
“Azərbaycan Məktəbi”ndə yeni rubrikaya başlayırıq. Burada müxtəlif yerli və əcnəbi filmlər əsasında valideyn-şagird-müəllim münasibətləri və bunun uşaqların sonrakı taleyinə təsirləri təhlil ediləcək.
Bəzi hallarda filmlər bizim seçimlərimiz, bəzi anlarda isə filmlərin seçdiyi biz oluruq.
Ailə və təhsil faktoru ilə yanaşı, mühit, iş, dostluq, cəmiyyət, etnik bağlar, maddiyyat, mədəniyyət kimi amillərin də uşaqlara təsirinə toxunulacaq. Lakin onlar ayrı-ayrılıqda deyil, ailə və təhsil faktorları təməlinə söykənərək təhlil ediləcək.
Xəritəni formalaşdırmağa bir yerli və bir xarici filmin qarşılıqlı müqayisəli təhlili ilə başlayacağıq. Baş rollarda olacaq:
- 1986-cı il istehsalı milli “Qəm Pəncərəsi” filmi
- 1988-ci il istehsalı xarici “The Dead Poets Society” (Ölü Şairlər Dərnəyi) filmi.
“Bəzi filmləri biz seçirik, bəzi filmlər isə bizi seçir” demişdik. İndi təhlil etdiyimiz bu iki filmdə də “seçimlər və məhdudiyyətlər” konsepti ön plandadır. Epizodlar üzərindən təhlilə keçməzdən əvvəl “seçim və məhdudiyyət”lə bağlı bir açılış vermək yerinə düşər. Seçim üçün bir neçə ehtimalın olması lazımdır. Məhdudiyyətlə bağlı isə sual ortaya çıxır: Seçim edə biləcəyimiz ehtimallar yoxdur deyə məcburiyyətdir, yoxsa seçmək üçün ehtimallar var, amma məhdudiyyət “məcburi”dir?
“Qəm pəncərəsi” filmi Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsəri əsasında çəkilib. Burada C. Məmmədquluzadənin uşaqlığı bir xatirə və yaddaş kitabçası kimi əks olunub. Uşaqlıqda yaşadıqlarının onun gənclik, yetkinlik və yaşlılıq çağlarına necə təsir etməsi ortaya qoyulub. Filmin adı da Mirzə Cəlilin son zamanlarında yaşadığı dərin sarsıntı halını əks etdirir. Dünyaya “qəm pəncərəsi”ndən baxıb xatırlayır hər şeyi.
“The Dead Poets Society” (Ölü şairlər dərnəyi) filmi isə Amerikada çəkilib və təhsil aldığı mühafizəkar məktəbə ədəbiyyat müəllimi olaraq dönən cənab Keatinqin şagirdlərinin iç dünyasına təsir edən “carpe diem” (anı yaşa) ideologiyasının və şagirdlərə edilən psixoloji təsirin mümkün nəticələri haqqındadır. Bu iki filmin ən kədərli ortaq nöqtəsi baş rol olan şagird obrazlarının erkən ölümü ilə sona çatmasıdır. Filmlərin ikinci ortaq nöqtəsi maddiyyatın təsirinə toxunmasıdır. “The Dead Poets Society” filmində valideynlər övladlarını özəl məktəbə göndərmək imkanına malikdirlər, “Qəm pəncərəsi”nin uşaqları yoxsul və bir müəllimi olan kənd məktəbində “təhsil alırlar”. Hər iki filmdə müxtəlif gəlir səviyyəsi ilə əlaqəli olaraq maddiyyatın önəmli məsələ olduğu, lakin uşaqlar üçün maddiyyatdan daha çox mənəvi cəhətdən anlaşılmaq və dəstək görməyin vacibliyi vurğulanır. Qarşılıqlı analiz etsək, görərik ki, hər iki şagirdin (Neil və Əhməd) ölüm səbəbi valideyn etinasızlığı və ya emosional zəkasının aşağı səviyyədə olmasıdır.
“Qəm pəncərəsi” filmində Əhməd və Cəlil yaxın dostdurlar. Əhməd fiziki olaraq ölümü dadır, Cəlil isə mənəvi sarsıntını daxilində daima daşıyır.

“Ölü şairlər dərnəyi”ndə Neil xarakteri teatra, aktyorluğa böyük marağı və bacarığı olan şagird kimi təqdim olunub. Dərslərində də kifayət qədər uğurlu hesab olunan Neil atası ilə aktyorluq məsələsində razılığa gələ bilmir. Atasının əngəl olacağından qorxsa da, aktyorluq seçimlərinə qatılır və uğur qazanır. Atası xəbər tutduqda isə buna qarşı çıxır və bu məsələ ilə bağlı söhbətlərinin sonunda “Sənin burada oxuya bilməyin üçün fədakarlıq etmişəm, məni məyus etmə” deyir. Məncə, bu cümlə filmin kuliminasiya nöqtələrindən ən önəmlisidir və məzmununda böyük bir dəhşəti daşıyır:
- Uşaqlara həddindən artıq məsuliyyət yüklənməsi, valideynlərin əksik və ya zəif tərəflərinin birbaşa uşaqlara əks etdirilməsi, uşaqların düşüncə və hissiyyatlarının, vicdanlarının istismar olunması ilə təzyiqə məruz qalması.
Nəticədə Neil atasının tapançası ilə də həyatına son qoyur.
“Qəm pəncərəsi” filmində isə kəndli Məmmədhəsən, oğlu Əhməd, digər uşaq Cəlil (C. Məmmədquluzadənin uşaqlıq obrazı), Xudayar bəy, Kefli İsgəndər və filmin ortasında daxil olan rus müəllim obrazları ilə bir neçə fakta toxunulur:
- Əhməd də Neil kimi aktiv, ağıllı və bacarıqlı uşaqdır. Əsas fərq odur ki, Neilin atası çox təzyiq göstərən, Əhmədin atası isə çox fağır insandır.
- Cəlil daim müşahidə edən və yazılarla qeydlər götürən, Əhməd qədər fəal olmasa da, hər şeyə öz baxışı olan uşaqdır.
- Xudayar bəy çox əzazil, kətdalığının və şəxsi imicinin zərər görməməsi üçün kəndlilərə təzyiq göstərməkdən, təhqirdən çəkinməyən və öz mənfəəti üçün hər cür alçaqlığı etməyə hazır obrazdır.
Neilin ölümü öz istədiyi peşəni seçə bilməməsi ilə, Əhmədin ölümü isə atasının aldığı ulağı Xudayar bəyin satması ilə bağlıdır. Məmmədhəsən kişi kənddə Həcc ziyarətinə getməmiş yeganə kişidir və ulaq da onun ziyarətə gedə bilməsi üçün ailənin son pulu ilə alınır. Xudayar bəyin şəhərə getmək üçün ulağı götürmək istədiyi epizodda Əhməd ulağının aparılmasına qarşı əlindən gələni edir. Xudayar bəy Məmmədhəsənin yanında uşağı vurur və ulağı götürüb gedir. Sonra isə sahibindən icazəsiz və xəbərsiz ulağı öz şəxsi işini həll etmək üçün satır. Şəhərə gedən Əhməd isə məlum səbəbdən ulağını tapa bilmir, xəstələnir və ölür. Əhməd ölüm yatağında ikən onun intiqamını Xudayar bəydən almağı atasından və ya başqa birindən yox, məhz Cəlildən xahiş edir.
Hər iki filmdəki uşaq obrazı da atasından görmək istədiyi, ehtiyac duyduğu dəstəyi ala bilmədiyi üçün sarsılır və həyatla vidalaşır.
Filmlərdə müəllim-şagird münasibətləri ilə də bağlı vacib məqamlar var:
- Cənab Keatinq və Kefli İsgəndər uşaqlara öz ağıl və hissləri ilə hərəkət etməyi təlqin edir. Onlar uşaqların gözünü açmağa çalışsalar da, valideynlərin sərt tənqidlərinə məruz qalırlar. Məscidə içkili gələn İsgəndəri mollalar, şagirdi intihar etdikdən sonra isə cənab Keatinqi direktor məktəbdən qovur.
- Yenilikçi, azad ruhlu müəllimlər mühafizəkar, qəddar valideynlər və digər obrazların təsiri ilə uşaqlardan uzaqlaşdırılır.
- Cənab Keatinq və Kefli İsgəndər hər ikisi eyni sistemin içində böyüyən və eyni əziyyətləri çəkən insanlardır. Ona görə də uşaqları anlayır və bu əzabdan qurtulmaları üçün çalışırlar.
- Valideynlər isə bütün epizodların ortaq nöqtəsi olan dərin bir qorxu hissi ilə üz-üzədirlər. Övladlarının zərər görməsi, öz arzularının və uşaqların gələcəyinin puç olması, uşaqları istədikləri kimi böyüdə bilməmək ehtimalı kimi qorxular valideynləri uşaqları yönləndirməkdən daha çox təsir və təzyiq altında saxlamağa vadar edir. Müəllimlər isə uşaqların özləri kimi daxili əziyyət çəkməsinə qarşı çıxır, bundan qorxur.
Son epizodları təhlil etdikdə ortaya çıxan mənzərə budur ki, cəsarətli və öz qorxuları ilə mübarizə apara bilən cənab Keatinqin “Ölü Şairlər Dərnəyi”ndəki şagirdləri onun müdafiəsinə “qalxır”. Cənab Keatinq məktəbi tərk edəcəyi gün son dəfə sinfinə daxil olur. Əşyalarını götürüb çıxanda şagirdlər masalarının üzərinə qalxır və müəllimlərinə dəstəklərini bildirirlər. Həmin dərsi daha təsirli edən bir neçə nüans:
- Ədəbiyyat dərsidir, müəllimi əvəz edən isə mühafizəkar düşüncəli məktəb direktorudur.
- Direktor zorla ərizələr yazdıraraq müəllimi qovan şəxsdir.
- Şagirdlər müəllimlərinin günahsız olduğunu bilir və ərizə yazdıqları üçün utanır, sözlərini deyə bilmədikləri üçün vicdan əzabı çəkir və özlərini alçaldılmış hiss edirlər.
- Masanın üstünə çıxmağı onlara müəllimləri cənab Keatinq göstərmişdi. Bu, bir ruhun ayağa qalxması və azadlığını qazanmaq istəyini simvolizə edir.
“Qəm pəncərəsi”ndə isə Qori Müəllimlər Seminariyasında təhsil alması üçün kəndə uşaq seçməyə gələn, Kefli İsgəndərin də müəllimi olan pedaqoq özü ilə yalnız Cəlili apara bilir. Filmdə bunun əsas səbəblərindən biri olaraq rus milliyətindən olan müəllimin uşaqlara, valideynlərə alçaldıcı yanaşması, qəliblərdən kənara çıxa bilməməsi, uşaqların hissiyatını anlamaması və yaşadığı psixoloji sarsıntıların İsgəndəri ruhdan salması, daha məntiqli mübarizə aparmaq imkanı olsa da, bundan uzaqlaşması kimi faktorlar ön plana qoyulur.
Kefli İsgəndər və müəlliminin qarşılaşması da bu faktorlardan doğan təəssüfü əks etdirir. Ümid işığı kimi saxladığı məktəb zəngini Cəlilə ötürən İsgəndər daxilində yaşadığı təlatümü də o zənglə birgə Cəlilə ötürür. Böyüklərin daşıya bilmədiyi yükü uşaqlar daşımağa məcbur olur.
Hər iki film və obrazlar dərin sosial, psixoloji və pedagoji məsələləri özündə ehtiva edir.
“Azərbaycan məktəbi” jurnalı
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər