Bütün xəbərlər
27 fevral, 11:15

Tədris mühitinin düzgün qurulmasında əsas rol oynayan faktorlardan biri müəllim və şagird münasibətlərinin düzgün tənzimlənməsidir. Şagirdlərin davranışı və dərsə münasibəti tədrisin uğurlu təşkilinə birbaşa təsir edir. Lakin dərs zamanı bəzi şagirdlərin nadinc davranışları dərsin effektivliyini əhəmiyyətli dərəcədə azaldır və müəllimlər üçün əlavə çətinliklər yaradır. Müəllimin belə vəziyyətlərə necə reaksiya verməsi həm tədrisin keyfiyyətini qorumaq, həm də şagirdin inkişafını dəstəkləmək baxımından böyük əhəmiyyət daşıyır.

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Fəxrəddin Yusifov “Azərbaycan müəllimi”nə bildirib ki, şagirdlərin dərs prosesində nadinclik etməsinin müxtəlif səbəbləri ola bilər. Bu səbəblərdən başlıcası odur ki, bəzən həddindən çox aktiv olan şagirdlər müəllimin bütün diqqətinin onların üzərində olmasını istəyirlər:

“Bəzi aktiv şagirdlər müəllimin davranışı, diqqəti və ya məlumatları onları təmin etməyəndə nadincliyə başlayırlar. Nadinc şagirdlərin əksəriyyəti fəaldırlar, adətən, zəif oxuyan şagirdlər nadinc olmurlar. Ümumiyyətlə, şagirdlərdə nadinclik təbii haldır. Müəllim dərs prosesində bunu idarə etməyi bacarmalıdır”.

O bildirib ki, belə hallarda müəllimin şagirdi sinifdən xaric etmək səlahiyyəti yoxdur. Digər tərəfdən, şagirdin sinifdən qovulması pedaqoji prosesə zərər verir. Belə hallarda şagird sinifdən çıxıb başqa neqativ hadisələr də törədə bilər. Təcrübəli müəllimlərin təcrübəsində hadisələr olmur. Şagirdin nə üçün nadincliyə meyil etdiyinin səbəbi müəyyən edilməlidir. Bu zaman müəllim nadinclik edən şagirdin adını çəkmədən üzünü birbaşa sinfə tutaraq elə vəziyyət yaratmalıdır ki, həmin şagird özü bu situasiyaya qiymət verə bilsin:

“Şagirdlərin nadincliyi ancaq dərsin soruşulması prosesində özünü göstərə bilər. Yaxud şagirdlər müəllimin onlara bir şəxsiyyət kimi yanaşmadığını görəndə nadincliyə başlaya bilərlər. Şagirdlərin bəziləri daha çox iddialı olduğundan istəyirlər ki, dərs ancaq onlardan soruşulsun. Bu zaman müəllim şagirdlərə hamının yoldaş olduğunu xatırlatmalı, ümumi olaraq soruşmalıdır ki, sizdən birinə daha çox vaxt ayırıb digərlərinə ayırmasam, onda bu, digərlərinin xətrinə dəyməzmi? Situasiyanı elə etmək lazımdır ki, ən çox nadinclik edən şagirdin özü o situasiyaya münasibət bildirsin. Bir dəfə məktəbdə görüş keçirirdik, görüş zamanı müəllimlərdən biri belə sual verdi: “Şagirdlərin nadincliyinə sizin münasibətiniz necədir? Onlar bizim “başımıza çıxıblar”. Cavab verdim ki, şagirdlər nə zaman bizim başımızdan “aşağı düşmüşdülər” ki? Onlar hər zaman bizim başımızın üzərindədirlər. Belə görüşlərdən birində həmin sual təkrarlandı. Bu zaman Xalq şairi Zəlimxan Yaqub müdrik bir cavab verdi: “Gəlin qocaların müdrikliyini, gənclərin qaynarlığını, uşaqların nadincliyini özlərinə verək. Əgər qoca bir kişi uşaq kimi tullanıb düşərsə, ona necə münasibət göstərərsiniz? Balaca bir uşaq ağsaqqal kimi hərəkət etsə, ona münasibətiniz necə olar? Hər iki halda zaldakılar münasibətlərinin anormal olacağını bildirdilər. Onda şair söylədi ki, gəlin hər fəslin gözəlliyini özünə verək”.

96 nömrəli tam orta məktəbin direktoru Mehriban Hacıyeva bildirib ki, sinifdə intizamın pozulması halları baş verdikdə qanuni çərçivədə və pedaqoji yanaşma ilə cavab vermək lazımdır. Şagirdin sinifdən qovulması qanuni deyil, bu pedaqoji baxımdan da düzgün deyil. Yerli və və beynəlxalq təhsil sistemlərinə görə, heç bir müəllimin şagirdi sinifdən çıxarmaq səlahiyyəti yoxdur:

“Hər bir şagirdin dərsdə iştirak etmə hüququ var və müəllim onu bu hüquqdan məhrum edə bilməz. Şagird sinifdən çıxarılsa belə, bu onun davranış problemlərini həll etməyəcək, əksinə, müəllimə qarşı kin formalaşdıra, vəziyyəti daha da gərginləşdirə bilər. Bununla bütün məktəbin tədris prosesinin ahəngi də pozular. Çünki dəhlizdə qalan şagird başqa siniflərdəki dərs prosesinə də mane olar.

Müəllimlər hər zaman şagirdlərin intizamlı, məsuliyyətli və pozitiv mühitdə inkişaf etməsinə şərait yaratmalıdırlar. Bunun üçün müəllimlərin yanaşması tənbehedici, cəzalandırıcı deyil, həll yönümlü, konstruktiv olmalıdır. Bu zaman emosional reaksiya verməmək və vəziyyəti sakit şəkildə idarə etmək vacibdir. Dərsi pozan şagirdi tənqid etmək, sərt sözlər demək əvəzinə sual verərək və ya diqqətini dərsə yönəldərək prosesə cəlb etməyə çalışmaq lazımdır. Ümumiyyətlə, şagirdi ictimai şəkildə cəzalandırmaq yerinə dərsdən sonra onunla fərdi danışmaq daha effektivdir. Bu zaman şagirdin davranışının səbəbləri öyrənilməli və qaydalar ona nəzakətli, amma qətiyyətli şəkildə xatırladılmalıdır”.

M.Hacıyeva onu da qeyd edib ki, əgər şagird davamlı şəkildə qaydaları pozursa, ona bunun gələcək nəticələri barədə məlumat verilməlidir. Müəllimlər və məktəb rəhbərliyi şagirdlərin intizam qaydalarına əməl etməsini təmin etmək üçün şifahi xəbərdarlıqdan başlayaraq valideynlərlə görüşlərin, məktəbdaxili intizam komissiyası iclasların təşkili, hətta hüquq-mühafizə orqanlarına məlumat verilməsinə qədər fərqli tədbirlər həyata keçirə bilərlər:

““Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” sənədi intizamsız şagirdlərə qarşı pedaqoji və tərbiyəvi yanaşmanı əsas götürür. Bu çərçivədə qayda pozuntuları beş səviyyəyə bölünərək onların ağırlıq dərəcəsinə uyğun tədbirlər müəyyənləşdirilib. Əsas məqsəd cəza vermək deyil, şagirdlərə düzgün davranış qaydalarını aşılamaq, onların məktəb mühitinə inteqrasiyasını təmin etmək və sağlam sosial münasibətlər formalaşdırmaqdır. Təhsil qanunvericiliyinə əsasən, bu istiqamətdə görüləcək bütün tədbirlər şagirdlərin hüquqlarını qorumaqla həyata keçirilməlidir”, – deyə o bildirib.

Şərhlər

Xəbər lenti

9 avqust, 18:29

ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər

9 avqust, 18:24

Qalib Liderin diplomatik Zəfəri

9 avqust, 11:19

Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibə verib

9 avqust, 11:10

Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannamə imzalanıb

9 avqust, 11:04

Azərbaycanın və ABŞ-ın prezidentləri, Ermənistanın Baş naziri Ağ Evdə mətbuata bəyanatla çıxış ediblər 

9 avqust, 10:57

Vaşinqtonda Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb

9 avqust, 10:51

Birinci vitse-prezident Mehriban Əliyeva Vaşinqtonda keçirilən görüşə dair paylaşım edib

9 avqust, 10:48

Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülhə dair saziş layihəsini paraflayıblar və ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciəti imzalayıblar

8 avqust, 23:01

“Maarifçi”lər Elm və Təhsil Nazirliyi üçün strateji plan hazırladılar – REPORTAJ 

8 avqust, 22:02

Qrup rəhbəri və ixtisas müəllimi vakansiyası üzrə nəticələr açıqlandı

8 avqust, 19:16

Mikayıl Cabbarov Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru ilə görüşüb

8 avqust, 19:10

Müəllimlərin sertifikasiya imtahanı üzrə apellyasiya nəticələri AÇIQLANDI

8 avqust, 17:48

Professor Şahbaz Muradov: Hər bir alim elmin davamlı inkişafında fəal iştirak etməlidir

8 avqust, 16:48

Növbəti 10 ildə peşə təhsili alanların sayı 50 minə çata bilər

8 avqust, 16:27

Qarabağın şagirdləri üçün “Yay məktəbi” təşkil edilib

8 avqust, 16:19

“Dərzi” və “Bərbər-vizajist-manikürçü” peşə ixtisasları üzrə bacarıqlar qiymətləndirilib

8 avqust, 16:11

Bağça müəllimi: Müasir uşaq yaradıcı müəllim tələb edir

8 avqust, 16:01

9 illik təhsil bazasından kolleclərə qəbul imtahanının nəticələri açıqlandı

8 avqust, 15:55

66 gənc ABŞ-də təhsil alacaq – 44-ü TOP10 universitetlərdə

8 avqust, 14:33

Ceyhun Kərəmov: Bəzi işəgötürənlər süni intellekt bacarıqlarını da tələblər siyahısına daxil edir 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.