
Azərbaycan Milli Mətbuatı bu gün 150 illik şərəfli yubileyini qeyd edir. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunan “Əkinçi” qəzetindən başlanan bu yol zamanla müxtəlif sahələr üzrə ixtisaslaşmış jurnalistikanın formalaşmasına zəmin yaratdı. Hazırda milli mətbuatımız təkcə informasiya ötürmək deyil, cəmiyyətin formalaşmasına, maariflənməsinə və tərəqqisinə xidmət edən mühüm bir institut kimi çıxış edir. Xüsusilə, təhsil sahəsində fəaliyyət göstərən jurnalistikanın rolu bu baxımdan önəmlidir.Təhsil jurnalistikası cəmiyyətin gələcəyini formalaşdıran əsas sahələrə – elmə, məktəbə, müəllimə və şagirdə yönəlməklə həm maarifçilik missiyasını davam etdirir, həm də təhsil siyasətinə ictimai baxış bucağını formalaşdırır.
“Azərbaycan müəllimi” bu əlamətdar gündə Əməkdar jurnalist professor Qulu Məhərəmli və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru, Əməkdar jurnalist Vüqar Zifəroğlu ilə həmsöhbət olub, təhsil jurnalistikası, onun cəmiyyətin maariflənməsindəki rolu, təhsildən yazanların peşə bacarıqları ilə bağlı fikirlərini öyrənib.
Təhsil jurnalistikası müasir medianın əsas istiqamətlərindən biridir
Qulu Məhərrəmli deyir ki, bu gün təhsil jurnalistikası müasir medianın əsas istiqamətlərindən biridir. O, ciddi ixtisaslaşmanın nəticəsidir:

“Əvvəllər elm və təhsil bir yerdə tədris olunur və eyni qəbul olunurdu. Amma indi ayrıca elm və təhsil jurnalistikası var. Bunların hər ikisi müasir cəmiyyət üçün çox önəmlidir. Çünki bir tərəfdə elmin bəşəriyyətə, insanlara xidməti, müasir çağırışları, digər tərəfdə isə təhsil məsələləri, onun ayrı-ayrı istiqamətlərinin işıqlandırılması, cəmiyyətə çatdırılması, təhsildə olan tendensiyalar, bütün bunlar dövrün tələbidir. Bu da onu deməyə əsas verir ki, müasir jurnalistikada təhsil mövzusu mühüm rola malikdir. Həm də bu jurnalistikanın ən çətin analitik sahələrindən biridir və jurnalistlərdən xüsusi bilik, bacarıq, yanaşma və sahəni dərindən bilmək tələb olunur”.
Qulu müəllimin sözlərinə görə, təhsildən yazan, təhsili yaxşı bilən, təhsil jurnalistikasının parlaq nümayəndələri ola biləcək insanlar o qədər də çox deyil: “Jurnalist müxtəlif mövzularda yazmağı bacarmalıdır. Amma mənim fikrimcə, hər sahə üzrə ixtisaslaşmış jurnalistlər olmalıdır. Bəzən redaksiyada uyğun imkan və baza olmayanda kənd təsərrüfatından, yaxud iqtisadiyyatdan yazan jurnalist həmçinin təhsildən də yazır. Və təəssüf ki, bu, heç də həmişə uğurlu olmur”.
Jurnalistikada təhsillə bağlı savadlılıq, onun cəmiyyətə təsiri məsələlərinə, cəmiyyətin inkişafındakı roluna toxunan həmsöhbətimiz söyləyir ki, bu məsələ hazırda ən aktual problemlərdən biridir. Məsələn, biz hər hansı bir informasiyanı ictimaiyyətə çatdırmaq üçün ilk növbədə onun nə dərəcədə doğru olub-olmadığını müəyyənləşdirməliyik. Yazılan hər mövzuya dərindən bələd olmaq, araşdırmaq lazımdır. Bəzən tədbirdə iştirak edən jurnalist mövzunun mahiyyətini doğru-dürüst anlamır və onu düzgün çatdırmaqda çətinlik çəkir:
“Ona görə də bizim əsas işimiz, vəzifəmiz təhsil sahəsindən yazmağı bacaran peşəkar media nümayəndələrini cəlb etməklə cəmiyyətin inkişafında təhsilin rolunu yüksəltməkdir. Qeyd etdiyim kimi, təhsildən yazmaq, bu sahədə nüfuz sahibi olmaq üçün çox təcrübəli olmalısan. Bunu da nə müəyyənləşdirir?! Təbii ki, yüksək bilik, təhsillə bağlı gündəmi diqqətdə saxlamaq. Və bu, çox ciddi məsəldir.

Cəmiyyətin inkişafını müəyyənləşdirən əsas göstərici indekslərdən biri təhsilin səviyyəsidir. Yaxşı təhsil sistemi olan cəmiyyət irəliləyir, inkişaf edir. Cəmiyyətə təsir edə bilmək, maarifləndirib irəli apara bilmək təhsil sisteminin və eləcə də təhsil jurnalistikasının əsas missiyasıdır. Ona görə də bu sahə üçün bizim yaxşı yazan jurnalistlər formalaşmalı, spesifik qələm adamları bununla məşğul olmalıdırlar”.
Təhsil jurnalistikasının cəmiyyətin maariflənməsində iştirakını dəyərləndirən professor bildirir ki, təhsilin səviyyəsini yüksəltmək mediadan asılı deyil. Bu, bir institutlaşma şəkildə həyata keçməlidir ki, konkret nəticələr versin.Təhsil jurnalistikasının cəmiyyətin maarifləməsindəki iştirakını təmin eləmək üçün media nümayəndələrindən yüksək peşəkarlıq tələb olunur.
Medianın təhsil sahəsində ixtisaslaşması təşviq olunmalıdır
Digər həmsöhbətimiz Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu da müasir dövrdə jurnalistikanın müxtəlif sahələri arasında təhsil jurnalistikasının xüsusi əhəmiyyət daşıdığını söyləyir:

“Cəmiyyətin tərəqqisi, insan kapitalının inkişafı və gələcək nəsillərin formalaşması baxımından təhsil məsələləri daim diqqət mərkəzində olmalıdır. Bu baxımdan jurnalistikanın təhsilə yönəlmiş fəaliyyəti təkcə məlumatlandırma ilə deyil, həm də maarifçilik missiyasını özündə ehtiva edir. Təhsil jurnalistikasının əsas rolu maarifləndirici və ictimai nəzarət funksiyalarını yerinə yetirməkdən ibarətdir. Bu sahədə fəaliyyət göstərən jurnalistlər təhsil siyasətindəki dəyişiklikləri izləməli, təhsil islahatlarını obyektiv şəkildə cəmiyyətə çatdırmalı, məktəblərdə və ali təhsil müəssisələrində baş verən hadisələri təhlil etməyi bacarmalı və həm də müəllim, şagird və valideynlərin mövqeyini işıqlandırmalıdırlar”.
Vüqar müəllimin sözlərinə görə, bu sahədə ciddi çağırışlar da mövcuddur. İlk növbədə ixtisaslaşmış təhsil jurnalistlərinin azlığı bu sahədə dərin və analitik yazıların hazırlanmasını çətinləşdirir.İkincisi, mediada təhsilə kommersiya marağının zəif olması bu sahəyə diqqəti məhdudlaşdırır: “Təəssüf ki, təhsillə bağlı jurnalist araşdırmaları hələlik geniş və sistemli deyil. Mətbuatda daha çox rəsmi məlumatların təkrarı və statistik göstəricilərin təqdimatı ilə kifayətlənən materiallar üstünlük təşkil edir. Halbuki, təhsil sistemi kimi kompleks bir sahənin dərk olunması üçün daha dərindən təhlil və analitik baxış zəruridir”.
Təhsildən yazan jurnalistlər nələrə diqqət yetirməlidirlər? – sualına cavab olaraq Vüqar müəllim deyir ki, araşdırmalarda bir neçə mühüm amilə xüsusi diqqət yetirilməlidir. Bunlara mənbə müxtəlifliyi, yəni yalnız rəsmi qurumların deyil, mütəxəssislərin, müəllimlərin və valideynlərin də fikirlərinə yer verilməsi daxildir. Eyni zamanda regionlarda, xüsusilə kənd və ucqar ərazilərdəki təhsil müəssisələrin vəziyyəti də öyrənilməlidir. Təhsildə sosial bərabərlik, aztəminatlı ailələrin uşaqlarının təhsil imkanları və xüsusi qayğıya ehtiyacı olan şəxslərin inteqrasiyası da aktual mövzulardandır. Həmçinin yeni təhsil islahatlarının tətbiqi, onların real təsirləri, həyata keçirilən müxtəlif layihələr də diqqətdə saxlanılmalıdır”.
Həmsöhbətimiz qeyd edir ki, təhsillə bağlı savadlılıq jurnalist üçün son dərəcə vacibdir. Jurnalist təhsil sisteminin strukturu, məzmunu, beynəlxalq təcrübə və aparılan islahatların mahiyyəti barədə bilikli, məlumatlı olmalıdır. Bu savadlılıq ona imkan verir ki, cəmiyyətdə təhsilə dair formalaşmış yanlış təsəvvürlərin qarşısını alsın, oxucunu düzgün şəkildə məlumatlandırsın və obyektiv təhlillər təqdim etsin.

Vüqar müəllimin fikrincə, təhsil sahəsində savadlı media məhsulları cəmiyyətə mühüm təsir göstərir. İnsanlar məktəb və universitet seçərkən, təhsil haqları, ümumiyyətlə təhsillə bağlı hüquq və vəzifələri barədə media vasitəsilə öyrəndikləri bilgilərə əsaslanırlar. Beləliklə, jurnalistikanın bu sahədəki fəaliyyəti cəmiyyətin daha məsuliyyətli və məlumatlı olmasına xidmət edir. Təhsil jurnalistikası cəmiyyətin maariflənməsində əvəzsiz rol oynayır. Bu jurnalistika növü yalnız təhsillə bağlı problemləri təqdim etməklə kifayətlənmir, həm də uğurlu təcrübələri işıqlandıraraq müsbət nümunələri cəmiyyətə təqdim edir. Yeni tədris metodlarının tətbiqi, müəllimlərin təşəbbüsləri, şagirdlərin nailiyyətləri haqqında yazılar motivasiya yaradır və ümumilikdə təhsilə marağı artırır.
Vüqar Zifəroğlu bu sahədə bəzi çatıșmazlıqların mövcudluğunu da istisna etmir: “Maarifləndirici məqalələrin və verilişlərin auditoriyası bir o qədər geniş olmadığından bəzi media qurumları bu istiqamətə yetərincə diqqət ayırmır. Təhsillə bağlı təqdim edilən məzmunların əksəriyyəti isə medianın kommersiya marağına dayanır və reklam xarakterli olur (məsələn, xaricdə təhsillə bağlı verilişlərdə olduğu kimi)”.

Vüqar müəllim onu da qeyd edir ki, bu sahədə medianın rolu yalnız informasiya vermək deyil, həm də sosial ədalətin, şəffaflığın və ictimai nəzarətinin təmin olunması baxımından əvəzolunmazdır. Bu funksiyanın daha səmərəli yerinə yetirilməsi üçün medianın təhsil sahəsində ixtisaslaşması təşviq olunmalı, jurnalistlər üçün təlimlər və peşəkar seminarlar təşkil edilməli, müvafiq dövlət strukturları ilə media arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq gücləndirilməlidir. Yalnız bu şəkildə təhsil jurnalistikası əsl missiyasını yerinə yetirə və cəmiyyətin maariflənməsi prosesində aktiv iştirakçıya çevrilə bilər.
Peşəkar yanaşma və təhsili dərindən bilən qələm sahibləri
Həmsöhbətlərimizin söylədikləri bir daha təsdiqləyir ki, təhsil jurnalistikası milli mətbuatımızın 150 illik inkişaf yolunda maarifçilik missiyasının davamı kimi çıxış edir. Bu sahə cəmiyyətin məlumatlandırılması, təhsildə şəffaflıq və ictimai nəzarətin təmin olunmasında mühüm rol oynayır. Tanınmış media nümayəndələrinin də vurğuladığı kimi, təhsil jurnalistikasının gücləndirilməsi üçün ixtisaslaşma, peşəkar yanaşma və təhsili dərindən bilən qələm sahiblərinin bu sahəyə cəlbi vacibdir. Gələcəyin mükəmməl təhsil sistemi də məhz savadlı və məsuliyyətli media ilə mümkün olacaq. Təhsilli yazmaq, təhsildən yazmaq gələcəyi yazmaqdır.
Azərbaycan mediasında peşəkarlıqları ilə seçilən əziz jurnalistlər, bayramımız mübarək!
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər