
Valideynlər övladlarının gələcəkdə daha geniş əmək bazarına çıxış imkanlarının olması və cəmiyyətdə daha yüksək status qazanması üçün onların bir neçə xarici dil öyrənməsini arzulayırlar. Bu, müsbət bir tendensiya olsa da, son illərdə bu yanaşmadan qaynaqlanan daha mürəkkəb və müzakirəyə açıq bir məsələ ortaya çıxıb: uşaqları hər hansı xarici dili, məsələn, rus dilini bilmədiyi halda, valideynlər onları həmin dil üzrə tədrisə cəlb etməyə səy göstərirlər.
“Uşaq bilmədiyi dildə təhsilə başlayırsa, bu, onun özünəqapanmasına səbəb olar”
Hər bir insanın milli kimliyinin, mənəvi, şəxsi, sosial və mədəni dəyərlərinin formalaşmasında ana dilinin mühüm rolunun olduğunu deyən məktəbəqədər təhsil üzrə metodist Aynur Əlizadənin sözlərinə görə, ana dilini yaxşı bilən insan digər xarici dilləri də rahat mənimsəyir: “Əgər ana dilimizi yaxşı bilmiriksə, fikirlərimizi də dolğun ifadə edə bilmirik. Bu, nəyə gətirib çıxarır? Bu, düşüncə tərzimizə təsir edir, analitik düşünmə qabiliyyətimizi məhdudlaşdırır”.
Onun sözlərinə görə, ana dilini mükəmməl bilmək insanın tənqidi təfəkkürünə müsbət təsir göstərir və analitik düşünmə qabiliyyətini inkişaf etdirir.
“Lakin bəzən valideynlər erkən yaşlarda uşaqlara ana dilini öyrətmədən birbaşa xarici dil öyrətməyə üstünlük verirlər. Bu yanaşma öyrənmə prosesinə mane ola bilər. Uşaq evdə ana dilində danışırsa, onu təbii şəkildə mənimsəyir və xarici dili daha rahat öyrənir. Ancaq əgər uşağa ana dili tam öyrədilmədən xarici dil öyrədilməyə başlanarsa, bu, onun təhsil prosesində çətinliklər yarada və ümumi inkişafına mənfi təsir göstərə bilər”, – deyə metodist əlavə edib.
Aynur Əlizadə məktəbəqədər yaş dövründə bəzi uşaqların təhsil aldıqları dil ilə evdə danışdıqları dil arasında uyğunsuzluğun olması məsələsinə də toxunub.
Onun sözlərinə görə, bu halda uşağın təkcə öyrənmə çətinlikləri yaranmır. Hətta psixoloji faktorlar da ortaya çıxır. Əgər uşaq assosialdırsa, üstəlik, sərbəst danışa bilmədiyi halda dildə təhsil almağa başlayırsa, bu, onun özünəqapanmasına və özünəinamın azalmasına səbəb olar.
“Övladının tədris dilini bilməyən valideyn ona lazımi dəstək göstərə bilmir”
Ümumi təhsil üzrə metodist Səidə Dünyamalıyeva bildirib ki, uşaqların erkən yaşlardan xarici dil öyrənməsi faydalıdır, lakin bu proses onların ana dilini mənimsəməsinə mane olmamalıdır:
"Uşağın tədris dili ilə evdə danışılan dilin uyğunsuzluğu tədris prosesinə bir neçə istiqamətdə təsir göstərə bilər. Düşünürəm ki, uşaqlar evdə danışılan dildə əsas anlayışları bildikləri üçün təhsilə həmin dildə başlamaq daha faydalı olar. Bu halda onlar yeni bilikləri daha rahat mənimsəyərlər”.
Onun sözlərinə görə, belə olduğu təqdirdə uşaqlar öz fikirlərini daha asan ifadə edəcək, yoldaşları və müəllimləri ilə daha rahat ünsiyyət quracaqlar. Onların motivasiyası da yüksək olacaq, çünki diqqətləri yeni bir dil öyrənməyə yox, bilik əldə etməyə yönələcək. Üstəlik, artıq müəyyən biliyə sahib olduqları üçün özlərini daha inamlı hiss edəcək və öyrənmə çətinliyi yaşamayacaqlar.
Metodist valideynin tədris dilini bilməməsinin uşağın öyrənmə prosesinə mənfi təsir göstərdiyini də vurğulayıb:
“Valideynin uşağının təhsil prosesində iştirakı çox vacibdir. O, övladı ilə birlikdə müəllimlər və təhsil prosesinin digər iştirakçıları ilə ünsiyyət qurmalıdır. Bu ünsiyyət olduqca önəmlidir. Kiçik yaşlarda uşaqlar valideynlərinin onların yanında olmasına böyük ehtiyac duyurlar. Əgər valideyn dil baryerinə görə müəllimlə ünsiyyət qura bilmirsə, bu, uşağın təhsilinə də təsir edəcək. Uşaq məktəbdə keçirilən dərsi, evə verilən tapşırığı başa düşmürsə, valideyn övladını günahlandıraraq deyir ki, bunu müəllimindən soruşmalı, onu daha diqqətlə dinləməliydin. Amma uşağın yaşı nəzərə alınmalıdır. O, hələ kiçikdirsə, müəyyən məsələlərdə köməyə ehtiyac duya bilər. Buna görə də valideyn müəllimlə və digər valideynlərlə ünsiyyət qurmağı bacarmalıdır. Əks halda, bu prosesdə bir boşluq yaranacaq və nəticədə uşağın motivasiyası azalacaq. Çünki valideyn övladının tədris dilini bilmədiyi üçün ona lazımi dəstək göstərə bilmir”.
Metodistin sözlərinə görə, ana dilində düşünmək və danışmaq milli dəyərlərin mənimsənilməsinə və qorunmasına şərait yaradır. Uşaqlar ana dilində təhsil aldıqdan sonra öz dillərini və dəyərlərini daha dərindən anlayır və onları qorumaq üçün məsuliyyət hiss edirlər.
“Ailədə heç kim xarici dildə danışmırsa, xarici dildə təhsilə üstünlük verilmə nə dərəcədə məntiqlidir?”
Millət vəkili Ceyhun Məmmədov məsələyə münasibət bildirərkən ilk olaraq bunu qeyd edib ki, hər bir vətəndaş özü övladının hansı dildə təhsil alacağını seçmək hüququna malikdir:
“Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycanda müəyyən bir tendensiya mövcuddur: bəzi valideynlər övladları hələ doğma dillərini tam mənimsəməmiş onları başqa dillər üzrə təhsilə yönəldirlər. Bunun nəticəsində elə bir vəziyyət yaranır ki, nə övladlarımız Azərbaycan dilində tam sərbəst danışır, nə də xarici dildə yetərincə yaxşı ünsiyyət qururlar. Burada belə bir sual ortaya çıxır: Əgər ailədə heç kim xarici dildə danışmırsa, uşağın xarici dildə təhsil almasına bu qədər üstünlük verilmə nə dərəcədə məntiqlidir? Bu gün bəzi valideynlər arasında belə yanlış fikir formalaşıb ki, guya Azərbaycan bölməsində təhsilin keyfiyyəti aşağı, rus bölməsində daha yüksək səviyyədədir. Halbuki bu yanaşma nə sağlam düşüncənin nəticəsidir, nə də doğrudur”.
Deputat sonda bildirib ki, Azərbaycan dilində də keyfiyyətli və yüksək səviyyəli təhsil almaq mümkündür: “Təhsilin keyfiyyətini artırmaq üçün görüləcək işlər var, amma bunu yalnız bir dilin üstünlüyü ilə əlaqələndirmək doğru deyil. Bu, daha çox insan amilindən və yanaşmadan asılıdır”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər