
Müasir dövrdə təhsilin inkişafı təkcə tədris proqramlarının yenilənməsi ilə deyil, eyni zamanda təhsil müəssisələri arasında qurulan əməkdaşlıqla da sıx bağlıdır. Universitetlərlə məktəblər arasında qurulan əməkdaşlıq modeli bir çox ölkədə müəllim hazırlığı, tədrisin keyfiyyəti, elmi-tədqiqatların tətbiqi və innovasiyaların yayılması baxımından mühüm rol oynayır.
Təqdim etdiyimiz yazıda müxtəlif ölkələrdə universitet–məktəb əməkdaşlığının məqsədləri, tətbiq olunan modellər və bu sahədəki uğurlu təcrübələr araşdırılır. Universitetlərlə məktəblər arasında əməkdaşlığın əsas məqsədləri aşağıdakı kimi ümumiləşdirilə bilər:
– Müəllim hazırlığında praktikanın gücləndirilməsi: Universitetlərdə pedaqoji ixtisaslarda təhsil alan tələbələrin məktəblərdə real tədris mühiti ilə tanış olmaları üçün təcrübə proqramları təşkil olunur.
– Elmi biliklərin praktikaya inteqrasiyası: Universitetlərdə aparılan tədqiqatların məktəb mühitində tətbiqi ilə həm təhsil keyfiyyəti artır, həm də praktikaya əsaslanan elmi fəaliyyət dəstəklənir.
– İnnovativ tədris metodlarının yayılması: Universitetlərin elmi-pedaqoji potensialı məktəblərdə tədrisin yenilənməsi və müasir metodların tətbiqi baxımından mühüm resursdur.
– Peşəkar inkişaf imkanlarının genişləndirilməsi: Müəllimlər üçün təşkil edilən kurslar, seminarlar və təlim proqramları vasitəsilə onların bilik və bacarıqları inkişaf etdirilir.
Yeni tədris metodlarının öyrənilməsi, o cümlədən innovativ təhsil texnologiyalarının tətbiqi kimi məsələlər də bu cür əməkdaşlığın hədəflərinə aiddir.

Əməkdaşlıq modelləri
Xarici ölkələrdə universitet–məktəb əməkdaşlığı necə həyata keçirilir?
Xarici ölkələrdə universitet-məktəb əməkdaşlığı müxtəlif formalarda həyata keçirilir. Ən geniş yayılmış modellərə aşağıdakılar daxildir:
• Təcrübə proqramları: Bu modeldə pedaqoji ixtisaslarda təhsil alan tələbələr məktəblərdə müəyyən müddət ərzində dərs deyir və təcrübəli müəllimlərin nəzarəti altında praktiki bacarıqlar qazanırlar.
• Laboratoriya məktəbləri (Laboratory Schools): Universitetlərə birbaşa bağlı olan bu məktəblər həm tələbələrin təcrübə keçməsi, həm də tədris-tədqiqat layihələrinin həyata keçirilməsi üçün mükəmməl platformadır.
• Professional inkişaf mərkəzləri: Universitetlər tərəfindən təşkil olunan bu mərkəzlərdə müəllimlər üçün davamlı təlimlər və metodiki dəstək proqramları hazırlanır.
• Tədqiqat əməkdaşlığı: Universitetlər məktəblərlə birgə pedaqoji tədqiqatlar aparır və bu tədqiqatların nəticələri dərhal praktikaya tətbiq olunur.
• Mentorluq sistemləri: Universitetlərin müəllim heyəti və ya təcrübəli məktəb müəllimləri təcrübəçi tələbələrə fərdi şəkildə bələdçilik edir.
Xarici ölkələrdəki universitet və məktəblərin əməkdaşlığı təhsil ekosisteminin vacib bir elementidir və müxtəlif ölkələrdə fərqli şəkildə həyata keçirilir, lakin bir neçə ümumi model və qarşılıqlı əlaqə forması ayırd edilə bilər. Universitetlər təhsil sahəsində araşdırma aparır, məktəbləri tədqiqat sahəsi kimi cəlb edir.
Fərqli ölkələrin təcrübəsi göstərir ki, uğurlu universitet-məktəb əməkdaşlığı üçün sistemli yanaşma və dövlət dəstəyi vacibdir:
– ABŞ: “Professional Development School” (PDS) modeli ölkədə geniş yayılıb. Bu modeldə universitetlər və məktəblər uzunmüddətli strateji əməkdaşlıq quraraq müəllim hazırlığını və tədris keyfiyyətini eyni vaxtda inkişaf etdirirlər. Məsələn, Kolumbiya Universitetinin Müəllimlər Kollecində pedaqoji təcrübə proqramları, universitetlər nəzdində (məsələn, Çikaqo Universitetində) məktəb laboratoriyaları fəaliyyət göstərir. Geniş yayılmış "Upward Bound" proqramının məqsədi aztəminatlı ailələrdən olan məktəblilərə dəstək və onları universitetə qəbul üçün hazırlamaqdır. Proqram iştirakçıları məktəblilər (lisey tələbələri), universitet müəllimləri, könüllü tələbələrdir.
– Finlandiya: Müəllim hazırlığı sahəsində universitetlərlə sıx əməkdaşlıq edən təcrübə məktəbləri sistemi mövcuddur. Tələbələr bu məktəblərdə dərs deyir, dərs planları hazırlayır və dərindən praktik biliklər qazanırlar. Bu ölkədə şagirdlərin təhsil aldığı və tələbələrin təcrübə keçdiyi pedaqoji məktəblər (teacher training schools) əsasında əməkdaşlıq modelindən istifadə olunur.
– Böyük Britaniya: “School-University Partnership Initiative (SUPI)” layihəsi ilə məktəblər və ali təhsil müəssisələri arasında ortaq layihələr və tədqiqat fəaliyyətləri təşviq olunur. Bundan əlavə geniş tətbiq olunan “Initial Teacher Training” (ITT) proqramı məktəblərdə praktik işin təşkilini nəzərdə tutur. Universitetin müəyyən bir məktəblə əməkdaşlıq etdiyi və təhsilin çox hissəsinin məktəb bazasında keçirildiyi müəllim hazırlığı proqramı da həyata keçirilir. Universitet müəllimləri ilə məktəb müəllimləri arasında qarşılıqlı əlaqənin qurulması bu əməkdaşlıqda əsas elementlərdəndir.
– Avstraliya: Universitetlər məktəblərlə ortaq tədris layihələri həyata keçirir, müəllimlərin peşəkar inkişafı üçün təlimlər və tədris resurslarının paylaşımını təşkil edir.

Universitet–məktəb əməkdaşlığının faydaları
Universitet–məktəb əməkdaşlığı həm tələbələr, həm müəllimlər, həm də təhsil sisteminin ümumi inkişafı üçün aşağıdakı faydaları təmin edir:
– Müəllim hazırlığında praktik komponentin güclənməsi;
– Tədrisdə innovativ və elmi əsaslı yanaşmaların tətbiqi;
– Elmi-tədqiqatların nəticələrinin məktəb səviyyəsində istifadə edilməsi;
– Müəllimlərin və tələbələrin qarşılıqlı öyrənmə imkanlarının genişlənməsi;
– Təhsil müəssisələri arasında resurs paylaşımının təşviq edilməsi.
Bir sıra ölkələrdə universitet və məktəb əməkdaşlığı təhsil sahəsində böyük dəyişikliklərə səbəb olur. Bu cür əməkdaşlıqlar nəticəsində həm müəllimlərin hazırlığı təkmilləşdirilir, həm də tədrisin keyfiyyəti artır. Ölkəmizdə də bu sahədə böyük potensial mövcuddur və dünya təcrübəsi əsasında yerli modellər formalaşdırıla, xarici təcrübələr öyrənilərək, ölkə reallıqlarına uyğun şəkildə tətbiq edilə bilər. Bu isə ümumilikdə təhsil sisteminin daha çevik və effektiv olmasına imkan yaradar.
Sonda qeyd edək ki, hazırkı mərhələdə ali məktəb və ümumi təhsil müəssisələri arasında qarşılıqlı fəaliyyət və əməkdaşlığın ən məhsuldar formatlarının müzakirəsi üçün imkanların tapılması xüsusilə vacibdir. Bu məsələ ölkəmizdə ümumtəhsil sisemi üçün keyfiyyətli kadr hazırlığı məsələsində prioritetlərdən biri ola bilər.
Biliklərin ötürülməsi və gələcək mütəxəssislərin formalaşmasının ayrılmaz zənciri kimi universitet və məktəb arasında düzgün qurulmuş əməkdaşlıq formatı keyfiyyətli təhsilin inkişafında mühüm rol oynayır.
Beləliklə də iki sosial qurumun – məktəb və universitetin qarşılıqlı əlaqəsi keyfiyyətli təhsilin inkişafında mühüm rol oynayır, məktəb məzunlarının ali təhsil səviyyəsinə ahəngdar keçidinə kömək edir və eyni zamanda təhsil prosesinin davamlılığını təmin edir. Bu iki qurum arasında əməkdaşlıq məsələsi uzun köklərə malikdir, lakin cəmiyyətin hazırkı inkişaf mərhələsi informasiya cəmiyyətinə keçid, texnoloji tərəqqi, əmək bazarındakı rəqabət, geosiyasi vəziyyətdəki dəyişikliklər, sosial-iqtisadi amillər və s. təhsil sistemi qarşısında yeni tələblər qoyur. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması və əlçatanlığı, milli-mənəvi dəyərlərin formalaşması və qorunması, peşə inkişafı, sosial hərəkətlilik istəyi, yaradıcı və tənqidi düşüncənin stimullaşdırılması – bütün bu cəhətlər müasir cəmiyyət üçün əsas faktorlardır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər