
Bu gün ölkəmizin ən parlaq gənc zehinləri Respublika fənn olimpiadalarının fizika fənni üzrə praktiki turunda bilik və bacarıqlarını nümayiş etdirmək üçün Azərbaycan Texniki Universitetinin idman zalında bir araya gəldilər.
Fizika – bu elmin özəlliyi təkcə nəzəriyyədə deyil, onun praktikada canlanmasındadır. Məhz bu gün zal fizikanı sevən, onu düşüncə və təcrübə ilə yoğuran şagirdlərlə doludur. Burada toplaşanlar ən istedadlı yeniyetmələrimizdir. Onlar artıq dünən adıçəkilən fənn üzrə nəzəri biliklərini sübut ediblər, indi isə işıq sürətindən, maqnit sahələrindən, termodinamikadan danışan düsturları gerçək həyata gətirmək zamanıdır.
Elmə və texnologiyaya maraq göstərən yüzlərlə şagirdin sırasından seçilən məktəblilərimiz üçün bu mərhələ yalnız bir yarış deyil, həm də gələcək elmi karyeralarının ilk addımı hesab olunur. Bu nüfuzlu bilik yarışını şəxsən izləyənlər arasında təhsil nazirinin müavini Firudin Qurbanov da var. Nazir müavininin şagirlərin yazı masalarına yaxınlaşaraq onlara səmimi və həssaslıqla yanaşması yeniyetmələrin nigarançılıqlarına və narahatlıqlarına son qoyur.
Hamı sakitcə sual kitabçasındakı tapşırığı diqqətlə nəzərdən keçirir, verilən sualın praktik şəkildə həllini tapmağa çalışır. Bunun üçün hər kəsin qarşısında praktik məsələlərin həlli üçün lazım olan ləvazimatlar da var.

Vaxt gedir. Kimisi artıq sualın praktik hissəsinin rahatlıqla ləvazimatlardan istifadə etməklə yolunu tapır, kimisi isə verilən tapşırığın mahiyyətini daha yaxşı başa düşmək üçün onu diqqətlə nəzərdən keçirir. Məqsəd də birdir, məram da. Bu gün rəqibləşmiş şagirdlər bir-birindən bir addım daha öndə olmaq – olimpiada qalibi adını qazanmaq iddiasındadır.
Şagirdlərin ixtisas və peşə seçiminə zəmin yaradan olimpiada
Prosesə mane olmamaq şərti ilə Təhsil İnstitutunun direktor müavini Fuad Qarayevə yaxınlaşırıq. Fuad müəllim son illər şagirdlər tərəfindən Respublika fənn olimpiadalarına, müsabiqələrə marağın artdığını deyir. Paytaxtla yanaşı, ölkəmizin bütün bölgələrindən qatılan şagirdlərin bilik və bacarıqlarının yüksək olduğunu söyləyir ki, bu da son nəticədə Azərbaycan məktəbinin bütövlükdə təhsilimizin uğuru deməkdir.
Fuad müəllim fənn olimpiadalarının keçirilməsində əsas məqsədin şagirdlərdə keyfiyyətli təhsil almaq, biliklərə marağı artırmaq və özünəinam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etmək, həmçinin onların ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarət olduğunu bildirir. Direktor müavini builki Respublika fənn olimpiadalarının fizika fənni üzrə respublika mərhələsinin final turuna vəsiqə qazanmış 121 şagirdin dünən imtahan mərhələsində, bu gün isə praktiki turunda iştirak etdiyini diqqətə çatdırır.

Burada iştirak etmək çox maraqlı, eyni zamanda məsuliyyətdir
Praktik turun sona çatmasına sayılı dəqiqələr qalırdı. İmtahan kitabçalarını təhvil verib çıxan uşaqlarla söhbətləşirik.
Muradxan Məcidli Mingeçevir şəhər 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdidir. Ötən il Respublika fənn olimpiadaları müsabiqəsində fizika fənni üzrə II yerin qalibi olub. Ümid edir ki, builki olimpiadanın respublika qaliblərindən biri olacaq: “Fizika fənnini çox sevirəm. Elə arzum da gələcək ali təhsilimi fizika üzrə almaqdır. Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsil almaq istəyirəm. Bu gün praktiki turda verilən tapşırıq mənim üçün həm maraqlı, həm də yetərincə rahat idi. Əminəm ki, tapşırığımı düzgün həll etmişəm”.
Fizika, riyaziyat və informatika təmayüllü respublika liseyinin IX sinif şagirdi Siyavuş Mütəllimov deyir ki, olimpiadada iştirak etmək onun üçün çox maraqlı, eyni zamanda məsuliyyətdir: “Bu gün praktiki turda çox maraqlı tapşırıqla qarşılaşdıq. Təcrübə vasitəsilə nəzəri bilikləri praktiki şəkildə tətbiq etmək çox faydalı oldu. Bu cür tapşırıqlar bizə fizikanın real həyatda necə işlədiyini başa düşməyə kömək edir. Nəticədə özümə daha əmin oldum. Bu sahədə daha çox öyrənmək istəyirəm".
Fizika, riyaziyat və informatika təmayüllü respublika liseyiniin digər şagirdi, IX sinifdə təhsil alan Nərgiz Bəhrəmli fizika fənni üzrə mənimsədiyi biliklərinin praktiki turda xüsusi rol oynadığını qeyd edir: “Adətən fizikanı çətin fənn sayırlar. Mənim üçün isə bu belə deyil. Sadəcə fizika nizamlı şəkildə dərs öyrənməni, təkrar etməni tələb edən fənn olduğundan ona ciddi və sevərək yanaşmaq lazımdır. Olimpiadanın respublika turuna qədər gəlib çıxdığıma görə sevinirəm. Ümid edirəm ki, qalib adını qazanacağam”.

Biliyinə əmin olanlar…
Bu gün bizlər, yalnız bilik yarışının deyil, eyni zamanda özünəinamın, əzmin və elmə olan marağın şahidi olduq. Biliyinə arxalanan, düşüncəsini sərbəst ifadə edən yeniyetmələr fizika ilə danışdılar, onu hiss etdilər, biliklərini təcrübədə sınadılar. Yeniyetmələrimizin gözlərindəki həyəcan və ümid, elmə olan sevgi və maraq onların hər birinə yeni bir dünyaya qapı açmağın xəyalını verir. Və bəlkə də, burada, bu anlarda, bizlər gələcəyin böyük fiziklərını izlədik.
1 /6
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər