
2025-2026-cı tədris ili üçün Azərbaycanda bir sıra ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələr üçün illik təhsil haqları artırılıb. Universitetlər bu qərarı, əsasən, “təhsil xərclərinin artması” ilə əlaqələndirir.
Məsələn, Azərbaycan Tibb Universitetində (ATU) “Tibb” ixtisası üzrə illik təhsil haqqı 2000 manat artırılaraq 6500 manat müəyyən edilib. Altıillik təhsil müddətini nəzərə alsaq, tələbələrin ümumi ödəyəcəyi məbləğ 40 min manata yaxınlaşır. Universitetin mətbuat xidməti “Azərbaycan müəllimi”nin sorğusuna cavabında bildirib ki, bu dəyişiklik Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilən təhsil xərclərinin artması ilə bağlıdır. ATU-da yalnız “Tibb” deyil, digər ixtisaslar üzrə də yeni təhsil haqları təsdiqlənib: “Stomatologiya” ixtisasında 6000 manat, “Əczaçılıq”, “Fizioterapiya”, “İctimai səhiyyə” və “Tibb bacısı (qardaşı) işi” ixtisaslarında isə 5000 manat.
Təhsil haqqı artımı sadəcə dövlət universitetlərində deyil, özəl ali təhsil müəssisələrində də özünü göstərir. Məsələn, Azərbaycan Kooperasiya Universitetində “Təhsildə sosial-psixoloji xidmət” ixtisasında təhsil haqqı 200 manat artaraq 2500 manat müəyyənləşib.
Bu zaman mühüm suallar yaranır: təhsil xərci konkret olaraq nədir, necə hesablanır və onun artması ilə təhsil haqqının artması arasında hansı əlaqə mövcuddur?
İqtisadçı Eldəniz Əmirov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, təhsil haqqının kəskin artımı təkcə Nazirlər Kabinetinin qərarı ilə izah edilə bilməz: “Təhsil xərci dedikdə bir tələbənin bir il ərzində təhsili üçün çəkilən real məsrəflər nəzərdə tutulur. Buraya müəllimlərin əməkhaqları, sosial ödənişlər, laboratoriya vəsaitləri, texniki avadanlıqlar, kitab, dərs vəsaitləri və s. daxildir. Bundan əlavə, ali təhsil müəssisələrində gəlirlilik prinsipi də əsas götürülür, yəni bu müəssisələr əldə etdiyi gəlirlər hesabına fəaliyyət göstərir.
Dövlət ali məktəblərində təhsil haqlarının müəyyənləşdirilməsi üçün xüsusi metodologiya tətbiq olunur. Nazirlər Kabineti xüsusi metodologiya əsasında bu məbləğləri formalaşdırır və burada bir tələbə üçün çəkilən xərclər əsas rol oynayır. Özəl ali təhsil müəssisələrində isə qiymətləri bazar müəyyən edir, dövlətin birbaşa və ya dolayı yolla müdaxiləsi olmur. Ümumiyyətlə, təhsil xərclərinin artmasına, ilk növbədə, xərclərin artması səbəb olur.
Ola bilər ki, müəyyən hallarda dövlət büdcəsindən ayrılmış vəsait universitetin təhsil xərclərini qarşılamağa imkan verməsin. Buna görə də ali təhsil müəssisələri ümumi xərclərin qarşılanması məqsədilə təhsil haqlarını artırır.
Amma ATU-da təhsil haqqının birdən-birə təxminən 50 faiz artırılması sırf bazar prinsiplərinə əsaslanan qərardır. Çünki “Tibb” ixtisasına tələbat çoxdur, qəbul balları yüksəlib və ödənişli əsaslarla oxumaq istəyənlərin sayı kifayət qədərdir. Hətta illik təhsil haqqı 10 000 manat olsa da, bu ixtisasda təhsil almaq istəyən abituriyent və bu məbləği ödəməyə hazır olan valideynlər var. Universitet də bundan çıxış edərək qiymətləri artırıb. Bu qərar dövlət universiteti kimi deyil, azad təsərrüfat obyekti kimi verilmiş qərardır, sırf bazar prinsipləri əsasında formalaşıb”.
İqtisadçı bildirir ki, təhsil xərclərinin artmasına əsasən əməkhaqları, maddi-texniki bazanın saxlanılması və inflyasiya səbəb olur. Lakin təhsil haqqının bu qədər sürətlə yüksəlməsi tələbələrin sosial vəziyyətinə mənfi təsir göstərə bilər: “Əgər tələbənin ödədiyi məbləğ 50 faiz artırsa, amma müəllimlərin maaşı cəmi 5 faiz yüksəlibsə, bu, mənfi tendensiyadır. Sosial baxımdan belə addımlar tələbələr üçün yükdür. Bununla belə, hökumət müəyyən mexanizmlərlə təhsilin əlçatanlığını təmin edir: sosial qruplara subsidiyalar, ödənişli əsaslarla təhsil alan həssas kateqoriyalara dəstək və Tələbə Təhsil Kredit Fondu tələbələrin ödənişlərini qarşılamağa imkan verir”.
E.Əmirov hesab edir ki, hazırda təhsil haqlarının artması nəticəsində Azərbaycanda ali təhsilin əlçatanlığı ilə bağlı ciddi problem yoxdur:
“Bizdə təhsil haqları dünyanın digər universitetləri ilə müqayisədə yüksək deyil. Çünki infrastruktur, əsasən, dövlət büdcəsi hesabına yaradılır və saxlanılır. Ona görə də əsas diqqət təhsilin əlçatanlığından çox, keyfiyyətinin yüksəldilməsinə yönəlməlidir”.
Beləliklə, universitetlərin təhsil haqqını artırmaq üçün gətirdiyi arqumentlərdə təhsil xərclərinin artması əsas səbəb kimi göstərilsə də, iqtisadçılar bildirirlər ki, burada bazar prinsipləri də mühüm rol oynayır. Tələbələrin sayının çoxluğu, ixtisasa olan maraq və valideynlərin ödəmə imkanları da qərarların verilməsində təsirli amillərdəndir.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər