəlb olunması beynəlxalq təcrübədə geniş yayılmış praktikadır. Azərbaycan universitetləri də bu tendensiyanı nəzərə alaraq, bir sıra hallarda tədris prosesinə müxtəlif ölkələrdən müəllimləri dəvət edir. Bu həm yerli təhsil sisteminin müasirləşdirilməsi, həm də tələbələrə beynəlxalq standartlara uyğun bilik və bacarıqların aşılanması üçün mühüm addımdır. Xaricdən dəvət edilmiş heyət, əsasən, Türkiyə, Finlandiya, Polşa, Macarıstan, Almaniya kimi təhsil sistemində yüksək nailiyyətləri ilə tanınan ölkələrdən olur. Bu ölkələrdə təhsilin keyfiyyətinə dair formalaşmış təcrübələr Azərbaycanda tətbiq edilərək müsbət nəticələrə yol açır.
“İngilis və rus dillərində tədris olunan müxtəlif ixtisaslar əcnəbi tələbələrin ehtiyaclarına uyğunlaşdırılıb”
- Tələbələrinizin neçə faizi əcnəbidir?
- Tələbə heyətinin təxminən 10%-i əcnəbidir.
- Xarici tələbələr üçün necə şərait yaradılıb?
- Universitet xarici tələbələrə daha rahat və yüksəkkeyfiyyətli təhsil imkanları təqdim etmək üçün xüsusi proqramlar və resurslar hazırlayıb. İngilis və rus dillərində tədris olunan müxtəlif ixtisaslar əcnəbi tələbələrin ehtiyaclarına uyğunlaşdırılıb. Bu proqramlar arasında aqronomluq, baytarlıq təbabəti, iqtisadiyyat, marketinq və digər sahələr xüsusi populyarlığa malikdir. Əcnəbi tələbələrin ADAU-da təhsil alması yalnız akademik mühitə rəng qatmaqla kifayətlənmir, həm də tələbələrə müxtəlif mədəniyyətlərdən öyrənmək və qlobal birgəyaşayış təcrübəsi qazanmaq imkanı verir. Universitet onların inteqrasiyasını asanlaşdırmaq üçün müxtəlif sosial tədbirlər, mədəni proqramlar və tələbə klublarına qoşulmaq imkanları yaradır. Bu həm əcnəbi, həm də yerli tələbələrin dünyagörüşünün artmasına, yeni dostluqlar qurmağa zəmin yaradır.
- Tələbələrin asudə vaxtının səmərəli təşkili üçün hansı imkanlar mövcuddur?
- ADAU-da tələbələrin asudə vaxtlarını səmərəli və mənalı keçirmələri üçün idman, mədəniyyət, könüllülük, klub və təşkilat fəaliyyətlərini əhatə edən geniş imkanlar yaradılıb. Bu fəaliyyətlər tələbələrin sosial bacarıqlarını inkişaf etdirməklə yanaşı, sağlam həyat tərzini təşviq edir və onların şəxsi inkişafına töhfə verir.
“İxtisaslarımız əmək bazarının tələblərinə cavab verir”
- Hazırda universitetin hansı ixtisaslarına daha çox tələbat duyulur?
- Hazırda ADAU-da ən çox tələbat olan ixtisaslar “Baytarlıq”, “Aqronomluq”, “Bağçılıq”, “Şərabçılıq” və digərləridir.
- Adətən, bu universitetə tələbə qəbulunda zəif rəqabət vəziyyəti müşahidə edilir və yüksək bal toplayan abituriyentlər burada oxumağa meyil göstərmirlər. Belə qənaətə gəlmək olar ki, bu sahəyə olan maraq kadrlara olan mövcud tələbatla ziddiyət təşkil edir. Sizcə, səbəb nədir?
- Son illərdə ADAU təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir infrastrukturların qurulması və dünya təhsil sisteminə inteqrasiya istiqamətində mühüm addımlar atıb. Təbii ki, ali təhsil müəssisələrinin reputasiyası abituriyentlərin seçimlərinə birbaşa təsir edir. ADAU-da yüksək balla qəbul olan tələbələrimizin sayı da məhz bu nailiyyətlərin təsdiqidir. Məsələn, son tələbə qəbulunun nəticələrinə əsasən, 681,2 balla “İnformasiya texnologiyaları” ixtisasına qəbul olan Əliyeva Zeynəb Vahid qızı, həmçinin 602,5 balla “Maliyyə” ixtisasına qəbul olan Ələkbərov İsmət Fikrət oğlu kimi tələbələrimizin uğurları universitetimizə olan etimadı bir daha sübut edir. Aqrar sektorla bağlı formalaşan müəyyən stereotiplər sürətlə aradan qalxmaqdadır. Bugünkü müasir kənd təsərrüfatı sahəsi yalnız məhsul istehsalı ilə deyil, həm də innovasiya və texnologiya əsaslı bir sahə kimi inkişaf edir.
Yüksək bal toplayan abituriyentlərin universitetimizi seçməsi bir daha təsdiq edir ki, təklif olunan ixtisaslar həm əmək bazarının tələblərinə cavab verir, həm də məzunlarımızın gələcəkdə lider mütəxəssis kimi formalaşması üçün etibarlı baza yaradır. Bu uğurlar universitetimizdə tədrisin səviyyəsinin yüksək olduğunu və aqrar sahəyə marağın getdikcə artdığını nümayiş etdirir. ADAU 2024-2025-ci tədris ili üzrə bakalavriat səviyyəsinə tələbə qəbulu 97% qeydə alınıb.
Plan yeri üzrə təqdim olunan 1775 yer üzrə 1725 nəfər abituriyent qəbul olub. Qeyd edim ki, ADAU-nun 24 ixtisası üzrə tələbə qəbulu 100% təşkil edib.
“Karyera Mərkəzi tələbələri aqrar sektorun problemlərini həll etməkdə yaradıcı düşünən liderlərə çevirir”
- Bu il universitetin nəzdində Gəncə Dövlət Aqrar Kolleci yaradılıb. Bu haqda məlumat verərdiniz…
- Gəncə Dövlət Aqrar Kollecinin yaradılması ölkəmizdə aqrar təhsilin inkişafı istiqamətində atılmış mühüm bir addımdır. Bu kollecin əsas məqsədi aqrar sahədə orta ixtisaslı, yüksək praktiki biliklərə malik kadrların hazırlanmasıdır. Kollecin Gəncə şəhərində təsis olunması təsadüfi deyil. Gəncə Azərbaycanın aqrar sektorunun əsas mərkəzlərindən biridir. Burada tələbələr həm nəzəri, həm də praktiki biliklərə yiyələnərək əmək bazarının tələblərinə tam uyğun mütəxəssis kimi yetişəcəklər. İnanırıq ki, Gəncə Dövlət Aqrar Kolleci ADAU-nun zəngin təcrübəsinə söykənərək regionda aqrar təhsilin səviyyəsini yüksəldəcək və kənd təsərrüfatı sahəsinin davamlı inkişafına mühüm töhfə verəcək.
- ADAU karyera qurmaq arzusunda olan gənclərə hansı qapıları açır?
- Universitet gənclərin karyera qurmaq arzularını gerçəkləşdirmək üçün bir çox istiqamətdə çalışır. Müasir təhsil proqramları ilə tələbələrə nəzəri biliklər verilir, praktiki təlimlərlə isə onların bu bilikləri real iş mühitində tətbiqetmə bacarıqları inkişaf etdirilir. Beynəlxalq əməkdaşlıq çərçivəsində isə tələbələr xaricdə təcrübə keçmək, mübadilə proqramlarında iştirak etmək və qlobal əmək bazarına uyğun biliklər əldə etmək imkanı qazanırlar. ADAU-nun innovasiya mühiti və texnoloji avadanlıqlarla təchiz olunmuş laboratoriyaları tələbələrə ixtisaslarına uyğun layihələr üzərində işləmək və yaradıcı ideyalarını həyata keçirmək üçün şərait yaradır. Karyera Mərkəzinin dəstəyi ilə isə tələbələr ixtisaslarına uyğun iş yerləri ilə əlaqə qurur, məşğulluq yarmarkalarında iştirak edir və karyera planlarını daha dəqiq şəkildə qururlar. Burada əldə edilən biliklər və təcrübə tələbələri yalnız əmək bazarına hazır mütəxəssis deyil, həm də aqrar sektorun problemlərini həll etməkdə yaradıcı düşünən liderlərə çevirir. Bu yanaşma universitetin təkcə təhsilverən deyil, həm də gələcəyin liderlərini formalaşdıran bir mərkəz olduğunu göstərir. Onu da qeyd edə bilərik ki, son illər universitetə işə qəbul olunan pedaqoji və tədris köməkçi heyət ADAU məzunları daha çox üstünlük təşkil edir.
“Müasir kənd təsərrüfatı praktiki biliklərə və innovativ yanaşmaya malik mütəxəssislərə böyük ehtiyac duyur”
- Azərbaycan kənd təsərrüfatının inkişafını prioritet hesab etdiyindən bu sahə üzrə savadlı kadrların hazırlanması vacibdir. İşəgötürənlərin hansı tələb və ehtiyaclarının kadr hazırlığında nəzərə alınması vacibdir? Kadr hazırlığının yeni prinsiplərlə təşkili nəzərdə tutulur?
- Kənd təsərrüfatı Azərbaycanın strateji inkişaf prioritetlərindən biridir və bu sahənin davamlı inkişafı üçün savadlı, müasir yanaşmalara malik kadrların hazırlanması olduqca vacibdir. İşəgötürənlərin tələblərinə cavab verən kadr hazırlığı yalnız aqrar sahənin inkişafını deyil, həm də regionların sosial-iqtisadi dirçəlişini təmin edə bilər. Müasir kənd təsərrüfatı əmək bazarı texnologiyaları mənimsəmiş, praktiki biliklərə və innovativ yanaşmaya malik mütəxəssislərə böyük ehtiyac duyur. Bu səbəbdən işəgötürənlərlə sıx əməkdaşlıq edərək onların ehtiyaclarını təhlil edir və təhsil proqramlarını buna uyğun yenidən qururuq.
Bu gün kənd təsərrüfatı yalnız torpaq və məhsul yetişdirilməsi deyil, həm də rəqəmsal həllər, texnologiyalar və davamlılıq prinsipləri ilə bağlıdır. Biz tələbələrimizi bu çağırışlara cavab verəcək bilik və bacarıqlarla təchiz etməyi əsas məqsəd hesab edirik. Kadr hazırlığı yeni prinsiplərə uyğun olaraq həyata keçirilir və burada nəzəri biliklərin praktiki təcrübə ilə birləşdirilməsi, tələbələrin innovativ yanaşmalar və rəqəmsal texnologiyalar üzrə bacarıqlarının inkişaf etdirilməsi, həmçinin beynəlxalq əməkdaşlıq vasitəsilə qlobal təcrübə əldə etmələrinin təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan hökumətinin kənd təsərrüfatının inkişafına verdiyi dəstək bu sektorda kadr hazırlığının daha yüksək səviyyədə təşkilinə imkan yaradır. Bizim əsas məqsədimiz yalnız savadlı mütəxəssislər hazırlamaq deyil, həm də kənd təsərrüfatının müasir problemlərini həll edə biləcək, milli və beynəlxalq səviyyədə sektora rəhbərlik edəcək liderlər yetişdirməkdir. Xüsusi qeyd etmək lazımdır ki, ADAU kadr hazırlığı prosesində yerli və transmilli şirkətlərlə əməkdaşlığa önəm verir. Bir çox şirkətlərin universitetdə auditoriyaları yaradılır, birgə əməkdaşlığın genişləndirilməsi istiqamətində mütəxəssislər ali təhsil müəssisəsinə dəvət olunurlar.
“Artıq akademik fəaliyyətlər daha effektiv şəkildə izlənilir”
- Universitetin keyfiyyət siyasətinin təkmilləşdirilməsi ilə bağlı hədəfləri nələrdir?
- Beynəlxalq səviyyədə qəbul edilən standartlara uyğun təlim-tədris verməyi, elmi araşdırmalara əsaslanan nəticələr əldə etməyi və bunların davamlılığını təmin etmək məqsədilə universitetimiz ali təhsildə inkişaf etməkdə olan keyfiyyət standartlarını diqqətə alaraq maraqlı tərəflərin məmnuniyyətini təmin etməyi nəzərdə tutur. Bununla yanaşı, qlobal rəqabət şəraitinə uyğun, ölkə və region şərtlərini nəzərə alaraq beynəlxalq inkişafa töhfə verən, ətraf mühitə və cəmiyyətə həssas fərdlər yetişdirməyi, universitetdaxili və xarici təlim proqramları ilə akademik heyətin bacarıqlarını artırmağı, elmi-tədqiqat qabiliyyətinin artırılması və inkişafı üçün lazım olan resursların yaxşılaşdırılması və səmərəli istifadəsini təmin etməyi, təklif olunan xidmətlərin ən yüksək səviyyəyə çatdırılması və uğurların əldə edilməsi üçün milli və beynəlxalq təşkilatlarla əməkdaşlığı inkişaf etdirməyi keyfiyyət siyasəti olaraq müəyyən etmişik.
- Universitetdə tədrisin elektronlaşdırması ilə bağlı hansı işlər görülür?
- Tədrisin elektronlaşdırılması sahəsində genişmiqyaslı işlər həyata keçirilir. Müasir texnologiyaların tətbiqi və onlayn təhsil metodlarının inteqrasiyası ilə universitetimiz təhsilin keyfiyyətini artırmağa və tələbələr üçün daha çevik öyrənmə imkanları yaratmağa çalışır. “Digital ADAU” layihəsi çərçivəsində tədris və idarəetmə prosesləri rəqəmsallaşdırılır. Bu layihə vasitəsilə idarəetmə strukturu avtomatlaşdırılır, tələbələr və müəllimlər arasında əlaqə asanlaşır və akademik fəaliyyətlər daha effektiv şəkildə izlənilir. Bu yanaşma universitetin idarəetmə proseslərinin müasir texnologiyalarla optimallaşdırılmasını təmin edir.
Pandemiya dövründə öz aktuallığını sübut edən onlayn təhsil platformaları da ADAU-da geniş şəkildə tətbiq olunur. Bu platformalar vasitəsilə tələbələr dərslərdə fəal iştirak edir, dərs materiallarına rahat çıxış əldə edir və akademik proseslərdən geri qalmırlar. Bundan əlavə, universitet beynəlxalq mütəxəssislərin iştirakı ilə onlayn seminarlar və təlimlər təşkil edir. Bu tədbirlər tələbələrimizi müasir təhsil texnologiyaları ilə tanış edir və onların beynəlxalq akademik mühitə uyğunlaşmalarına şərait yaradır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)