
Tədris prosesində pedaqoji kadrlara verilən tələblər
Bu gün peşə təhsili dünyanın qlobal tələblərinə uyğun olaraq dəyişir. İnkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi, bu sahədə proqramın işlənilib hazırlanması və həyata keçirilməsi son zamanlar daha çox aktualdır. Peşə təhsili sistemi sosial-iqtisadi inkişafa təkan verməklə sənayenin müxtəlif sahələrində işçi qüvvəsinə olan ehtiyacın təmin edilməsində mühüm rol oynayır.
Bu gün əmək bazarında bir çox ixtisaslara ehtiyac olmadığından peşə təhsili sistemində bu peşələr yenisi ilə əvəz olunur ki, bu da əmək bazarının tələblərinə uyğun daha çevik, daha bacarıqlı kadrların hazırlanmasını gündəmə gətirir. Yeni ixtisaslara ehtiyac yarandığından peşə təhsili sisteminin imicinin formalaşdırılması nəzərə alınaraq yeni ixtisasların fəaliyyətinə diqqət artırılıb.
Bu məqsədlə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında 8 oktyabr 2024-cü il tarixli Qərarı müxtəlif peşə istiqamətləri üzrə Təsnifata yeni ixtisasların əlavə edilməsi ilə bağlıdır. Bu yeni ixtisaslar həm ölkənin iqtisadi inkişafını dəstəkləmək, həm də gənclərin iş bazarına daha keyfiyyətli şəkildə daxil olmalarını təmin etmək məqsədi daşıyır.

Tədris prosesində pedaqoji kadrlara verilən tələblər
2024-cü ilin sentyabr ayından Bakı şəhərində və regionlarda yerləşən 12 peşə təhsili müəssisəsində 9 yeni ixtisas üzrə 400-dək tələbə tədrisə başlayıb.
Tədris prosesində pedaqoji kadrlara verilən əsas tələblər peşəkarlıq və praktiki biliklər, tədrisin müasir metodlara uyğun qurulması, fərdi yanaşma və motivasiyadır. Bu, tələbələrə yalnız nəzəri biliklər vermək deyil, eyni zamanda onlara real iş şəraitində qarşılaşacaqları problemləri həll etməyə imkan verəcək praktik bacarıqları da aşılamaq deməkdir. Məlumdur ki, yeni ixtisaslar yüksək texnologiyalar və müasir avadanlıqlardan istifadə edilməklə tədris olunur. Buna görə də pedaqoji kadrlar tədris prosesində müasir texnologiyalardan istifadə etməli, innovativ tədris metodlarına yiyələnməlidirlər. Dərs zamanı hər tələbənin fərdi ehtiyacları və bacarıqları nəzərə alınmalı, onlara uyğun tədris yanaşmaları tətbiq edilməlidir. Bununla bərabər, peşə təhsili təcrübəsi ilə əlaqəli motivasiya proqramları və məsləhət xidmətləri də önəmlidir.
Yeni ixtisaslar əsasən texniki və texnologiya sahələrinə aid olduğundan dərslər həm nəzəri biliklər, həm də praktiki bacarıqların inkişaf etdirilməsinə yönəlməlidir. İxtisaslar üzrə praktiki məşğələlər, laboratoriya işləri, avadanlıqlar üzərində təcrübələr olmalıdır. Tələbələrə ən son texnologiyalar, müasir alətlər və proqram təminatları haqqında məlumat verilməli, həmçinin bu texnologiyaları real iş şəraitində necə tətbiq etmələri öyrədilməlidir. Tədris zamanı müxtəlif mövzular üzrə modul yanaşma tətbiq edilməlidir. Hər bir mövzu müəyyən bir ixtisasın bilik və bacarıqlarına uyğun olmalı, ardıcıl və sistemli şəkildə tədris olunmalıdır. Tələbələr əsas anlayışları öyrəndikdən sonra aldıqları bilikləri praktiki məşğələlərə tətbiq etməlidirlər. Yeni ixtisaslar üzrə dərslər açıq tədris resursları ilə, video dərsliklərlə təchiz olunmalı və onlayn formada da aparıla bilər. Bu ixtisasların dərsləri yalnız texniki biliklərlə deyil, eyni zamanda şəxsi bacarıqlarla da inkişaf etdirilməlidir. Tədris proqramlarına ünsiyyət bacarıqları, komanda işi, problem həlletmə, analitik düşünmə kimi qeyri-texniki bacarıqların da daxil edilməsi tələbələrin iş dünyasında uğur qazanmasını asanlaşdıracaqdır. Tədris prosesində tələbələrə praktiki və nəzəri biliklərin tətbiqi ilə bağlı qiymətləndirmələr tətbiq edilməli, onların inkişafı davamlı izlənilməlidir. Bu yanaşmalar onların işə qəbul edilməsini asanlaşdıracaq və peşə təhsilinin keyfiyyətini də artıracaqdır.

Yeni ixtisasların gənclərin işlə bağlı təminatına təsiri
Yeni açılmış ixtisaslar gənclərin işlə təminatına müsbət təsir göstərəcəkdir. Bu ixtisasların tədrisi ilə gənclər müasir dövrün tələblərinə uyğun bacarıqlar qazanacaq, əmək bazarında rəqabətədavamlı olacaqlar. Bu sahələrdə təhsil alan gənclər, xüsusilə texnologiya və mühəndislik sahələrindəki ehtiyacları qarşılamaqla ölkə iqtisadiyyatına töhfə verə bilərlər. Bu, gənclərin daha ixtisaslaşmış peşələrdə işləmələrinə imkan yaradacaqdır. Məsələn, “dronların texniki xidməti və təmiri üzrə mütəxəssis” və “alternativ enerji qurğu və avadanlıqlarının istismarı” ixtisasları üzrə təhsil alan gənclər bu günün ən sürətlə inkişaf edən sahələrində çalışaraq əmək bazarında daha yüksək tələbatla qarşılaşacaqlar. İxtisaslar həmçinin müxtəlif sektorlarda iş imkanlarını da artıracaqdır. Məsələn, “qida və içki üzrə nəzarətçi” və “tibbi avadanlıqların təmiri üzrə elektromexanik” ixtisasları üzrə təhsil alanlar müvafiq sahələrdə daha çox işə qəbul ediləcəklər. Bu yeni ixtisasların tədrisi ölkənin iqtisadi inkişafını daha da sürətləndirəcək, “elektrik və hibrid avtomobillərin təmiri üzrə texnik”, “günəş panellərinin quraşdırıcısı və təmirçisi”,“alternativ enerji qurğu və avadanlıqlarının istismarı” üzrə sahələrdə mütəxəssis çatışmazlığı da artıq azalacaqdır.
Yeni açılmış ixtisaslar gənclərin işlə təminatını artırmaqla məhdudlaşmır, həmçininin insan kapitalının inkişafına da mühüm təsir göstərəcəkdir. Belə ki, gənclər müasir bilik və bacarıqlara yiyələnəcəklər, eləcə də ölkənin inkişafını sürətləndirən sektorlar üzrə mütəxəssis potensialı da artacaqdır. Yeni peşə sahələri gənclərin işsizlikdən qorunmasını təmin edəcək, həm də sosial və iqtisadi sabitliyi dəstəkləyəcəkdir. Gənclərin bilik və bacarıqları ilə bu sahələrdəki ixtisaslaşmaları ölkədə ümumi əmək bazarını daha balanslı və güclü edəcək. Yeni ixtisaslar yalnız gənclərin məşğulluğunun artırılmasına deyil, həm də ölkənin milli inkişaf strategiyasına uyğun olaraq müasir texnologiyaların tətbiqinə və istifadəsinə yönəlmiş peşəkar işçi qüvvəsinin yetişdirilməsinə xidmət edir.

Peşə təhsili sistemində aparılan islahatlar və yeni ixtisasların açılması ölkənin iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bu, yeni sahələrlə bağlı peşəkar kadrların hazırlanmasını, əmək bazarında gənclərin tələblərə uyğun bacarıqlara sahib olmalarını təmin edəcək, sonda isə işsizliklə mübarizədə müsbət nəticələr verəcəkdir. Ümid edirik ki, peşə təhsili müəssisələrinin pedaqoji kadrları, tələbələrin tədris prosesindəki rolu ilə yanaşı, ölkə iqtisadiyyatının inkişafına və insan kapitalının gücləndirilməsinə əhəmiyyətli təsir göstərəcəklər.
Sevinc MƏMMƏDOVA,
“Peşə təhsili və insan kapitalı” jurnalının şöbə redaktoru
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər