
Küçənin ortasında addımlayan uşaq təsəvvür edin. Əlləri boşdur, amma çiynində görünməyən ağır bir yük – qorxular, göz yaşları, səssiz haraylar daşıyır. O, nə məkan, nə də zaman tanımır. Həmin anda təkcə bir şey istəyir – evdən, məktəbdən, təzyiqlərdən, boğucu divarlardan uzaqlaşmaq.
Və sual yaranır. Axı niyə uşaq isti yuvasından bezib qaçmaq istəyər?
Bu sualın cavabı isə müxtəlif səbəbləri aşkara çıxarır. Bəzən sərt bir ata səsi, bitməyən test sualları, "sən bacarmalısan" deyə üstünə yıxılan gözləntilər, bəzən də sadəcə nəfəs ala bilməmək... İmtahanların yaratdığı qorxu, ailədaxili şiddət, emosional laqeydlik və təhsilin yarışa çevrilməsi – bütün bunlar uşaqların içindəki sevincə zəhər qatır.
Bəzən isə daha acınacaqlı situasiyalarla rastlaşırıq. Evdə yaşanan problemlərdən, təzyiqlərdən, zorakılıqdan yaxa qurtarmaq istəyən uşaqlar səhv yolları seçir. Xüsusilə yeniyetmə qızlar yanlış düşüncələrə qapılıb ailə qurmaq ümidi ilə yetkinlik yaşına çatmadan evdən qaçır və bu zaman daha ciddi risklərlə üzləşirlər. Onlar bir çarə axtarır, bəzən də öz həyatlarının ipini tez tutmağa çalışırlar, amma çox vaxt daha dərin problemlərin içində itib-batırlar.

Uşaqlar və yeniyetmələr qaçır, çünki artıq dözə bilmirlər. Səbəblər müxtəlif, məqsəd isə eynidir. Qaçırlar, çünki ümid edirlər ki, bəlkə bir başqa yerdə nəfəs ala biləcəklər... Və çox təəssüf ki, baş verən bu hadisələr günümüzün reallığıdır.
“Azərbaycan müəllimi” mövzunu təhsil eksperti ilə, pedaqoq və psixoloqla araşdırıb.
Özünü dinlənilməyən və dəyərsiz hiss edən uşaq bir gün qaçmaqla yoxa çıxmır…
Təhsil eksperti Kamran Əsədov deyir ki, uşaq və yeniyetmələrin evdən qaçması hadisələri Azərbaycan cəmiyyətində getdikcə artan və daha çox sosial fəsad doğuran bir problemə çevrilməkdədir: “Bu hallar nə qədər fərdi motivlərlə əsaslandırılsa da, əslində dərin sistem çatlarının – ailədaxili münasibətlərdəki böhranların, təhsil sistemindəki psixoloji dəstək boşluqlarının, hüquqi mexanizmlərin zəif icrasının və sosial media təhlükələrinin bir nəticəsidir. Dövlət Statistika Komitəsinin, Ombudsman Aparatının və Uşaq Hüquqları Müdafiə şəbəkələrinin təqdim etdiyi məlumatlar son illərdə bu sahədə artım tendensiyasını təsdiqləyir. Məsələn, 2022–2024-cü illər arasında Daxili İşlər Nazirliyinə daxil olan məlumatlara əsasən, hər il orta hesabla 350-dən çox uşaq evdən qaçma və ya ailə tərəfindən itkin düşmə hadisəsi ilə qeydiyyata alınıb.
Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” Qanununun 9-cu maddəsinə əsasən, hər bir uşaq şəxsiyyətinin sərbəst inkişafı üçün zəruri olan şəraitlə təmin olunmalıdır. 10-cu maddədə isə uşağın fiziki və psixoloji zorakılığa qarşı müdafiə olunması hüququ təsbit edilib. Lakin təhlillər göstərir ki, ailə daxilində uşağın fikrinə hörmət göstərilməməsi, emosional və fiziki zorakılıq hallarının artması, xüsusən də qız uşaqlarına qarşı məhdudiyyətlərin normaya çevrilməsi bu qanunların praktik icrasını zəiflədib”.

Təhsil eksperti digər bir vacib məqama – qızların evdən qaçması məsələsinə də toxunub. Qeyd edib ki, son dövrlərdə xüsusilə qız uşaqları ilə bağlı baş verən hadisələr – onların evdən qaçması, erkən evliliklərdən yayınmaq cəhdləri, yaşıd və ya yetkin şəxslər tərəfindən aldatmaya və istismara məruz qalması problemi daha da dərinləşdirib. Qızların bəzən valideynləri tərəfindən geyimlərinə, dostluq münasibətlərinə, peşə seçiminə və gündəlik fəaliyyətlərinə münasibətdə sərt və patriarxal məhdudiyyətlərə məruz qalması onları cəmiyyətdən təcrid olunmuş, fikirləri əhəmiyyətsiz görülən bir varlıq kimi hiss etdirir və bu, onların qaçış qərarını radikal bir çıxış kimi qəbul etməsinə gətirib çıxarır: “Sual oluna bilər ki, bəs çıxış yolu nədir? Beynəlxalq təşkilatların, o cümlədən UNICEF-in hesabatlarında göstərilir ki, belə halların qarşısını almaq üçün uşaqlara hüquqi maarifləndirmə, emosional dəstək və təcavüz hallarında təhlükəsiz yardım mexanizmləri formalaşdırılmalıdır. Ölkəmizdə bununla bağlı müəyyən işlər reallaşdırılır”.
Kamran müəllim söyləyir ki, müsbət tərəf ondan ibarətdir ki, məsələ son illər daha çox ictimailəşib və artıq hüquq-mühafizə orqanları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Elm və Təhsil Nazirliyi bu məsələ ilə bağlı bir sıra tədbirlər həyata keçirir.
Məktəblərdə “Təhlükəsizlik dərsləri”, bələdiyyələrlə əməkdaşlıq çərçivəsində ailə maarifləndirilməsi proqramları, bəzi bölgələrdə “ailə məktəbi” layihələri tətbiq olunur. Lakin bu tədbirlərin əhatə dairəsi çox məhduddur, sistemli deyil və risk altında olan uşaqları vaxtında əhatə edə bilmir.
Kamran Əsədov məsələnin dünya təcrübəsində necə öz həllini tapmasından da danışıb: “Dünya təcrübəsində, məsələn, İsveç, Kanada və Yaponiyada məktəblərdə sosial işçilər, psixoloq və hüquqşünasların iştirakı ilə uşaqlarla fərdi mentorluq sistemi tətbiq olunur. ABŞ-də isə “runaway prevention programs” adlı proqramlar federal dəstək alır və risk altında olan uşaqlar üçün anonim yardım xətləri, sığınacaqlar və alternativ təhsil mərkəzləri fəaliyyət göstərir. Azərbaycanda da bu cür mexanizmlərin tətbiqi, yəni ailədən qaçan uşaqla cinayətkar kimi yox, sosial himayəyə ehtiyacı olan subyekt kimi işləmək anlayışı möhkəmləndirilməlidir. Bu məqsədlə uşaq sığınacaqlarının sayı artırılmalı, məktəblərdə uşaqlar üçün etibarlı müraciət kanalları yaradılmalı, regionlarda mobil psixoloji xidmətlər təşkil edilməlidir.

Təhsil eksperti qeyd edir ki, əgər bu sahədə ciddi dəyişikliklər edilməzsə, hər il artan statistik göstəricilər cəmiyyətdə daha böyük sosial və hüquqi fəsadlara yol aça bilər. Məktəbdə və evdə təzyiq altında olan, özünü dinlənilməyən və dəyərsiz hiss edən uşaq bir gün qaçmaqla yoxa çıxmır – sadəcə cəmiyyətin gözündən itir və çox vaxt daha təhlükəli şəraitlərə sürüklənir. Ona görə də problemə yalnız profilaktik tədbir kimi deyil, bir insanın, bir ailənin və dolayısı ilə bir cəmiyyətin gələcəyinə müdaxilə kimi baxmaq lazımdır. Dövlətin hüquqi çərçivələri mövcuddur, lakin onların icrası və tətbiqi hələ də ciddi şəkildə gecikir. Bu isə qanundan daha çox təcrübənin dəyişməsinə ehtiyac olduğunu göstərir.
Ailələrdə hökm sürən sərt bir mühit, oxumaq üzərində ifrat dərəcədə basqı
Bakı şəhəri Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Elmira İbrahimova bildirir ki, yeniyetmələrin evdən qaçmasının əsas səbəbləri ailə daxilində dialoqların zəifliyi, qarşılıqlı güvənin olmaması və yetərsiz sosial dəstək problemlərinə dayanır: “Uşaqlar valideynlərindən, müəllimlərdən, cəmiyyətdən sadəcə yüksək təhsil almaq, nailiyyət və uğur qazanmaqda onlara dəstək olmağı gözləmir. Onlar eyni zamanda anlayış, şəfqət, diqqət və azad nəfəs alma imkanı istəyirlər. Əgər biz onların emosional ehtiyaclarını görməsək, dinləməsək və dəstək olmasaq, onlar özlərini dəyərsiz hiss edərək təhlükəli yollara sürüklənə bilərlər”.
Pedaqoqun fikrincə, əsasən, sosial vəziyyətin çətinliyi və sosial şəbəkələrin yeniyetmələrə göstərdiyi güclü təsir onların düşüncə və davranışlarına yön verir: “Biz müəllimlər müxtəlif ailələrdə tərbiyə alan uşaqlarla işləyir, onların valideynləri ilə mütəmadi ünsiyyətdə oluruq. Bəzən hər hansı bir şagirdimizin ruh halının yerində olmadığını, gərginlik keçirdiyini görürük. Belə uşaqlar dərsdə diqqətsiz olur, akademik nəticələri zəifləyir, sinifdə sosiallaşmaqda çətinlik çəkirlər. Uşağın davranışındakı dəyişikliklər – ani susqunluq, ya da səbəbsiz gülüş və aqressiya çox vaxt evdə yaşanan travmaların məktəbə yansıyan üzüdür. Təəssüf ki, ailələr problemin məktəb mühitində də davam etdiyini görmək istəmir və bəzən bu hallara qarşı laqeyd qalırlar.

Ailələrdə bəzən hökm sürən sərt bir mühit, oxumaq üzərində ifrat dərəcədə basqı, uşaqlara istirahət etməyə, nəfəs almağa, özlərini ifadə etməyə vaxt verilmir. Bir çox valideyn isə imtahan nəticələrini uşağın bütün həyatının tək ölçüsü kimi qəbul edərək evdə təzyiqi daha da artırır: “Biz uşaqları anlamağa çalışmalıyıq, dinləməliyik. Onların gözlərindəki yorğunluğu, ümid çağırışını görməliyik. Çünki uşaq evdən qaçanda əslində o bizdən, soyuq münasibətdən, boğucu stresdən, başa düşülməməkdən qaçır. Ailə daxilində üzvlər arasında baş verən emosional zorakılıq yeniyetmələrdə psixoloji gərginlik, qorxu və narahatlıq hisslərini artırır, nəticədə onlar son çıxış yolu kimi evdən qaçmağa qərar verirlər. Yetkinləşmə dövründə ailənin hər sahəyə müdaxiləsi, yeniyetmələrin hüquqlarına sərt şəkildə toxunması və onların istəklərini məhdudlaşdırması da bu cür riskli addımların atılmasına zəmin yaradır”.
Pedaqoqun sözlərinə görə, digər bir səbəb isə gənclərin bu həssas yaş dövründə yaşadıqları sevgi münasibətlərinin valideynlər, bütövlükdə cəmiyyət tərəfindən qınaq obyektinə çevrilməsi, onlara qarşı sərt yanaşmanın tətbiq olunmasıdır. Bu cür münasibətlər gəncləri evdən uzaqlaşmağa sövq edir: “Hazırda yeniyetmələrin evdən qaçmasının ən mühüm səbəblərindən biri də internet və sosial şəbəkələr vasitəsilə tanış olduqları insanların vəd etdiyi maraqlı və fərqli həyat tərzinə aldanmalarıdır. Şübhəsiz ki, bu cür halların qarşısını almaq üçün həm ailə, həm məktəb, həm də dövlət səviyyəsində müxtəlif tədbirlər görülür”.
Elmira müəllimin fikrincə, ailədə sevgi anlayışının, qarşılıqlı hörmət və güvən mühitinin yaradılması gəncləri bu cür təhlükəli fikirlərdən və riskli həyat yollarından uzaqlaşdıra bilər.
Uşağın evdən qaçma qərarı uzun müddət yığılıb qalmış səssiz ağrıların nəticəsidir
Mövzuya psixoloji aspektdən yanaşan psixoloq Aynur Bünyatova da qeyd edir ki, uşaqlar və yeniyetmələrin evdən qaçması kimi hadisələr, sadəcə bir ailənin problemi deyil, bütövlükdə cəmiyyətin gələcək nəsillərinin sağlamlığına yönəlmiş ciddi bir siqnaldır. Bəzən görünməyən, bəzən isə açıq şəkildə ortaya çıxan səbəblər uşaqları belə riskli addımlara sövq edir: “Bir psixoloq olaraq düşünürəm ki, uşaqların evdən qaçmasını yalnız yaş dövrlərinin xüsusiyyətləri və sosial təsirlər prizmasından deyil, həm də ailədaxili münasibətlərin sağlamlığı və emosional travmalar kontekstində dəyərləndirmək vacibdir. Çünki uşaqlar evdən uzaqlaşmaq arzusu ilə doğulmurlar. Onların içindəki bu ehtiyac sonradan, zamanla formalaşır – ya ailədə, ya da sosial mühitdə yaşadıqları emosional boşluqlardan doğur”.

Psixoloq söyləyir ki,bəzən bir uşağın evdən qaçma qərarı uzun müddət yığılıb qalmış səssiz ağrıların nəticəsi olur. Əgər uşaq özünü dinlənilməmiş, anlaşılmamış, qorunmamış hiss edirsə, onda ev ona daha çox təhlükə mənbəyi kimi görünməyə başlayır. Xüsusilə ailədaxili zorakılıq və laqeyd münasibətlər, uşağın içində "bura mənim yerim deyil" düşüncəsinin yaranmasına zəmin yaradır. Bu düşüncə isə zamanla riskli addımların əsasını qoyur: “Əlbəttə ki, yalnız ailə ilə bağlı səbəblərdən danışmaq yetərli deyil. Uşaqlar sosial varlıqlardır və onların xarici mühitdə yaşadıqları təzyiqlər də bəzən evdən qaçmaq qərarını sürətləndirir. Yeniyetməlik dövründə dost münasibətləri, sosial təsdiq ehtiyacı və qrup daxilində qəbul olunmaq arzusu uşaqlar üçün həyati dəyər daşıyır. Əgər bir uşaq məktəbdə zorakılığa məruz qalırsa, dost çevrəsində rədd edilirsə və ya ətrafındakı gənclərin "qaçmaq azadlıqdır" kimi romantik ideyalarına uyursa, onda evdən uzaqlaşmaq ona çıxış yolu kimi görünə bilər”.
Psixoloqun sözlərinə görə, bütün bunlarla yanaşı, psixoloji travmalar da mühüm rol oynayır. Zərərli təcrübələr – istər emosional laqeydlik, istər fiziki və ya cinsi zorakılıq uşağın dünyagörüşünü zədələyir və onu daha tez qərarsız, qorxulu və impulsiv davranışlara meyilli edir. Travmatik təcrübələr yaşayan bir uşaq üçün bəzən tək bir səbəb belə yetərlidir ki, o, artıq "buradan getməliyəm" qərarını versin.
Valideynlər anlamalıdırlar ki, uşaqlar qaçanda, çox vaxt nəyəsə qarşı yox, nəyinsə çatışmazlığına qarşı qaçırlar. Onlar sevgiyə, anlayışa və dəstəyə doğru qaçırlar. Əgər evdə bu fundamental ehtiyaclar qarşılanmırsa, uşağın getmək istəyi bizi təəccübləndirməməlidir.
Aynur xanım söyləyir ki, valideyn–övlad münasibətlərində əsas prioritet açıq ünsiyyətin, emosional dəstəyin və təhlükəsizliyin yaradılmasıdır: “Uşaqlarınızı sorğu-sual etmək əvəzinə, onları dinləməyə çalışın. Onların qorxularını, narahatlıqlarını, xəyal və arzularını başa düşmək üçün zaman ayırın. Uşaqların duyğularına hörmət etdiyiniz zaman, siz onlara "ev" hissini bəxş edirsiniz və təkcə fiziki məkan olaraq yox, həm də emosional sığınacaq olaraq”.

Psixoloq özəlliklə qız uşaqları ilə belə bir münasibətin qurulmasının önəmli olduğunu söyləyir. Cəmiyyətin qızlara qarşı sərt gözləntiləri və ailədaxili nəzarətin bəzən sərhədi aşması onların azadlıq ehtiyacını boğur və qaçmaq istəyi doğurur. Sevgi və qayğı ilə yanaşı, sərbəstliyə də hörmət edilməlidir ki, qızlar özlərini hörmətə layiq və dəyərli hiss etsinlər: “Uşağınızın davranışlarında dəyişiklik hiss etdiyinizdə – susqunlaşma, aqressiya, həddindən artıq internet istifadəsi, məktəbdən uzaqlaşmaq cəhdləri müşahidə etdikdə onları sorğulamaq əvəzinə, ilk növbədə, bir sual verin: “Səni belə hiss etdirən nədir? Mən sənə necə kömək edə bilərəm?. Unutmayaq ki, uşaqların bizdən qaçmaq istədiyi bir ev yox, geri dönmək istədiyi bir ev olmalıdır”.
Evdən qaçma hallarının qarşısını almaq üçün...
Müsahiblərimizin fikirlərindən də göründüyü kimi uşaqların evdən qaçması, yalnız bir psixoloji və sosial problem deyil, həm də cəmiyyətin gələcəyini təhdid edən ciddi bir məsələdir. Bu məsələni təkcə uşaq və yeniyetmələrə, valideynlərə və məktəbə aid bir məsələ kimi deyil, həm də bütün cəmiyyətin birgə məsuliyyəti olaraq görməliyik. Bu problemin qarşısının alınması yalnız kollektiv səylə mümkündür. Məktəblər, psixoloqlar, valideynlər və cəmiyyətin hər bir üzvü bu işdə öz rolunu oynamağa hazır olmalıdır. Evdən qaçma hallarının qarşısını almaq üçün ən vacib yol, uşaqlarımıza sevgini, qayğını və düzgün dəstəyi verməkdir. Bu, həm onların həyatda öz yerlərini tapmalarına kömək edəcək, həm də cəmiyyətin gələcəkdə sağlam, təhlükəsiz və xoşbəxt fərdlərdən ibarət olmasına zəmin yaradacaqdır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər