Peşə təmayüllü siniflərlə bağlı ən çox verilən sualların CAVABLARI
Peşə təmayüllü siniflər üzrə işə qəbul imtahanı avqustun 12-də keçiriləcək.
"Azərbaycan müəllimi" peşə təmayüllü siniflər üzrə imtahan prosesi ilə bağlı ən çox verilən sualları və onların cavablarını təqdim edir:
Test mərhələsi kompüterdə elektron qaydada keçiriləcək, yoxsa kağız üzərində yazılı olacaq?
Test mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir.
İmtahan nə qədər davam edir?
İmtahan saat 10:00-da başlayır və 150 dəq davam edərək 12:30-da yekunlaşır.
Vakansiyalar üzrə imtahanda sabit keçid balı və ya mütləq düzgün cavab sayı müəyyənləşib?
Xeyr, imtahanda sabit keçid balı və ya mütləq düzgün cavab sayı müəyyən edilməyib. Hər vakant yer üzrə ən yüksək nəticə göstərən ilk 3 namizəd müsahibə mərhələsinə dəvət olunur.
Qrup rəhbəri üzrə imtahanda suallar hansı bölmələr üzrə təqdim olunur və qiymətləndirmə necə aparılır?
İmtahanda ümumilikdə 60 test tapşırığı təqdim olunur: dünyagörüşü üzrə 20, İKT üzrə 20 və tədris metodikası üzrə 20 sual. Metodika bölməsinə pedaqogika və kurikulum mövzuları da daxildir.
Dünyagörüşü və İKT üzrə hər düzgün cavab 2 bal, tədris metodikası üzrə isə 1 bal hesablanır. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq olunur.
İxtisas müəllimi üzrə imtahanda suallar hansı bölmələr üzrə təqdim olunur və qiymətləndirmə necə aparılır?
İşə qəbul imtahanı 12 avqust tarixində keçiriləcək. İmtahanda ümumilikdə 60 test tapşırığı təqdim olunur: ixtisas üzrə 35, SƏTƏM üzrə 5 və tədris metodikası üzrə 20 sual. Metodika bölməsinə pedaqogika və kurikulum mövzuları da daxildir.
İxtisas və SƏTƏM üzrə hər düzgün cavab 2 bal, tədris metodikası üzrə isə 1 bal hesablanır. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq olunur.
Səhv cavablar imtahan nəticəsinə təsir göstərir?
Bəli, səhv cavablar nəticəyə mənfi təsir göstərir. Qrup rəhbəri üzrə dünyagörüşü və İKT bölmələrində hər səhv cavab nəticədən 0,5 bal, tədris metodikası bölməsində isə 0,25 bal azaldır.
İxtisas müəllimi üzrə isə ixtisas və SƏTƏM bölmələrində hər səhv cavab nəticədən 0,5 bal, tədris metodikası bölməsində isə 0,25 bal azaldır.




