Növbəti ildən tam orta məktəb modelinin əhatəliliyi artırılacaq

20 Noyabr, 2025 - 23:36
Növbəti ildən tam orta məktəb modelinin əhatəliliyi artırılacaq

“Bu ildən tam orta məktəb modelini tətbiq etmişik və növbəti ildən onun əhatəliliyi artırılacaq”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” proqramında səsləndirib.

Nazir bildirib ki, burada məqsəd məktəbin daxilində şagirdlərin dövlət hesabına ali təhsil müəssisələrinə hazırlaşdırılmasıdır: “Müəyyən bölgələrdə, qəsəbələrdə hazırlıqlı müəllimlərdən ibarət qruplar yaradacağıq. Onların əməkhaqlarını artırmaq şərti ilə şagirdlərə məktəbdə dövlət hesabına ali təhsil müəssisələrinə hazırlıq təşkil ediləcək. Valideyn “yox, mən sizə inanmıram, övladım hansısa başqa evdə, başqa müəllimdə hazırlaşsın”, deyirsə, bu halda seçim onundur, övladını başqa yerdə hazırlaşdıra bilər”.

Emin Əmrullayevin sözlərinə görə, işin mahiyyəti odur ki, müəllim iş yerindən ayrılıb haradasa repetitorluqla məşğul olmasın: “Əgər biz bu şəkildə davam etsək, millət olaraq düşüncəmiz dəyişməsə və hələ də bütün diqqətimizi yalnız ali təhsilə qəbul üzərində qurmağa davam etsək, yaxşı yerə gedə bilməyəcəyik. Bu, səhv təfəkkür tərzidir. 

Biz ali təhsilə qapıları daha da geniş açmağa davam edirik, çünki inanırıq ki, ali təhsil “defisit”, əlçatmaz bir şey olmamalıdır. Ali təhsil normal bir sosial standart kimi qəbul olunmalıdır. Bu baxımdan da 2027–2030 strategiyası çərçivəsində bu mövzuda daha çox məsələlər müzakirə ediləcək. Qısa müddətdə isə sosial sifarişi nəzərə alaraq dövlət tərəfindən maliyyələşən, həmin bölgənin və həmin qəsəbənin ən yaxşı müəllimləri tərəfindən tədris olunan, 10-11-ci siniflər üçün hazırlıq xarakterli təmayül siniflərini yaradıb cəmiyyətə təqdim edəcəyik”.