Nihat Məcidov: Ortaq laboratoriyalar elmi ictimaiyyət üçün açıq olacaq

17 Aprel, 2026 - 11:41
Nihat Məcidov: Ortaq laboratoriyalar elmi ictimaiyyət üçün açıq olacaq

““SABAHcity”də yaradılması nəzərdə tutulan ortaq laboratoriyalar hər hansı bir universitetə və ya elmi-tədqiqat institutuna bağlı olmayacaq”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Yüksək Texnologiyalar Parkının baş icraçı direktoru Nihat Məcidov Təhsil TV-yə müsahibəsində deyib.

O qeyd edib ki, bu laboratoriyalar bütün elmi-tədqiqat ictimaiyyəti və innovativ ekosistem iştirakçıları üçün açıq olacaq.

N.Məcidovun sözlərinə görə, burada söhbət yalnız ənənəvi laboratoriyalardan getmir. Ortaq laboratoriyalar çərçivəsində biologiya, kimya və fizika istiqamətləri ilə yanaşı, müasir texnologiyalarla təchiz olunmuş kompüter laboratoriyaları da fəaliyyət göstərəcək. Müasir texnologiyaların sürətli inkişafı fonunda bu cür laboratoriyaların yaradılması və onların səmərəli istifadəsi xüsusi əhəmiyyət daşıyır.