
İyulun 22-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində “LinkedIn” şirkətinin rəhbərliyi ilə əməkdaşlıq imkanlarına dair görüş keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov, “LinkedIn” şirkətinin ictimai sektor, səhiyyə və qeyri-kommersiya satışı üzrə rəhbəri Seamus Klensi, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin nümayəndəsi Leyla Məmmədzadə, eləcə də Azərbaycan HR İnstitutunun nümayəndəsi Emil Hüseynov iştirak ediblər.
Görüş zamanı agentliyin direktor müavini Nicat Əsədli rəhbərlik etdiyi qurumun elm və ali təhsil sahəsində dövlət siyasətinin əsas icraçılarından biri olduğunu vurğulayıb. O bildirib ki, ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə yüksək mövqe tutması, elmi müəssisələrin optimallaşdırılması və bu istiqamətdə həyata keçirilən islahatlar agentliyin prioritet fəaliyyət sahələrindəndir.
Nicat Əsədli qeyd edib ki, məzunların məşğulluğu və karyera izlənməsi Azərbaycanın ali təhsil sistemində prioritet istiqamətlərdən biridir və bu məqsədlə məlumat bazasına böyük ehtiyac var. “LinkedIn” platformasından effektiv istifadə ali təhsilin keyfiyyətinə və məzunların karyera imkanlarına mühüm töhfə verə bilər.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov çıxışında ali təhsil müəssisələri ilə “LinkedIn” şirkəti arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, platformanın tələbələrin bacarıq və kompetensiyalarının inkişafında potensial dəstək vasitəsi kimi istifadə olunması, eləcə də bu istiqamətdə qarşılıqlı əməkdaşlığın qurulması ilə bağlı təkliflərini irəli sürüb.
“LinkedIn”in ictimai sektor, səhiyyə və qeyri-kommersiya satışı üzrə rəhbəri Seamus Klensi bildirib ki, platforma hazırda Mərkəzi və Şərqi Avropa regionuna xüsusi diqqət ayırır: “Mərkəzi Asiyada ilk səfər etdiyimiz ölkə Azərbaycan oldu. Bu regionda ilk əməkdaşlıq təşəbbüsünü də məhz burada həyata keçirmişik”.
O həmçinin “LinkedIn” platformasının sadəcə sosial media aləti deyil, peşəkar əməkdaşlıq və karyera inkişafı üçün mühüm vasitə olduğunu qeyd edib. Onun sözlərinə görə, dünyada 2 milyarddan artıq istifadəçiyə sahib olan “LinkedIn” süni intellekt texnologiyalarını da öz sistemlərinə inteqrasiya etməklə gələcəyin peşələrinə yönəlik təlim və hazırlıq imkanlarını genişləndirir: “”LinkedIn” universitetlərlə əməkdaşlığın əhatə dairəsini genişləndirməyə çalışır. Məqsədimiz bu ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə daha yüksək pillələrə qalxmasına, həmçinin onların platformada effektiv təqdimatına dəstək verməkdir”, – deyə Klensi bildirib.
O, hazırda “LinkedIn Talent Insights” məlumat platforması vasitəsilə universitetlərlə əməkdaşlıq həyata keçirildiyini, növbəti mərhələdə isə “LinkedIn Learning” platformasının da bu prosesə daxil edildiyini qeyd edib.
Görüşdə məzunlarla əlaqələrin qurulması, bu istiqamətdə “LinkedIn” platformasının təqdim etdiyi geniş məlumat bazasından istifadənin əhəmiyyəti vurğulanıb. Seamus Klensi Azərbaycanın müxtəlif ölkələrdə yaşayan məzunları haqqında “LinkedIn”də geniş informasiyanın mövcud olduğunu diqqətə çatdırıb.
Görüşdə tərəflər gələcək əməkdaşlıq perspektivlərini də müzakirə ediblər.
1 /12
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər