
Azərbaycan mətbuatı xalqın ruhunu, dövlətin iradəsini, zamanın nəfəsini özündə əks etdirən aynadır. Bu gün 150 yaşını qeyd edən milli mətbuatımızın keçdiyi yol yalnız kağız üzərindəki xəbərlərin tarixçəsi deyil, bir millətin oyanışı, öz kimliyini tanıması və dövlətçiliyinin möhkəmlənməsi yolunda atılan cəsur addımların ifadəsidir.
Prezident İlham Əliyevin 25 aprel 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinin yüksək səviyyədə qeyd olunması ölkəmizdə mətbuata göstərilən yüksək ehtiramın bariz nümunəsidir.
“Əkinçi” ilə başlayan yol
Azərbaycan mətbuatının təməli 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulub. Bu qəzet sadəcə bir nəşr deyildi, maarifçilik ideyalarının daşıyıcısı, milli şüurun oyadıcısı və millət üçün öz sözünü demə imkanı idi. Cəmi iki il mövcud olsa da, “Əkinçi” xalq arasında böyük nüfuz qazandı və bir milli qəzetçilik ənənəsinin başlanğıcı oldu.
Bu ənənəni sonrakı illərdə müxtəlif qəzet və jurnallar davam etdirdi. Milli mücadilə illərində, sovet dönəmində və müstəqillik illərində də Azərbaycan mətbuatı hər zaman cəmiyyətin güzgüsü, tribunasına çevrildi.
Dövlətin mətbuata qayğısı
Ulu Öndər Heydər Əliyev hələ 1990-cı illərdə mətbuatın gücünü nəzərə alaraq bu sahənin hüquqi əsaslarını formalaşdırdı. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” yeni qanunun qəbul olunması, "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı"nın təsdiqi, Azərbaycan Mətbuat Şurasının yaradılması bu baxımdan mühüm addımlar idi.
“Jurnalist peşəsi çox ağır zəhmətdir, çətin peşədir... Jurnalistlər ağa ağ, qaraya qara deməlidir!” – deyən Heydər Əliyev jurnalistlərin prinsipial və məsuliyyətli fəaliyyətini hər zaman yüksək dəyərləndirib. 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi isə onun media ilə qarşılıqlı etimad üzərində qurulan münasibətlərinin göstəricisi idi.
Bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısı dəfələrlə vurğulayıb:
“Jurnalistlərin peşəkarlığı, məsuliyyəti, dəqiq informasiyanın ötürülməsi, bütün bu məsələlər çox vacibdir”.
Prezident bu yaxınlarda Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda Azərbaycan mediasının inkişafından razı qaldığını növbəti dəfə bəyan edib: “Azərbaycan mediasının inkişafı məni çox sevindirir. Mən çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb. Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir”.
Prezident İlham Əliyevin rəhbərliyi ilə jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, media islahatlarının dərinləşdirilməsi və informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində mühüm tədbirlər görülüb.
Müharibədə və sülhdə jurnalistlər
Azərbaycan jurnalistləri təkcə masa arxasında yazı yazan insanlar deyillər. Onlar 44 günlük Vətən müharibəsində də ön cəbhədə əsgərlərlə bir sırada yer aldılar. Onların verdiyi xəbərlər həm xalqı ruhlandırdı, həm də beynəlxalq ictimaiyyətə haqq səsimizi çatdırdı.
Prezident İlham Əliyevin dünya mediasına verdiyi müsahibələrdə nümayiş etdirdiyi prinsipial mövqe də jurnalistlər üçün güclü dayaq və ilham mənbəyinə çevrildi. O müsahibələr yalnız siyasi bəyanatlar yox, həm də informasiya müharibəsində bir qalxan idi.
COVID pandemiyası dövründə də mətbuat işçiləri fasiləsiz fəaliyyət göstərdi. Distant təhsilin təşviqində, müəllim və şagirdlər arasında informasiya körpüsünün qurulmasında mühüm rol oynadılar.
Mətbuat azadlığının təmin olunduğu Azərbaycanda jurnalistlər istər çap, istər elektron mediada, istərsə də rəqəmsal platformalarda öz sözünü sərbəst şəkildə deyə bilirlər. Müxtəlif mövqelərin ifadəsi, tənqidi baxışların səsləndirilməsi və ictimai müzakirələrə açıq olmaq Azərbaycan mediasının möhkəmliyini və şəffaflığını göstərir.
Mətbuatın missiyası
Ulu Öndər Heydər Əliyev çıxışlarının birində deyib:
“Siyasi baxışlarınızdan asılı olmayaraq, Azərbaycan iqtidarına simpatiyanız və ya antipatiyanızın olmasına baxmayaraq, mətbuat Azərbaycan iqtidarı üçün çox önəmli və vacib bir sahədir. Biz demokratiya yolu ilə gedərək, söz və mətbuat azadlığını təmin edərək bu yolda nöqsanları ardıcıl surətdə aradan qaldırmalıyıq və qaldıracağıq”.
Bu gün Azərbaycan dövləti milli mətbuatın inkişafına göstərdiyi davamlı dəstəklə cəmiyyətdə azad informasiya mühitinin formalaşmasını və qorunub saxlanılmasını təmin edir. Hökumət medianı tənzimləyən deyil, onun yanında olan, qayğı göstərən və onu inkişaf üçün təşviq edən bir tərəfdaş kimi çıxış edir.
Azərbaycan mətbuatının 150 illik yubileyi yalnız bir tarix deyil, həm də bir çağırışdır: Daha peşəkar, daha dürüst, daha vətənpərvər media formalaşdırmaq.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər