.jpeg)
Azərbaycanda Peşə Təhsili üzrə Dövlət Agentliyinə tabe olan 77 peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi onlardan biri, ölkəmizdəki müasir tipli Peşə Təhsil mərkəzlərinin birincisidir.
Müəssisə 2019-2020-ci tədris ilində Koreya təhsil modeli əsasında 8 istiqamət - İKT, avtomobil, mexanika, sənayedə quraşdırma işləri, elektronika, elektrik mühəndisliyi, avtomatlaşdırma və inşaat üzrə fəaliyyətə başlayıb. Artıq ixtisasların sayı da, tədris olunan proqramlar da dəyişib. Necə deyərlər, ləğv olunan da var, yeni yaranan da. Amma təhsil müəssisəsində dəyişməyən bir şey var: öyrədici mühit.
.jpeg)
Peşə təhsili müəssisələrində öyrənmənin böyük hissəsi – 60-70 faizi emalatxanalarda həyata keçirilir. “Azərbaycan müəllimi” Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində öyrədici mühitə daxil olub, emalatxanalarında iş şəraiti, təcrübə imkanları ilə maraqlanıb.
Gəlin tanış olaq. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Azərbaycan və Koreya hökumətləri arasındakı razılaşmaya uyğun olaraq, Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə yaradılıb. Beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına uyğun rəqabətqabiliyyətli kadr hazırlığını həyata keçirən müəssisə tədris prosesinə ixtisaslı mütəxəssislər cəlb edib. Burada sənaye qurumlarında istehsal proseslərini təşkil edən və innovativ texnologiyalarla işləmək bacarığına malik mütəxəssislər hazırlanır. Eyni vaxtda 1000-dən artıq kadr hazırlaya bilən təhsil kompleksi müasir, işlək avadanlıqlarla zəngin emalatxanalar, yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyir. Mərkəzdə fəaliyyət göstərən 2 yataqxananın hər birində 90 nəfər tələbənin yaşaması üçün bütün lazımi şərait yaradılıb. Yataqxana tələbələrinə ödənişli xidmət göstərir.
.jpeg)
Sürətli istehsal imkanları olan maşınlar
“Torna-frezer dəzgahları üzrə operator” ixtisası üzrə kadr hazırlığı barədə istehsalat təlimi ustası Fuad Lətifov məlumat verib. Onun sözlərinə görə, avtomatik maşınların yerləşdiyi emalatxanada ən müasir standartlarda olan avadanlıqlar quraşdırılıb:
.jpeg)
“Bunların hər birinin sürətli istehsal imkanları var. Azərbaycandakı müdafiə sənayesi zavodlarında, Sumqayıt Texnologiyalar Parkında bu avadanlıqlardan geniş şəkildə istifadə edilir. Tələbələrimiz bu avadanlıqlarla rahat şəkildə işləyir, hətta yüksək peşəkarlığa sahib olurlar. Ona görə də həmin zavodlarda problemsiz işləmək imkanı qazanırlar”.
Köhnə, amma işlək maşınlar öz işindədir
Növbəti emalatxanada manual dəzgahlar yerləşdirilib. Torna-frezer dəzgahları kimi, səthi cilalama, həmçinin horizontal kəsim mişarları da var. İstehsal tarixinə görə köhnə avadanlıqlar sayılsa da, hamısı işlək vəziyyətdədir.
Hazırda bu avadanlıqlardan həm 1 illik, həm 3 illik, həm də 4 illik qruplar istifadə edirlər.
.jpeg)
Hər iki emalatxanada eyni ixtisas üzrə kadr hazırlığı aparılır.
Müəssisələri mərkəzə gətirirlər
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin emalatxanalarında dövlət-özəl tərəfdaşlığı çərçivəsində müqaviləsi olan özəl müəssisələrin avadanlıqları da yerləşdirilib. Həmin şirkətlərin işlərində tələbələr fəal iştirak edir, təcrübə qazanırlar. Bu prosesdə fərqlənən tələbələr məzun olduqda şirkətdə işə götürülürlər.
Mərkəzin hazırladığı qaynaqçılar SOCAR-da iş tapırlar
Tanış olduğumuz III emalatxana sənayedə quraşdırma emalatxanasıdır. Burada peşəkar qaynaqçılar yetişir. Emalatxanada qaynağın bir neçə növü üzrə təcrübə qazanılır. Belə ki, burada tələbələr örtüklü metal elektrodla qaynaq üsulu (SMAW), CO2 mühitində qövs qaynağı və qoruyucu qaz mühitində metalın qövs qaynağı (GMAW) sənaye quraşdırma sahəsində qaynaq materialları və qaynaq avadanlıqlarının seçilməsi, müntəzəm qaynaq, qaynaq təftişi və qaynaq qeydlərinin aparılması, boru avadanlıqları və santexnika işlərinin həyata keçirilməsini öyrənirlər.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin yetişdirdiyi qaynaqçılar, ilk növbədə, SOCAR-da özlərinə iş tapırlar. SOCAR-ın mütəxəssisləri burada kadr hazırlığına xüsusi diqqət yetirir, müsahibələrdə iştirak edir, qaynaqçılara böyük tələbat olduğunu vurğulayırlar. Hətta iştirak etdikləri imtahanlarda tələbələrə birbaşa iş təklif edirlər. “Sənayedə quraşdırma” ixtisası üzrə 1 illik texniki peşə təhsili və 3 illik yüksək texniki peşə təhsili qrupları var.
Taxtaları mismarsız, şurupsuz birləşdirənlərin emalatxanasında maşınlar işləyir
Taxta emalatxanasında gərgin iş gedir. Taxtaları kəsir, oyur, müxtəlif formalara salırlar. Qrupun rəhbəri mebel ustalığı üzrə ixtisas fənn müəllimi Müşviq Quliyev, əsasən göstəriş verir, yönləndirir, tələbələrinin işlərinə nəzarət edir.
.jpeg)
Mərkəzdə “Mebel ustası” və “İnşaat ustası” ixtisasları üzrə kadr hazırlığı aparılır. “Mebel ustası” ixtisası üzrə təhsil alanlar 1 il ərzində mebelin, taxta çərçivənin quraşdırılması, mebel oyma işlərini, mebel məmulatlarının bəzədilməsini öyrənirlər. Emalatxanadakı avadanlıqların əksəriyyəti Koreyadan gətirilib, müasirdilər.
M.Quliyev “Azərbaycan müəllimi”nə deyib ki, Koreyada təlimlərdə olarkən taxta evlərin tikilməsi prosesini yaxından izləyə bilib: “Asiya dam örtükləri möhkəmliyinə görə bütün dünyada məşhurdur. Binaların dam örtükləri şurupdan, mismardan istifadə edilmədən yığılır. İllər keçdikcə taxtalar sıxılır və keçmələr daha da möhkəmlənir. Tələbələrimizə məhz bu üsulu öyrədirik. Mismardan, şurupdan istifadə etmədən, sadəcə, keçmə üsulla taxta əşyalar düzəldirlər. Onlara 2020-ci ildən taxtanın sirrini öyrədirik”.
.jpeg)
Müəssisədə “Mebel ustası” ixtisası M.Quliyevin təşəbbüsü ilə yaradılıb. Bunun üçün burada hər cür şəraitin olduğunu görən gənc müəllim əlinə düşən fürsəti düzgün dəyərləndirib: “Hər il kifayət qədər müraciət olur və yerlərimiz dolur. 5 ildir ki, bu ixtisas üzrə qəbul aparılır. Tələbat artarsa, onu qarşılaya bilmək üçün yetərli qədər imkanımız var”.
Avtomobil istiqaməti üzrə
“Azərbaycan müəllimi”ni Avtomobil emalatxanası ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin avtomobil müəllimi Tural Göyüşov tanış edib:
.jpeg)
“Avtomobil diaqnostikası və təmiri ustası” ixtisası üzrə təhsilalanların təcrübə qazandığı bu emalatxanada həm də alman mütəxəssislərin hazırladığı kurikulum əsasında oxuyanlar işləyirlər. Belə ki, bu emalatxana 3 dual ixtisas - "Avtomobil mexatronikası üzrə texnik”, “Elektrik və hibrid avtomobillərin təmiri üzrə texnik” və “Avtomobil üzrə elektrik” ixtisasları üzrə təhsilalanlar, o cümlədən “Nəqliyyat vasitələrinin texniki istismarı”, “Avtomobil diaqnostikası və təmiri ustası”, “Avtomobillərin təmiri çilingəri” və “Avtomobil üzrə elektrik” ixtisasları üzrə hazırlığı aparılan kadrların daimi “oylağıdır”. Onlar emalatxanalardan birində mühərriki söküb-yığır, o birində avtomobilləri qaldıraraq üzərində işləyirlər. T.Göyüşovun sözlərinə görə, ümumi avtomobil dönmə bucaq tənzimlənməsi və s. işlər qaldırıcı vasitəsilə həyata keçirilir.
.jpeg)
Tələbələr əllərinə maşın keçməyəndə mərkəz əməkdaşlarının avtomobilərini söküb yığırlar: “Tələbələrimizin bacarıqlarını elə səviyyəyə çatdırırıq ki, onlara öz maşınlarımızı belə etibar edirik. Real simulyatorlar da var. Onların üzərində işləyərək daha hazırlıqlı olurlar”.
Tələbələrin əl gəzdirdiyi, söküb yenidən yığdığı maşınların boyanması üçün də ayrıca bölmə var.
.jpeg)
Tələbə Elvan Məmmədov deyir: “Hər şeyi öyrənirəm, bilmədiyimi də müəllimlərimdən soruşuram. Peşə təhsilinə ümumi orta təhsilim bitən kimi, yəni IX sinifdən qəbul olunmuşam. Avtomobillərə qarşı çox böyük həvəsim olduğu üçün bu ixtisası seçdim və həvəsim indi daha da artıb”.
Foto: Kənan QAFAROV
1 /8
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər