Peşə ixtisasların təsnifatının yenilənməsi ilə bağlı İşçi qrupu yenidən toplandı

8 İyul, 2026 - 15:46
Peşə ixtisasların təsnifatının yenilənməsi ilə bağlı İşçi qrupu yenidən toplandı

İyulun 8-də Elm və Təhsil Nazirliyində “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi istiqamətində yaradılmış İşçi qrupun ikinci iclası keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, elm və təhsil nazirinin müavini, İşçi qrupun sədri Kənan Kərimzadənin rəhbərliyi ilə keçirilən iclasda Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Təhsil İnstitutu, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Turizm Agentliyinin nümayəndələri iştirak ediblər.

İclası giriş sözü ilə açan Kənan Kərimzadə bildirib ki, peşə təhsili üzrə ixtisasların təsnifatının yenilənməsi əmək bazarının dəyişən tələblərinə cavab verən, çevik və müasir peşə təhsili sisteminin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. O, ilk iclas zamanı aparılmış müzakirələrin və aidiyyəti qurumlar tərəfindən təqdim edilmiş təkliflərin layihənin təkmilləşdirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Daha sonra Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva təqdimatla çıxış edərək birinci iclasda səsləndirilən mülahizələr, eləcə də aidiyyəti dövlət qurumlarından daxil olmuş rəy və təkliflər əsasında layihədə aparılmış dəyişikliklər barədə ətraflı məlumat verib. Təqdimat zamanı layihənin yenilənmiş strukturu, ixtisas istiqamətlərinin əmək bazarının mövcud və perspektiv tələblərinə uyğunlaşdırılması, yeni peşələrin təsnifata daxil edilməsi, həmçinin beynəlxalq təcrübə ilə uyğunluğun təmin edilməsi istiqamətində görülən işlər iştirakçıların diqqətinə çatdırılıb.

İclas çərçivəsində işçi qrupun üzvləri tərəfindən layihə üzrə geniş müzakirələr aparılıb, peşə təhsili üzrə ixtisasların daha səmərəli qruplaşdırılması, terminoloji vahidliyin təmin edilməsi və yeni yaranan peşə istiqamətlərinin təsnifatda əks etdirilməsi ilə bağlı fikir və təkliflər səsləndirilib. 

Sonda layihənin yekunlaşdırılması istiqamətində növbəti mərhələlər, qarşıda duran vəzifələr və fəaliyyət planı müzakirə olunub. İşçi qrupun üzvləri layihənin əmək bazarının inkişaf meyillərinə və beynəlxalq yanaşmalara uyğun şəkildə tamamlanmasının vacibliyini vurğulayaraq müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Peşə ixtisasların təsnifatının yenilənməsi ilə bağlı İşçi qrupu yenidən toplandı
Peşə ixtisasların təsnifatının yenilənməsi ilə bağlı İşçi qrupu yenidən toplandı
Peşə ixtisasların təsnifatının yenilənməsi ilə bağlı İşçi qrupu yenidən toplandı