Bütün xəbərlər
5 iyun, 10:46

Sertifikatlaşdırma müəllimin öz üzərində davamlı işləməsi üçün ciddi stimul yaradır

Sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə APA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib.

Qeyd olunub ki, sertifikatlaşdırma müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır: “2025-ci il üçün təşkil olunacaq sertifikatlaşdırma prosesində 21 000-ə yaxın təhsilverənin iştirakı nəzərdə tutulur. Bundan əlavə, 2025-ci il üzrə ilkin və təkrar sertifikatlaşdırma prosesi 18-25 iyun tarixlərində həyata keçiriləcək. 3750-ə yaxın təhsilverənin 2025-ci ildə təkrar sertifikatlaşdırmada iştirakı nəzərdə tutulur”.

Agentlikdən o da qeyd olunub ki, sertifikatlaşdırmadan keçməyən müəllimlərə bir il iş yeri saxlanmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilir: “Təhsilverənlərin sertifikatlaşdırılması prosesindəki nəticələri nəzərə alınaraq uğur qazanmayan müəllimlərə uyğun proqram tərtib edilir və sözügedən müəllimlər həmin təlimlərə cəlb olunurlar. İkinci dəfə sertifikatlaşdırmadan uğur qazanmadıqda isə Əmək Məcəlləsinin tələblərinə müvafiq olaraq addımlar atılır”.

MÜTDA xatırladıb ki, 2024-cü il iyunun 21, 22, 24-də təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkə üzrə 27 imtahan mərkəzini əhatə edib: “Test imtahanlarında 23 449 müəllim iştirak edib. İmtahanda iştirak edən təhsilverənlərin 86%-i uğur qazanaraq müsahibə mərhələsinə qatılmaq hüququ əldə edib. 2024-cü ildə təşkil olunan sertifikatlaşdırma prosesində test və müsahibə mərhələsində uğur qazanmış 9020 təhsilverənin vəzifə maaşına 35 faiz, 14 543 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunub. Bildiririk ki, ümumi təhsil müəssisələrində 143 min təhsilverən fəaliyyət göstərir”.

Sertifikasiyanın iki məqsədi var

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Bəxtiyar Əliyev deyir ki, sertifikasiyadan keçə bilməyən müəllimlər üçün ixtisasartırma kursları keçirilir: “Sertifikasiyanın iki məqsədi var. Birincisi müəllimlərin hazırlıq səviyyəsinin öyrənilməsi, diaqnostikası və ona uyğun olaraq da təkmilləşdirmə kurslarının məzmunun müəyyənləşdirilməsi, ikincisi isə onların məvaciblərinin artırılmasıdır. Ona görə də müəllimlər sertifikasiyadan keçməyəndə ikinci dəfə sertifikasiyaya cəlb olunur. Bir il müddətində onun müqaviləsinə xitam verilmir, fəaliyyətinə davam edir və ödənişsiz ixtisasartırma kurslarına da cəlb olunur. Bir il müddətində o hazırlıq səviyyəsinə çatıb imtahandan keçə bilmirsə, deməli, onun artıq müəllim kimi fəaliyyət göstərməsi düzgün deyil”.

Deputatın sözlərinə görə, ixtisasartırma kurslarının təşkilində müəllimlərin diaqnostikasını həyata keçirmək, ümumtəhsil məktəblərinin ibtidai siniflərində hazırlıq səviyyəsinə, yaş kateqoriyasına baxmaq, yenilikləri nəzərə alaraq yenidən hazırlanma, yaxud da ixtisasartırma kurslarının tədris proqramının məzmununu müəyyən etmək lazımdır.

Müəllimlərin sertifikasiya imtahanından keçə bilməməsinin əsas səbəbləri

Təhsil eksperti Kamran Əsədov bildirib ki, müəllimlərin sertifikasiya imtahanından keçə bilməməsinin əsas səbəbləri arasında ilk növbədə metodiki və pedaqoji bilik çatışmazlığı, müasir kurikulum və qiymətləndirmə sistemlərinə bələd olmamaları, tədris etdiyi fənn üzrə fundamental bilikdə boşluqlar, rəqəmsal savadlılıq səviyyəsinin aşağı olması, eləcə də imtahan formatına psixoloji baxımdan hazır olmamaları göstərilir.

Onun sözlərinə görə, bu səbəblərin kökündə daha dərin problemlər dayanır: “Köhnə ixtisas hazırlığı sistemi, kadrların sertifikasiyaya hazırlıqsız cəlb edilməsi, müəllimlərin davamlı peşəkar inkişaf imkanlarının zəifliyi və s. 2023-cü ilin statistikasına görə, imtahanda iştirak edən müəllimlərin təxminən 28%-i keçid balını toplaya bilməyib. Bəzi rayonlarda isə bu rəqəm 50%-ə yaxın olub”.

Ekspert qeyd edib ki, “Təhsil haqqında” Qanunun 28.1-ci maddəsinə əsasən, pedaqoji fəaliyyət göstərən müəllimlər müvafiq bilik və bacarığa malik olmalıdırlar və onların fəaliyyətləri dövlət tərəfindən qiymətləndirilməlidir: “Bu norma sertifikasiyanın qanunvericilik əsasını yaratsa da, həmin prosesin necə həyata keçiriləcəyi, kəsilən müəllimlərin aqibəti və inkişaf yolu konkret mexanizmlərlə dəstəklənmir. Hazırda belə müəllimlərin bəzilərinin əmək müqaviləsinə xitam verilir, bəziləri maaş azaldılması ilə işləməyə davam edir, digərləri isə qeyri-rəsmi yollarla repetitorluğa və ya digər sahələrə yönəlir. Bu isə sistemdən kənarda qalmanın sosial və psixoloji təzyiqini artırır.

Sertifikasiya imtahanlarının formatında müəyyən dəyişikliklərə ehtiyac var

Ən böyük boşluqlardan biri məhz kəsilən müəllimlər üçün təkmilləşdirmə kurslarının sistemli və dövlət tərəfindən tanınmış formada mövcud olmamasıdır. İndiyədək keçirilmiş sertifikasiya proseslərində iştirak edən müəllimlərə kurs adı altında təqdim edilən proqramlar daha çox formal xarakter daşıyır, nəticəyə yox, prosesə fokuslanır. Halbuki beynəlxalq təcrübə bu sahədə tam fərqli model təklif edir. Məsələn, Sinqapur və Finlandiyada sertifikasiya nəticəsində aşağı bal toplayan müəllimlər üçün dövlət tərəfindən 3-6 aylıq məzmunlu və nəticəyönümlü inkişaf proqramları təqdim edilir. Bu proqramlar nəinki müəllimi yenidən qiymətləndirir, həm də onun təlimdəki zəif nöqtələrini təhlil edib fərdi inkişaf planı təqdim edir. Bu kursları uğurla bitirən müəllimlər eyni statusla fəaliyyətə davam edə bilirlər. Azərbaycanda isə bu sahədə transformasiya olunmalı mexanizmlər mövcuddur. İlk növbədə, Elm və Təhsil Nazirliyi sertifikasiya imtahanından keçməyən müəllimlər üçün obligator təkmilləşdirmə kursları təşkil etməlidir. Bu kurslar pedaqogika, fənn məzmunu, təlim strategiyaları, şagirdlə ünsiyyət və qiymətləndirmə metodları kimi modulları əhatə etməli, real praktikaya əsaslanmalı və kursun sonunda alternativ qiymətləndirmə imkanı təqdim edilməlidir. Kursun sonunda imtahandan keçmiş müəllimlər əmək fəaliyyətinə eyni hüquqla davam etməlidir. Belə yanaşma həm humanistdir, həm də sistemin resurslarını israf etmədən təkmilləşmə üçün platforma yaradır”.

Ekspert hesab edir ki, sertifikasiya imtahanlarının formatında müəyyən dəyişikliklərə ehtiyac var: “Hazırkı sistem yalnız test tipli suallara əsaslanır və müəllimin tədris prosesindəki davranışını, ünsiyyət bacarığını, psixoloji hazırlığını, texnoloji kompetensiyasını və innovativ metodlardan istifadə səviyyəsini ölçmür. Halbuki müəllimlik peşəsi yalnız bilik deyil, həm də şəxsiyyətlərarası bacarıq, tədris çevikliyi və emosional zəka tələb edən peşədir. Bu səbəbdən imtahan sistemi iki mərhələli olmalı – bilik və bacarıq sınağı ilə bərabər, praktiki dərs nümunəsi və ya müsahibə mərhələsini də ehtiva etməlidir. Müasir təhsil sistemləri, məsələn, Estoniya və Koreyada müəllimlərin fəaliyyətini yalnız testlə yox, təlim videoları, şagird rəyinə əsaslanan monitorinq və mentorların qiymətləndirməsi kimi komponentlərlə də dəyərləndirir. Bu baxımdan yeni yanaşma və struktur dəyişiklikləri zəruridir. Sertifikasiya sistemi təkcə imtahan prosesi deyil, eyni zamanda, müəllimin öyrənmə və yenilənmə hüququnun təminatçısı olmalıdır. Təkmilləşmə imkanı təqdim olunmadan aparılan qiymətləndirmə sadəcə nəticə göstəricisidir, inkişaf strategiyası deyil. Azərbaycana isə nəticədən çox sistemli inkişaf lazımdır”.

Bu tələb dövlət və özəl sektora bərabər şəkildə aid edilməlidir

Ekspert vurğulayıb ki, mövcud qanunvericiliyə əsasən, təhsil fəaliyyəti ilə məşğul olan şəxslər müvafiq ixtisasa, pedaqoji təhsilə və zəruri hallarda sertifikatlaşdırmadan keçməyə borcludurlar: “Bu tələb dövlət və özəl sektora bərabər şəkildə aid edilməlidir. Lakin faktiki vəziyyətdə bu norma yalnız dövlət təhsil müəssisələrində tətbiq olunur, özəl kurslar isə qeydiyyatsız fəaliyyət göstərdiyindən nə Elm və Təhsil Nazirliyi, nə də Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən sistemli nəzarətə alınır. Beləliklə, sertifikasiyadan keçə bilməyən müəllim heç bir peşəkar inkişaf yolu keçmədən özəl kurslarda “repetitor” kimi fəaliyyətini davam etdirir. Nəticədə dövlət sistemindən süzülüb çıxarılan, lakin cəmiyyətə təsir göstərməkdə davam edən bir kölgə təhsil şəbəkəsi yaranır. Bu vəziyyətin ən təhlükəli tərəfi ondan ibarətdir ki, özəl kurslarda təhsil alan şagirdlərin sayı durmadan artır və valideynlər bu müəssisələrin təqdim etdiyi xidmətin keyfiyyətini çox zaman yoxlaya bilmirlər. 2023-cü ildə Azərbaycanda fəaliyyət göstərən kursların 70%-dən çoxu vergi qeydiyyatında olsa da, onların yalnız 28%-i Nazirlikdən və ya TKTA-dan lisenziya almışdı. Bu isə o deməkdir ki, bazarda fəaliyyət göstərən kursların böyük əksəriyyəti nə müəllim heyəti üzrə yoxlamadan keçir, nə proqram əsaslı təlim planı təqdim edir, nə də nəticəyə görə hesabat verir”.

Kamran Əsədov əlavə edib ki, belə şəraitdə valideynlər kursa müraciət edərkən müəllimin peşəkarlığını qiymətləndirmək üçün bəzi zəruri meyarları əsas götürməlidirlər: “Ən başlıcası, müəllimin sertifikasiyadan keçib-keçmədiyini soruşmaq hüququ var. Bu imtahanların nəticələri TKTA tərəfindən mərkəzləşdirilmiş şəkildə saxlanılır və müəllim rəsmi sertifikat təqdim edə bilər. İkinci meyar, müəllimin ali pedaqoji təhsilə malik olmasıdır. Yəni onun müvafiq ixtisas üzrə bakalavr və ya magistr diplomunun olub-olmaması. Üçüncü vacib meyar isə müəllimin daha əvvəl hansı məktəblərdə çalışması, hansı nəticələri əldə etməsi və bu haqda şagird və valideyn rəyləridir. Bu baxımdan müəllim seçimi yalnız qiymətə və yaxınlığa görə deyil, keyfiyyətə görə edilməlidir.

Təhsildə keyfiyyət yalnız məktəb binasında deyil, hər yerdə eyni prinsiplə təmin olunmalıdır

Bu sahədə nəzarət mexanizminin tətbiq edilməsi artıq sadəcə bir ehtiyac deyil, zərurətə çevrilib. Dövlət təhsilin keyfiyyətinə cavabdehlik daşıyırsa, o zaman özəl təhsil sahəsində də minimum standartlar tətbiq edilməlidir. Bu məqsədlə TKTA-nın bazasında lisenziyasız fəaliyyət göstərən kursların və müəllimlərin qeydiyyatı aparılmalı, ən azı onlardan pedaqoji kvalifikasiya sənədi, sertifikat və ya təlim keçmiş olması tələb olunmalıdır. Kurslar üçün pedaqoji heyətin illik fəaliyyət hesabatı, monitorinq mexanizmi və nəticəyə görə hesabatlılıq sistemi yaradılmalıdır. Bu zaman həm keyfiyyətsiz tədris azalacaq, həm də cəmiyyət təhsilə olan etibarını itirməyəcək. Əks halda vəziyyət belə qalacaq: bir tərəfdən dövlət imtahanlarla qeyri-peşəkar müəllimləri kənarlaşdırır, digər tərəfdən həmin şəxslər heç bir məhdudiyyət olmadan daha böyük auditoriyalara təsir göstərirlər. Bu sistem özlüyündə paradoksaldır və peşəkarlığı təşviq etməyən, yalnız kommersiya maraqlarını güdən struktura çevrilir. Əgər təhsil gələcəyin formalaşdırılması vasitəsidirsə, bu gələcək yalnız rəsmi diplomla deyil, gerçək bilik, səriştə və ictimai etibarla qurulmalıdır. Təhsildə keyfiyyət yalnız məktəb binasında deyil, hər yerdə eyni prinsiplə təmin olunmalıdır”.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Mehriban Vəliyeva deyib ki, sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir: “2018-ci ildən etibarən təhsil qanunvericiliyinə “sertifikatlaşdırma” anlayışı daxil edilib. Bu alətin məqsədi müəllimlərin fasiləsiz inkişafının təmin olunması üçün onların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və ehtiyaclarının müəyyən edilməsidir.

Sertifikatlaşdırmanın test mərhələsində azı 30 bal toplamış təhsilverənlər müsahibəyə buraxılırlar. Sertifikatlaşdırmanın test mərhələsində əsasən ümumtəhsil proqramları çərçivəsində təhsilverənlərin tədris etdiyi fənn üzrə bilikləri qiymətləndirilir. Həmçinin tədris metodikasına və təlim strategiyalarına aid suallar təqdim edilir”.

Deputatın sözlərinə görə, sertifikatlaşdırma diferensiallaşmış əməkhaqqı sisteminin tətbiqinə uyğun əməkhaqqı artımına və sosial rifahın yüksəlməsinə də imkan yardır: “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli KQ-05 nömrəli Qərarı ilə “Müəllimlərin işə qəbulu və yerdəyişməsi” Qaydasında edilmiş dəyişikliyə əsasən, müəllimlər iş yerlərini dəyişərkən sertifikatlaşdırma nəticələrindən istifadə edirlər.

Sertifikatlaşdırma müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır. Onlar tədris sahəsində mövcud olan yeni müsbət təcrübələri mənimsəyir, öz ehtiyaclarına uyğun olaraq peşə bilikləri və bacarıqlarını artırmaq imkanlarından faydalanırlar. Bu isə, təhsilverənlər arasında özünüinkişafı stimullaşdıran münbit mühit yaradır. Bütün bu faktorlar tədrisin keyfiyyətini artırır və şagird nəticələrinin yaxşılaşmasına səbəb olur”. 

Şərhlər

Xəbər lenti

6 iyun, 11:06

Yüzlərlə uğur bir ünvanda: Sumqayıtın 27 nömrəli məktəbindən REPORTAJ    

5 iyun, 23:21

Ukraynalı şagird və müəllimlər Naxçıvana səfərə gəliblər

5 iyun, 23:14

“UFAZ Beynəlxalq Konfransı 2025: Kimya, Proseslər və Materiallar” uğurla başa çatıb

5 iyun, 23:01

ADNSU Əl-Məktum Ali Təhsil Kolleci ilə əməkdaşlıq edəcək

5 iyun, 18:53

3 nəfərin imtahan nəticəsi ləğv olunub

5 iyun, 18:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

5 iyun, 18:43

Buraxılış imtahanının nəticələri elan olunub 

5 iyun, 17:40

Qarabağ Universitetində maarifləndirmə aksiyası keçirilib

5 iyun, 17:32

Ayla Həsənova: Uşaqlar tək deyil, onları sevən müəllimlər, dövlət və cəmiyyət var

5 iyun, 17:30

Peşə təhsilində beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi gücləndirilir

5 iyun, 17:14

Yerli universitetlərə köçürülmək istəyənlərin NƏZƏRİNƏ!

5 iyun, 17:13

İmtahan zalının sükutu: “BilBacar” finalçılarının gərgin mübarizəsi

5 iyun, 16:47

Lütfi Zadə olimpiadasının final mərhələsinin nəticələri elan edilib

5 iyun, 16:36

Dünya çempionluğunda payı olan paytaxt müəllimi – VİDEO

5 iyun, 16:10

RFO qaliblərinin mükafatlandırılma mərasiminin tarixi dəyişdirilib

5 iyun, 15:46

“BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb

5 iyun, 15:25

Bəhruz Əzimov: Hər gün 100-ə yaxın tələbə kredit üçün müraciət edir – MÜSAHİBƏ

5 iyun, 15:11

Ölkədə süni intellekt sahəsində yeni dövlət standartları qəbul edilib

5 iyun, 14:47

Tovuzda peşə təhsili ilə bağlı birinci regional forum keçirilib

5 iyun, 14:21

AzMİU-da şəhid məzunların övladları üçün xüsusi tədbir keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.