Pakistanlı prorektor: Azərbaycan universitetləri qlobal elmi əməkdaşlığa töhfə verir
"Süni intellekt elə bir sahədir ki, dünyanın hər yerindən mütəxəssislərin birgə fəaliyyətini tələb edir. Bu baxımdan birgə platformalar səmərəli əməkdaşlıqların qurulması üçün mühüm əhəmiyyət kəsb edir".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Pakistan Milli Elm və Texnologiya Universitetinin (NUST) tədris işləri üzrə prorektoru Osman Həsən deyib.
O bildirib ki, NDU-da keçirilən “İnkişaf və innovasiyalar: Süni intellekt və maşın öyrənməsi” adlı I Beynəlxalq elmi-praktik konfransda müxtəlif ölkələrin nümayəndələrinin, həmçinin maliyyə, kompüter elmləri və mühəndislik kimi sahələr üzrə mütəxəssislərin bir araya gəldiyini görmək çox sevindiricidir:
"Elm və tədqiqat sahəsində də məhz bu cür multidissiplinar əməkdaşlığa böyük ehtiyac var. Mən çox şadam ki, Azərbaycan universitetləri bu cür tədqiqatçıları bir araya gətirərək qlobal problemlərin həllinə töhfə verməyə çalışırlar. Burada olmaq mənim üçün böyük bir məmnuniyyətdir".



